Ruzigar F.
Gəncədə
"Arşın mal alan"ın təqdimatı
80 yaşlı Gəncə Musiqi Texnikumunun müəllim və tələbə kollektivi bu günlərdə
dahi sənətkarımız
Üzeyir bəy Hacıbəyovun "Arşın
mal alan" operettasını tamaşaçılara
təqdim etmişdir. Operettaya Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Fərmail Paşayev quruluş vermişdir.
Orkestrin rəhbəri, musiqi texnikumunun müəllimi Elçin Elçiyevdir.
Rəqslərin quruluşçusu Eldar Musayevdir.
Bəlkə də Gəncə
Dövlət Dram Teatrının
uzun illərdən bəri tamaşaçı
üçün qəribsəyən
səhnəsi bu qədər "sevinməmişdi".
Tamaşadan sonra bir neçə adamla söhbət etdik. Böyük əksəriyyət təəssüf
hissi ilə ötən əsrin səksəninci illərini
xatırladı. O zaman
ki, şəhərdə
neçə-neçə mədəniyyət
sarayı, klub, musiqi evi, xalq
teatrı, saysız-hesabsız
bədii özfəaliyyət
kollektivləri və
s. fəaliyyət göstərirdi.
İşdən sonra,
istirahət günləri
adam bilmirdi
hansını seçsin,
hansı kollektivin qonağı olsun. Şəhərdə istedadlar
da çox idi, diqqət və qayğı da! Tədricən dövran dəyişdi,
mədəniyyət ocaqları
hissə-hissə kommersiya
məkanlarına, kitab
mağazaları yeməkxanalara,
şadlıq evlərinə
çevrildi. Bədii özfəaliyyətimizdəki
fitri istedadların əvəzində şou-biznesin
bayağı "ifaçıları"
- "mikrofon müğənniləri"
meydan sulamağa başladılar. Əsl sənət
bir kənarda qaldı. Zövqlər korlandı. İş o yerə gəlib çatdı ki, düşmənlərimiz xalq
mahnılarımıza, klassik
və bəstəkar əsərlərinə sahib çıxmağa
başladılar. Toylarımız, el şənliklərimiz bayağılaşdı,
diskotekaya çevrildi.
Deyəsən, "tilsim" qırılır.
Gəncə səhnəsində ölməz sənətkarımız
Üzeyir bəyin qəlblərə hakim kəsilən
musiqisi səsləndi.
Pərdə yavaş-yavaş açıldı. Səhnə işıqlandı.
Musiqi texnikumunun müəllim və tələbələrinin ifasında
"Arşın mal alan" operettası bir andaca tamaşaçıları
tilsimlədi. Canlı musiqi,
yüksək ifaçılıq
hamının qəlbində
qürur və iftixar hissi oyatdı.
Operettanı, adətən, simfonik
orkestr müşayiət
edir. Lakin maestro Elçin Elçiyevin
təşəbbüsü sayəsində ilk dəfə
olaraq simfonik orkestri xalq çalğı
alətləri əvəz
edirdi. Orkestrin ifasında Üzeyir
bəyin musiqisi böyük ustalıqla səslənir, səhnə
və aktyorların ifası ilə bütövlük yaradırdı.
Birinci səhnədə
Əsgər (Rəhim
Quliyev) ilə xalasının (Sevinc İbrahimova) dueti tamaşaçılara xüsusi
zövq verdi.
Sevinc xanım İbrahimova görkəmli sənətkarımız
Fidan Qasımovanın
tələbəsi olub.
Hələ səksəninci illərdə
onun ifa etdiyi romansların xoş təəssüratı
musiqisevərlərin qəlbinə
hakim kəsilmişdi.
Rəhim
Quliyev (Əsgər) də öz ifa tərzi ilə yadda qalır. Vaqif Mirzəyev istər
təcrübəli-müəllim, istərsə də istedadlı xanəndə kimi hörmət qazanmış sənət
adamıdır. Onun ifasında
Sultan bəy obrazı
canlı və inandırıcıdır.
Gülçöhrə (Leyla
Məmmədova), Vəli
(Rüstəm Cəfərov),
Telli (Samirə Məmmədova), Süleyman
(Məhərrəm Qasımov)
obrazları da uğurlu alınmışdır.
Onların özlərinə məxsus ifaçılıq
qabiliyyəti tamaşaçını
razı salır.
Dahi Üzeyir bəyin ölməz musiqisinin mikrofonsuz, necə deyərlər, müasir texniki avadanlıqların süzgəcindən keçmədən
tamaşaçıya təqdim
edilməsi təqdir olunandır.
F.Paşayev istedadlı rejissordur.
Onun musiqili komediyaya quruluş verməsi yeni olsa da,
uğurludur. Eldar Musayevin
quruluş verdiyi rəqslər və rəqqasə qızların
müvəffəqiyyətli çıxışları da
tamaşaya uğur gətirdi.
Bir yenilik başlanır.
Tamaşadan alınan ilk təəssürat
budur ki, deyəsən, ətalət
buzu qırılır.
İlk uğurdan sonra düşünürsən:
Gəncənin "musiqi
akademiyası" sayılan
musiqi texnikumunun bazasında mini-opera teatrı
yaratmaq olarmı?!. Baza var
və ilk təcrübə
- "Arşın mal alan" operettasının
tamaşası bunu təsdiq etdi. Duyan, düşünən tamaşaçı
da kifayət qədərdir. Kollektivin uğurlu
çıxışından sonra tamaşaçılar
nə zaldan, nə də səhnədən, onlara saatyarımlıq böyük
mənəvi zövq verən "aktyorlardan"
ayrılmaq istəmirdilər.
Azərbaycan.- 2008.- 25 iyul.- S. 8.