Mükərrəmoğlu M.
Barat xanım: dramatik və komik rolların məşhur ifaçısı
Barat xanım
Səkinskaya 1914-cü ildə
Şuşada doğulmuşdu. Ömrünü teatr və kino
sənətinə bağlamış
bu böyük sənətkar milli aktyor sənətimizin inkişafına misilsiz töhfələr vermişdir.
Ötən əsrin əvvəllərində qadınların
aktrisa sənəti seçməsinə qadağalar
qoyulduğu bir dövrdə Barat xanım bütün çətinlikləri
dəf edərək məhz bu sənəti
seçdi. İlkin olaraq Gəncədə fəaliyyətə başlayan
Barat xanım 1929-cu ildən həvəskar kimi çıxışlar
edirdi. Professional aktrisalıq fəaliyyəti
isə Gəncə Dram Teatrı ilə bağlı olmuşdur. Bu teatrın səhnəsində
onlarla klassik və müasir səhnə əsərlərində
baş qadın rollarını oynayan Barat xanım az vaxt içərisində
məşhurlaşdı. Beləliklə,
1935-ci ildə onu Azərbaycan Dövlət Akademik Teatrına dəvət etdilər. Məmnuniyyətlə Bakıya
işləməyə gələn
gənc aktrisa sonrakı bütün yaradıcı həyatını
bu teatra həsr etmişdir. Yalnız 1970-1971-ci illərdə
Sumqayıt Dram Teatrında işləmişdir.
Barat xanımın özünəməxsus yaradıcılıq
manerası var idi. Gur səsi,
gözəl ifaçılıq
bacarığı, klassik
üslubdan məharətlə
bəhrələnmək qabiliyyəti
onu tamaşaçılara
sevdirmişdi. Aktrisa ən kiçik rollarında belə başqalaşmağı bacarırdı.
Teatr onun üçün sanki doğma evi idi. Barat xanım
saatlarla məşq etməkdən yorulmazdı.
Öz rollarına həmişə tənqidi
yanaşar və deyərdi ki, bu rolu yenidən
işləmək lazımdır.
Onu çox sevirdilər. Küçədə,
teatrda ona yaxınlaşar, söhbətlərini
dinləyərdilər. Barat
xanım da bundan ləzzət alardı. “Romeo və Cülyetta”, “Otello” əsərlərində
Cülyetta və Dezdemonanı xüsusi məharətlə ifa edərdi. Şeksprin Kordeliya və Biolasını da eyni istedadla yaradırdı.
Həddən artıq
zəhmətkeş insan
idi. Onun yaratdığı rollar aylarla məşqlərdən
sonra səhnəyə
çıxarılırdı. Barat xanım S. Vurğunun əsərlərini
çox xoşlayardı.
“Fərhad və Şirin” dramında Şirini məharətlə
yaratmışdı. Elə
Xuraman (“Vaqif”) obrazı da onun istedadla yaratdığı personajlardan
idi.
Barat Şəkinskaya demək olar ki, teatrın repertuarında olan əsərlərin əksəriyyətində
qadın rollarının
ifaçısı olmuşdur.
Aktrisanı tez-tez filmlərə də dəvət edirdilər. Ekranda onun yaratdığı
rollar bu gün də sevilə-sevilə baxılır. “Görüş”
filmində (1953) yaratdığı
obraz öz komik təbiəti ilə kinomuzun nadir aktyor işlərindəndir.
Onun yaratdığı
Şövkət rolu bir kənddə kolxozçu qadındır.
Əri Şıxəlinin
tənbəl, yaramaz hərəkətləri onu
təngə gətirmişdir.
O, qabaqcıl pambıq
ustasıdır. Özbəkistan
pambıqçıları ilə yarışda birinci olmaq üçün
çalışır. Ancaq
kolxozdakı dələduz
insanlar buna mane olurlar. Şövkət
ərinin hərəkətlərindən
təngə gəlmişdir.
Onu tərbiyələndirməyə
çalışsa da,
buna nail ola bilmir. Lakin
Şövkət kimi insanların səyi nəticəsində kolxoz
birincilər sırasına
çıxır və
ümummittifaq sərgisində
iştirak etmək hüququ qazanır.
“Telefonçu qız”
filmində Zakirin anası rolunda çəkilmişdir. Bu rol onun ən
səmimi rollarından
biridir. Sonralar “Onun bəlalı sevgisi” filmində də baş qəhrəmanın anası
rolunda çəkilmişdir.
Barat xanımın çox uğurlu ekran qəhrəmanlarından
biri də “O olmasın, bu olsun” filmindəki Sənəm roludur. Qulluqçu Sənəmi təbii cizgilərlə yaradan aktrisa filmdə əsas qəhrəman səviyyəsinə
yüksəlir. Bu səmimi,
kimsəsiz qız təhqirlərə, hədələrə
məruz qalsa da, öz ağasına
sadiqdir. Ümumiyyətlə,
bütün film boyu biz onu
həm kədərli,
həm məzəli hadisələrin iştirakçısı
kimi görürük.
Barat xanım Sənəmi, sözün
əsl mənasında,
özününküləşdirib. Bu rolu ilə
aktrisa böyük sənətkar olduğunu bir daha təsdiq
edib. Barat xanımın çoxillik
yaradıcı fəaliyyəti
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş,
“Xalq artisti” fəxri adına, orden və medallara
layiq görülmüşdür.
Bu böyük sənətkarın xatirəsi
Azərbaycan xalqının
yaddaşında əbədi
yaşayacaqdır.,
Xalq qəzeti.- 2008.- 4 iyul.- S. 6.