Məhəmmədova T.
"Məşədi
İbad"ın 10 ildən sonrakı dönüşü
Tamaşada əsas
yenilik yaradıcı heyətin xeyli cavanlaşmasıdır
Musiqili Komediya Teatrı
98-ci mövsümünü Üzeyir Hacıbəyovun "O
olmasın, bu olsun" əsəri əsasında hazırlanan
eyniadlı komediya ilə başa vurdu. Əvvəla qeyd
edək ki, iki ay bundan əvvəl teatra direktor təyin olunan
Əliqismət Lalayev rəhbərlik etdiyi sənət
ocağının əvvəlki şöhrətini qaytarmaq üçün
əsas diqqəti repertuara ayırmağı qərar verib.
Bunun üçün də məhz "O olmasın, bu
olsun" komediyasından başlanılıb. Direktorun
fikrincə, Üzeyir bəyin komediyası ilə 98 il bundan
əvvəl yaranan teatrın bugünkü repertuarında dahi
bəstəkarın əsərlərinin olmaması heç
də üzağardan fakt deyil. Digər tərəfdən,
"O olmasın, bu olsun" musiqili komediyası zəngin
səhnə həyatına malik əsərdir. Əsər bir
neçə dəfə redaktə olunaraq
səhnələşdirilib.
İlk dəfə
musiqili komediya 1911-ci il aprelin 25-də Mayılov
qardaşları teatrında (indiki Opera və Balet Teatrında)
səhnəyə qoyulub. Məşədi İbad rolunda
Mirzəağa Əliyev, Sərvər rolunda Hüseynqulu
Sarabski, Gülnaz xanım rolunda Əhməd Ağdamski və
başqa aktyorlar çıxış edib. Üzeyir bəy
isə tamaşaya diriyorluq edib. Sonrakı illərdə də
musiqili komediyanın tamaşalarında xalqımızın
görkəmli sənətkarları C.Talışinskaya,
Ə.Anatollu, Ə.Qafarlı, M.Kələntərli,
Ə.Əhmədov, Ə.Atayev və başqaları əsas
rolları oynayıblar.
Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı təşkil olunandan sonra
bu əsər 1946-cı ildə yenidən hazırlanıb
və tamaşaçıların böyük
rəğbətini qazanıb.
Əsər
həmçinin bir çox dilə tərcümə olunaraq
müxtəlif teatrların səhnəsində - Zaqafqaziya
şəhərlərində, Türkiyədə,
Bolqarıstanda, Yəməndə və başqa ölkələrdə
tamaşaya qoyulub. Musiqili komediya əsasında 1956-cı
ildə "Azərbaycanfilm" kinostudiyası
tərəfindən eyniadlı film çəkilib.
Azərbaycanın teatr
sənəti tarixinə qızıl hərflərlə
yazılan operettanın müxtəlif illərdə
müxtəlif sənətkarların yozumunda tamaşaya
qoyularaq müvəfəqqiyyət qazanması, elə bu
tamaşada öz parlaq ifası ilə bir çox aktyorun
fərqlənməsi və milyonların hörmətinə layiq
görülməsi əsərin həmişə aktual,
uzunömürlü və arzuedilən olmasından
xəbər verən faktdır.
Həmişə aktual
mövzu
Ü.Hacıbəyovun
bu məşhur komediyası 1910-cu ildə yazılıb və
yüz ilə yaxın bir dövr ərzində xalqın
ən çox sevdiyi əsərlərdən birinə çevrilib.
Xalqımız arasında yəqin ki, "O olmasın, bu
olsun" komediyasını oxumayan, səhnədə
görməyən, filmə baxmayan adam tapılmaz.
Təsadüfi deyil ki, bu əsərin demək olar ki, hər
bir kəlməsi xalqın dilində zərb-məsələ
çevrilib. Komediyadakı bir çox tutarlı ifadələr
aforizm kimi işlənir. Eyni zamanda, əsərin musiqisi
xalqın qəlbinə yol taparaq sevilib. Belə bir
xüsusiyyət şübhəsiz ki, hər bir
əsərə nəsib olmur. Xüsusən əsərin
baş qəhrəmanı Məşədi İbadın
adı ilə bağlı xalq arasında bir sıra
mənalı ifadələrin yaranması da bunu sübut edir.
Məsələn, "Heç hənanın yeridirmi",
"Nə Məşədi İbad kimi özündən
çıxırsan?", "Dəyərəm min cavana"
və s. ifadələr buna misaldır.
Hər şeydən
əvvəl qeyd etmək lazımdır ki,
Ü.Hacıbəyov 20-ci əsrin əvvəllərində
yaşadığı cəmiyyətə küy salan
köhnə əqidə və baxışları, əxlaq
normalarını, cəhaləti tənqid və ifşa
etmək, xalqı ayıltmaq və mübarizəyə
səsləmək üçün kəsərli bir silahdan,
gülüşdən, satiradan istifadə edib. O, məhz
dövrünün qabaqcıl ideyalarını təbliğ
etmək üçün belə bir oriyinal yol seçib.
Böyük bəstəkarın yaratdığı obrazlar
həm də sənətkarın öz arzu və
ideallarının, həyatı
gözəlləşdirmək istəyinin əks-sədasıdır.
Ü.Hacıbəyovun özünəməxsus bədii
üslubu var. O, komediyanın bütün personaylarını
həyatda yaxşı öyrənərək onları
müxtəlif vəziyyətlərdə təsvir etməyi
və xarakterlərini açmağı bacarıb.
Tamaşaçı burada tacir təbəqəsinin,
bəylərin həyatını bəzək-düzəksiz
görür. Müəllif bu əsərdə əsl mənfi
tiplər qalereyası yaratmağa müvəffəq olub. Onun
qəhrəmanları kimlərdir? Cəmiyyətdə
nüfuzunu itirən, müflisləşən, pul əldə
etmək üçün gənc və gözəl
qızı Gülnazı qoca Məşədi İbada
ərə verən mənəviyyatsız bir zadəgan
Rüstəm bəy. Mətbuat səhifələrində yalan
və iftiralar yazıb pul qazanan yurnalist Rza bəy, öz
xeyrini güdən, əqidəsiz "millətçi"
Həsənqulu bəy, boşboğaz və davakar intilligent
Həsən bəy, öz dırnaqarası zəhmi və
silahı ilə adamları qorxu altında saxlayan qoçu
Əsgər və Məşədi İbad. Varlı tacir olan
Məşədi İbad pulun pozucu mahiyyətini,
cəmiyyətdə oynadığı rolu bütün
varlığı ilə əks etdirir. O, öz
təsəvvürlərində belə bir qənaətə
gəlir ki, varlı olmaq güclü olmaq deməkdir. Onun
təbirincə, pul insanın varlığını təyin edən
əsas şərtdir, cəmiyyətin sağlam qanunları
belə onun qarşısında acizdir. Məşədi
İbad bu sözləri təkrar etməyi sevir:
"Məsəl var ki, deyirlər: "O olmasın, bu
olsun", əlbəttə, nə zərəri var,
cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı
cavan eləyər və pulsuzluq da cavanı qoca eylər".
Ustalıqla yaradılan
bu obraz əsərdəki bütün mənfi xarakterlərin
açılmasında mühüm rol oynayır. Rüstəm
bəyi, qoçu Əsgəri, Həsənqulu bəyi, Rza
bəyi, Həsən bəyi Məşədi İbadsız
təsəvvür etmək çətindir. Hambal surətinin
hadisələrə müdaxilə etməsi də
Məşədi İbadla bağlıdır.
Məşədi İbad əsərin mənfi
personaylarını birləşdirən, komik hadisələrin
mərkəzində duran əvəzsiz bir surətdir. O,
qızı yerində olan Gülnazı var-dövləti
müqabilində almağa can atır, tamaşa boyu həm
öz tay-tuşlarının, həm də ictimaiyyətin
qınaq hədəfinə çevrilir, başına
gülünc hadisələr gəlir.
Lakin əsərdə
bütün bu eybəcər tiplərlə yanaşı duran
digər bir aləm də var: bir-birini sevən iki gəncin -
Sərvər və Gülnazın saf və səmimi
hisslərlə zəngin olan dünyası. Onlar yeni həyata
can atır, öz gələcək səadətləri
uğrunda qarşılarına çıxan sədləri
dəf etməyə çalışırlar. Onlar başa
düşürlər ki, öz talelərini özləri
həll etməlidirlər. Ona görə də
cəsarətlə köhnə əqidəli insanlara
qarşı mübarizəyə qalxırlar və hətta
onlara qalib gəlmək üçün kələk də
qurmalı olurlar. Qulluqçu Sənəm də bu işdə
onlara köməklik göstərərək qızı kimi sevdiyi
Gülnazı müdafiə edir.
"O olmasın, bu
olsun" komediyası sözlə bədii surət
yaratmağın klassik nümunəsidir. Əsərin
qəhrəmanlarının hər biri fərdi
danışıq dilinə malikdir. Məhz bu
səbəbdən də böyük bəstəkar onların
canlı portretini yarada bilib.
10 ildən sonra
"O olmasın , bu
olsun" operettası 10 il bundan əvvəl Musiqili Komediya
Teatrında səhnələşdirilib. 1998-ci ildə Xalq
artisti Hacıbaba Bağırovun iştirakı ilə tamaşaya
qoyulan "Məşədi İbad" bir sıra
yüksək bədii keyfiyyətləri ilə teatr ictimaiyyətinin
nəzərini cəlb edib. Kollektivin yenidən
əsərə müraciət etməsi təsadüfi deyil.
10 il sonra klassik əsərə yenidən
qayıdışı hər iki quruluşun reyissoru
Cənnət Səlimova milli-mənəvi
dəyərlərimizi qorumaq üçün gənclərin
klassikanı bilməsinə ehtiyacın yaranması kimi izah
edir.
Ü.Hacıbəyovun bütün
operettalarında olduğu
kimi obrazların musiqi vasitəsilə səciyyələndirilməsi, onların musiqi portretlərinin yaradılması,
bir sıra dialoqların musiqiyə salınması, xorlardan, rəqslərdən istifadə
olunması, dramatik və lirik səhnələrdə
musiqinin geniş yer tutması kimi mühüm xüsusiyyətlərə
tamaşada riayət olunur. Komediyanın ədəbi mətninin səhnədə eyni təsir gücünə malik olduğu göz önündə canlanır.
Tamaşada əsas yenilik yaradıcı heyətin xeyli cavanlaşmasıdır. Məsələn,
Məşədi İbad
rolunu Əməkdar artist Ramiz Məmmədov
oynayır. Aktyor:
"İndiyə qədər
bu obrazda müxtəlif aktyorlar oynayıb. Bu, təzə baxımdır.
Bu, Ramiz Məmmədovun Məşədi
İbadıdır. Çalışmışam
ki, obraza təbiilik gətirim. Əlbəttə, əsas
söz tamaşaçınındır"
- deyir.
Xalq artisti Arif
Quliyevin Hambal rolu da yaddaqalandır.
Digər
aktyorlar - Fərid Əliyev (Sərvər), İnarə Babayeva (Gülnaz), Nahidə Orucova (Sənəm), Əzizağa Əzizov (Qoçu Əsgər), Elçin Həmidov (Qəzetçi Rza), Səmədzadə Xasiyev
(Həsənqulu bəy),
Əkbər Əlizadə
(intilligent Həsən)
və b. tamaşanın yaddaqalan olması üçün
əllərindən gələni
edirlər.
Tamaşanın quruluşçu
diriyoru Nazim Hacıəlibəyov, quruluşçu
rəssamı Əməkdar
rəssam İsmayıl
Məmmədovdur.
Musiqili Komediya Teatrı tamaşaçılara "Məşədi
İbad"ın 10 illik ayrılığından
sonra maraqlı bir tamaşa təqdim etməyi bacardı. Yəqin ki, tamaşadan-tamaşaya cilalandıqca "O olmasın,
bu olsun" gələn mövsümdən
teatrın repertuarında
daimi yer tutacaq.
Kaspi.- 2008.- 15 iyul.- S. 11.