Məhərrəmova T.
"Həyatımda yeniliklər
axtarıram"
Nərgiz Kərimova,
aktrisa: "Teatr bir il bundan əvvəl mənə bəs
edirdi"
Bu yaxınlarda Musiqili
Komediya Teatrı dahi bəstəkar Üzeyir Hacıbəyovun
"O olmasın, bu olsun" komediyası ilə
mövsümü başa vurdu. 10 ildən sonra yenidən
repertuara daxil edilən tamaşa eyni reyissorun quruluşunda
səhnə həllini tapsa da, aktyor heyəti tamam fərqli
idi. Gülnaz xanım rolunun ifaçısı Nərgiz Kərimovanın
ifası isə təbiiliyi ilə xüsusi fərqlənirdi.
- Gülnaz obrazı
digər rollarınızdan nə ilə fərqlənir?
- "O olmasın, bu
olsun" elə bir operettadır ki, hamımız onu
uşaqlıqdan bilirik. Mən sadəcə, cavan bir
qızın hiss və duyğularını, saf və təmiz
məhəbbətini tamaşaçılara çatdırmaq
istədim. Reyissor Cənnət xanım tamaşaya çoxlu
yenilik gətirib. Mən göstərmək istədim ki,
gəlinciklə oynayan bir qızı sevgi necə
dəyişir. Həmçinin bu obraza bir şirinlik də
gətirmək istədim.
- Mən bilən vokal
təhsili almısınız. Necə oldu ki, aktrisalığa
meyil göstərdiniz?
- Düzdür, mən
Konservatoriyanın vokal şöbəsində oxumuşam.
Konservatoriyada səhnə hərəkəti və aktyor
ustalığı üzrə mənə 2 il
Şəfiqə Məmmədova dərs keçib. Onun dərsləri
çox maraqlı keçirdi. Şəfiqə xanım
özü də çox maraqlı insandır. İmtahan
vaxtı göstərdiyim musiqili etüd onun çox xoşuna
gəldi. Bilirsinizmi, aktyor həyatında nəsə
görməlidir ki, səhnədə oyunu alınsın. O,
pisi də, yaxşını da yaşamalıdır. Aktyorun
ailəsi olmalıdır ki, ürəyindən keçən
hissləri səhnədə göstərəndə
tamaşaçılar da ona inansın.
- Aktrisa oyununu
səhnədə canlı göstərir. Yəni onun
hissləri ilə tamaşaçının tanış
olmağı təbiidir. Bəs partiyaları oxuyanda
tamaşaçı o hisslərlə necə tanış ola
bilir?
- Bəzən
deyirlər ki, opera müğənniləri üçün
əsas olan yalnız oxumaqdır. Aktyor
hərəkətləri onlara yaddır. İlk dəfə
mən səhnəyə çıxanda həyəcanlarım
çox oldu. Ancaq sonra yavaş-yavaş alışdım.
Səhnə artıq məni qorxutmurdu və səhnəyə
sakit çıxırdım. Həyəcanlarım daha
mənə mane olmurdu. Oxuyanda da lazım olan
hərəkətləri edirdim. Düzdür, bu,
çətin idi. Eyni zamanda oxumaq və oynamaq çox
çətindir. Həssas tamaşaçı vokal
partiyalarını oxuyanda da müğənninin hisslərini
başa düşə bilir.
- Musiqili
Komediya Teatrına necə gəldiniz?
- Bildiyiniz kimi, atam Faiq
Zöhrabov bu teatrın baş reyissoru idi. Mən ona görə bu teatra gəlmişəm.
Yəni məni o vaxt teatra atam dəvət
elədi. Bir gün atam: "Rauf Hacıyevin "Talelər qovuşanda"
tamaşasını hazırlayıram.
İstəyirəm ki, sən orda baş rolu
ifa edəsən.
Bunun üçün səs də, səhnə görkəmin də var. Musiqisi də gözəldir" - deyə
mənə teatra gəlməyi təklif etdi. Mən dəvəti qəbul
edib teatra gəldim və bu tamaşa ilə fəaliyyətə
başladım.
- Bu teatr səhnəsi sizin ilk çıxdığınız səhnə idi?
- Teatrdan qabaq bir çox
səhnədə oxumuşdum.
Çoxlu solo konsertlərim var. Həmçinin 1997-ci ildən
Az.TV-nin solistiyəm.
Televiziyanın solisti kimi konsertlər vermişəm.
Eləcə də Konservatoriyada, Kapelhausda və s. yerlərdə konsertlərim olub. Yəni səhnə mənim üçün yeni deyildi. Müğənni kimi səhnəni
çoxdan tanımışdım.
Teatrda isə aktrisa kimi ilk dəfə səhnəyə çıxdım.
1994-cü ildə Moskvaya
gedib, iki il orda qaldım. Ona görə bir
müddət burda səhnədən uzaq düşdüm.
- Əgər
sirr deyilsə, Moskvaya gedişiniz yaradıcılıq işləri
ilə bağlı idi, yoxsa ailə
həyatınızla?
- Gedişim yaradıcılıq işləri
ilə bağlı idi. Qardaşım 10 ildən artıqdır
ki, Moskvada yaşayır və oranın şou-biznes aləmində çalışır.
Bir dəfə təklif elədi ki, gəl bura, Konservatoriyanı bitirmisən,
bəlkə burda nəsə alındı.
Mən də onun dəvətilə
Moskvaya getdim. Gedişim uğurlu alındı.
Ancaq mən Moskvada müğənni kimi yox, yurnalist kimi çalışdım.
İki il
"Ostankino"da işlədim.
"Mir" telekompaniyasında
"Yeniliklər - Spektr"
verilişində həm
aparıcı, həm
də yurnalist kimi çalışırdım.
Sonra Bakıya bir aylıq məzuniyyətə
gəldim. Həmin ərəfədə
gözlənilmədən ailə
qurdum və daha Moskvaya qayıtmadım.
- Yəqin ki, Moskvadakı iş mühiti çox maraqlı xatirələrlə yaddaşınızda
qalıb.
- Moskvada yurnalist kimi çalışmaq çox
gözəldir. Hər gün
müxtəlif maraqlı
insanlarla görüşüb
müsahibə götürürdüm.
İndi həmin adamlara "Vesti"də baxıram.
Luykov, Seleznyov - onların hamısı ilə görüşmüşəm.
Görünür, bu da bir qismətdir. Hər şey Allahın işidir. Onu da deyim ki,
Moskvada iş mühiti nə qədər maraqlı olsa da, valideynlərim
üçün darıxırdım.
- Bir dəfə "Aktrisalıqla
yanaşı, vokal sənəti ilə də məşğul olmaq istəyirəm" demisiniz. Planınızı həyata keçirirsinizmi?
- Fikirləşirəm...
Yəqin
ki, Monserrat Kabalye Bakıda konsert verəndə bu barədə xəbər tutdunuz.
O, Filarmoniyada master-klass
verəndə mən də getdim. Mən vokal sənətimlə məşğul olmaq istəyirəm. Mənim həyatımda
teatr mütləq olacaq. Çünki teatra daxil oldunmu, ordan çıxmaq çətindir.
Ancaq vokal sənətimlə də məşğul olmaq, konsertlər vermək arzumdur. Allah qoysa, bu
istiqamətdə gələn
ildən fəaliyyətə
başlayacağam. Vokal sənətimə
fasilə verməyimin
səbəbi qızımın
balaca olması ilə əlaqədar oldu. O, gözəl pianoçudur. Bülbül
adına orta ixtisas məktəbində
oxuyur. Demək olar ki, bütöv bir ilimi ona həsr
etdim. Bu il həyatımda teatr və məktəb
yer tutdu. Ancaq gələn ildən solo konsertlər keçirməyi
planlaşdırıram.
- Həm də demişdiniz ki, arzum Filormoniyada
konsert verməkdir.
- Bu, hələ də arzu olaraq
qalır. Düzdür, təmirdən qabaq
Filarmoniyada keçirilən
bir konsertdə orkestrin ifası ilə iki əsər
oxumuşam. Sonra Filarmoniya
təmirə dayandı.
Bu arzumun ləngiməsi
maddi çətinliklərlə
bağlıdır. Çünki danışırlar ki, Filarmoniyanın səhnəsində
bir gecəni icarəyə götürmək
3 min ABŞ dollarına başa
gəlir. Məndə o qədər pul hardandır? Ancaq Alman
Mədəniyyət Mərkəzində
konsert verməyi planlaşdırıram. Orada konsert
vermək üçün
pul tələb olunmur.
- Hansı partiyaları oxumaq arzusundasınız?
- Ən çox Verdinin "Traviata"sında Violettonun
ariyasını hazırlamaq
istəyirəm. Violetto çox çətin
partiyadır. Ancaq qarşıma
məqsəd qoymuşam
ki, mütləq bu əsəri hazırlamalıyam. Məqsədim qabağa getməkdir.
Teatr bir il bundan
əvvəl mənə
bəs edirdi. İndi isə həyatımda yeniliklər axtarıram.
- Hər halda aktrisa, yoxsa vokalist kimi uğurlarınız daha çoxdur?
- Həyatımda
teatrın rolu daha böyükdür. Teatr demək olar ki, bütün vaxtımı alır.
İnşallah, gələn
mövsümdə sentyabrın
18-də Üzeyir Hacıbəyovun
"Arşın mal alan" operettasının
premyerası keçiriləcək.
Mən həmin tamaşada Gülçöhrəni oynayacağam.
Teatrda hazırlanacaq digər tamaşada da rollarım var.
- Faiq Zöhrabovun sənətinizdə
nə qədər rolu var?
- Mənim üzərimdə ən çox rolu olan anam Nailə
xanım, daha sonra atamdır. İlk musiqi müəllimim anam olub. O, 40 ildən çoxdur ki, İncəsənət
Universitetinin müəllimi,
professordur. Nə vaxtsa özümə
inanmayanda anam məni inandırırdı.
Mən artıq uşaqlıqdan onun üçün ulduz idim. Həmişə mənə ümid
verir, həvəsdən
düşməyə qoymurdu.
Beləcə Bülbül məktəbinin
fortepiano şöbəsini bitirib, Konservatoriyaya daxil oldum. Anam o zaman Konservatoriyanın
rektoru olan Elmira Abbasova ilə məsləhətləşib "ya vokalçı, ya pianoçu olsun" soruşanda
- Vokalist kimi hansı uğurları qazandınız?
Təkcə həyatınızda solo konsertlər idi?
- Yox, bir neçə
müsabiqədə iştirak
etmişəm. "Qızıl
payız-89" müsabiqəsində laureat oldum. Moskvada keçirilən
"Yeni adlar" müsabiqəsinin laureatı
adını qazandım.
Çoxlu festivalda da iştirak eləmişəm.
Müsabiqələr, festivallar və
konsertlər vokalçının
yaradıcılığının inkişafında mühüm rol
oynayır. Anam da bütün səfərlərə,
konsertlərə mənimlə
gedirdi. Təbii ki, hamıdan
çox uğurlarıma
sevinən də o idi. Mən onun ümidlərini
doğruldurdum. Konservatoriyanı
bitirəndən sonra atam sənətimə reyissor kimi yanaşıb:
"Səndə aktyor
ustalığı var,
istəyirəm özünü
aktyor kimi sınayasan" - dedi. Mən də razılaşdım.
- Necə bilirsiniz, qabağa getmək çoxmu çətindir? Sizcə aktyor bu yolda hansı maneələrlə qarşılaşır?
- Çox çətindir... Yaşayışımız da çətindir.
Əgər ətrafındakı insanlar, valideynlərin, həyat yoldaşın bu çətinliyi başa düşüb sənə köməklik
edirsə, bu, çox yaxşıdır.
Şükür Allaha, yoldaşım
üzərimdə işləməyə,
qabağa getməyimə
çox kömək edir. Ən əsas isə
Allah adama kömək
eləməlidir. Bir
şey də var: əgər Allahın sənə verdiyi istedaddan istifadə eləməsən,
o səni cəzalandırır.
Allah sənə istedad veribsə, mütləq üzərində
işləməli və
uğur qazanmağa çalışmalısan. Bununla da Allaha
"çox sağ ol" deyirsən. Hərdən bir az işdən
uzaqlaşıb, ev işləri ilə məşğul olmaq istəyirəm, ancaq alınmır. Fikrim səhnənin yanındadır.
Həmişə mənə
səhnədə əl
çalanda əlimi göyə qaldırıb:
"İlahi, çox
sağ ol!" - deyə Tanrıya
minnətdarlıq edirəm.
- Nərgiz, səhnə arzularınız
nədir?
- Çoxlu rol... Həm aktrisa, həm də vokalçı kimi uğurlar qazanmaq! İstəyirəm ürəyimcə olan tamaşalar çox olsun. Bəxtimdən, gözəl tamaşalarda
oynayıram, yaxşı
da rollarım var. Hansı reyissorlarla işləmişəmsə, onlar
da yaxşı olub. Yaxşı olar ki, ətrafdakı adamlar həmişə bizə kömək eləsin.
Allah da həmişə
başımızın üstündə
olsun! Onda biz yaradıcılıq arzularımızı həyata
keçirə bilərik.
Kaspi.- 2008.- 22 iyul.- S. 11.