Azərbaycan və Ukrayna Prezidentlərinin birgə mətbuat konfransı
İyunun 30-da Azərbaycan
Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun birgə mətbuat konfransı olmuşdur. Dövlət başçıları
jurnalistlər qarşısında
bəyanatlarla çıxış
etdilər.
Azərbaycan Prezidenti
İlham Əliyevin bəyanatı
- Hörmətli Viktor
Andreyeviç!
Hörmətli xanımlar
və cənablar!
Mən Ukrayna Prezidentini Azərbaycanda bir daha salamlamaq
istərdim. Biz bu səfərə çox böyük əhəmiyyət veririk və ona ölkələrimizin
rəhbərləri arasında
intensiv əlaqələrin
davamı kimi baxırıq. Son vaxtlar bu əlaqələr
keyfiyyətcə yeni səviyyəyə yüksəlir.
Çox fəal siyasi dialoq, iqtisadi əlaqələrdə,
humanitar əməkdaşlıqda,
energetikada fəallaşma
müşahidə olunur.
Başqa sözlə desək, bizim münasibətlərimizin formatı
kifayət qədər
genişdir.
Bunu demək kifayətdir ki, düz bir
ay bundan əvvəl mən Ukraynada rəsmi səfərdə olmuşam
və həmin səfər çərçivəsində
bizim münasibətlərin
gələcək inkişafı
barədə çox
mühüm razılaşmalar
əldə edilmişdir.
Bu gün biz Ukrayna Prezidentini
ölkəmizdə qəbul
edirik. Bu da bizim münasibətlərin
nə dərəcədə
dinamik inkişaf etməsinin göstəricisidir.
Bu gün biz ikitərəfli münasibətlər, regional
təhlükəsizlik, regional
əməkdaşlıq məsələlərinin
çox geniş spektrini müzakirə etdik və bu
məsələlərin həllinə
yanaşmalarımız oxşardır.
Bu gün biz energetika sahəsində qarşılıqlı
əlaqə məsələlərini
ətraflı müzakirə
etdik. Kiyev energetika sammitindən
sonra biz energetika sahəsində əməkdaşlığımızın bütün şərtlərinin
razılaşdırılması proseslərinin intensivləşəcəyinə
ümid edirik və bu ilin
payızında keçiriləcək
Bakı sammitinə qədər bizim regionda energetika sahəsində qarşılıqlı
fəaliyyəti müəyyənləşdirəcək ciddi
qərarlar qəbul etmək niyyətindəyik.
Diversifikasiyanın istehlakçılar
və malgöndərənlər
üçün vacibliyini
nəzərə alsaq,
bu məsələ bu gün xüsusi
əhəmiyyət kəsb
edir. Azərbaycan və Ukrayna bu məsələdə fəal əməkdaşlıq
edir və biz bu prosesin
daha da fəallaşması
üçün bundan
sonra da səy göstərəcəyik.
Bunun üçün
çox yaxşı perspektivlər var və mən ümid edirəm ki, nəzərdə tutduqlarımızın hamısını
yerinə yetirəcəyik.
Biz həmçinin iqtisadi əlaqələrin intensivləşdirilməsi,
mümkün qarşılıqlı
investisiyalar, bizim şirkətlərin Ukraynada
və Azərbaycanda layihələrdə iştirakı
məsələlərini, başqa
sözlə, ikitərəfli
əməkdaşlıq üçün
güclü iqtisadi potensial yaradan bütün imkanları müzakirə etdik. Bu gün Ukrayna
ilə Azərbaycan arasında münasibətlərin
tarixində əlamətdar
gündür. Bu gün Ukrayna xalqının görkəmli
oğlu, Azərbaycanda
xatirəsi əziz tutulan Taras Qriqoryeviç
Şevçenkonun abidəsinin
açılışı olacaqdır. Bu, ölkələrimiz arasında
humanitar sahədə münasibətləri səciyyələndirən
mühüm tarixi məqamdır. Bu gün biz həmin
əməkdaşlığı yeni formalarla necə zənginləşdirmək
barədə konkret danışdıq. Humanitar sahədə
əməkdaşlıq xalqlarımızı,
dövlətlərimizi bir-birinə yaxınlaşdırır
və gələcəkdə
də Azərbaycan ilə Ukraynanın beynəlxalq aləmdə iki dost dövlət
kimi fəal qarşılıqlı əlaqələri
üçün möhkəm
zəmin yaradır.
Biz, həmçinin beynəlxalq təşkilatlarda
iştirak məsələlərini
də müzakirə etdik. Böyük razılıq hissi ilə qeyd edildi
ki, biz bir-birimizin
bütün təşəbbüslərini
dəstəkləyirik. Biz
BMT-nin Baş Məclisində Azərbaycan
tərəfindən irəli
sürülmüş Azərbaycanın
işğal edilmiş
ərazilərində vəziyyət
haqqında qətnamənin
Ukrayna tərəfindən
dəstəklənməsini xüsusi minnətdarlıqla
qeyd edirik. Bu dəstək - dostluq əlaməti, həmrəylik əlaməti,
Ukraynanın Cənubi
Qafqazda məsələlərin
beynəlxalq hüquq çərçivəsində həll edilməsinə ədalətli yanaşmasının
əlamətidir.
Başqa sözlə,
bu gün böyük razılıq
hissi ilə qeyd etmək olar ki, Ukrayna
Prezidentinin Azərbaycana
səfəri gələcək
münasibətlər üçün
təməl yaradır.
Bu möhkəm təməl tarixi köklərə, artıq
mövcud olan ciddi təcrübəyə
əsaslanır. Ümid
edirik ki, gələcəkdə də
ölkələrimiz arasında
əməkdaşlıq səmərəli
olacaqdır.
Təşəkkür edirəm.
Azərbaycan.- 2008.- 1 iyul.- S. 1-2.