Məhərrəmova T.
Yaradıcılığımız
üçün maraqlı illəri itiririk"
Almaz Mustafayeva, aktrisa: "Bizdə elə bir adam yoxdur ki,
kinoda mənim üçün əsər yazsın"
Aktyora hansı rolları ifa
etdiyinə görə deyil, necə oynadığına
görə qiymət verilir. Gənc
Tamaşaçılar Teatrının aktrisası Almaz
Mustafayevanı tamaşaçılar daha çox oğlan
rollarının mahir ifaçısı kimi tanıyır.
O, müxtəlif xarakterli, müxtəlif səpkili balaca
obrazları özünəməxsus qabiliyyət və
bacarıq, daxili həyəcan və emosiya ilə
tamaşaçılara təqdim etməyi bacarır. Hazırda o, çalışdığı
teatrın yeganə travisti, yəni oğlan rollarını
oynayan aktrisasıdır.
Bu teatr mövsümünü
- Bu mövsümdə yalnız
"Çəkməli pişik" tamaşasında
oynamışam. Hazırda
məzuniyyətdəyik. Teatrımızın
binası təmirə dayandığı üçün
müəyyən çətinliklərimiz var. Yəqin ki, bu
çətinliklər teatrımızın doğma binası
təmir olunub təhvil veriləndən sonra aradan
qaldırılar. Ancaq binanın nə vaxt
təhvil veriləcəyindən xəbər-ətər
yoxdur.
- Bu boşluqda itirdiyiniz nədir?
- Vaxt gedir. Ömür
çox qısadır. Yaradıcılığımız
üçün maraqlı illəri itiririk. 1970-ci ilin
may ayından bu teatrda çalışıram. 30
ildən çoxdur ki, həyatımı bu sənət
ocağına bağlanmışam.
- Kinolara necə, dəvət
alırsınızmı?
- Teatr olmadığı
üçün "Xəzər" studiyasında dublyaya
gedirəm. Hələ ki, kinoya dəvət
almamışam. Vaxtilə kinostudiyada
həm Ədil İsgəndərovun kursunda oxuyur, həm
də reyissor köməkçisi işləyirdim. Şamil Mahmudbəyov "Şərikli
çörək" filmini çəkəndə onun
köməkçisi oldum. Cənnət
Səlimova da bizim kursda dərs deyirdi. Kinostudiyada
oxuyarkən Rus Dram Teatrında mənə "Gecə
yarısı kim gələcək"
tamaşasında oğlan obrazı həvalə olundu. Bu rolu oynamağa məni Cənnət xanım
dəvət etdi. Mənə elə
gəlir ki, fakturama görə məni kinoya dəvət
etmədilər. Bəlkə boyca
hündür olsaydım, çağırardılar. Ancaq bu fikirlə heç cür
razılaşmıram. Məhz aktrisa
Cületta Mazini üçün ssenarilər yazılardı.
Ancaq bizdə elə bir adam yoxdur ki, kinoda
mənim üçün əsər yazsın. Teatrda isə
"Mənim mehriban balam", "Qaraca qız",
"Aycan", "Mənim nəğməkar bibim" və
s. tamaşaları məhz mənə görə teatra
gətiriblər.
- Kino fəaliyyətiniz nə
qədər davam etdi?
- Uşaqlıqda "Sehirli xalat"
filmində Səidə roluna çəkilmişəm. Əvvəlcə məni Zərifə roluna
sınağa çağırmışdılar. Ancaq bir çox səbəbə görə
mənə Səidə rolu tapşırıldı. Teatra təzə gəldiyim vaxtlarda Rauf Kazımovski
Nəsibə Zeynalova haqqında "Aktrisanın
təbəssümü" adlı sənədli film
çəkirdi. Həmin filmdə
mənə balaca da olsa, yaddaqalan bir rol
tapşırıldı. Daha sonra
"Şir evdən getdi"də Meymun rolunu oynamışam.
Həmçinin kinostudiyanın operator-reyissoru
İzzət Əzizovun "Fəhlə" adlı
filmində çəkilmişəm. Kino
fəaliyyətim hələlik burda qurtardı.
- Reyissor köməkçisi
olmağınız özünüzü bu sahədə
sınamaq istəyi, yoxsa sadəcə, bir hobbi idi?
- Kino məni çox aludə etdi. O
vaxt "Şərikli çörək" filminə reyissor
köməkçisi axtarırdılar. Həm
orda işləyirdim, həm də dublyaya gedirdim. 10 yaşından dublyaya gedirəm. Deyilənə görə, uşaq obrazlarını
çox mahir yazıram. Kinonun və
teatrın tamam özünəməxsus xüsusiyyətləri
var - adamı bataqlıq kimi çəkir. Kinodan içimdə ən xoş
təəssüratlar qalıb. Yadımdadır
ki, Şamil Mahmudbəyov və filmin yaradıcı heyəti
mənə uşaq kimi baxırdı. O vaxt həmin
filmdə reyissor köməkçisi işləyəndə
ağlıma da gəlmirdi ki, nə vaxtsa gəlib teatrda aktyor
işləyərəm. Məni bu teatra
dəvət etdilər, ancaq bir çox səbəbə
görə gəlmədim. Teatrın
direktoru Bala Qasımov çox təkid etdikdən sonra
gəlməyə razılıq verdim. Kinostudiyanın
kursunda oxuyanda Əkrəm Əylisli "Mənim
nəğməkar bibim" povesti əsasında teatr
üçün pyes işləyirdi. Cənnət
xanım məni dəvət etdi. O vaxt senzura çox
güclü idi, səhnədə artıq-əskik
sözlər danışmaq olmazdı. Bu
qayda-qanuna bizim teatrda daha çox riayət olunurdu. Çünki GTT-yə gənc nəsil gəlir
və biz onları cəmiyyət üçün saf
hazırlamalı idik. Həmin
əsərdə elə məqamlar var idi ki, onlar
dəyişilməli idi. Əkrəm
müəllim bunu qəbul etmədi. Ona
görə də əsər qoyulmadı. Bir
neçə il keçəndən sonra o
əsər yenə teatra gəldi və mən orda Sadıq
rolunu oynadım.
- Niyə sizə ancaq oğlan rolları
tapşırılırdı?
- Bəlkə fakturama görə... Bu teatra gələndə Əminə
Yusifqızı aktrisalıqla bərabər, oğlan
rollarının mahir ifaçısı sayılırdı.
Teatrlarda "travist" deyilən bir amplua,
yəni oğlan rollarını oynayan aktrisalar var. Mən
teatra gələndən sonra dərhal Sadıq rolunu
oynamadım. Qeybulla Rəsulovun
"Əlvida, Hindistan" tamaşasında Ramonu məşq
elədim. Ağlıma gəlməzdi ki,
bu obrazı Əminə xanımdan sonra mən oynayacağam.
Teatra gəldiyim dövrdə mən yaşda
aktrisa yox idi. Hamı mənə balası
kimi münasibət göstərir, kömək
eləməyə çalışırdı.
Çünki iş təcrübəm yox idi. O dövr
aktyorlarının hamısına minnətdaram. Xüsusən
Firəngiz Şərifovanın mənə çox
köməyi dəydi. Aktyor hər bir rolda
oynamağı bacarmalıdır. Məndən
sonra əsl travist yoxdur. Düzdür,
teatra balacaboy aktrisalar gəlir, amma onların heç biri
travist deyil. Əlbəttə, yeganə
olmağım məni sevindirir. Ancaq
məni kədərləndirir ki, məndən sonra travist
yoxdur.
- Bu gün uşaq tamaşalarında
oynayırsınız. Bəs sizə
böyüklər üçün tamaşalarda rollar
tapşırılmır?
- İndi fəaliyyətimi
rus bölməsində də davam etdirirəm. "Hind
fantaziyası"nda Qoca nənə, "Ah, qadınlar,
qadınlar" tamaşasında Qadın rolunu
oynamışam. Deyilənlərə
görə, çox uğurlu alınıb. Çünki səhnəyə çıxıb
qayıdanda alqış səsləri eşidirəm. Əgər səhnəni alqışlarla tərk
edirəmsə, deməli, nəsə uğurum var.
Çünki tamaşaçını aldatmaq çox
çətindir. Mən həyatda anayam,
iki oğlum var. Ana rolu oynamaq istərdim. Ancaq
görünür, səhnənin şərtləri var, ona
görə də mənə ana rolu vermirlər. Əgər məni nəzərdə tutub sırf
mənim üçün yazılsa, o rolları oynaya
bilərəm. Mən çox ciddi
tamaşalarda oynamışam. Lirik
obrazları çox sevirəm. Çünki
təbiətən lirik insanam.
- Həyat yoldaşınız
rəssam idi. İşinizdə bir-birinizə
necə kömək edirdiniz?
- Demək olar ki, o, Azərbaycanda
birinci modelyer idi. 1995-ci ildə
dünyasını dəyişib. O, Vyaçeslav
Zaytsevin tələbəsi olmuşdu. Onun diplom
işi Leypskdə, başqa şəhərlərdə
nümayiş olunurdu. İndi təhsili
olmayan adamlar moda evi açır, modelyer adı
götürür. O vaxt yoldaşım Yüngül
Sənaye Texnikumunun modelyerlik fakültəsində dərs
deyirdi. Sonra həmin fakültə institutda da
açıldı. Yoldaşım
"Qətl günü" filmində geyim üzrə
rəssam idi. Onun işi çox uğurlu
alınmışdı. Bizim
işimizdə bir-birimizə çox ciddi münasibət
vardı. O, həmişə işlərini mənə
göstərər, məsləhət istəyərdi. Mən də həmçinin onunla
məsləhətləşərdim. Biz
evlənəndən sonra o, heç vaxt mənə
"teatrı at" deməyib. Həmişə:
"Uşaqlar körpə olduğu üçün teatrdan
çıx" - deyə bilərəm. Amma
bilirəm ki, ürəyinin bir yarısı
mənəmsə, o biri yarısı teatrdır. Ona görə sənə "işdən
çıx, evdə otur" - deyə bilmərəm" -
söyləyirdi. Təsadüf elə
gətirdi ki, ailəmizin hamısı incəsənət
adamı oldu. Böyük oğlum
rəssam, kiçik oğlum reyissordur. Ailəliklə
teatrda işləyirik.
- 30 ildən
artıq səhnədə olduğunuz müddətdə
özünüzçün nəyi kəşf elədiniz -
səhnə hansı insanları sevir?
- Onu
kəşf elədim ki, səhnə istedadlı,
peşəkar və gözəl insanları sevir. Teatrı
çox adam istəyir, işləməyə gəlir. Ancaq
onların bacarığı yoxdur, heç vaxt aktyor
işləyə bilməyəcəklər. Əgər o,
Allah tərəfindən aktyor kimi doğulmayıbsa, nə
universitet, nə də tamaşalar onu aktyor
etməyəcək. Gec-tezi var, onlar səhnədən
çıxıb gedirlər, ancaq yer tuturlar. Bəlkə o
yerə elə bir insan gələcək ki, doğrudan da
həmin yerə layiq olacaq.
- Almaz
xanım, əməyinizin layiqli qiymətini
almısınızmı?
- Nə bilim...
tamaşaçılar, xalqım məni çox gözəl
qiymətləndirib. Artıq mənim
tamaşaçılarım çox böyüyüblər.
Teatra gəldiyim vaxtda tamaşalarımda böyüyən
insanların hamısı ailə
başçısıdır. İndi onların uşaqları
da gəlib mənim tamşalarıma baxırlar. Hətta
elə olur ki, məni küçədə səsimdən
tanıyırlar. Bu, tamaşaçımın mənə
verdiyi qiymətdir. Bir də sənət yoldaşlarım
mənə yaxşı qiymət veriblər. 90-cı ildə
Teatr Xadimləri İttifaqının "Qızıl
dərviş" mükafatına layiq
görülmüşəm. Mənim tamaşalarımla
böyüyüb başqa teatrda işləyənlər indi
Xalq artistləridir. Eyni zamanda,
çalışdığım teatrda vaxtilə mənim
oynadığım rolları oynayanların, məndən sonra
o rolları təkrar edənlərin fəxri adları var.
Adım hər dəfə siyahıda təqdim olunur, ancaq
sonradan çıxarırlar. Qapılar döyməyi
xoşlamıram. Bəlkə də ona görə kənarda
qalmışam.
Kaspi.- 2008.- 25 iyul.- S. 11.