Teatrımız
inkişaf mərhələsini yaşayır
Müsahibim
Dövlət Gənc Tamaşaçılar Teatrının
direktoru, əməkdar artist Mübariz Həmidovdur
- Mübariz müəllim, bildiyimiz
kimi, rəhbərlik etdiyiniz teatr 80 illik tarixini yaşayır.
Bu teatrın yubileyi əlamətdar hadisələrlə
yadda qalacaq. Yəqin ki, dövlət qayğısı
ilə əhatə olunmuş yaradıcı kollektiv
dünya standartlarına cavab verən teatr səhnəsində
daha uğurlu tamaşalarla çıxış edəcəklər.
- Bildiyiniz kimi, artıq 135 yaşlı
Azərbaycan Milli Peşəkar Dünyəvi Teatrı
müstəqillik dövründə özünün yeni
inkişaf mərhələsinə qədəm qoymaqdadır.
Ölkəmizin ali qanunverici orqanı tərəfindən
teatr və teatr fəaliyyəti haqqında qanunun
təsdiq edilməsi, Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan teatr sənətinin inkişaf
etdirilməsi haqqında" 19 fevral 2007-ci il tarixli
Sərəncamı, habelə, dövlət başçımızın
daha bir müvafiq Sərəncamı ilə ölkənin
aparıcı teatr-tamaşa müəssisələrinin
əsaslı təmiri və dünya standartlarına uyğun
yenidən qurulması, sənət
ocaqlarında çalışan yaradıcı
şəxslərə dövlətin xüsusi diqqət
və qayğısı, onların yüksək sənət
nailiyyətlərinə görə vaxtaşırı
fəxri adlarla, Prezident təqaüdü və mükafatları
ilə təltif edilməsi bizə, bir daha onu deməyə
əsas verir ki, Azərbaycan teatrının
şərəfli keçmişi olduğu kimi, parlaq
gələcəyinə də bu gün zəmanət vermək
mümkündür. Azərbaycan Milli Peşəkar
Dünyəvi Teatrının inkişafında
özünəməxsus ənənələri və
şanlı tarixi olan 80 yaşlı Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının da layiqli
yeri vardır. Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrı yarandığı
ilk gündən əhalinin ayrı-ayrı təbəqələrinin,
uşaq və yeniyetmələrin, xüsusilə,
gənc nəslin mənəvi-estetik tərbiyəsinin
inkişafı, bədii anlamının, ictimai mövqeyinin
formalaşması, yüksək vətəndaşlıq,
humanistlik, milli-mədəni dəyərlərə
hörmət və rəğbət hissinin aşılanması
sahəsində böyük işlər görməkdədir.
Elə bu məqsədlə də repertuarımızda
dünya və Azərbaycan klassiklərinin əsərlərinə
geniş yer verilir. Hazırda teatrımızın binası
yüksək, müasir texnika və texnologiya ilə
təchiz olunmaqla, yenidənqurma işləri aparılır.
Hesab edirəm ki, əldə olunmuş
uğurlarla arxayınlaşıb yeni, daha müasir avadanlıqla
təmin edilmiş teatr binasında əvvəlki ab-hava
ilə işləmək günümüzün tələblərinə
heç də cavab verməyən əsas amillərdən
biri olardı. - Bildiyimiz kimi, teatr sahəsində islahatlar
aparılır. Bu islahatlar peşəkar teatrın
inkişafı yönümündə ciddi addımlardır.
Bunun nəticəsi kimi, sizin teatrda fəaliyyətdə
olan rus bölməsi Rus Dram Teatrı ilə birləşdirildi
və bu, heç də birmənalı qarşılanmadı.
- Azərbaycan teatr məkanında uzun illərdən
bəri peşəkar teatr mütəxəssisləri
və əsil teatrlar Azərbaycan teatrının sonrakı
inkişafına təkan verən, onun nikbin sabahını
təmin edən mükəmməl islahatların aparılmasını
səbirsizliklə gözləyirdilər. Nəhayət,
bu günlərdə neçə illər ərzində
düşünülüb-daşınılmış,
ölçülüb-biçilmiş teatr reformasının
ilkin mərhələsinə start verildi. Belə
ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının rus bölməsi Dövlət Rus Dram Teatrının
truppası ilə birləşdirildi. Əlbəttə
ki, özünün hazır repertuarı ilə. Məqsəd
paytaxtımızda fəaliyyət göstərən
uzun illik tarixə və ənənəyə malik Dövlət Rus Dram Teatrının yeni
qurulub istifadəyə verilmiş binasında daha
yüksək bədii səviyyəli səhnə
əsərlərinin hazırlanmasını, eyni zamanda,
daha dinamik və çevik truppanın yaradılmasını,
rusdilli tamaşaçıların müxtəlif janrlı
tamaşaları eyni məkanda izləməsini
təmin etməkdir. Təbii ki, hər hansı bir yenilik,
islahat heç də həmişə birmənalı qarşılanmır.
Necə ki, hələlik, iki teatr truppasının birləşməsinə
"Zerkalo" qəzetinin iyul 2008-ci il tarixli sayında
bildirilən münasibət kimi... Məqalənin
ümumi ab-havasından və məzmunundan bəlli olur
ki, müəlliflər müasir teatr sənətində
baş verən proseslərə dərindən nüfuz
etməmiş və ya edə bilməmişlər. Bununla da, oxucuda onun qərəzli və sifarişlə
yazılması, ölkədə aparılacaq teatr islahatlarına
inamsızlıq, mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin iyun ayının 25-də Dövlət
Rus Dram Teatrında iki truppanın iştirakı ilə
keçirilən görüşdəki səmimi və ətraflı çıxışına
istehzalı münasibət fikrini yaradırdı. Amma
zaman sübut etdi ki, islahatların aparılması labüddür
və sözügedən məqalənin müəllifləri
bəlkə də özləri də bilmədən eyni
amala xidmət edən iki truppanı bir-birinə qarşı
qoyurlar. Məqalədə təəssüf
hissi doğuran məqamlardan biri də, məsələnin
mahiyyətinə varmadan, ən azı, teatr rəhbərləri
ilə əlaqə saxlamadan, Dövlət Gənc Tamaşaçılar
Teatrının Dövlət Rus Dram Teatrına birləşdirilmiş
rus bölməsinin hazır repertuarının taleyi
haqqında həqiqətə uyğun olmayan versiyaların
irəli sürülməsidir. Real olanı
isə budur ki, Dövlət Gənc Tamaşaçılar
Teatrının rus truppasına məxsus 11 tamaşa
bütün əmlakı ilə (dekorasiya, kostyum, rekvizit,
musiqi) birlikdə Dövlət Rus Dram Teatrına təhvil
verilməsi üçün hazırlıq işləri
artıq başa çatmışdır. Gənc Tamaşaçılar
Teatrının rus bölməsi hər il MDB ölkələrində
çıxış edirdi. Sözügedən truppa bir
çox rejissorların klassik əsərlərini oynayıb.
Zənnimcə, Azərbaycan teatr sənətinin
inkişafı naminə aparılan islahatlara, görülən
və görüləcək işlərə şübhə
ilə baxmaq yox, daha obyektiv mövqedən yanaşaraq,
proseslərə qərəzsiz münasibət bildirmək
daha məqsədəuyğun olardı.
Səs.- 2008.- 17 iyul.- S. 12.