Azərbaycan və Ukrayna Prezidentlərinin birgə mətbuat konfransı

 

Ukrayna Prezidenti Viktor Yuşşenkonun Bəyanatı


- Hörmətli İlham Heydər oğlu!
Hörmətli jurnalistlər!
Mən ondan başlayardım ki, bizim münasibətlər - Ukrayna ilə Azərbaycan arasında münasibətlər xüsusi xarakter daşıyır. Bunu qeyd etmək mənə xoşdur ki, son illərdə bu münasibətlər yüksələn xətt üzrə, çox dinamik inkişaf edir. İlham Heydər oğlunun bu gün qeyd etdiyi kimi, biz ticarət, investisiyalar, energetika sahələrində əməkdaşlığın əsaslarını nəzərdən keçirdik. Qeyd etmək xoşdur ki, bizim münasibətlər, xüsusən ticarət sahəsində münasibətlər çox sürətli dinamikaya malikdir. Keçən il ticarət əlaqələrimizin həcmi əvvəlki ilin müvafiq göstəricisinin üçdəbir hissəsi qədər artmışdır, yaxın bir il yarımda ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 1 milyard dollara çatdırılacaqdır. Bu cür münasibətlərin inkişafı üçün bizim yaxşı, normal qanunvericilik bazamız var.
Prezidentlər, hökumətlər səviyyəsində çox fəal dialoq aparılır. Bu, bizim münasibətlərin sabitliyinə, onların xüsusi statusuna dəlalət edir. Ən mühüm bloklar barədə danışmalı olsaq, məmnuniyyətlə qeyd etməliyəm ki, energetika kimi profil məsələlərdə bütün layihələr, o cümlədən Xəzər neftinin Ukrayna ərazisindən Avropa İttifaqına nəql edilməsi layihəsi normal inkişaf edir. Mən Odessa-Brodı-Avropa İttifaqı layihəsinin gələcək inkişafını nəzərdə tuturam. Bu gün həmin marşrut üzrə test nəqli üçün Azərbaycanın texnoloji neftinin çatdırılması barədə həm ekspertlər səviyyəsində, həm də hökumətlər səviyyəsində razılıq əldə edildi. İstehlak və satış portfelinin formalaşması üzrə iş aparılır. Bir sözlə, bu layihə texniki səviyyədə normal davam edir.
Bu gün biz regional səviyyədə təhsil və mədəniyyət sahəsində əməkdaşlıq layihələri barədə danışdıq. Bu məsələlərə dair qərarlarımızı jurnalistlərin diqqətinə çatdırmaq istərdim. Təhsil sahəsində. Slavyan Universitetinin intensiv işi, burada Ukrayna filologiyası ixtisası üzrə 37 tələbə hazırlanması bizi çox məmnun etdi. Bu il həmin tələbələr Ukraynanın ali məktəblərində təcrübə keçəcəklər. Onların bir hissəsi, demək olar ki, yarısı təhsilini Ukraynanın ali məktəblərində davam etdirəcəkdir. Bu tələbələr təhsili başa vurduqdan sonra Azərbaycana qayıdacaq, təhsil sahəsində işləyəcəklər. Biz Ukraynada Azərbaycan məktəbi və Azərbaycanda Ukrayna məktəbi açılması barədə danışdıq. Biz nazirlərimizə və səfirlərimizə müvafiq tapşırıqlar verdik. Mədəniyyət sahəsində. Bunu qeyd etmək mənə çox xoşdur ki, bizim bugünkü dialoqumuz nadir bir hadisə ilə - Bakıda Ukraynanın böyük oğlu Taras Qriqoryeviç Şevçenkonun abidəsinin açılışı ilə başlanır. Bu abidə ukraynalı müəlliflər kollektivinin işidir. Mən Azərbaycan tərəfinin ölkə paytaxtında bu abidənin ucaldılması üçün göstərdiyi səyə və köməyə görə İlham Heydər oğluna və Bakının hakimiyyət orqanlarına təşəkkürümü bildirmək istərdim.
Bu gün biz qərara aldıq ki, payızda Azərbaycan Prezidentinin himayəsi altında Taras Qriqoryeviç Şevçenkonun ikicildlik əsərləri nəşr ediləcəkdir. Bu gün biz daha bir layihəni - Ukraynaca-Azərbaycanca ilk lüğətin, bu qəbildən ilk məhsulun layihəsini birgə təqdim edirik.
Biz regionlar səviyyəsində mədəni münasibətlərin inkişafı barədə danışdıq. Ukraynanın regional strukturlarının rəhbərlərindən ibarət böyük bir nümayəndə heyəti yayda Azərbaycana gələcəkdir. Biz payıza qədər - oktyabrda keçiriləcək zirvə toplantısına qədər bir sıra məsləhətləşmələr aparmağı və bir sıra ikitərəfli regional layihələr təqdim etməyi planlaşdırırıq. İnanıram ki, bu gün bizim ikitərəfli münasibətlərin universal inkişafı üçün bu məsələ çox vacibdir.
Biz QNS - qazın nəqli sistemi sahəsində əməkdaşlıq barədə də danışdıq. Bu gün bu istiqamətdə bütün layihələr üzrə normal iş gedir. Bir neçə gün bundan əvvəl Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti bu sahədə əməkdaşlıq barədə müvafiq protokol razılaşmalarına nail olmuşdur. Başqa sözlə desək, burada münasibətlər yaxşı inkişaf edir.
Biz cari ilin payızında Bakıda Ukrayna sənaye və kənd təsərrüfatı sərgisinin keçirilməsi barədə danışdıq. Hər iki Prezidentin fikrincə, işgüzar səviyyədə əlaqələrin əsas problemi informasiya qıtlığıdır. Buna görə də biz bu qəbildən olan müxtəlif konfranslar, görüşlər, sənaye və kənd təsərrüfatı sərgilərinin keçirilməsini prezidentlər səviyyəsində hər vasitə ilə stimullaşdıracağıq.
Cənab Prezident artıq qeyd etdi ki, beynəlxalq fəaliyyət sahəsində bizim yaxşı əməkdaşlığımız formalaşmışdır. Biz bütün incə məsələlər barəsində, o cümlədən İlham Heydər oğlunun xatırladığı məsələ barədə praktiki olaraq, sinxron mövqelərdə dururuq. Bu, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində baxılan və Dağlıq Qarabağla əlaqədar məsələdir. Bu gün biz 1932-1933-cü illərdə Ukraynada aclıqdan qırılanlar mövzusunu müzakirə etdik. Bu məsələdə istər beynəlxalq səviyyədə, istərsə də bizim ikitərəfli münasibətlər səviyyəsində Azərbaycan rəhbərliyinin tam dəstəyini görürük. Bütövlükdə demək istərdim ki, bizim münasibətlər çox dinamik xarakter daşıyır. Bu münasibətlər əməkdaşlığın bütün istiqamətləri üzrə tərəqqi edir və Ukrayna nümayəndə heyəti ilə birlikdə bu gün dost Azərbaycanda olmağım mənə çox xoşdur.
Sağ olun.

* * *

 

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
Sual: Ukrayna mədəniyyətinə göstərilən sayğı və hörmətə - Taras Şevçenkonun abidəsinin açılışına görə cənab Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Amma mənim sualım başqa məsələyə aiddir. Cənab Prezidentlər, sizin Kiyevdəki son görüşünüz zamanı mətbuat konfransında qeyd edilmişdir ki, iyulun əvvəlinə qədər ekspertlər Odessa-Brodı boru kəmərinə texnoloji neftin nəql edilməsi müddətlərini və həcmini müəyyən edəcəklər. Bununla əlaqədar sualım var. Cənab Yuşşenko, həmin parametrlər müəyyən edilmişdirmi və ekspert qruplarının sonrakı konkret addımları nədən ibarət olacaqdır? Cənab Əliyev, Siz Bakı sammitində hansı ciddi qərarların qəbul olunacağına ümid edirsiniz?
Viktor YUŞŞENKO: Odessa-Brodı-Avropa İttifaqı layihəsinin texniki tərkib hissəsinin reallaşdırılmasına gəldikdə biz bunu əsas götürürük ki, beynəlxalq müştərək müəssisə bu gün yaradılıb və o, çox dinamik şəkildə işləyir. Bu layihə çərçivəsində bütün sazişlər yerinə yetirilir. Azərbaycan tərəfindən texnoloji neftin nəql olunmasının təmin edilməsi barədə Kiyev sammitində qoyulmuş məsələ bu gün həll edilmişdir. Bütün boru kəməri xətti üzrə operator funksiyalarının "Sarmatiya" birgə müəssisəsinə verilməsi məsələsinə gəldikdə isə bu gün xidmətlərin həmin növü üzərində dövlət inhisarına malik olan bütün ölkələr səviyyəsində bu məsələyə baxılır. Mənim fikirimcə, bu texniki məsələ də yaxın vaxtlarda həll ediləcəkdir, çünki siyasi səviyyədə heç bir etiraz yoxdur. Yalnız formal üsulla həll edilməli olan bəzi formal məsələlər var.
İlk nəqlə gəldikdə, mənim fikirimcə, bu gün bu məsələ final mərhələsindədir.
Birinci vəzifə texnoloji neftin çatdırılması, istehlakçılar portfelinin və təchizat portfelinin formalaşdırılmasıdır. Artıq qeyd etdiyim kimi, bu layihədə hər iki tərəf, o cümlədən müştərək müəssisə də əvvəlki görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində fəaliyyət göstərir. Layihənin reallaşması normal davam edir. Detallara gəldikdə isə mənim fikrimcə, bu məsələni "Sarmatiya" birgə müəssisəsi şərh etməlidir. Burada dövlətlər səviyyəsində heç bir problem yoxdur.
İlham ƏLİYEV: Biz bu layihənin reallaşdırılması çərçivəsində fəal əməkdaşlıq edirik və bildiyiniz kimi, son vaxtlarda bu sahədə böyük irəliləyiş olmuşdur. Nisbətən qısa müddətdə çox görülmüşdür və bu gün həmin layihənin tamdəyərli texniki-iqtisadi əsaslandırılması hazırlanır. Əminəm ki, bu sənəd çox əhatəli olacaq və layihənin həyata keçirilməsinə başlamağımıza imkan verəcəkdir.
İlk sınaq neftinin nəql edilməsinə gəldikdə bu məsələ lap yaxın vaxtlarda gerçəkləşə bilər. Bunun üçün müəyyən işlər aparılmalıdır. Ümumiyyətlə, Azərbaycanın neft potensialı nefti müxtəlif istiqamətlərdə nəql etməyə imkan verir. Mənim fikrimcə, biz bu layihəni praktikada testləşdirmək üçün yaxın vaxtlarda neftin sınaq nəqlinə başlayacağıq. Əlbəttə, texniki-iqtisadi əsaslandırma bu layihənin kommersiya baxımından cəlbediciliyi barədə tam təsəvvür əldə etməyə imkan verəcəkdir. Lakin mən əminəm ki, texniki sınaqlar, yəni neftin praktiki nəql edilməsi daha tam mənzərə yaradacaqdır. Biz buna hazırıq və buna çalışırıq. Fikrimcə, yaxın vaxtlarda, bütün texniki məsələlər, xüsusən Xəzər neftinin Qara dəniz limanlarına çatdırılması yolları barədə razılıq əldə ediləndən sonra biz ilk addımlar atmağa başlayacağıq.
Sual: Mənim sualım hər iki prezidentədir. Sizin fikrinizcə, Azərbaycan-Ukrayna münasibətləri regional əməkdaşlığın inkişaf etdirilməsi işinə nə kimi töhfə verir?
Viktor YUŞŞENKO: Biz belə hesab edirik ki, bu, bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissələrindən biridir. Biz qonşu ölkələr deyilik. Buna görə də regionda iqtisadi, işgüzar, siyasi münasibətlərimizin necə formalaşması çox vacibdir. Bizim ikitərəfli münasibətlərimizin xeyli hissəsi də bundan asılıdır, ona görə də biz bu baxımdan fəal birgə və regional siyasət yeridirik. Artıq qeyd etdiyim kimi, biz bütün əsas məsələlərdə iqtisadi, siyasi və təhlükəsizlik siyasəti məsələlərində, bir qayda olaraq, ümumi mövqelərdən çıxış edirik.
İlk növbədə onu qeyd etmək istərdim ki,
GUAM çərçivəsində bir neçə iqtisadi, o cümlədən enerji və tranzit layihələri həyata keçirilir. "Vikinq" layihəsinin inkişafından danışırıq. Bu layihə xalis regional xarakter daşıyır. Hazırda həmin layihənin genişləndirilməsi, neftin nəql edilməsinə və onun Baltik dənizindən Qara dənizə və Xəzər dənizinə çatdırılmasına nəzarət edəcək rəsmi hüquqi şəxsin yaradılması məsələsinə baxılır. Bu mənada Azərbaycan əsas iştirakçılardan biridir. Tranzitin bu hissəsini inkişaf etdirmək üçün Moldovaya və Gürcüstana da müvafiq təkliflər göndərilmişdir.
Enerji layihələrindən danışırıqsa, Avrasiya neft nəqli dəhlizinin təşkili barədə suala cənab Prezidentin necə cavab verməsinin şahidi oldunuz, biz bu məsələnin yekun mərhələsindəyik. Bu layihənin texniki-iqtisadi əsaslandırılması haqqında məruzənin birinci hissəsi may ayında təqdim edilmişdir. Oktyabr ayında Bakıda keçiriləcək 4-cü enerji sammiti zamanı neft kəmərinin bütün marşrutu üzrə bu layihənin texniki-iqtisadi əsaslandırılmasına dair tam hesabat təqdim ediləcəkdir. Həmin sənədin müsbət olacağına şübhə yoxdur, çünki may ayında təqdim edilmiş məruzə də bütünlüklə bu layihənin iqtisadi baxımdan yüksək səviyyədə olmasını əsaslandıran müsbət məqamlardan ibarət idi. Həmin layihə çərçivəsində bir sıra mühüm məsələlər, o cümlədən Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və bir sıra digər tərəfdaş ölkələrin ərazisində müştərək tarif və tranzit siyasəti məsələləri həll edilir.
Mənim fikirimcə, təhlükəsizlik siyasəti regional siyasətin çox mühüm elementidir. Biz
GUAM iştirakçısı olan ölkələrin milli təhlükəsizliyi ilə bağlı məsələləri müntəzəm olaraq GUAM-ın gündəliyinə daxil edirik. Bu məsələ ilə əlaqədar GUAM ölkələrində mövcud gərginlik nöqtələrinə biz çox həssaslıqla yanaşırıq. Dağlıq Qarabağ barədə məsələnin müsbət həllini Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Ukraynanın necə dəstəkləməsinin şahidi olduq. Bu, onu göstərir ki, həm Ukrayna, həm də Azərbaycan bu və ya digər aktual məsələlərin - təhlükəsizlik siyasəti, bizim ticarət və iqtisadi münasibətlərimiz, tranzit sahəsində əməkdaşlıq məsələlərinin həllinə sabit münasibət bəsləyir, bu sahədə onların baxışları formalaşmışdır.
Biz onu əsas götürürük ki, regional komponent bizim ikitərəfli münasibətlərimizin ən həssas komponentlərindən biridir və buna görə də biz həmin komponentin inkişafına çox diqqətlə yanaşırıq.
İlham ƏLİYEV: Regional əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm amilidir və biz bu münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu gün biz əməli addımlar atmaqla, regional əməkdaşlığı yeni formalarla zənginləşdiririk. Xəzər dənizi - Qara dəniz əməkdaşlığının çox səmərəli və möhkəm formatı artıq yaranmışdır. Bu baxımdan Odessa-Brodı-Avropa İttifaqı boru kəmərinə dair təşəbbüslər regional əməkdaşlığın tərkib hissəsidir. Biz ümid edrik ki, regional əməkdaşlığın mühüm amili olan energetika iqtisadiyyatın yeni sektorlarının bu sahəyə cəlb edilməsinə şərait yaradacaqdır.
Bu gün biz nəqliyyat, kommunikasiya layihələrinə ciddi əhəmiyyət veririk və bu istiqamətdə çox yaxşı təməl yaradılmışdır. Əminəm ki, burada, Qafqazda və Ukraynada həyata keçirilən təşəbbüslər nəqliyyat tərkib hissəsinin regional formatda daha mühüm rol oynamasına kömək edəcəkdir. Əlbəttə, gələcəkdə regional əməkdaşlıq ölkələrimizin mövqelərindən asılı olacaqdır. Çünki bizim irəli sürdüyümüz təşəbbüslər əməkdaşlığın möhkəmlənməsinə yönəlmişdir. Biz öz münasibətlərimizin regional amilinə ölkələri bir-birinə yaxınlaşdıracaq, Qafqazda sülhün bərqərar olmasına, təhlükəsizliyə, əlverişli investisiya mühiti yaradılmasına, qarşılıqlı ticarətin inkişafına, yəni ölkələri və xalqları yaxınlaşdıran nə varsa hamısına kömək edəcək amil kimi baxırıq. Biz regional əməkdaşlığın möhkəmləndirilməsini çox ciddi məqsəd kimi qarşıya qoymuşuq.
Kiyevdə keçirilən enerji sammiti iştirakçılarının tərkibi artıq onu göstərir ki, bizim regional əməkdaşlıq Xəzər və Qara dəniz hüdudlarından kənara çıxır, bu əməkdaşlığa Baltiya ölkələri də qoşulur. Bütün bunlar regionda əməkdaşlığın yeni elementləridir. Bütün bunlar ölkələrimizin uğurla inkişaf etməsi üçün çox yaxşı ilkin zəmin yaradır. Biz gələcəkdə də bu istiqamətdə fəal iş aparacağıq. Biz səmərəli, konstruktiv işləyəcəyik ki, təhlükəsizlik sistemi möhkəmlənsin və bizim iqtisadi potensialımızın tamdəyərli reallaşması üçün yeni imkanlar yaradılsın.

 

Azərbaycan.- 2008.- 1 iyul.- S. 2.