Bakıda görkəmli Ukrayna şairi Taras Şevçenkonun abidəsi açılmışdır

 

Ukrayna Prezidenti Viktor Yuşşenkonun çıxışı


- Əziz İlham Heydər oğlu!
Əziz Ukrayna icması!
Mən həqiqətən düşünürəm, Ukraynadan bir neçə min kilometr uzaqda olduğum halda Ukrayna icması ilə görüşmək və bu meydanda Taras Qriqoryeviç Şevçenkonun bəlkə də ən yaxşı əsərlərindən birini - "Mənim düşüncələrim"i oxumaq imkanına malik olmaq necə də gözəldir. Bu gün bizi qeyri-adi və təkcə Ukrayna milləti üçün deyil, inanıram ki, hər iki xalq üçün böyük əhəmiyyət kəsb edən çox gözəl bir hadisə birləşdirir. Bu gün biz millətimizin peyğəmbəri sayılan Taras Qriqoryeviç Şevçenkonun xatirəsinə hörmət və ehtiramımızı bildiririk. Bütün dünyada bu insanın şərəfinə hamıdan çox abidə ucaldılmışdır. Dünyada Taras Qriqoryeviç Şevçenkonun onlarca heykəli var və bu gün biz burada, Bakıda onun daha bir abidəsinin açılışının şahidi olmaq imkanına malikik.
Bizi bu meydana gətirən nədir? Nə üçün biz bu gün Taras Qriqoryeviç Şevçenkonun şəxsiyyətinə bu dərəcədə qayğı ilə yanaşırıq? Mən əminəm ki, 200 il bundan əvvəl - nə müstəqil Azərbaycanın, nə də müstəqil Ukraynanın mövcud olmadığı dövrdə, bizim əcdadlarımız müstəqillik arzusu ilə yaşadığı vaxtlarda onların gələcək müstəqilliyi qorumaq və onu dərk etmək üçün bəlkə də ən güclü seçimlərindən biri məhz söz olmuşdur. 200 il bundan əvvəl müstəqil Ukrayna və ya müstəqil Azərbaycan məsələsi yox idi. Lakin 10 ildən, 100 ildən, yaxud 200 ildən sonra bizi bir millət kimi tanıdan dəyərləri necə qoruyub saxlamaq məsələsi gündəmdə idi. Taras Qriqoryeviç yazırdı: "Bizim düşüncələrimiz, bizim mahnımız ölməyəcək, məhv olmayacaq. Ey insanlar, bizim şöhrətimiz, Ukraynanın şöhrəti bunlardır". Şair 200 il və ya 150 il bundan əvvəl göstərirdi ki, Ukrayna milləti məhz Ukrayna sözünün, Ukrayna ənənələrinin, Ukrayna incəsənətinin, Ukrayna mənəviyyatının vasitəsilə dirçələcəkdir. Əminəm ki, bu, 150-200 il bundan əvvəl hər bir insanın suveren Ukrayna üçün verə biləcəyi ən böyük töhfədir.
Biz Taras Qriqoryeviç Şevçenko haqqında təkcə milli böyüklük və milli mənsubiyyət kontekstində danışmırıq. Əminəm, Şevçenkonun qüdrəti ondadır ki, o, hər bir millət üçün vacib olan dəyərləri bu dünyaya bəxş etmiş və tərənnüm etmişdir. Mən əminəm, burada iştirak edənlərin hər birindən Şevçenkonun ondan ötrü kim olmasını soruşsaq, biri onu yüksək səviyyəli sənətkar, bir başqası öz dövrünün ən yaxşı nəqqaşı adlandıracaqdır. Çünki o, Sankt-Peterburq Rəssamlıq Akademiyasının fərqlənmə diplomunu almışdır. Burada iştirak edənlərdən kimsə deyə bilər ki, Şevçenko öz millətinin iradəsini və azadlığını hamıdan yaxşı tərənnüm edirdi, bir başqası deyər ki, o, əla şair olmuşdur. Biri də deyər ki, o, öz dövrünün böyük filosofu idi. Bu adamların hamısı haqlı olar. Ona görə ki, Şevçenkonun şəxsiyyətində bu cavabların hər biri, dediklərimin hamısı təcəssümünü tapmışdı. Əminəm ki, Taras Qriqoryeviç Şevçenkonun obrazında biz bütün bəşəriyyətə xidmət etmiş bir dahi görürük. Ona görə də bugünkü hadisə, heç şübhəsiz, İlham Heydər oğlunun Ukrayna millətinə böyük ehtiramının ifadəsidir. Bu, Ukrayna və Azərbaycan xalqları arasında ikitərəfli münasibətlərə böyük hörmətin təzahürüdür. Bu, bizim hansı milləti təmsil etməyimizdən asılı olmayaraq, bizi bir-birimizə yaxınlaşdıran dəyərlərə töhfədir.
Bu gün biz elə böyük bir insan haqqında danışırıq ki, onun bəxş etdiyi və tərənnüm etdiyi dəyərlərlə təkcə Ukrayna milləti yaşamır. Buna görə də mən fürsətdən istifadə edib bir il bundan əvvəl bu layihənin həyata keçirilməsi barədə razılığa gəldiyimizə görə İlham Heydər oğluna təşəkkürümü bildirmək istərdim. On iki ay keçdi və biz bütün məsələləri həll etdik. Əminəm ki, bu gün bu möhtəşəm prospektdə ucalan bu abidə həm müstəqil Ukraynanı, həm də müstəqil Azərbaycanı tərənnüm edir. Mən Bakı şəhərinin rəhbərliyinə, heykəltaraşa və layihə müəlliflərinə, bugünkü hadisəyə aidiyyəti olan insanların hamısına təşəkkür etmək istərdim. İşiniz uğurlu olsun. Mən bu gün əllərində Ukraynanın dövlət bayraqları tutub, bu meydanda dayanan insanların hamısına Ukrayna milləti adından, Ukrayna xalqı adından dərin təşəkkürümü bildirirəm. Ukrayna icmasını burada görmək mənim üçün böyük şərəfdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko abidənin üzərindəki örtüyü götürdülər. Dövlət başçıları Taras Şevçenkonun abidəsi önünə əklillər qoydular.
Prezident İlham Əliyev və Prezident Viktor Yuşşenko abidənin müəllifi, Ukraynanın tanınmış heykəltaraşı İqor Qreçanikə bu gözəl işinə görə təşəkkür etdilər.
Dövlət başçıları Taras Şevçenkonun abidəsinin açılış mərasimində iştirak edən Ukrayna diasporunun çoxsaylı nümayəndələri ilə səmimi söhbət etdilər. Ukrayna icmasının üzvləri Azərbaycanda yüksək tolerantlıq şəraitinin hökm sürdüyünü vurğuladılar, onların öz doğma mədəniyyətinə yiyələnməsi, milli özünəməxsusluğu qoruyubsaxlaması üçün yaradılmış şəraitə görə ölkəmizin rəhbərliyinə təşəkkür etdilər.
Ukraynanın dövlət strukturlarında məsul vəzifələr tutan, Bakıya məxsusi olaraq iki qardaş xalqın tarixində bu əlamətdar hadisədə iştirak etmək üçün gəlmiş azərbaycanlılar da Prezident İlham Əliyevi və Prezident Viktor Yuşşenkonu salamladılar.

 

Azərbaycan.- 2008.- 1 iyul.- S. 3.