Samirə

 

Paytaxtımız məşhur həmyerlimizin gözü ilə

 

Vitali Vulf: "Bakı fenomen-şəhərdən, sadəcə, gözəl paytaxta çevrilib"

 

Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, TEFİ milli mükafatının laureatı, publisist, nüfuzlu teatr tənqidçisi, tərcüməçi, geniş ictimaiyyətin isə "Rossiya" telekanalının maraqlı layihələrindən biri olan "Moy serebryannıy şar" proqramının müəllifi və aparıcısı Vitali Vulf 1930-cu ildə Bakıda dünyaya göz açıb və 1960-cı illərə qədər Azərbaycanda yaşayıb. Daha sonra isə Moskvaya köçərək köhnə Arbatın - ən sakit küçələrdən birindəki evdə məskunlaşıb. Rusiya, Avropa ABŞ-ın yaradıcı şəxsiyyətləri, görkəmli siyasətçilərinin həyat fəaliyyəti barədə özəl məlumatlara malik olan bu canlı "ensiklopediya"nın danışdıqlarına biganə qalmaq mümkün deyil. Vitali Vulf bildiklərini, sadəcə, danışmır. Onun hər bir əhvalatında qəhrəmanının taleyinə məhrəmlik, canıyananlıq hissi, ən əsası isə hər bir situasiyanın nəqlində özünün həmin vaxt, həmin məkanda olmasına dinləyicini tamamilə inandırmaq bacarığı həqiqətən təqdirəlayiq keyfiyyətlərdəndir. Artıq ikinci onillikdir "Moy serebryannıy şar" proqramı efirdədir. Proqramın müəllifinin aparıcısının emosional inandırıcı müdaxilələri sayəsində haqsız olaraq unudulmuş ya az xatırlanan ədiblər, aktyorlar, rejissorlar, siyasətçilər tamaşaçılara tanıdılır. Vulf isə əmin edir ki, belə əhvalatlar ehtiyatı onda hələ kifayət qədərdir. V.Vulf: "Bu şəxsiyyətlər ilk növbədə insandırlar. İnsanın isə həyatı boyunca məhəbbət, ölüm, xəyanət, ayrılıq anları yaşaması qaçılmazdır. Yaradıcı ya digər sahədə imzası olan bir insanın şəxsi həyatı barədə faktlara malik olmadan onun haqqında veriliş hazırlamağı mümkün hesab etmirəm". Kumiri İrakli Andronikov kimi, Vulf da onu şəxsən maraqlandırmayan, taleyi ürəyini tərpətməyən insanlar barəsində veriliş hazırlamağı absurd hesab edir. Bu maraqlı həmyerlimizin müsahibələrindən birində Bakı mühiti haqqındakı təəssürat xatirələrini diqqətinizə çatdırırıq: "İnsanın doğulub boya-başa çatdığı mühitin onun maraqlarının, dünyagörüşünün formalaşmasında, istiqamətlənməsində çox böyük rolu var. Mən Bakıda dünyaya gəlmişəm. Bu şəhər isə unikal aura atmosferdən məhrum deyil. Mən deyərdim ki, Bakının ab-havası - bohema həyat tərzinin ab-havasına çox yaxındır. O illərin Bakısı çox gözəl teatr ənənələri, möhtəşəm Rus Dram Teatrı demək idi. Bu şəhərin adı unikal musiqi kollektivlərinin varlığı ilə assosiasiya olunur. Bu isə keçmiş SSRİ-nin ən yaxşı opera truppasının ifasında möhtəşəm tamaşalar, gözoxşayan balet quruluşları demək idi. Azərbaycan balerinaları ittifaqın 10 ən yaxşı balerinaları siyahısını bəzəyirdilər. Bütün bunlar o dövrün gənclərinin gələcək fəaliyyət sahələrinin müəyyənləşməsində əhəmiyyət kəsb etməyə bilməzdi. Moskvaya köçəndən sonra mən bir müddət Bakıya gedib-gəlirdim. Amma anamı öz yanıma aparandan sonra uzun müddət doğma şəhərimə səfər etmədim. Nəhayət, 2003-cü ildə tanınmış pianoçu, bakılı olmağı ilə həmişə fəxr edən Bela Davidoviçlə birlikdə Bakıya gəldik. Doğrusu, mən bu şəhəri çətinliklə tanıdım. Əlbəttə, bəzi binalar uşaqlığımı xatırlatdı. Söhbət ondan getmir ki Bakı yaxşı ya pis tərəfə dəyişib. Sadəcə, bu artıq başqa şəhərdir. Bakının təkcə memarlıq üslubu dəyişməyib, məncə, bu şəhər bir zamanlar onu unikal edən polifonikliyini itirib. Əgər əvvəllər Bakıdan söz düşəndə göz önünə fenomen-şəhər gəlirdisə, indi Bakı, sadəcə, gözəl paytaxtlardan biridir. Məyusluq doğuran cəhət isə odur ki, intensiv inkişaf yolunu tutmuş müstəqil respublikada adları nəinki Azərbaycan milli mədəniyyətinin, hətta dünya mədəniyyətinin "qızıl" fonduna daxil olmuş yaradıcı insanların xatirəsi layiqli şəkildə əbədiləşdirilməyib. Axı millətini, ölkəni dünyaya ən yaxşı rakursda, ən obyektiv münasibət doğuracaq tərəfdən tanıtmaqdan ötrü buna xidmət edən məlumatların yorulmadan mümkün olan hər yerə yayılmasını təmin etmək zəruridir. Belə olsa, azərbaycanlılar istər görkəmli şəxsiyyətləri, istərsə tarixləri ilə bağlı faktların saxtalaşdırılması halları ilə daha az üzləşərlər". Dosye: Vulf Vitali Yakovleviç 1952-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquqşünaslıq elmləri namizədidir, tarix elmləri doktorudur. Vəkalətxanada, daha sonra isə SSRİ Elmlər Akademiyasının Hüquq İnstitutunda çalışıb. 1965-ci ildə Oleq Yefremov tərəfindən "Sovremennik" teatrının bədii şurasına üzv dəvət edilib. 1967-97-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Beynəlxalq Fəhlə Hərəkatı İnstitutunda (indi - Müqayisəli Politologiya İnstitutu) çalışıb. Orda "70-ci illərdə ABŞ-da teatr mədəniyyəti ABŞ-ın tarixi gerçəkliyi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2 il müddətində Nyu-York universitetinin professoru olaraq tələbələrə "Rus teatrının tarixi", "Çexov teatr", "Tenessi Uilyamsın teatrı", "Stalin teatr" mövzusunda mühazirələr oxuyub, Amsterdam Universitetində rus teatrının tarixi üzrə kursun rəhbəri olub. 1990- ildən televiziyada çalışır. 1994-cü ildə mərhum televizionçu Vladislav Listyev tərəfindən "ViD" teleşirkətinə dəvət edilib. 1995-ci ildən "Rossiya" telekanalında çalışır. Bir neçə ədəbi incəsənət nəşrlərində çıxış edir. 30-dan artıq pyesin tərcüməçisidir.

 

Həftə içi.- 2008.- 24 iyul.- S. 8.