Hüseynova İ.
Bəşəriyyətin
nicatı sivilizasiyalararası dialoqun inkişafından
keçir
Bəşəriyyətin
mövcudluq tarixi göstərir ki, müxtəlif
dünyagörüşə, milli-mənəvi irsə,
dini-sakral baxışlara malik xalqlar bir-biri ilə dil
tapmağa, ortaq mədəni dəyərləri
bölüşməyə, sivil dialoq qurmağa
çalışmışlar. Məhz bu nəcib
təşəbbüslərin nəticəsi kimi
dünyanı sarsıdacaq bir çox fəlakətlərin,
müharibə və toqquşmaların qarşısı
alınmış, sivilizasiyaların yaxınlaşması
və tolerant düşüncə tərzinin
güclənməsi insanlığın mənəvi
yüksəlişinə və nicatına xidmət
etmişdir. Əminliklə demək olar ki, fərqli
mədəniyyətlər arasında ortaq təmas
nöqtələrinin tapılması bu gün qloballaşan
dünyada sülh və sabitliyin, əmin-amanlığın,
dinc yanaşı yaşamağın vacib amili kimi
çıxış edir.
Sivilizasiyaların dialoqu və tolerantlıq
düşüncə tərzi, cəmiyyətin tarixi
inkişafının nəticəsi, müxtəlif
mədəniyyət və lokal insan birliklərinin
birgəyaşayışı nəticəsində
əldə olunmuş tarixi nailiyyəti olaraq demokratik
cəmiyyətin, mədəniyyətlərarası
münasibətlərin təməl prinsiplərindəndir.
Tarixən başqa millətlərə və
səmavi dinlərə, fərqli
mədəniyyətlərə dözümlü
yanaşması ilə seçilən Azərbaycanda
tolerantlıq xalqımızın milli-mənəvi
dəyərlər sistemindən, düşüncə
sistemindən qaynaqlanır. Geostrateji
mövqeyinə görə çeşidli
dünyagörüşü və həyat tərzinin,
mədəni-mənəvi dəyərlərin, dini
konfessiyaların qovuşduğu bu torpaq milli-etnik tərkibi
ilə dünyanın nadir mədəni sivilizasiyalarından
birinə çevrilmişdir. Belə bir
məkanda yaşayan insanlar bu təmasın təkcə
coğrafi deyil, həm də mənəvi
təzahürünü, Qərb və Şərq
mədəniyyətinin dialoqunu da öz gündəlik
həyatında hiss edir. Bəzən
dünyanın ən müxtəlif qütblərində siyasi
qarşıdurmalara çevrilən bu dialoq Azərbaycan
mədəniyyətində hər hansı
çatışmazlıqlara səbəb olmamış,
əksinə, bu məmləkətdə bənzərsiz
mədəni mühit formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi,
“Yönümüz Şərqə olsa da, yolumuz
Qərbədir”.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbilə hakimiyyətə
qayıtdıqdan sonra ölkədə dini, milli, etnik
münasibətlərin yüksək səviyyədə
tənzimlənməsi, vicdan azadlığının tam
bərqərar olması naminə ardıcıl
tədbirlər həyata keçirmiş, xalqın milli
təhlükəsizlik maraqları baxımından bu
sahəyə daim xüsusi diqqətlə
yanaşmışdır. 1995-ci ildə
Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul
olunmuş Konstitusiyada hər bir ölkə
vətəndaşlarının vicdan azadlığı
birmənalı təsbit edilmişdir. Bunun
nəticəsi kimi ölkəmizdə mövcud olan etnik-dini
tolerantlıq hazırda bəzi inkişaf etmiş
ölkələrə də örnək göstərilə
bilər. Əsrlərin
sınağından çıxmış
mədəniyyətini, mənəvi dəyərlərini,
adət-ənənələrini hifz etməyi bacaran
Azərbaycan xalqı ümumbəşəri
mütərəqqi dəyərlərə tolerant
münasibət bəsləməklə, müasirliyə
və yeniliyə can atmaqdadır.
Xalqlararası və
mədəniyyətlərarası dialoqu müasir
qloballaşma dövründə daha da inkişaf etdirmək,
ona dəstək vermək, bütün insanların
gələcəyi naminə mədəniyyətlərin və
dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də
dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev ilk
gündən azsaylı xalqlara, milli-dini azlıqların
nümayəndələrinə həssaslıqla
yanaşır, onların problemlərinin həlli üçün
bütün lazımi tədbirləri həyata keçirir.
Dövlət başçısı haqlı
olaraq vurğulayır ki, demokratik prinsiplərlə yaşamaq,
bu yönümdə inkişaf etmək arzusunda olan hər bir
dövlət ölkəsində cəmiyyətdaxili tolerantlığın
bərqərar olmasını təmin etməlidir. Və bu, regionda, sonda isə bütün dünyada
tolerant durumun formalaşmasına olan xidmətdir.
Dövlət başçısı respublikamızda
bütün milli və dini azlıqların birgə
yaşayışı üçün kifayət qədər
tolerant mühitin olduğunu məmnunluqla bildirir:
“Azərbaycanda müxtəlif dinlərə mənsub olan
insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən
böyük sərvətimizdir və xalqımızın
gündəlik həyatıdır... Biz fəxr
edirik ki, Azərbaycanda müxtəlif millətlərdən
olan insanlar arasında qarşılıqlı anlaşma
mövcuddur. Başqa dövlətlər
də Azərbaycanın bu təcrübəsindən faydalana
bilərlər”.
Bu gün Azərbaycanda mədəni
müxtəlifliyin təmin olunmasında, ümumilikdə,
bəşəriyyətin nicatına xidmət edən nəcib
və humanist dəyərlərin inkişafında qadınların
müstəsna rolunu xüsusi qeyd etmək lazımdır.
Milli-mənəvi dəyərlərə
tapınan Azərbaycan qadını daim yüksək
mənəvi idealların, nəcib, xeyirxah
təşəbbüslərin tərəfdarı kimi
çıxış etmiş, bütün dünyada
sülhün, əmin-amanlığın, sabitliyin bərqərar
olmasına çalışmışdır. Təsadüfi deyildir ki, xalqımız
həmişə qadına, onun cəmiyyətin
həyatında oynadığı rola, tutduğu yüksək
mövqeyə böyük hörmətlə
yanaşmış, onun müqəddəs hesab etdiyi
Vətən, torpaq, dil anlayışları ana adı ilə
bərabər tutulmuşdur. Qadın adına
göstərilən dərin ehtiram, sonsuz ana
məhəbbəti söz və sənət
abidələrimizdə öz parlaq
təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və
mədəniyyətımizin görkəmli
nümayəndələri öz əsərlərində
Azərbaycan qadınının mərdliyini,
gözəlliyini, mənəvi saflığını vəsf
etmişlər. Azərbaycanlı
mənəviyyatının təməl kitabı
saydığımız “Kitabi-Dədə Qorqud” eposunda
təsvir edilmiş qadın surətləri bu gün də
öz məziyyətləri ilə bəşəri
idealların təntənəsidir.
Tarixi təcrübə göstərir ki, bir
çox taleyüklü məqamlarda məhz qadınlar
daxildən gələn bir tələbatla, humanizm və
insanpərvərliklə sülh, barış
missiyalarını üzərlərinə
götürmüş, sabitliyə, həmrəyliyə və
tərəqqiyə xidmət edən böyük
təşəbbüslərin müəllifinə
çevrilmişlər. Qadınların
parlaq zəkası, müdrikliyi, təmkinli
düşüncəsi bəzi hallarda hətta insan
tələfatı ilə nəticələnəcək
böyük münaqişələrin, toqquşmaların
qarşısını almışdır. Bu gün də dünyanın hər yerində
qadınların bərabərlik, sülh və sabitlik
uğrunda hərəkatı geniş vüsət
almışdır. Daim inkişafda olan
tərəqqipərvər Azərbaycan qadınları bu
hərəkatlara fəal surətdə qoşulur və
millətimizin haqq səsini beynəlxalq tribunalardan
səsləndirirlər. Bu gün qadınlarımız
təkcə xeyirxah və insanpərvər layihələrin
gerçəkləşməsində deyil, həm də
sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı
xalqların ortaq mədəni dəyərlərinin aşkara
çıxarılmasında, ölkələr arasında
elmi-humanitar və mədəni əməkdaşlığın
dərinləşməsində böyük işlər
görürlər.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın bu sahədəki əzmkar
və vətənpərvər fəaliyyəti bu baxımdan
hər birimizdə böyük qürur və fəxarət
hissi doğurur. Azərbaycanın birinci xanımı əsil turk xatununa xas nəcib, humanist və
insanpərvər xarakterlə cəmiyyətdə
mənəvi aşınma yaradan, eləcə də saf və
ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə
qarşı barışmaz mövqe tutur, insanlığın
təntənəsinə xidmət edən nəcib
təşəbbüsləri ilə həm də
sivilizasiyalararası dialoq prosesinə öz töhfəsinin
verir. Son illərdə məhz Mehriban xanım Əliyevanın
təşəbbüsü, YUNESKO-nun iştirakı ilə
Bakıda təşkil olunan yüksək səviyyəli
beynəlxalq tədbirlərdə dünyada sülh və
sabitliyin möhkəmləndirilməsi,
mədəniyyətlərarası dialoqun
genişləndirilməsi, savadsızlığın, dini, irqi
ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib
ideyalar üstünlük təşkil etmişdir.
Respublikamız malik olduğu mədəni
potensialla bu dialoqda öz sözünü deyir və
mövqeyini sübuta yetirir. Azərbaycanın tarixi
ənənələrini, Tarixi İpək yolunun regiondakı
rolunu nəzərə alan Latın
Mədəniyyəti Akademiyasının hələ 2006-cı
il aprelin 19-da Bakıda keçirilmiş sayca XIII
konfransının gedişi bu reallığı bir daha təsdiqləmiş,
respublikamızın sivilizasiyalararası dialoqun
mərkəzinə çevrildiyini nümayiş
etdirmişdir. 30-dan artıq latın
mənşəli görkəmli mədəniyyət və
ədəbiyyat xadiminin iştirakı ilə Heydər
Əliyev Fondunda keçirilən konfransda
çıxış edən Mehriban xanım Əliyeva
demişdir: “Bu gün biz sivilizasiyalararası dialoqun
keçmişindən söhbət açaraq xüsusi
vurğulamalıyıq ki, qədim və çox zəngin
yunan-Roma sivilizasiyasının ilk varisi məhz Şərq
olubdur. Müsəlman renessansı kimi tarixə
düşən bu dövrdə müsəlman
ölkələrində ən mütərəqqi, ən
qabaqcıl ideyalar yaradılıb, inkişaf etdirilibdir.
Şərq alimlərinin və filosoflarının
əsərləri ilə zənginləşən bu irs orta əsrlərdə yenidən Avropaya
qaytarılıbdır. Bütün
Şərqin, müsəlman aləminin bu irsin qorunmasında
rolu əvəzsizdir. 2006-cı ildə
konfransın məhz Bakı şəhərində
keçirilməsi ölkəmizin
mədəniyyətlərarası dialoq səviyyəsində
çox müsbət təcrübə toplaması ilə
əlaqələndiririk. Həqiqətən
də əsrlər boyu Böyük İpək Yolu
üstündə yerləşən ölkəmiz çox
yüksək tolerantlığa malik və müxtəlif
mədəniyyətləri birləşdirən bir məkan
kimi tanınır. Bu, bizim qürur
duyduğumuz uğurumuz, keçmişimizdir və inanıram
ki, gələcəkdə də bu sahədə Azərbaycan
öz müsbət rolunu oynayacaqdır”.
Azərbaycan bu gün paralel olaraq həm
Qərbə, həm də Şərqə inteqrasiya
etməklə bərabər, hər iki sivilizasiyanın dialoqu
prosesində vasitəçi kimi çıxış edir,
mədəniyyətlərarası yaxınlaşmaya öz
töhfəsini verir. Bir neçə gün öncə
Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun
dəstəyi ilə keçirilən
“Mədəniyyətlərarası dialoqda qadınların rolunun
genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı
Forumu da sivilizasiyalararası dialoq, fərqli
mədəniyyətlər arasında ortaq təmas
nöqtələrinin tapılması, ümumbəşəri
konsolidasiya prosesində qadınların rolunun
araşdırılması, bu yönümdə konkret
fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından vacib
əhəmiyyət kəsb etmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin forum iştirakçılarına
müraciətində vurğulandığı kimi, belə
bir mühüm tədbirin Şərqlə Qərbin
mədəni dəyərlərini özündə cəmləşdirən
və əsrlərdən bəri bu sivilizasiyaları tarixi
İpək Yolu boyunca körpü kimi birləşdirən
Azərbaycanın paytaxtında keçirilməsi rəmzi
məna daşıyır. Mədəniyyətlərarası
dialoq sahəsində zəngin təcrübəyə malik olan
və yüksək tolerantlığı ilə
seçilən Azərbaycanda qadınlar daim cəmiyyəti
düşündürən problemlərin həlli
istiqamətində nəzərəçarpacaq
xidmətlər göstərmişlər. Qadınlar
dünya tarixinin hər bir dövründə sülhün,
əmin-amanlığın və dinc yanaşı
yaşamanın ən böyük təminatçısı
olmuşlar: “Sürətlə qloballaşan müasir
dünyada sivilizasiyaların dialoqunun
intensivləşdirilməsi yolunda siyasətçilərin,
alimlərin, din və mədəniyyət xadimlərinin,
həmçinin kütləvi informasiya vasitələri
nümayəndələrinin qarşısında geniş
perspektivlər mövcuddur. Məhz onların
məqsədyönlü və rasional fəaliyyəti
nəticəsində bəşəriyyət
mədəniyyətlərin qarşıdurması
təhlükəsini dəf edərək dialoqun uğurlu
nəticələrinə nail ola bilər. Bakı Forumu qadınların
mədəniyyətlər arasında dialoqda rolunun
genişləndirilməsi işinə təkan verəcək
və hər birinizin həyatında yaddaqalan hadisəyə
çevriləcəkdir”.
Qloballaşan dünya üçün
mühüm aktuallıq kəsb edən forumda dünyanın
müxtəlif ölkələrindən 300-dən çox
nümayəndənin, o cümlədən bir neçə
ölkənin birinci xanımlarının, İSESKO-nun baş
direktoru, YUNESKO-nun xoşməramlı səfirlərinin
iştirak etməsi mötəbər hadisə olmaqla,
respublikamızın sivilizasiyaların dialoqu prosesindəki
roluna verilən yüksək önəmin
təzahürüdür. Forumda İSESKO-nun baş
direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin,
Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğanın xanımı Əminə
Ərdoğanın, Polşanın birinci xanımı Mariya
Kaçinskinin, Cənubi Afrika Respublikasının birinci
xanımı Zanele Mbekinin, Anqolanın birinci xanımı Ana
Paula duş Santuşun, Latviya Respublikasının birinci
xanımı Lilita Zatlerin, ABŞ-ın Texas ştatının
birinci xanımı Anita Perrinin, Rusiya Federasiyası
Şurası sədrinin müavini Svetlana Orlovanın,
Argentinanın vitse-prezidentinin xanımı Marta Kristina
Çeruti Dekobosun, Bəhreyn xarici işlər nazirinin
xanımı şeyxa Veysəlin, habelə ayrı-ayrı
dövlətlərin rəsmi şəxslərinin iştirak
etməsi onun mötəbərliyini və
səmərəliliyini bir daha sübuta yetirir. Beynəlxalq
forumun nümayəndəsi kimi xüsusi vurğulamaq
istərdim ki, bu tədbir YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın şəxsində müasir
Azərbaycan qadınının qlobal proseslərdə fəal
iştirakını və
təşəbbüskarlığını bütün
dünyaya aşkarlamışdır. Fikrimcə,
Bakı forumu həm də fərqli
mədəniyyətlərin dialoqu prosesində
qadınların rolunun araşdırılması və
ümumi səylərinin bu yöndə səfərbər
olunması, nəcib, humanist təşəbbüslərin
dəstəklənməsi baxımından vacib
əhəmiyyət kəsb edir. Ümumbəşəri
mədəniyyətə, sülhə və
əmin-amanlığa yeni töhfələr verən bu forumun
yekunları deməyə əsas verir ki, qadınlar
sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində
çox mühüm rol oynayırlar. Ən
əsası, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın təşəbbüsü ilə
keçirilən beynəlxalq forumun ölkəmizin demokratik
dəyərlərə, qadın hüquqlarının
qorunmasına və mövcud problemlərin həllinə
göstərdiyi diqqətin parlaq təzahürü kimi
dəyərləndirilməlidir.
Forumda dərin məzmunlu nitq söyləyən
Azərbaycanın birinci xanımı bütün
qadınları mədəniyyətlərin dialoqunda və
millətlər arasında anlaşmanın inkişaf
etdirilməsi istiqamətində birlikdə
çalışmağa, düşmənlərinin irqi, dini
və mədəni ayrı-seçkiliyə yönələn
fitnələrinin qarşısını birlikdə almağa
çağırmışdır. Həmçinin
vurğulamışdır ki, hər bir belə toplantı
özlüyündə dialoq olaraq müxtəlif
ölkələrin və mədəniyyətlərin
təmsilçilərini bir araya gətirmək
baxımından mühüm əhəmiyyət kəsb edir.
Mehriban xanım Əliyeva haqlı olaraq
bildirmişdir ki, belə görüşlər ən
azından insanların bir-birini daha dərindən
tanımasına, fikir və təcrübə
mübadiləsinin aparılmasına xidmət edir.
Mədəniyyətlər və sivilizasiyalararası dialoq
probleminə qadınların gözü ilə
baxılmasının, bu məsələdə
qadınların mövqeyinin qabardılmasının
əhəmiyyətini diqqətə çəkən
Azərbaycanın birinci xanımı demişdir ki, qadın
olan yerdə həmişə səmimiyyət, sevgi və məhəbbət
var, düşmənçiliyə, qarşıdurmaya,
nifrətə yer yoxdur.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva forumdakı dərin məzmunlu
çıxışında həmçinin demişdir ki, bu
gün qadınları sivilizasiyaların dialoqunda və
ümumi məqsədlərə nail olmaq istiqamətində
beynəlxalq hərəkatlara fəal cəlb etməyə
ciddi ehtiyac yaranmışdır. Azərbaycanın
birinci xanımı bütün qadınları
mədəniyyətlərin dialoqu və millətlər
arasında anlaşmanın inkişaf etdirilməsi
istiqamətində birlikdə çalışmağa,
sülhün və insanların dinc yanaşı
yaşamasının düşmənlərinə
qarşı mübarizə aparmağa çağırmışdır.
Onun fikrincə, forumda aparılacaq
müzakirələr dünyada qadınların
qarşılaşdıqları problemlərin həllində
mühüm rol oynayacaqdır. Mehriban xanım Əliyeva
eyni zamanda Azərbaycan qadınlarının cəmiyyətin
ictimai-siyasi və mədəni həyatında daim
mühüm rola və mövqeyə malik olduqlarını
xüsusi vurğulamışdır: “Bu gün
qadınlarımız idarəetmə, hüquq və
məhkəmə sistemində təmsil olunur, ölkənin
ictimai və siyasi həyatında fəal iştirak edirlər.
Onlar ölkə üzrə məktəb
müəllimlərinin 70, həkimlərin 61, elmi
işçilərin isə 50 faizini təşkil edirlər.
Bu yolu Azərbaycan qadını 90 il
ərzində keçmişdir. Bütün
bunlarla yanaşı, Azərbaycan qadını ailə
dəyərlərinin qorunub saxlanması kimi mühüm bir
sahədə də öz layiqli töhfəsini vermişdir.
Şərq ilə Qərb dəyərlərini
özündə birləşdirən Azərbaycan,
beləliklə, gender məsələsində də
nümunə ola bilər. Biz
qadınları, adətən, iki model ilə üz-üzə
qoyurlar. Belə hesab olunur ki, Şərq
qadını daha çox ailəyə bağlıdır,
Qərb qadını isə cəmiyyətdə yüksək
mövqe axtarır. Reallıq isə iki
mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq
qadını, həm Qərb qadını tarix boyu elə
nailiyyətlər əldə edib ki, onlardan biz hamımız
faydalana bilərik. Bu yanlış
stereotipdən bu məsələdə uzaq olsaq, bu, həm
Şərqə, həm də Qərbə kömək edə
bilər”.
Azərbaycanın birinci xanımının
xüsusi qeyd etdiyi kimi, bu gün dünyada mövcud olan
qadın təşkilatları bir çox problemləri
birgə həll edir, mühüm aksiyalar həyata keçirir
və qadının cəmiyyətdəki mövqeyini
yaxşılaşdırmağa çalışırlar.
Məhz bu baxımdan hazırda feminizm
mədəniyyətlərin və sivilizasiyaların dialoqunun
təşkilində əsas yükü öz
üzərinə götürməlidir. Dünyanın
nüfuzlu, böyük təcrübəyə malik olan
qadın təşkilatlarını bu sahədə daha
fəal olmağa çağıran Mehriban xanım Əliyeva
birinci xanımların öz ölkələrində elmə,
mədəniyyətə və təhsilə xüsusi
diqqət yetirdiklərini, çoxsaylı layihələr
həyata keçirdiklərini, müxtəlif humanitar
təşəbbüslər üçün xeyli güc
və enerji sərf etdiklərini razılıqla
vurğulamışdır. Onun fikrincə,
əgər birinci xanımlar sivilizasiyaların dialoqu
prosesinə dəstək versələr, bu, bir çox
müsbət dəyişikliklərə gətirib
çıxarar və dialoq probleminin özünü yeni
müstəviyə keçirər.
Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunu
milli xüsusiyyətlərin nəzərə alınması
ilə həyata keçirən respublikamız
etnik-mədəni və dini tolerantlığın tam intişar tapdığı bir məkandır. Azərbaycan Respublikası Qərblə Şərqin
sərhədində, faktiki olaraq, sivilizasiyaların
qovuşuğunda yerləşən, sivil Avropa
dəyərlərinə istiqamətlənən bir
dünyəvi dövlətdir. YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyeva
Azərbaycanın bu gün mədəniyyətlərarası
dialoq prosesindəki roluna da xüsusi toxunmuş,
ölkəmizdə mövcud olan tolerant düşüncə
tərzini xalqın dünyagörüşü və milli
adət-ənənələri ilə
əlaqələndirmişdir: “Azərbaycan Böyük
İpək Yolu üzərində yerləşən
ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini
yaşatmışdır. Bu, həm
mədəniyyətimizdə, həm də
cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir
tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq
uzun müddətdir ki, burada müsəlman məscidi və
atəşpərəst məbədi, katolik kilsəsi və
sinaqoq, pravoslav məbədi və kirxa yanaşı
mövcuddur. Onların coğrafi
yaxınlığı faktı belə, yüksək
tolerantlıq şəraitində birgə fəaliyyətin
mümkünlüyünü nümayiş etdirir və
hər bir dinin əsas dəyərlərinin
ümumbəşəri dəyərlərlə
üst-üstə düşdüyünü təsdiq edir.
Bu, təkcə tarixin ayrı-ayrı
məqamları deyil. Bu il biz yeni
katolik məbədi açmışıq. Tarixi
əhəmiyyət daşıyan məscid və
kilsələrin bərpası ilə yanaşı,
yenilərini də tikirik. Ümidvaram ki,
Bakı forumu gələcəkdə ənənəvi
şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun
formalaşmasına dair hər birimizin öz ideya və
məqsədlərimizi həyata keçirmək
üçün imkan yarada bilər”.
Mühüm nəticələrlə yadda qalan
tədbirin yekunları deməyə əsas verir ki, hər iki
qurum Azərbaycanın birinci xanımının
çoxşaxəli humanitar fəaliyyətini təqdir edir
və birmənalı dəstəkləyir. İKT
adından forum iştirakçılarına
çatdırılan müraciətdə qeyd edilir ki,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın yetim
və kimsəsiz uşaqlara, müharibə və təbii
fəlakətlərdən zərər çəkmiş
insanlara yardım göstərməsi sahəsində İKT
ilə əməkdaşlığı yüksək
səviyyədədir. Bütün bunlar
nəzərə alınaraq Mehriban xanım Əliyevaya
“İKT-nin humanitar məsələlər üzrə
xüsusi elçisi” adı verilmişdir.
Forumun sonunda qəbul edilmiş Bakı
Bəyannaməsi tədbir iştirakçılarının
rəy və təklifləri əsasında
işlənmiş və təkmilləşdirilmişdir.
Bəyannamədə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın qadınların
sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan
forumu keçirmək təşəbbüsü
alqışlanır. Bildirilir ki, Bakı
Forumu İnsan Hüquqları üzrə Dünya
Bəyannaməsinin 60-cı ildönümünə
təsadüf edir. Bu da insan hüquqları,
mədəniyyət müxtəlifliyi,
mədəniyyətlərarası dialoq və gender
bərabərliyi arasında əlaqə yaratmaq haqda
düşünməyə imkan verir. Bəyannamədə
dünya dövlətləri münaqişələrin
həllində və sülhməramlı proseslərdə
qərarların qəbulunda qadınların iştirakının
artırılmasına çağırılır. “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” mövzusunda
ikinci forumun isə 2010-cu ildə yenə də Bakıda
keçirilməsi planlaşdırılır.
Ümumbəşəri və qlobal
problemlərin həlli ayrılıqda
götürülmüş bir və bir neçə dövlətin
fəaliyyətindən deyil, dünya dövlətlərinin bu
istiqamətdəki birgə səylərindən asılı
olduğundan, müasir dövrdə
dövlətlərarası təşkilatların rolunun
günbəgün daha da artdığını xüsusi
vurğulamağa ehtiyac yoxdur. Belə təşkilatlar
sırasında YUNESKO və İSESKO-nun da əsas
məqsədləri beynəlxalq sülhü və
təhlükəsizliyi qorumaq, xalqların bərabərliyi
və öz müqəddəratını təyin etmək
prinsiplərini rəhbər tutaraq millətlər arasında
dostluq münasibətlərini inkişaf etdirmək, iqtisadi,
sosial, mədəni və humanitar xarakterli problemlərin
həllində beynəlxalq əməkdaşlığı
həyata keçirmək, sivilizasiyalararası dialoqu
inkişaf etdirmək kimi vacib məsələləri
özündə birləşdirir. Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsü, YUNESKO-nun və
İSESKO-nun dəstəyi ilə keçirilən
“Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq
forumun yekunları göstərdi ki, Azərbaycan
qadınları bütün bu
təşəbbüslərdə fəal iştirak etmək
əzmindədirlər.
Bu gün qadınlarımız eyni zamanda
müstəqil Azərbaycanın daha da inkişafı,
dövlətçilik ənənələrinin
möhkəmlənməsi, dünya miqyasında tanınması
naminə əzmlə çalışırlar.
Azərbaycan qadını üçün səciyyəvi olan
bu humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətləri biz bu gün Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın timsalında qabarıq
müşahidə edirik. Mehriban xanım Əliyeva
ulularımızın bizə ərməğan etdiyi
xeyirxahlıq, yaxşılıq və mərhəmət kimi ali mənəvi dəyərləri öz
fəaliyyətində yaşatmaqla şüurlu
həyatını millətin yolunda şam tək
əridən maarifpərvər ziyalılarımız, nurlu insanlarımız
kimi uğurlu bir yoldadır. Bu seçim ulu
öndərimiz Heydər Əliyevin
müəyyənləşdirdiyi, onun layiqli siyasi
davamçısı – Azərbaycan Prezidenti cənab İlham
Əliyevin uğurla davam etdirdiyi strateji siyasət kursunun
həyata keçirilməsinə dəstək vermək, bu
siyasətin hər bir vətəndaşın həyatına
böyük uğurlar gətirməsinə
yönəlmişdir.
Xalq qəzeti.-
2008.- 9 iyul.- S. 3.