Sadıqova A.

 

Mənəviyyatın təntənəsinə xidmət edən missiya

 

Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər bu gün Mehriban xanım Əliyevanın şəxsində daha parlaq təcəssüm edir

 

Müasir qloballaşma əsri bütün dünyada praqmatizm və fərdiçilik meyillərini nə qədər qabarıq üzə çıxarsa belə, humanizmə əsaslanan yüksək dəyərlər insanlığın ali zinəti kimi aktuallığını və mənəvi təsir gücünu qoruyur. Xeyirxahlıq, yaxşı əməl, mənəvi saflıq hər bir bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, daxili saflıq kimi mənəvi postulatlar məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə qovuşur.
Tarixi təcrübə sübut edir ki, hər bir millət ictimai-iqtisadi formasiya dəyişkənliyində müxtəlif yad təsirlərə, yabançı neqativ dəyərlərin, ictimai şüurda həzm olunmayan "ənənələrin" hücumuna məruz qalır. Qarşısıalınmaz qloballaşma əsrində hər bir xalqın qəlibləşmiş milli mənəvi-əxlaqi dəyərlərini sıradan çıxarmağa yönələn "universal" və ya "kosmopolit" dəyərlərin təbliği daha geniş vüsət almışdır. Şübhəsiz, sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşmasına, eləcə də milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilməsinə gətirib çıxarır. Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər ifrat praqmatikləşmiş kapital münasibətləri fonunda müəyyən aşınmaya məruz qalır, kütləvi mədəniyyət stereotipləri hakim mövqeyə keçir. Belə bir şəraitdə xalqın milli "Mən"inin, mənəvi dəyərlərinin qorunması məsələsi də son dərəcə vacib və aktual problem kimi önə çıxır.
Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan ötən əsrin sonlarına doğru qloballaşma qasırğasına düşsə də, ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur. Ümummilli lider xalqa daxilən, qəlbən yaxın, milli düşüncə və məfkurə sahibi olaraq milli kimliyi ifadə edən dəyərlərə daim yüksək həssaslıqla yanaşmış, onların hifz edilərək gənc nəslə aşılanmasını vacib saymışdır. Ulu öndər Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir. Eyni siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin mahiyyətində də milli-mənəvi, əxlaqi dəyərlərə, adət-ənənələrə hörmət prinsipi ön plandadır. Dövlət başçısı milli mədəniyyətin total təsirlər nəticəsində assimilyasiyaya məruz qalmasına nəinki yol vermir, əksinə, xalqımızın əsrarəngiz mədəni irsinin dünya miqyasında təbliğini vacib sayır.
Xüsusi vurğulamaq lazımdır ki, ulu öndərin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan xalqının milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, habelə cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Yarandığı gündən ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu hazırda yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir. Fond ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. Şübhəsiz ki, qurumun bu nailiyyətləri əldə etməsi və ümummilli etimad ünvanına çevrilməsi məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-un xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gərgin, fədakar, təmənnasız fəaliyyətinin nəticəsidir.
Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Fondun fəaliyyəti eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilaziyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərin əxz edilməsinə yönəlmişdir. Qarşıya qoyduğu bu kimi ali məqsədlərlə cəmiyyətin mənəvi yüksəlişinə, saflaşmasına çalışan Fond son 4 ildə nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunan, nəhayət, 2008-ci ildə İSESKO-nun humanitar məsələlər üzrə xüsusi elçisi seçilən Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genofondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Bu baxımdan Fondun həyata keçirdiyi xoşməramlı tədbirlər sırasında elm və təhsilə qayğının xüsusi yer tutması da təsadüfi olmayıb milli-mənəvi irsin qorunması məqsədinə xidmət edir.
Azərbaycan cəmiyyətində praqmatikləşmə, eləcə də konyunktur maraqlara əsaslanan mənfəətçilik meyillərinin müəyyən dərəcədə artması cəmiyyətdə nəcib və saf dəyərlərə gölgə salmaqla bərabər, bəzən xeyriyyəçilik institutunun inkişafına da mane olur. Şübhəsiz, cəmiyyətdə iqtisadi cəhətdən zəngin insanların, iş adamlarının sayının çoxalması son dərəcə sevindiricidir. Fəqət, məhz bu cür insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına, yalnız varlanmaq amalı ilə bütün nəcib təşəbbüslərdən kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz. Bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da iri şirkət rəhbərlərinin, nüfuzlu iş adamlarının xeyriyyəçilik tədbirlərində yaxından iştirakı onlara yalnız yüksək etimad və rəğbət qazandırar.
Azərbaycanın birinci xanımı bu həssas məqama özünəməxsus yanaşma tərzi ilə xüsusi diqqət ayırır və cəmiyyətdə xeyriyyəçiliyin gerçək rolunun aydın dərkinə ehtiyac olduğunu bildirir. Söhbət ondan gedir ki, indiki mərhələdə iri biznes strukturlarının, yüksək imkanlı iş adamlarının müəyyən sosial layihələrin gerçəkləşdirilməsində dövlətə yaxından kömək etməsinə daha geniş imkanlar açılmışdır. "Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır" - deyə Mehriban xanım Əliyeva vurğulayır.
Şübhəsiz, hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı layiqli şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür.
Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun fəaliyyəti müddətində həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir.
Heydər Əliyev Fondunun təhsillə bağlı əsas məqsədi Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, uğurlu nəticələr əldə etmişdir. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-2007-ci illər ərzində Azərbaycanın müxtəlif regionlarında 250-dən çox yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Keçmiş ittifaqın iqtisadi cəhətdən ən qüdrətli dövründə belə Azərbaycanda qısa müddətdə bu qədər məktəb tikilməmişdir. Fəqət, Heydər Əliyev Fondu bu fantastik göstəriciyə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir. Fondun prezidentinin layihə ilə bağlı cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı qısa zamanda geniş əks-səda doğurmuş, nəticədə, Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb tikintisi geniş vüsət almışdır. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşlar. Bu sahəyə göstərilən diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur.
Fondun son illər əldə etdiyi uğurlu nəticələrdən biri də Azərbaycanda təhsillə bağlı problemlərin həllində YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın imkanlarından geniş istifadə olunmasıdır. Böyük imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın ölkəmizin təhsil problemlərinin həllində yaxından iştirakı, təşkilatla birgə reallaşdırılan müştərək layihələr uğurlu nəticələrlə zəngindir. Bir müddət öncə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir. İnformasiya cəmiyyətinin qurulması yolunda son illər uğurlu addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli problemlərin də çevik həllinə nail olmağa çalışır. Məhz bu baxımdan Bakıda belə bir konfransın keçirilməsi böyük əhəmiyyət kəsb etmiş, respublikanın təhsil ictimaiyyətinə Avropa ölkələrinin müsbət təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaratmışdır. Mehriban xanım Əliyevanın konfransın Bakıda keçirilməsi təşəbbüsünün tədbir iştirakçıları tərəfindən alqışlanması və yüksək dəyərləndirilməsi də bu baxımdan təsadüfi deyildir. Azərbaycanın birinci xanımı yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirməklə yanaşı, respublikanın YUNESKO ilə təhsil əlaqələrinin dinamik inkişafına çalışır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında mülki cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü addımlar nəticəsində respublikada gender problemlərinin həllinə geniş imkanlar açılmış, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qalmışdır. Dövlət quruculuğunun bütün mərhələlərində xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi naminə bu gün də var qüvvələrini sərf edirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində daim fəal mövqe tutmuş qadınlarımız bu gün müstəqil respublikanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində daha parlaq təcəssüm edir.
Qadınlar dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın və dinc yanaşı yaşamanın ən böyük təminatçısı olmuşlar. Qadınların parlaq zəkası, müdrikliyi, təmkinli düşüncəsi bəzi hallarda hətta insan tələfatı ilə nəticələnəcək böyük münaqişələrin, toqquşmaların qarşısını almışdır. Hazırda BMT-nin ali mədəniyyət qurumu kimi fəaliyyət göstərən YUNESKO-nun sülh, humanizm və insanpərvərlik missiyasını üzərinə götürmüş xoşməramlı səfirlərinin böyük əksəriyyətinin məhz qadınlardan ibarət olması da bu məntiqdən irəli gəlir. Bu gün qadınlar təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin, bir sözlə, ölkə həqiqətlərinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir.
Bir müddət əvvəl Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tədbirdə vurğuladığı kimi, belə tədbirlər müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük əhəmiyyət kəsb edir: "Belə görüşlər ən azı insanların bir-birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir. Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmalıyıq, qadın mövqeyini qabartmalıyıq. Qadın olan yerdə həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər".
Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan qadınının daxili dünyasından qaynaqlanan ən ali keyfiyyətlərdən biridir və fərəhlidir ki, bu gün Mehriban xanım Əliyeva bu ənənələri uğurla davam etdirir. Heydər Əliyev Fondunun bütün bu layihələri milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğaşaraq olduqca maraqlı və rəngarəng forma almışdır. Fond xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin, idmanın inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda ciddi və məhsuldar fəallıq nümayiş etdirir.
İnsan üçün ən qiymətli
xəzinə çalışmaq bacarığıdır. Mehriban xanım da vaxtını, enerjisini insanların rifahına, problemlərinin həllinə sərf edir. İnsan qəlbini riqqətə gətirən haldır ki, onun gördüyü bu böyük işlərin hər hansı biri təbliğat məqsədlərinə hesablanmayıb. Bütün bunlar Azərbaycan xalqına təmənnasız xidmət nümunəsidir. "...Ömur boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarrdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur" - deyən Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır.

Azərbaycan.- 2008.- 3 iyul.- S. 3.