Allahverdiyeva R.

 

Kitabxanalara üz tutanların sayı azalır

“Kitabxanamıza gələn oxucular onlara lazım olan kitabları tapa bilmədiklərinə görə.
Bir daha bura bura üz tutmurlar. Bu da oxucularımızın sayının azalmasına ciddi təsir edir”.

Bu sözləri bizimlə söhbətində Sumqayıt şəhərindəki M.Ə.Sabir adına 3 saylı Kitabxanada çalışan Sevinc İbadova dedi. Onun sözlərinə görə, bu kitabxanadan əsasən tələbələr yararlanırlar. Onları da bədii kitablardan daha çox dərsliklər maraqlandırır: “Yeni çap olunmuş dərsliklərin kitabxanaya axırıncı dəfə vaxt gətirildiyini xatırlamıram. Texniki fənlərə, dilçiliyə, jurnalistikaya, tarixə dair elmi əsərlər, dərsliklər, demək olar ki, heç yoxdur”. Sumqayıt Şəhər Mərkəzi Kitabxanalar Sisteminin (MKS) direktoru Yeganə Əhmədova isə hazırda Sumqayıtda məskunlaşan tələbələrin sayının çoxluğunu dilə gətirdi. Bildirdi ki, elə bu səbəbdən onlara kitab çatdırmaq olmur. O, kitab çatışmazlığı ilə bağlı daha bir məsələdən söz açdı: “Sumqayıtda 20 kitabxana var. Bəzən bu kitabxanalara nəzərdə tutulan sayda kitablar göndərilmir. Belə olduqda, kitabxanalar arasında onları bölüşdürməkdə çətinlik çəkirik”. Onun sözlərinə görə, göndərilən kitablar da ancaq bədii kitablardır. Halbuki əsas tələbat elmi kitablaradır. Bəzən həmin kitabları bukinistlərdə axtarmalı oluruq”.
Bakı Dövlət Universitetinin tələbəsi Elvira Abdullayeva da hazırda əksər kitabxanaların bu problemlə üzləşdiyini dedi: “Universitetin kitabxanasında da dərs vəsaitləri azdır. Bəzən oradan da kitab götürmək olmur, ona görə kütləvi kitabxanaya gəlirəm. Burada da jurnalistikaya dair yeni çıxan kitablar tapılmır”.  Onun sözlərinə görə, maksimum 3-4 kitabın verilməsi kitabxanaların problemlərindəndir: “Hansısa seminara hazırlaşanda, yaxud kurs işi yazanda birdən-birə 4-5,  daha artıq kitab lazım olur. Amma kitabxanada bu sayda kitab verilmir. Oxu zalında oturmağa isə vaxt olmur”. Yeganə Əhmədova isə bu məsələyə belə münasibət bildirdi: “Nizamnaməyə görə, hər oxucuya bir dəfə üçün 5 kitab verə bilərik. Hazırkı vəziyyətdə belə addım ata bilmirik. Yəni biri beş kitab götürüb aparsa, bəs o biri tələbələr edəcəklər?! Odur ki, biz maksimum 3-4 kitab veririk vaxt məhdudiyyəti qoyuruq ki, o biri oxuculara da kitab çatsın. Başa düşmək olar ki, kurs işi yazırlar. Bəs elə isə oxu zalı üçündür? İndi tələbələr, nədənsə, oxu zalında oturmaqdan boyun qaçırırlar, kitabı evə aparmaq istəyirlər. Halbuki  oxu zalında onlara istədikləri qədər kitabdan istifadə etmək imkanı verilir”.
Sumqayıt kitabxanalarının fondlarındakı kitablar barədə ətraflı məlumat verən MKS direktoru dedi ki, ümumi fondda 622 min 410 kitab var, bunun 35 min 977-si latın, 25 min 2760-ı kiril qrafikasındadır. 2007-ci ildə fonda 8928 kitab daxil olub ki, bunun da 7539-u latın qrafikasındadır. Yeganə Əhmədova onu da bildirdi ki, fonddan çox az hallarda kitab çıxarırlar. “O da kitab yararsız hala düşəndə”.

Zaman.- 2008.- 3-4 iyul.- S. 9.