Allahverdiyeva S.

 

Kitabxanaların oxucusu azalıb

 

Kə­rim Tahirov: “Oxucu bu gün məlumatları İnternet vasitəsi ilə iz­­ləyir”

 

Bir zamanlar "Kitab bilik mənbəyidir" fikri hamı tərəfindən qəbul olunurdu. Amma son dövrlərdə kitablara maraq azalıb. Artıq nadir hallarda kiminsə əlində kitab görmək mümkündür. Hazırda kitab satıcıla, yazıçılar, şairlər oxucu azlığından şikayətlənir. Bunun üçün müxtəlif fikirlər söylənilir, kimisi bunu informasiya-kommunikasiya texnologiyalarının artan sürəti, kimisi yazılan əsərlərin artıq əvvəlki kimi maraq doğurmaması, kimisi sadəcə başı çörək dərdinə qarışan insanların kitab almağa oxumağa imkanının olmaması ilə əlaqələndirir. Bəs, kitabxanalara üz tutanların sayında azalma varmı?

 

Elektron kitabxananın yaranması kitabxanaya gələnlərin sayını azaldıb

 

"2003-cü ildən M.F.Axundov adına Kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlandı və elektron kitabxana yaradıldı. Bu gün oxucu ona lazım olan materialı elektron kitabxananın köməkliyi ilə əldə edə bilir". Bu sözləri bizimlə söhbətində M.F.Axundov adına Kitabxananın direktoru Kərim Tahirov söylədi. Onun sözlərinə görə, elektron kitabxana yaradılanadək buraya müraciət edənlərin sayı həddindən artıq olub. "Elə vaxtlar olurdu ki, oxucu çoxluğundan zallarda yer qalmırdı. Baxmayaraq ki, oxucu zalı bir dəfəyə 280 oxucu qəbul edə bilir. Bu isə o deməkdir ki, tələbədən tutmuş mütəxəssisə kimi hər kəs kitabxananın xidmətindən xeyli yararlanırdı". "Oxucu azdır", "kitaba maraq azalıb" və s. bu kimi ifadələri qəbul etməyən Kərim Tahirov bildirdi: "Ümumilikdə götürəndə kitaba maraq azalmayıb, sadəcə oxucu bu gün məlumatları kitab vasitəsilə deyil, İnternet vasitəsilə izləyir. Bununla demək olmaz ki, oxucuların sayı azdır. Əksinə elmə maraq artır".

 

Modern kitabxana oxucuları daha çox cəlb edir

 

Kərim Tahirovun sözlərinə görə, artıq kitab oxumaq üçün mütləq kitabxanalara getmək lazım gəlmir. İnternetdə onlarla Azərbaycandilli elektron kitabxana mövcuddur. "Hazırda kitabxanada 5 milyondan artıq kitab yerleşdirilib. Müasir oxucular ən operativ informasiyanı əldə etmək üçün İnternetdən istifadəni əvəzsiz sayırlar. Yəni oxucuların marağını elektron kitabxana daha çox təmin edir. Maraqlananlar İnternet resurslardan istifadə ettnəklə elektron kitabxanadan yararlana bilir. Həmin resurslar arasında sayt bu və ya digər formada etektron kitabxana, elektron mətn, müxtəlif janrlı ədəbiyyat və informasiya çeşidini özündə cəmləyir.

Bizim də bundan istifadə etməyimiz dünya kitabxanaları ilə bərabər sivil qaydada ayaqlaşmağımıza, həm də oxucuların vaxtlarına qənaət etməsinə şərait yaradır. Belə ki, oxucu evdə oturub kompüterlə istədiyi kitabı sifariş edə və onu vaxt itirmədən kitabxanadan götürə bilir".

 

Xaricdə elektron kitabxananı 46 mindən artıq oxucu izləyir

 

Dünyada da elektron kitabxanaların sayının sürətlə artdığını deyən K.Tahirov qeyd etdi ki, M.F.Axundov Kitabxanasının saytına hazırda 46 mindən artıq oxucu daxil olur. "Onların arasında ABŞ, Fransa, Türkiyə və digər ölkələrdən oxucular var. Eyni zamanda, saytda kitabxanaya yeni daxil olan kitablar haqqında da məlumat verilir. Bundan başqa, elektron kitabxananın köməkliyi ilə oxucu Avropaya aid materialları Avropa Elektron Kitabxanası vasitəsilə əldə edə bilir. Müəllif hüquqlarının qorunması şərtilə 50 il əvvəlki ədəbiyyat müasir yazıçıların kitablarının mətni ilə elektron kitabxana vasitəsilə tanış olmaq mümkündür. Razılaşma əsasında ABŞ Konqresinin kitabxanasından Rusiya Dövlət Kitabxanasından ədəbiyyatlar qısa müddətdə elektron kitabxanamıza daxil olur".

Onun fikrincə, bu gün informasiya vasitələrinin inkişaf səviyyəsi elə həddə çatıb ki, onların kitabxanalara tətbiq edilməsi kitabxana işinin keyfiyyətini, kitabxanaçı əməyinin məhsuldarlığını, istifadəçiyə xidmət işinin səviyyəsini dəfələrlə yüksəltməyə imkan verir. Çünki, müasir dövrdə kitabxananı İnternetsiz, kompütersiz təsəvvür etmək mümkün deyil.

 

Üç nöq­tə.- 2008.- 31 iyul.- S. 9.