Cabbarlı A.
Dövrün
inkişaf və quruculuq salnaməsi
M.F.Axundov adına Milli Kitabxanada
"Azərbaycan" qəzetinin son beş ilinin elektron
versiyasının təqdimat mərasimi keçirildi
Təqdimat mərasimini
giriş sözü ilə açan M.F.Axundov adına Milli
Kitabxananın direktoru Kərim Tahirov "Azərbaycan"
qəzetinin yaradıcı kollektivinə xeyirxah missiyaya
görə təşəkkürünü bildirmiş,
ötən dövrün salnaməsinin elektron
variantının bütövlükdə Azərbaycan xalqına
və dövlətinə xidmət edəcəyinə əmin
olduğunu vurğulamışdır.
Son illər hüquqi-siyasi və sosial-iqtisadi
sahələrdə, vətəndaş cəmiyyəti
quruculuğu və demokratikləşmə proseslərində
qazanılan nailiyyətlər bu gün hər bir
vətəndaşın qürur mənbəyi,
ölkəmizin beynəlxalq məkanda əldə etdiyi misilsiz
nüfuzun zəmini kimi dəyərləndirilir.
İnkişafın dinamikasına görə dünyada lider
mövqeyini saxlayan Azərbaycan bu gün həm də
Cənubi Qafqazın təhlükəsizliyini və
rifahını təmin edən mühüm gücə
çevrilib və regionun əsas söz sahibi kimi qəbul
edilir. Mərasimdə çıxış edən
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli
Məclisin deputatı Bəxtiyar Sadıqov ölkənin
sosial-iqtisadi inkişafının mühüm parametrləri
üzərində dayandı, əldə olunan
nailiyyətlərin xalqın sosial rifah halının
yüksəlməsindəki rolundan bəhs etdi. Son dörd
ildə iqtisadiyyatın həcmi iki dəfə, büdcə
xərcləri isə on dəfə artmışdır.
Yoxsulluq səviyyəsi 49 faizdən 16 faizə enmiş,
ölkənin əsas sosial problemlərindən sayılan
çadır şəhərcikləri tamamilə ləğv
edilmişdir. 2003-cü illə müqayisədə 2007-ci
ildə dövlət büdcəsinin xərcləri
üzrə: müdafiə xərcləri 6 dəfə,
səhiyyə xərcləri 4,6 dəfə, təhsil
xərcləri 3,1 dəfə, sosial müdafiə
xərcləri 2,8 dəfə artmışdır. Bəxtiyar
Sadıqov bütün bunları uğurla həyata
keçirilən dövlət proqramlarının real
nəticələri kimi dəyərləndirdi. Bildirdi ki,
ötən müddət ərzində 40-dək dövlət
proqramının, ona əlavələrin və digər sənədlərin
böyük əksəriyyətinin icrası
nəzərdə tutulduğundan bir il qabaq - dörd ildə
təmin edilmişdir.
2003-2007-ci illər ərzində ölkədə gedən
möhtəşəm quruculuq prosesi rəsmi dövlət
nəşri olan "Azərbaycan" qəzetinin
səhifələrində də parlaq əksini tapmışdır.
Bütün bu nailiyyətləri əks etdirən
göstəricilər indi artıq tarixə çevrilən
faktlardır. Ancaq "Azərbaycan" qəzetinin son beş
illik elektron versiyasını nəzərdən
keçirdikdə həmin günlərin xronologiyasını
yenidən göz önündə canlandırmaq olur.
B.Sadıqov mərasim iştirakçılarına məlumat
verərək söylədi ki, burada həm sənədlər
toplusu, həm bir-birindən maraqlı fotoşəkillər,
həmçinin dövlət başçısının
nitq və çıxışları, onların
şərhləri, maraqlı reportajlar da əks olunmuşdur.
"Jurnalistika qeyri-adi peşələrdəndir.
Jurnalistlər qarşısında duran əsas vəzifə
baş verən hadisələri operativ, obyektiv, qərəzsiz
və tərəfsiz şəkildə işıqlandırmaq,
oxuculara, ictimaiyyətə çatdırmaqdır.
Jurnalistlər arasında belə bir deyim var ki, qəzetin
ömrü bir günlükdür. Hər yeni nömrə
işıq üzü görən kimi əvvəlki qəzet
arxiv materialına çevrilir. Amma bu, ilk baxışda
belədir. Qəzetin, hər hansı nəşrin ikinci
ömrü kitabxanalarda davam edir. Biz də
çalışdıq ki, qəzetimizin materiallarına sizin
kitabxananın kollektivinin köməyi ilə ikinci həyat
bağışlayaq. Ötən əsrin 90-cı illərinin
əvvəllərində bizim kompüter, internet haqqında
təsəvvürümüz olduqca bəsit idi. İndi yeni
texnologiyalar həyatımıza, məişətimizə
möhkəm daxil olub. Bunlarsız keçinmək
mümkün deyil. Odur ki, qəzetlərin elektron
variantının yaradılması, oxuculara
çatdırılması olduqca əhəmiyyətlidir".
Bəxtiyar Sadıqov bildirdi ki, əsrimiz informasiya texnologiyalarının
yüksək tərəqqi dövrü və artıq hər
bir ailənin qlobal internet məkanının
istifadəçisi olduğu yüzillikdir. Bu gün oxucular,
araşdırmaçılar uzaq və yaxın
keçmişi heç də arxivlərdə, kitabxanalarda
deyil, virtual dünyanın real mənbələrində
axtarır, məhz buradan bəhrələnirlər. Bu
gerçəkliyi nəzərə alan "Azərbaycan"
qəzeti də respublikamızın sosial-iqtisadi
yüksəlişinin yeni mərhələsinin obyektiv
öyrənilməsi və mükəmməl tədqiqatı
prosesinə töhfəsini bu layihə ilə verməyi
özünün tarixi borcu və şərəf işi
sayır. Yeni mərhələnin elektron "Azərbaycan"
salnaməsi müstəqil dövlətimizin
nailiyyətlərindən qürur duyanlar, respublikada gedən
proseslərdən məlumat almaq arzusunda olan diaspor
təşkilatları üçün də dəqiq və
etibarlı mənbədir. "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov bu layihənin
gerçəkləşdirilməsində əməyi olan
hər kəsə, ilk növbədə, elektron versiyanın
sistemli şəkildə oxuculara çatdırılmasında
xüsusi xidmətləri olacaq M.F.Axundov adına Milli
Kitabxananın kollektivinə yeni nailiyyətlər və
cansağlığı arzuladı.
Prezidentin İcra Aparatının ictimai-siyasi
şöbəsinin sektor müdiri Vüqar Əliyev
Azərbaycanda gedən demokratikləşmə, liberal
islahatların aparılması prosesində mətbuatın mühüm
rolundan danışdı, "Azərbaycan" qəzetinin
təqdim etdiyi elektron versiyasının elmi
işçilərin, tarixçilərin və
siyasətçilərin, tələbələrin
ürəyindən olacağına əminliyini
vurğuladı. V.Əliyev bildirdi ki, bu təşəbbüs
olduqca gözəl başlanğıcdır və çox
güman, digər mətbuat orqanları da ona qoşulacaqlar.
Prezident Aparatının rəsmisi qeyd etdi ki, indi
ölkədə internet şəbəkəsi geniş
yayılmışdır. Yalnız Azərbaycan domenində 6 minədək internet saytı,
1 milyonadək internet istifadəçisi
var. İndi ölkədə
900-dən artıq internet klubu
fəaliyyət göstərir. 30-dan çox provayder qeydə alınıb.
Bu gün insanlar
qəzetlərin artıq
tarixə çevrilmiş
səhifələrini vərəqləməkdənsə,
onu internet vasitəsilə
izləməyi daha üstün tuturlar. Çox qədim və şərəfli tarixə
malik "Azərbaycan"
qəzetinin oxucular üçün çox böyük imkanlar yaratdığı təqdir
olunmalıdır. Bu addım virtual kitabxananın
formalaşmasında yeni
mərhələ kimi
dəyərləndirilməlidir. Bu fikirlər də
Vüqar Əliyevə
məxsusdur.
Mədəniyyət Nazirliyi Aparatının
rəhbəri Firudin Qurbanov "Azərbaycan"
qəzetinin hazırladığı
elektron versiyanı ölkənin mədəni
həyatında mühüm hadisə hesab etdiyini bildirdi. Prezidentin İcra Aparatı İşlər
İdarəsi Kitabxanasının
direktor müavini Zakir İsmayılov nəcib təşəbbüsə
görə redaksiya kollektivinə təşəkkür
etdi və yaradıcı heyətə
müraciətlə dedi
ki, bu addım
qəzetin ömrünü
on illərlə, yüz
illərlə uzatmağa
şans verib. "Xalq qəzeti"
adından danışan
Tahir Aydınoğlu dövrün elektron salnaməsini yaradan həmkarlarını təbrik
etdi, bu təşəbbüsün reallaşmasını
dövlətçiliyə xidmətin əyani ifadəsi kimi qiymətləndirdi. Vurğuladı ki, milli mətbuat
gününün bayram
edildiyi bir vaxtda keçirilən bu tədbir ölkə mətbuatının
tarixində unudulmaz günlərdən biri kimi qalacaq.
Mərasimin sonunda
"Azərbaycan" qəzeti
redaksiyasının hazırladığı
dövrün salnaməsini
əks etdirən elektron versiyanın diskləri M.F.Axundov adına Respublika
Milli Kitabxanasına və Prezidentin İcra Aparatı İşlər İdarəsi
Kitabxanasına, habelə
kütləvi informasiya
vasitələri nümayəndələrinə
təqdim edildi. Mərasimdə belə bir yekdil inam
ifadə olundu ki, "Azərbaycan" qəzetinin son beş
ili əhatə edən elektron versiyası sosial-iqtisadi inkişafın yeni mərhələsinin mükəmməl
salnaməsi kimi elektron informasiya məkanının istifadəçiləri
tərəfindən dəyərli
mənbə kimi qəbul ediləcək.
Azərbaycan.- 2008.- 25 iyul.- S. 4.