Cavadov S.

 

Kitabxanalar diqqət mərkəzindədir

 

Gəlin etiraf edək ki, son illər kitabxanaların fəaliyyətindəki müəyyən durğunluq hamını narahat edirdi. Bir vaxtlar oxucularla dolu olan kitabxanalar, qiraət salonları elə bil sükuta qərq olmuşdu. Bəzi kənd kitabxanalarının qapısı günlərlə, həftələrlə açılmır, qıfıllı qalırdı. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var idi. Klassik, çağdaş ədəbi nümunələrin, dərsliklərin latın qrafikası ilə çap edilməsi, mədəniyyət, o cümlədən onun tərkib hissəsi olan kitabxana işçilərinin əməkhaqlarının artırılması ilə bağlı dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər sözügedən sahədə müəyyən canlanma yaratdı. 2006-2016-cı illər üçün mədəniyyət sahəsində Dövlət İnkişaf Konsepsiyasına uyğun olaraq hazırda şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının, o cümlədən kitabxanaların tikintisi, əsaslı təmiri ilə əlaqədar genişmiqyaslı işlər görülür.
Salyanda isə ilk kitabxana 1881-ci ildə yaradılmış və sonralar onun şəbəkəsi genişləndirilmişdir. Zaman keçdikcə bu kitabxanalar rayon əhalisinin maariflənməsində böyük rol oynamışdır. Onlar tarixin müəyyən dövrlərində yazılan maraqlı əsərlərin oxunduğu, təbliğ olunduğu bir məkan olmuşdur. Həmin kitabxanalarda görkəmli şair, yazıçı, alim, digər yaradıcı ziyalılarla görüşlər keçirilmişdir. Bütün bunlar neçə-neçə istedadlı gəncin meydana çıxmasında böyük rol oynamışdır.
Hal-hazırda Salyan Şəhər Nizami Gəncəvi adına Mərkəzləşdirilmiş Kitabxanasında əsaslı təmir işləri aparılır. 2-ci mərtəbədə görülən işlərdən sonra kitabxana binasının 1-ci mərtəbəsi və fasad hissəsi yenidən qurulur. Müasir üslubda qurulan mədəniyyət ocağında oxuculara nümunəvi xidmət üçün bütün lazımi şərait yaradılacaqdır. Digər kitabxanalarda da təmir işləri görülür.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına hazırda Yuxarı Noxudlu, Alçalı, Düzənlik, Şorsulu, Boranıkənd kəndlərində yeni kitabxanalar tikilir. Həmin obyektlərdə son tamamlama işləri görülür. Bunlarla yanaşı, rayonun Təzəkənd, Varlı, Kürsəngi, Peyk kənd kitabxanaları uyğunlaşdırılmış binalara köçürülmüşdür. Salyan şəhərindəki Gənclər kitabxanası da yaxın vaxtlarda yeni ünvanda fəaliyyət göstərəcəkdir. Son illər kitabxanaların fondunun zənginləşdirilməsi sahəsində mühüm işlər görülmüşdür. Bu məqsədlə onlara latın qrafikası ilə çap olunmuş 50 minə yaxın yeni nəşrlər verilmişdir.
Bunlarla yanaşı, rayon mərkəzində Heydər Əliyev Fondunun vəsaiti hesabına müasir tələblərə cavab verən dövlət rəsm qalereyası inşa olunur. Binada son tamamlama işləri aparılır. Yaxın vaxtlarda daha bir mühüm mədəniyyət ocağında - Salyan Rayon Ə. Quliyev adına Mədəniyyət Evində təmir-bərpa işlərinə başlanılması nəzərdə tutulur.

 

Azərbaycan.- 2008.- 29 iyul.- S. 2.