Hacızadə A.

 

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri RF Dövlət Kitabxanasına kitablar hədiyyə etmişdir

 

Məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşmişdir.
Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva kitabxanaya Azərbaycan dilində kitablar hədiyyə etmişdir. Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə olunmuşdur. Leyla Əliyevaya səmimi təşəkkürünü bildirən Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov demişdir ki, bu, çox fərəhli hadisədir və şübhəsiz, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaqdır. O, kitabxananın fəaliyyətindən söhbət açaraq xüsusi vurğulamışdır ki, kitabxana Azərbaycan Milli Kitabxanası ilə sıx tərəfdaşlıq əlaqələri saxlayır.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva mədəniyyət, təhsil, səhiyyə sahələrində və sosial sahədə çox işlər görən fondun geniş fəaliyyətindən danışmışdır. O bildirmişdir ki, Rusiya nümayəndəliyi artıq bir ildir fəaliyyət göstərir və RF ictimaiyyətinin ölkəmiz haqqında daha obyektiv məlumat alması üçün Azərbaycan mədəniyyətinin təbliği ilə məşğuldur. L.Əliyeva Rusiya Dövlət Kitabxanası ilə daha sıx əməkdaşlığa, məsələn, müxtəlif birgə tədbirlərin, təqdimatların, tələbələrlə görüşlərin keçirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu aksiyasını yüksək qiymətləndirərək tədbirin ictimaiyyət, ziyalılar, dost ölkədə yaşayan soydaşlarımız üçün əhəmiyyətini vurğulamışdır. O xatırlatmışdır ki, Azərbaycan və Rusiyanın mədəniyyət nazirlikləri arasında kitabxana işi sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanmışdır və bu əlaqələri yeni reallıqlar baxımından təkmilləşdirmək lazımdır. Səfir Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin fəaliyyətindən söhbət açaraq xüsusi vurğulamışdır ki, fond çərçivəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı yaradılmışdır. Bu təşkilatın kitabxanada keçirilən tematik gecələrə, təqdimat mərasimlərinə, müasir müəlliflərlə görüşlərə və digər tədbirlərə cəlb edilməsi yaxşı olardı.
Görüş zamanı əməkdaşlığın daha konkret yollarından danışılmış, Azərbaycan yazıçılarının kitablarından ibarət sərgilərin təşkilinin, müasir Azərbaycan müəlliflərinin yaradıcılıq gecələrinə dəvət edilməsinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, kitab mübadiləsi sahəsində daha sıx əməkdaşlıq etmək, Rusiya kitabxanalarını Azərbaycan kitabları ilə, xüsusilə müasir Azərbaycan haqqında nəşrlərlə zənginləşdirmək lazımdır.
Leyla Əliyeva kitabxananın direktoru V.Fyodorova Heydər Əliyev Fondu adından hədiyyə təqdim etmişdir. V.Fyodorov isə L.Əliyevaya Avropada ən böyük, dünyada isə ABŞ Konqresinin kitabxanasından sonra ikinci sayılan Rusiya Dövlət Kitabxanası haqqında hədiyyə nəşri təqdim etmişdir.

 

Azərbaycan.- 2008.- 26 iyul.- S. 2.