Azərbaycan qitələrarası
və sivilizasiyalararası əməkdaşlıqda inkişafdadır
Avropa Şurasına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
iclasının təşkil edilməsi ilə əlaqədar,
Bakıda Avropa Şurası-Azərbaycan işçi
qrupunun növbəti iclası keçirilmişdir. Bu
məqsədlə, Avropa Şurasının Mədəniyyət,
Mədəni və Təbii İrs üzrə direktoru Robert
Palmerin rəhbərliyi altında nümayəndə
heyəti və İSESKO-nun nümayəndəsi Abdulilah
Ben Arafa 6-9 iyul tarixlərində Bakıda səfərdə
olmuşlar. Səfər çərçivəsində
işçi qrupun iclasında iştirak etməklə
yanaşı, AŞ-nin nümayəndə heyəti
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev tərəfindən qəbul olunmuş, həmçinin,
Xarici İşlər Nazirliyində görüş keçirmişlər.
Görüşlər zamanı AŞ-nin mədəniyyət
nazirlərinin konfransı və regionda mədəni
irsin vəziyyətini öyrənmək
üçün nəzərdə tutulan AŞ katibliyinin
missiyası ilə bağlı məsələlər barədə
müzakirələr aparılmışdır. Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə
2008-ci ilin 2-3 dekabrında keçiriləcək Avropa
Şurasının Bakı konfransı "Mədəniyyətlərarası
dialoq-Avropa və onun qonşu regionlarında sülhün
və davamlı inkişafın əsasıdır"
mövzusuna həsr olunacaq. Sözügedən konfransa
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirləri ilə yanaşı, qonşu regionlardan
İSESKO və ALEKSO təşkilatlarının bir
sıra üzv dövlətləri, həmçinin,
mədəniyyət sahəsində fəal əməkdaşlıq
həyata keçirən beynəlxalq hökumətlərarası
və qeyri-hökumət təşkilatları da dəvət
olunacaq. Konfransla yanaşı, 2008-ci ilin 4 dekabrında
konfrans çərçivəsində Bakıda Avropa
Şurasının Mədəniyyət üzrə
Rəhbər Komitəsinin Bürosunun və Avropa
Şurasının Kiyev Təşəbbüsü Regional
Proqramının Milli Koordinatorlarının növbəti
görüşləri, 2008-ci il 4-5 dekabrında isə
"Avropada Mədəniyyət Siyasəti və Təmayülləri
Kompendiumu" layihəsinin "10 illik yubileyi"nə
həsr olunan Avropa Şurasına üzv-dövlətlərin
milli müəlliflərinin iclası keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasına
üzv-dövlətlərin kompendium üzrə milli
müəllifləri ilə əməkdaşlığı
gücləndirməklə, Azərbaycanın beynəlxalq
səviyyədə təşviq olunmasında onların
imkanlarından faydalanmaq istəyir, çünki
həmin müəlliflər Avropa ictimai rəyinə
ciddi təsir etməklə yanaşı, həmçinin,
Avropanın intellektual həyatında xüsusi nüfuza
malik olan şəxslərdir. Respublika Prezidenti İlham
Əliyevin bilavasitə dəstəyi ilə təşkil
olunacaq Avropa Şurasının konfrans və digər
tədbirlərinin keçirilməsində Azərbaycan
tərəfinin əsas məqsədi həm Avropa Şurasına,
həm İSESKO-ya üzv olan yeganə dövlət olmaq
imkanından bəhrələnərək, Avropa ilə
islam dünyası arasında mədəniyyət
körpüsü rolunu oynamaq və iki sivilizasiya arasında
mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini
nəzərdə tutan "Bakı prosesi"nin əsasını
qoyaraq, Azərbaycanın beynəlxalq nüfuzunu daha
da gücləndirməkdir. Buna görə Avropa Şurası
rəsmiləri ilə aparılan fikir mübadiləsi
zamanı Bakı prosesinin əhəmiyyəti xüsusi
vurğulanmış və bildirilmişdir ki, bu təşəbbüs
beynəlxalq səviyyədə məhz Bakıda keçiriləcək,
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin konfransında öz ilkin təsdiqini tapacaqdır.
Beləliklə, bu tədbirlər həm islam, həm
də Avropa mədəniyyətini özündə ehtiva
edən Azərbaycan mədəniyyətinin beynəlxalq
səviyyədə təşviq olunması, Azərbaycanın
nüfuzunun yüksəldilməsi və beynəlxalq
proseslərdə əhəmiyyətinin artırmaqla yanaşı,
Azərbaycanın qitələrarası və sivilizasiyalararası
əməkdaşlıq məsələlərində
çox mühüm dövlət kimi qəbul olunmasına
xidmət edəcəkdir. Mədəniyyət və Turizm
Nazirliyində İSESKO nümayəndəsi Abdulilah
ben Arafa həm Avropa Şurası-Azərbaycan işçi
qrupunun üzvü kimi iştirak etmiş, həm də
Bakının 2009-cu il üçün islam mədəniyyətinin
paytaxtı elan olunması çərçivəsində
həmin il ərzində keçiriləcək tədbirlərlə
bağlı müzakirələr aparmışdır.
Səs.- 2008.- 12 iyul.- S. 12.