Qocayeva A.

 

Milli-mənəvi və mədəni sərvətlərimizin qorunduğu yer - kitabxana

 

"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir".

Heydər Əliyev

 

Ölkəmiz qədim dövrlərdən başlayaraq milli-mənəvi sərvətləri, xüsusilə kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. Belə kitabxanalardan biri də respublikada öz zənginliyinə görə M.F.Axundov adına Milli Kitabxanadan sonra ikinci yerdə duran Bakı Dövlət Universitetinin Elmi kitabxanasıdır.
Nəzərə çatdıraq ki, kitabxanalara dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılır. Azərbaycan hökumətinin 1996-cı ildə qəbul etdiyi "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərarı, 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və 2004-cü il 27 dekabr tarixli "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları mənəvi-mədəni dəyərlərimizə dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir. Xüsusilə son illər kitabxana şəbəkəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, fondların zənginləşdirilməsi, dünya kitabxanaları ilə faydalı əlaqələrin qurulması istiqamətində məqsədyönlü tədbirlər görülür. BDU-nun nəzdindəki kitabxana-informasiya fakültəsi, eyni zamanda kitabxanaçılıq kolleci bu sahədə ixtisaslı kadrlar hazırlayır.
BDU-nun Elmi kitabxanasının direktoru, "Tərəqqi" medalına layiq görülmüş Sara İbrahimova bildirdi ki, kitabxana universitetlə eyni vaxtda - 1919-cu ildə 212 nüsxə ədəbiyyatla yaradılmışdır. Hazırda fondda iki milyon yarımdan artıq ədəbi-bədii, tarixi, elmi-texniki ədəbiyyat, dərslik və dərs vəsaiti, mətbu nəşrlər qorunub saxlanılır. 1971-ci ildən ali məktəb kitabxanalarının elmi-metodik mərkəzi kimi fəaliyyət göstərir.
Direktor vurğuladı ki, universitetin rektoru, professor Abel Məhərrəmov kitabxanaya xüsusi diqqətlə yanaşır. Burada müxtəlif növ oxucu kontingentinə yüksək səviyyədə xidmət etmək üçün hər cür şəraiti olan, müasir tələblərə cavab verən oxu zalları, elmi işçilər üçün kabinetlər, kompüter otaqları var. İldə 100-102 min manat həcmində bütün elm sahələri üzrə abunə yazılışı həyata keçirilir. Eyni zamanda, fondun komplektləşdirilməsi məqsədilə ildə 16 min nüsxə ədəbiyyat alınır. 1999-cu ildə kitabxananın komplektləşdirilməsi məqsədilə kitabxanaçılıq fakültəsinin nəzdində elmi-tədqiqat laboratoriyası yaradılmış və bu laboratoriyaya tarix elmləri doktoru, professor Abuzər Xələfov rəhbərlik edir. Laboratoriyanın əsas məqsədi BDU-nun Elmi kitabxanasının informasiya fəaliyyətində kitabxana prosesindəki müxtəlif səviyyələrdə yeni texnologiyaların tətbiqinin nəzəri və təşkilati məsələlərini işləyib hazırlamaqdır.
2002-ci ildə Milli Kitab Fondunu özündə əks etdirən elektron kataloq istifadəyə verilmişdir. Oxucuların kitabxananın fondlarından sərbəst istifadə etmələri üçün Elmi kitabxana və laboratoriya latın şriftli İRBİS-64 "Kitabxanaların Avtomatlaşdırılmış Sistemi" proqramı ilə işləyir. Hazırda Elmi kitabxana universitetlə birlikdə tammətnli elektron kitabxana yaradılması layihəsi üzərində işləyir.
Elmi kitabxananın fondu XIII-XVIII əsrlərə aid Şərq dilini özündə əks etdirən ədəbiyyatla zəngindir. Elmi kitabxana ali məktəb kitabxanası olduğundan onun əsas iş fəaliyyəti universitetin tələbə və müəllimlərinə xidmət etməkdir. Bu məqsədlə kitabxanada 5 abonement və 14 oxu zalı fəaliyyət göstərir.
Elmi kitabxanada çap məhsulları müvafiq sahələr üzrə bölünərək ayrı-ayrı şöbələrdə yerləşdirilmişdir. Nadir və qiymətli kitablar şöbəsində XV-XX əsrlərdə çap olunmuş əksər ədəbiyyat öz əksini tapmışdır. Bunların arasında görkəmli şəxsiyyətlərin avtoqrafı olan nəşrlər, ölkənin ali məktəb kitabxanalarında analoqu olmayan və elmin bütün sahələrini əhatə edən nəşrlər var.
Fondun azərbaycanşünaslıq və Şərq şöbəsində milli-mənəvi dəyərləri özündə ehtiva edən və Şərq xalqlarının həyatından danışan kitablar, şifahi xalq yaradıcılığı nümunələri, lüğətlər, Azərbaycan klassikləinin əsərləri, tarix, ədəbiyyat, incəsənət üzrə elmi-tədqiqat əsərləri və s. öz əksini tapmışdır.
Şərq ədəbiyyatı fondunda Şərq xalqlarının mənəvi-mədəni dəyərlərinin ən gözəl nümunələri olan çap məhsulları qorunur. Ərəb dilində ən qədim əlyazma olan Şeyx Hadinin "Şəriətin varisliyi üzrə cədvəli"nin, Ə.Nəvainin, Ö.Xəyyamın və M.Füzulinin ərəb və fars dillərində əlyazmalarının, Əl-İsfahan Əbu Fərəc Əli İbn Hüseynin 16 cildliyinin, "Kitabul-Aqani"nin, İbn Halkan Əhmədin 6 cildliyinin, Məhəmməd İbn Cazir Təbərinin 30 cildliyinin, fars dilindəki bölmədə Əli Əkbər Dexodənin 134 cilddə "İoğetname"sinin, Zeynalabdinin 2 cilddən ibarət "İbrahim bəy"inin, İbn Bibinin "Səlcuqların tarixi", Qulam Hüseynin, Sadiq Hidayətin və başqalarının əsərlərinin, eyni zamanda, "Əkinçi" (1876-1877), "Fyuzat" (1906-1907; 1920-1921), "Dəbistan" (1906-1910), "Molla Nəsrəddin" (1909-1930), "Zənbur" (1909-1910), "Babayi Əmir" (1915), "Azərbaycan" və başqa mətbu nəşrlərin hifz olunması mənəvi-mədəni dəyərlərə hörmətlə yanaşmanın təzahürüdür.
2005-ci ildən Elmi kitabxanada jurnalların biblioqrafik təsviri elektron kataloqa daxil edilmiş və bu vaxta kimi 3000 adda jurnalın biblioqrafik təsviri İRBİS proqramı ilə həyata keçirilmişdir.
Elmi kitabxananın dissertasiya və avtoreferat şöbəsində 1938-ci ildən bu günə kimi 4575 dissertasiya və 74251 avtoreferat saxlanılır. Şöbə professor və müəllim heyətinə, aspirant, dissertant, magistr və yuxarı kurs tələbələrinə, həmçinin respublikanın ali məktəblərinin, ETİ-nin elmi əməkdaşlarına və tələbələrinə xidmət edir.
Şöbənin əməkdaşları 2003-cü ildə dissertasiyaların elektron kataloqunu, 2005-ci ildə isə dissertasiyaların biblioqrafik göstəricisinin elektron formasını yaratmışdır.
Elmi kadrların hazırlanmasında əhəmiyyəti olan kitabxananın elmi əsərlər şöbəsində BDU-nun, AMEA-nın, həmçinin Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin elmi-tədqiqat institutları, elmi-tədqiqat laboratoriyaları, elmi mərkəzləri və ali məktəblərin alim və tədqiqatçılarının elmi əsərləri toplanmışdır.
Kitabxanalararası abonoment şöbəsi vasitəsilə Elmi kitabxanada olmayan hər hansı bir ədəbiyyat üçün respublikanın ali məktəb və digər elmi kitabxanalarına sifarişlə müraciət olunur. Bu şöbədə, həmçinin respublikadaxili kitabxanalarla mədəni, elmi əlaqələrin yaranmasına və möhkəmlənməsinə xidmət edən kitab mübadiləsi və ehtiyat bölməsi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının 1999-cu il 12 mart tarixli "Kitabxana işi haqqında" Qanununun 15-ci maddəsinə əsasən BDU-nun Elmi kitabxanası ölkə ərazisində nəşr olunan bütün çap məhsullarından pulsuz məcburi nüsxə alır.
Elmi kitabxana fondunun komplektləşdirilməsi köçürmə yolu ilə, BDU-nun nəşrləri vasitəsilə, mübadilə, meqaproyektlə, internet şəbəkəsi, xarici dövlətlərdən ədəbiyyatın alınması, itirilmiş kitablarla əvəz olunması və digər vasitələrlə həyata keçirilir.
Azərbaycanda müstəqillik əldə ediləndən sonra BDU-nun Elmi kitabxanasının fəaliyyət dairəsi daha da genişlənmiş və bir çox ölkələrin aparıcı universitetləri, o cümlədən ABŞ, Türkiyə, Rusiya, Almaniya, Yaponiya, Koreya, Pakistan, İran, Ərəb Əmirliyinin aparıcı universitetləri ilə əlaqə saxlayaraq universitetin profilinə uyğun çox sayda ədəbiyyat almışdır.
Elmi kitabxana paytaxtda fəaliyyət göstərən bir sıra səfirlik və cəmiyyətlərlə sıx əlaqə saxlayır, o cümlədən Amerika, Fransa, Almaniya, Böyük Britaniya səfirliklərinin köməyi ilə həmin ölkələrin jurnallarına abunə yazılır və çoxsaylı kitablar alınır.
Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun dəstəyi ilə 2003-cü ilin dekabrında Elmi kitabxananın nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) yaradılmışdır. Hazırda Az.KİK Beynəlxalq Konsersiumun üzvüdür. Elmi kitabxana fondunun 80 faizə yaxını İRBİS avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə elektron kataloqa daxil edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Sara xanım sözünə yekun vuraraq dedi:
- Elmi kitabxanamızda 102 nəfər ixtisaslı kadr çalışır və onlardan 6 nəfəri elmlər namizədidir. Kitabxana işinin təkmilləşdirilməsi, oxuculara xidmət səviyyəsinin yüksəldilməsi, kitab fondumuzun daha da zənginləşdirilməsi, şöbələrin kompüterləşdirilməsi və bütün bunların fonunda dayanan, milli-mənəvi və mədəni dəyərlərimiz olan çap məhsullarının qorunub nəsildən-nəslə çatdırılması istiqamətində əlimizdən gələni əsirgəmirik.

 

Azərbaycan.- 2008.- 13 iyul.- S. 7.