Sevinc
Krım konfransının təəssüratları
Xəbər verdiyimiz
kimi, iyunun 7-dən 15-dək respublikamızın nümayəndə
heyəti "Krım -2008" beynəlxalq konfransında
iştirak etmək üçün Sudak şəhərində
olub. "Kitabxanalar və informasiya resursları müasir elm,
mədəniyyət, təhsil və biznes aləmində"
15-ci Yubiley Beynəlxalq Konfrans və Sərgidə MDB
ölkələri ilə yanaşı, Afrika, Asiya, Avropa
ölkələrinin nümayəndələri də
iştirak ediblər.
Respublikamızı
təmsıl edən nümayəndə heyətinin
tərkibində F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru Fizurə Quliyeva da var idi.
"Krım-2008" beynəlxalq kitabxana konfransının
müxtəlif bölmələrində iştirak edən
Fizurə xanım, bu konfransın çox maraqlı və
yaddaqalan olduğunu vurğuladı: "Bu il ilk dəfə
olaraq, "Krım-2008" konfransında iştirak etdim.
Konfransda iştirak etmək mənim çoxdankı arzum idi.
Düzdü, 1995-cı ildə Türkiyədə
İFLA-nın 65-ci beynəlxalq konfransında iştirak
etmışəm. Məlumat üçün deyim ki, həmin
il biz İFLA konfransının üzvü seçildik. Bir il
Türkiyə bizim üzvlük haqqımızı
ödədi. İkinci üzvlük haqqını
keçirə bilmədiyimizə görə, konfransda iştirak
edə biimədik. Bir neçə il İFLA konfransında
iştirakımıza fasilə verildi. Bildirim ki, İFLA
Beynəlxalq Kitabxanalar Assosiasiyasının konfransı idi.
Sonralar onlar bizlə əlaqə saxlasalar da, üzvlüq
haqqını güzəştlə ödəməyi
təklif etsələr də, bizim bu konfransın işinə
qatılmağımız mümkün olmadı. Buna mən
çox təəssüflənirdim.
"Krım-2008"
konfransına gəlincə isə, bildirim ki, bu il o,
konfransın 15 illiyini qeyd etdi. Konfransda müxtəlif
dəyirmi masalar, debatlar, kitab təqdimatları oldu. 15 il
ərzində hər il Krımın Sudak
şəhərində keçirilən konfransda kitabxana,
informasiya və kompyuter mütəxəssisləri,
nəşriyyat nümayəndələri və bir sıra
əlaqədar təşkilatlar toplaşıb zamanımızın
aktual problemlərini müzakirə edirlər.
Bu il konfransın
təntənəli açılışı oldu.
Səhnəyə böyük formatda konfransın "Qızıl
kitabı" qoyuldu, iştirakçı ölkələrin
təbrikləri oxundu. Sonra sərginin açılışında
iştirak edən nümayəndələrimiz
nəşriyyatlar, kitabxana fəaliyyəti ilə bağlı
müəssisələrlə tanış oldular,
söhbətlər apardılar. Bir-birilərinə kitablar,
disklər, bələdçilər hədiyyə etdilər.
Konfrans bir neçə bölmədə fəaliyyət
göstərdilər".
Fizurə xanım
uşaq kitabxanasınm direktoru olduğu üçün
çalışıb ki, uşaq və gənclər
bölməsində iştirak etsin. Hər gün iki
bölmədə iştirak edən F.Quliyeva bu
bölmələrdə çox maraqlı
mühazirələr, təqdimatlar olduğunu söylədi:
"Biz konfransda ilk dəfə iştirak etdiyimizə
görə çıxış etmədik. Çünki
birinci il gələnlər, ancaq dinləyici kimi iştirak
edirdilər. Növbəti dəfə konfransda iştirak
etsəm, əminəm ki, çıxış da
edəcəyik, təqdimat da keçirəcəyik. Donetskdən,
Sverdlovskdən, Bryanskdən gələn
nümayəndələrin çox maraqlı
çıxışları oldu. “Radio-nyan-ya”nın
çıxışı isə xüsusi marağa
səbəb oldu. O, konfransa kuklası ilə birlikdə
gəlmişdi. Biz müntəzəm olaraq Moskvadan onların
kasetlərini almışıq. Müxtəlif
əsərlərin radio versiyasını - musiqili
verilişlər hazırlayıblar. Çıxışdan
sonra mən onunla görüşdüm və bildirdim ki, biz
sizin yüzdən çox uşaq əsərinin
radiolaşdırılmış versiyanızı
almışıq. Çox təəssüflər olsun ki, bizdə
rus oxucuları azalmağa başlayıb, əvvəllər
çox maraqla qulaq asırdılar o kasetlərə. İndi
uşaqlarda maraq azalıb. Biz bunun qarşısını almaq
üçün çalışırıq".
Dağıstan Xasavyurt
Mərkəzi Kitabxanasının direktoru Elnur Yakubovla
Fizurə Quliyeva arasında "Məktəb və
kitabxanaların əlaqəsi" adlı birgə layihə
işləmək planlaşdırılıb. Birgə
layihənin reallaşması yeni dərs ilində həyata
keçəcəkdir. Bundan başqa müsahibim bildirdi:
"Nəşriyyatlardan kitabxanalara: mütaliə
dairəsinə təsir" adlı dəyirmi masada
mütaliənin dünya səviyyəsində
aşağı düşmə və bu problemin həlli
yolları araşdırıldı. 2008-2016-cı
illərdə bu problemin həlli ilə bağlı
üç mərhələdə məruzə edən
İ.Kuzmindən sonra bu bölmədə çox maraqlı
çıxışlar oldu. Hətta Bryansk Mədəniyyət
Şöbəsinin müdiri danışarkən
heyrətlənməyə bilmirdik ki, mədəniyyət
şöbəsinin müdiri kitabxanada görülən
bütün işlərdən xəbərdardır. Hesab
edirdin ki, bu elə kitabxananın direktorudur. Adamda təsəvvür
yaranır ki, kitabxananın işinə o qədər
yaxından kömək edir ki, bütün görülən
işlərdən onun xəbəri var. Omsk Korlar Kitabxanası
gözdən əlillər ilə apardıqları işi
təqdim etdilər." Bu kitabxananın özəlliyi onda
idi ki, korlar kompyuter vasitəsilə mütaliə edirdilər.
Necə? Bu suala Füzurə xanım belə cavab verdi:
"Gözdən əlil şəxs əlini kitaba
sürtməklə kompyuterdə oxuyurdu. Maraqlı kitablar,
onların tədbirləri, şair və yazıçılarla
görüşləri kitabxananın elektron versiyasında yerləşdirilmişdi.
Kor və zəif görənlər üçün belə
işlərin görülməsi sevindiricidir. Çünki
onlar özlərini cəmiyyətdən təcrid olunmuş
hesab etmirlər".
Nümayəndələrimizin
iştirak etdiyi bir tədbir daha yaddaqalan və orijinal olub. Bu
tədbir daimi fəaliyyət göstərən TÜRKSOY-un
"Türk dünyasının kitabxana və muzeyləri:
qarşılıqlı əlaqə və
əməkdaşlıq" seminarı
çərçivəsində keçirilib. Seminarın
əsas mövzusu "Bəkir Çobanzadə fenomeni və
türk dünyası" idi. Akademik Bəkir
Çobanzadənin heykəlinin açılışında
və onun adına təsis olunmuş mükafatların
təqdimat mərasimində iştirak edənlər Krım
Muxtar Respublikasının Mərkəzi Elmi Kitabxanasında
"Azərbaycan guşəsinin" təqdimat
mərasimində də olublar. Daimi fəaliyyət göstərəcək
bu guşədə Azərbaycanın tarixi, mədəniyyəti,
milli-mədəni irsi, habelə müasir daxili və xarici
siyasəti, neft strategiyası, Dağlıq Qarabağ problemi,
Azərbaycan muğamları haqqında nəşrlər
nümayiş etdirilib. Sevindirici haldır ki, Azərbaycan
kitabxanaçılarının "Krım-2008" beynəlxalq
konfransda iştirakı Təşkilat Komitəsi
tərəfindən yüksək qiymətləndirilib.
Mədəniyyət.- 2008.- 3 iyul.- S. 4.