Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının
ikinci iclası keçirilmişdir
İqtisadi
İnkişaf Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, Riqada iqtisadi, elmi-texniki və
mədəni əməkdaşlıq üzrə
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının
ikinci iclası keçirilmişdir.
İclasda
ölkəmizi komissiyanın həmsədri, İqtisadi
İnkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi
nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə
heyətinə bir sıra nazirliklərin, Milli Bankın
yüksək vəzifəli rəsmiləri daxil idi. Latviya
tərəfdən iqtisadiyyat naziri - Kaspars Gerhardsın rəhbərlik
etdiyi komissiyada isə bu ölkənin müvafiq dövlət
qurumları təmsil olunmuşdu.
İclasda komissiyanın
həmsədrləri ölkələrinin iqtisadi
vəziyyəti, qazanılmış uğurlar, biznes
mühitinin daha da yaxşılaşdırılması ilə
bağlı görülən tədbirlər və s.
barədə məlumat vermişlər. Azərbaycan və
Latviya arasında iqtisadi əlaqələrin mövcud
vəziyyəti və iqtisadiyyatın müxtəlif
sahələrində əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunmuş,
komissiyanın birinci iclasının yekunlarına dair Protokolun
icra vəziyyəti barədə fikir mübadiləsi
aparılmışdır.
İclasın sonunda
Hökumətlərarası Komissiyanın ikinci iclasının
yekunlarına dair Protokol imzalanmışdır. Sənədi
həmsədrlər - Heydər Babayev və Kaspars Gerhards
imzalamışlar. Protokola əsasən, tərəflər
ticarət-iqtisadi, sənaye və energetika, nəqliyyat, bank,
mədəniyyət və turizm, təhsil, informasiya
texnologiyaları sahələrində
əməkdaşlığın inkişaf etdirilməsi,
müqavilə-hüquq bazasının
möhkəmləndirilməsi, habelə iş adamları arasında
əlaqələrin təşviq olunması sahəsində
əməkdaşlıq edəcəklər.
Sənəddə,
həmçinin qarşılıqlı sərmayə
yatırmaq imkanlarının araşdırılması, bu
sahədə məlumat mübadiləsinin həyata
keçirilməsi, işgüzar əlaqələrin daha da
genişləndirilməsi məqsədi ilə biznes
forumlarının, sərgilərin və yarmarkaların
təşkil olunması öz əksini tapmışdır.
Səfər
çərçivəsində nümayəndə heyəti
Latviyanın Nəqliyyat naziri Alnars Şleserslə, Xarici işlər
naziri Maris Riektinşlə, İstehlak Bazarına
Nəzarət və Baytarlıq Təşkilatının,
Parex Bankının rəhbərliyi ilə
görüşmüşdür. Görüşlərdə
ticarət, investisiyalar, maliyyə, bank və s. sahələrdə
əməkdaşlıq imkanları müzakirə
edilmişdir.
Azərbaycan nümayəndə
heyəti Latviyanın süd məhsulları istehsal edən
"Ricas Piena Kombinats" ilə də tanış
olmuşdur.
Azərbaycan.- 2008.- 20 iyul.- S. 1.