Nəcəfxanlı Ə.

 

Sumqayıtınyaşıl adasında

 

Bu dənizkənarı parkı sumqayıtlılar könüllərinin dinclik tapdığı bir aləm sayırlar. Yaşıl fəvvarələr kimi göyə fışqıran sərvlər, çinarlar, “pərişan telli” söyüdlər, həmişəyaşıl iynəyarpaqlılar böyük bir sahəni tutaraq Sumqayıtın zümrüd boyunbağısına çevrilib. Burada o qədər nadir ağac növləri var ki, əsl dendrarini xatırladır. Park sərin mehi, təmiz havası, “gəl-gəl” deyən gözəlliyi ilə yarım əsrdir ki, görənlərin qəlbini fəth eləyir. Şəxsən məni bu “yaşıl ada”ya lap körpə çağlarımdan boy göstərən şirin xatirələr bağlayır. Elə bilirəm ki, parkın ağacları ilə birgə böyümüşəm. İydənin bihuşedici ətrini ilk dəfə burada duymuş, zeytunu ilk dəfə burada görmüşəm. “Kvadrat” çəmənlərdən dəcəlləyim gül dərib. Şən əyləncələr hələ də yaddaşımdakı təravətini itirməyib. Gəncliyin pünhan görüşlərinin ilk ünvanı bu park, ilk məhəbbət etiraflarının şahidi bu parkın ağaclarıdır. Bura həm də kövrək qocalığın yan aldığı sahildir. Vaxt vardı ki, ata-analarımızla gələrdik bu parka. İndi övladlarımızla, nəvələrimizlə gəlirik. Bir sözlə, sanki peyk olub parkın orbitindən çıxa bilmirik...

Hazırda Nəsimi adına mədəniyyət və istirahət parkı adlanan bu doğma ünvan ikinci gəncliyini yaşayır. Restoran və kafeləri artsa da (bu da dövrün vurduğu möhürdür), dənizkənarı park yenidən qurulmaqda, böyüyüb-gözəlləşməkdədir. Sumqayıtlılar hər zamankı kimi burada dincəlməyi üstün tuturlar. Təmiz havada ailəvi gəzintiyə çıxan kim, şahmat, dama, domino, nərd, bilyard oynayan kim, bu və digər tədbirə qatılan, konsertə baxan kim...

İlyarım öncə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtın dənizkənarı parkında olarkən buranı gəzib və abadlıq işlərinin davam etdirilməsi, sakinlərin istirahəti, asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün lazımi şəraitin yaradılması barədə tapşırıqlar verib: “Mən göstəriş verdim ki, bu park daha da abadlaşsın, yaxşı bir layihə hazırlasınlar... Yer çox gözəldir, amma gərək əl gəzdirilsin. Bütün bunlar yaxın zamanlarda olacaqdır. Buranın havası, mənzərəsi çox gözəldir. Sumqayıt gözəlləşir, abadlaşır”...

Aylardan bəri idi ki, parkda, Sülh küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişdiyi yerdəki “Göyərçin meydanı” adlanan sahə hasara alınmışdı. Burada iri fəvvarə kompleksi inşa edilirdi. Nəhayət, bu günlərdə yenidən qurulan meydanın açılış mərasimi oldu. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev sakinləri təbrik edərək bildirdi ki, abidə inşa edilərkən layihədə fəvvarə yaradılması da nəzərdə tutulubmuş. Amma nədənsə fəvvarə tikilməyib. İllər keçdikdən sonra biz bu səhvi düzəltdik. Meydanda Xəzərə enən pilləkənlərin ətrafında əlvan işıqlı fəvvarələr inşa etdik. Eyni zamanda, “Göyərçin” abidəsi təmir olundu. Meydana göz oxşayan döşəmə plitələri, mozaik materiallar düzüldü. Biz istəyirik ki, bu meydanda ənənəvi olaraq “Gənc ailə” günləri keçirilsin.

Elə bu vaxt ətrafa “Vağzalı” havasının həzin melodiyaları yayıldı. Bəzəkli maşınlardan iki cüt bəy və gəlin düşdü. Həmin gün ailə quracaq gənclər meydana daxil oldular. İcra hakimiyyətinin başçısı bəyləri və gəlinləri, onların valideynlərini təbrik etdi, gənclərə xoşbəxtlik arzuladı, onlara qiymətli hədiyyələr — elektron avadanlıq və çiçək dəstələri təqdim olundu. Əllərdən ağ göyərçinlər pərvazlanıb havaya qalxdı və “Göyərçin” abidəsinin üstünə qondu. Alqış səsləri meydanı bürüdü. Açılış mərasimi şəhər mədəniyyət və turizm idarəsinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı. Beləcə, daha bir yaraşıqlı, zövq oxşayan istirahət guşəsi sumqayıtlıları qoynuna aldı...

Yeri gəlmişkən, bu günlərdə paytaxtda Bakının memarlıq məsələlərinə həsr olunmuş mötəbər dəyirmi masada akademik Arif Paşayev Sumqayıtın dənizkənarı parkındakı “Göyərçin” abidəsini misal gətirərək belə incəsənət əsərlərinin şəhərlərin özəl xüsusiyyətlərinin yaranmasında əsas rol oynadığını vurğulayıb. Bu cür rəmzi kompozisiyaları özündə əks etdirən heykəltəraşlıq nümunələri, doğrudan da, şəhərlərin görünüşünə xüsusi gözəllik verir.

Artıq iki aydır ki, parkda yay istirahət mövsümünə rəsmi start verilib. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin abidəsi, Böyük Vətən müharibəsində Qələbənin simvolu olan abidə, Şəhidlər Xiyabanı və ətrafı abadlaşdırılaraq yenidən sevimli istirahət və ziyarət yerinə çevrilib.

Parkın direktoru Çingiz Allahverdiyev bacarıqlı mədəniyyət işçisidir. Uzun müddət klub direktoru olub. Bir neçə ildir ki, daha böyük və məsuliyyətli sahəyə rəhbərliyə irəli çəkilib. O, gələndən parkda işlər xeyli canlanıb, yaşıllıqlar ciddi qorunur və artırılır, təmizlik, səliqə-sahman göz oxşayır.

Direktorun dedikləri:

- Parkımız Mədəniyyət və Turizm Nazirliyinin ölkə əhəmiyyətli bağ-parkı sayılır və abidə kimi dövlət tərəfindən qorunur. İlin bütün fəsillərində gözəlliyi ilə diqqəti cəlb edir. Amma yayın gəlməsi, istilərin düşməsi ilə bura üz tutanların sayı çoxalmışdır. Mövsümə zəruri hazırlıq işləri görmüşük. “Göyərçin meydanı”nı özünüz gördünüz. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı, şəhər rəhbərliyinin hərtərəfli qayğısı ilə parkın həmin hissəsi əsl gülüstana, dilbər guşəyə çevrilib. Ətrafa sərinlik yayan şəlalələr oranın gözəlliyini daha da artırır. Tezliklə park bütünlüklə öz görkəmini dəyişəcək, ən müasir səviyyəli istirahət mərkəzi olacaq. Əlbəttə, bu, yaxın gələcəyin işidir. İndilikdə isə mövsümlə əlaqədar əyləncə guşələrində səliqə-sahman yaratmış, karusel, attraksion və yelləncəkləri təmir etdirmiş, təhlükəsizliyini yoxlamış, inzibati binanı səliqəyə salmış, digər xidmət obyektlərində rəngləmə, sazlama, abadlıq işləri görmüşük. Parkın ərazisində su və elektrik təchizatı, yaşıllaşdırma nümunəvi vəziyyətdədir. “Yay estradası”nın mövsümqabağı təmiri reallaşdırılmış, köhnə oturacaqlar yeniləri ilə əvəz edilmişdir. Şəhər çimərliyi, Dövlət Rəsm Qalereyası, M. Hüseynzadə adına şəhər stadionu, şahmat klubu da buraya çox yaxındır. Parkın əlverişli coğrafi mövqeyi hər zaman diqqət çəkir.

Parkda “28 May” mədəniyyət evi və “Dostluq” klubu özfəaliyyətçilərinin iştirakı ilə keçirilən tədbirdə sumqayıtlılar və şəhərin qonaqları unudulmaz anlar yaşayıb, asudə vaxtlarını səmərəli keçiriblər. Şən klounlar, sehirbazlar mərahətlərini göstərib, musiqiçilər mahnı və rəqsləri ustalıqla ifa ediblər. Şənbə və bazar günləri müntəzəm olaraq “Yay estradası”nda bu cür tədbirlər keçiririk...

Biz parkda olan gün axşam Azərbaycan milli mətbuatının yaranmasının 133 illiyinə həsr edilmiş maraqlı bir görüş keçirildi. “Sumqayıt” qəzetinin yaradıcı heyəti parkda oxucular konfransı təşkil etmişdi. Bu barədə irəlicədən heç bir elan verilməsə də, “Yay estradası” adamla dolu idi. Ekspromt görüşdə oxucular şəhər qəzetinə münasibətlərini bildirdilər, təkliflərini söyləyib redaksiya kollektivinə çətin və şərəfli işində uğurlar dilədilər. Sonda konsert oldu.

Yay mövsümü ilə əlaqədar parkda xüsusi tədbirlər planı hazırlanıb. Teatr tamaşaları, səhnəciklər göstərilir, idman yarışları, kütləvi gəzintilər, ekoloji mövzuda söhbətlər, şairlərlə görüşlər, sual-cavab gecələri təşkil edilir. Şəhər mədəniyyət və turizm idarəsinin rəisi Namiq Qaffarov, gənclər və idman idarəsinin bölmələri tədbirlərin yüksək səviyyədə keçməsinə yaxından dəstək olurlar. Sumqayıtın bütün klub və mədəniyyət evlərinin bədii kollektivləri növbə ilə parkda çıxış edir, burada dincələnlərin istirahətinə əlvan rənglər qatırlar. Bir çox tədbirlər yerli televiziya ilə tamaşaçıların diqqətinə çatdırılır. Gənclərin həyata baxışının formalaşması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, narkomaniyaya qarşı mübarizə baxımından tədbirlər əvəzsiz rol oynayır. Tarixi və əlamətdar günlərin qeyd edilməsi, “Çalış, 1-ci ol”, “Tap, görüm” kimi yarışlarsa uşaqların yaddaşında dərin iz salır, unudulmaz təsir bağışlayır.

Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, əlaqədar idarə və təşkilatların rəhbərləri tez-tez Nəsimi adına mədəniyyət və istirahət parkına gəlir, aparılan işlərlə, sakinlərin istirahətinə yaradılan şəraitlə maraqlanır, qayğı əllərini parkdan əsirgəmirlər. Bütün bunlar barədə razılıqla danışan parkın direktoru Çingiz Allahverdiyev dedi ki, məhz bu qayğının, diqqətin sayəsində Sumqayıtın “yaşıl ada”sı günbəgün böyüyür və gözəlləşir. Şəhərin sakinləri buraya böyük həvəslə gəlirlər.

... Parklar şəhərlərin təbəssümüdür. Sumqayıtdakı Nəsimi adına mədəniyyət və istirahət parkı kimi dilbər guşəsi olan şəhərlərsə heç vaxt qaş-qabaqlı görünməz.

 

Xalq qəzeti.- 2008.- 18 iyul.- S. 4.