Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına diqqət yetirilir

Elektron Nax­çı­van-4: “Azərbaycan Respublikası uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyalarının prob­lem­lə­­ri”

Naxçıvan Dövlət Universitetində “Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri” mövzusunda Perspektiv Şəbəkələndirmə üzrə NATO İşçi Elmi Seminarı (Şəbəkə İdarəetməsi üzrə VI CEENet İşçi Elmi Seminarı) keçirildi. Tədbir NDU, Şimali Atlantika Birliyi, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının (Polşa) təşkilatçılığı ilə gerçəkləşdirildi.

Elmi seminarın iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi öndərin ev muzeyində oldular. Sonra qonaqlar universitetdəki CİSKO Akademiyası və müxtəlif internet zalları ilə tanış oldular.
İlk plenar iclas Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun sədrliyi ilə keçirildi. Prorektor tədbir iştirakçıları adından qonaqları salamlayaraq Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən uğurlu işlərdən danışdı, elmi seminarın məqsədini açıqladı. Natiq Naxçıvan Dövlət Universitetində də elmin, təhsilin inkişafı üçün informasiya- kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirildiyini, bu sahədə beynəlxalq tərəfdaşlığa xüsusi önəm verildiyini qeyd etdi.
Beynəlxalq Məsləhət Komitəsinin həmsədrlərlərindən olan, NATO-nun Qafqaz üzrə müşaviri, Mərkəzi və Şərqi Avropa Şəbəkələşdirmə Assosiasiyasının Baş katibi, professor Gasek Qajevski bildirdi ki, NATO hərbi-siyasi blok olmasına baxmayaraq elm, texnika və səhiyyənin inkişafına xidmət edən mülki xarakterli proqramların həyata keçirilməsinə xüsusi önəm verir. NATO tərəfdaş dövlətlərdə kompyuter şəbəkələrinin təşkili üçün imkanların yaradılmasına dair layihələri, həmçinin informasiya dolğunluğu və kompyuter şəbəkələrinin istifadəsi problemlərinin həlli istiqamətində görülən işləri də dəstəkləyir. Qajevski coğrafi və siyasi səbəblər üzündən uzaq düşmüş regionlarda informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən bəhs etdi. Natiq erməni işğalı nəticəsində uzun illər blokadada yaşayan Naxçıvanın da bu cəhətdən xüsusi maraq doğurduğunu vurğuladı.
ABŞ-ın Nyu-York Universitetinin professoru Corc Sadovski, Kanadanın Simon Freyzer Universitetinin professoru Stela Atkins çıxış edərək sivil cəmiyyətdə informasiya texnologiyalarından istifadənin mühüm rolundan bəhs etdilər. NDU-nun Fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Fərman Qocayev keçiriləcək beynəlxalq elmi seminarın uzun illər blokadada olan Naxçıvan MR üçün əhəmiyyətindən danışdı.
Elmi seminar “Milli və beynəlxalq miqyasda şəbəkələşdirmə: əməkdaşlıq və texniki həllər” mövzusunda bölmə iclası ilə işini davam etdirdi. TeliaSoneranın Polşadakı Beynəlxalq ofisinin Satış üzrə direktoru, doktor Robert Busz “Biliklərə giriş imkanı - uzaq regionların təchiz olunmasında TeliaSonera təcrübəsi” mövzusunda məruzə etdi. Məruzəçi Şimal və Baltik regionunda qabaqcıl telekommunikasiya şirkəti olan TeliaSoneranın distant təhsilin təşkilindəki təcrübəsindən danışdı.
Seminar iştirakçıları Qırğızıstandakı AkNET şirkətinin təmsilçisi doktor Yuri Veliyçukun “Yerdəki telekommunikasiya şəbəkələrindən uzaqda olan və hərəkət edən obyektlərlə rabitənin təşkili” mözusunda məruzəsi ilə də tanış oldular. Bölmə iclasının sonunda Azərbaycan Respublikasının uzaq regionları üçün səciyyəvi olan zərurətlərlə bağlı dəyirmi stol arxasında müzakirə keçirildi.
Növbəti gün elmi seminar plenar iclasla işini davam etdirdi. ABŞ-ın Nyu- York Universitetinin professoru Corc Sadovski “Çətin giriş imkanı olan ssenarilər: mümkün cavablar” mövzusunda məruzə etdi. Amerikalı professor internetdən istifadənin sürətliliyinin təmin edilməsi, müəyyən texniki problemlərin aradan qaldırılması, internet şəbəkələrinin müxtəlif növləri haqqında ətraflı məlumat verdi.
Kanadanın Simon Freyzer Universitetinin professoru Stella Atkins “Uzaq regionlarda təcili tibbi telesəhiyyə xidmətlərinin təchizində yeni çağırışlar” mövzusunda məruzə edərək 1924-cü ildən etibarən telesəhiyyədən istifadəyə başlandığını qeyd etdi. Məruzəçi Alyaska və Dunay çayı deltasının timsalında ucqar ərazilərdə yaşayan əhaliyə təcili tibbi yardım göstərilməsi zamanı informasiya kommunikasiya texnologiyalarının tətbiqindən danışdı.
Fasilədən sonra elmi seminar bölmə iclaslarında işini davam etdirdi. “Mərkəzdən uzaq olan regionlar üçün elektron-elm, distant təhsil və elektron səhiyyə xidmətləri” mövzusunda keçirilən bölmə iclasında AMEA-nın müxbir üzvü, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “Elektron-elm: müasir vəziyyəti, problemlər və həllər” mövzusunda məruzə etdi. Sonra Azərbaycan Respublikasının İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri, professor İlham Mərdanov “Universitet təhsilində innovativ tədris ideyaları”, Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov “Elmi kadrların hazırlanmasında və beynəlxalq tədqiqatlarda informasiya və kommunikasiya texnologiyalarının rolu”, Özbəkistanı təmsil edən, məktəb kompyuteri və İKT təlimi üzrə yerli məsləhətçi, dosent Sayyora Rəhmankulova “Özbəkistanın ucqar regionlarından olan müəllimlər üçün distant öyrənmənin imkanlarına dair təcrübə və perspektivlər” mövzusunda məruzələr etdilər.
Elmi seminarın həmin gün keçirilən “Kampus şəbəkəsi, uzaq regionların universitetlərində informasiya və kommunikasiya texnologiyaları, şəbəkə təhlükəsizliyi, innovasiya zonaları” adlanan bölmə iclası Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovun “Uzaq regionların informasiya və kommunikasiya xidmətlərinə giriş imkanının təşkili” mövzusunda məruzəsi ilə başladı. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədovun “Azərbaycan iqtisadiyyatının diversifikasiyasında regional innovasiya zonasının rolu”, Lənkəran Dövlət Universitetinin əməkdaşı Ülkər Bayramovanın “Ucqar regionlardakı ali məktəblər üçün kampus şəbəkə kommunikasiyaları və onların problemləri” mövzusunda məruzələri dinlənildi.
Elmi seminarın zirvə tədbirindən öncə müxtəlif ölkələrin nümayəndələri və digər qonaqlar Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun qəbulunda oldular, regionda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məsələsi geniş müzakirə edildi, Ali Məclisin Sədri problemin həlli ilə bağlı bir sıra dəyərli təkliflər verdi.
Naxçıvan Dövlət Universitetinin tanıtma filminin nümayişi ilə başlayan zirvə tədbirində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycan Respublikasının regionlarda şəbəkə infrastrukturunun inkişafının prioritet istiqamətləri” mövzusunda məruzə etdi. Nazir ümummilli lider Heydər Əliyevin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər gördüyünü, dahi öndərin bu sahədəki uğurlu siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Natiq Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyəti ideologiyasına xidmət edən bir sıra uğurlu işlər görüldüyünü vurğuladı. Şimali Atlantika Birliyi, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının birgə keçirdiyi elmi seminarın Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına öz qiymətli töhfələrini verəcəyini bildirdi.
NATO-nun Qafqaz üzrə müşaviri Gasek Qajevski “Naxçıvan Dövlət Universiteti üçün WiMax şəbəkəsi” mövzusunda məruzə edərək universitetin bu şəbəkə vasitəsilə bir il ərzində ən güclü və müasir internet kampusuna çevriləcəyini bildirdi. Professor Qajevski regionda informasiyalı cəmiyyət quruculuğu istiqamətində görüləcək əməli işlərdən danışdı.
NDU-nun rektoru, akademik İsa Həbibbəyli “Naxçıvan Dövlət Universiteti üçün informasiya və kommunikasiya texnologiyaları konsepsiyasının səciyyəvi xüsusiyyətləri” mövzusunda məruzə etdi. Rektor qeyd etdi ki, “Elelektron Naxçıvan: problemlər və həllər”, “Elmin və təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu və əhəmiyyəti”, “İnformasiya Cəmiyyəti: reallıqlar və perspektivlər” kimi “Elektron Naxçıvan” proqramları məhz bu ali təhsil ocağında reallaşdırılmışdır. İsa Həbibbəyli universitetdə ilk videokonfrans və videodərslərin keçirilməsindən, fibrooptik kabelin çəkilməsindən, internet mərkəzlərinin və videokonfrans zallarının fəaliyyətindən də söz açdı. Natiq NATO-nun “Elm naminə təhlükəsizlik” proqramı çərçivəsində dəstəklədiyi elmi seminarın mühüm əhəmiyyətindən danışdı, adıçəkilən təşkilatın köməyi ilə yaxın zamanlarda universitetdə kabelsiz internet şəbəkəsi yaradılacağını bildirdi.
Türkiyənin Kocaeli Universitetinin rektoru, professor Sezər Kamsuoğlu təmsil etdiyi universitetdə müasir informasiya texnologiyalarının tətbiqi və öyrənilməsi sahəsində görülən işlərdən danışdı. Rektor təmsil etdiyi ali məktəbin Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlığını bu sahədə də uğurla davam etdirəcəyini bildirdi.
Qars Qafqaz Universitetinin rektoru, professor Abumüslüm Güven çıxışında bildirdi ki, dünyada tanınmaqda olan Naxçıvan Dövlət Üniversitetini informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində də layiqli tərəfdaş kimi görür.
Zirvə tədbirində Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Kocaeli Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universiteti ilə videokonfrans bağlantısı oldu. Videkonfrans bağlantısı vasitəsilə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Şimali Kipr Türk Cümhuriyyətindəki Yaxın Doğu Universitetinin rektoru, professor Ümüt Hasan tədbirə qoşularaq NATO-nun regionlarda informasiya texnologiyalarının inkişaf etdirilməsi işində etibarlı tərəfdaş olduğunu qeyd etdilər, beynəlxalq elmi seminarın əhəmiyyətindən danışdılar. Tədbir iştirakçıları videobağlantı vasitəsilə Batabat Astrofizika Rəsədxanasının internet mərkəzinin açılış mərasimini də izlədilər. Bu videobağlantılar bir daha sübüt etdi ki, Naxçıvan informasiya texnologiyalarının son nailiyyətlərindən bəhrələnməkdədir .
Beynəlxalq elmi seminarın iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti səsləndirildi. Müraciətdə ölkədə elmin, təhsilin, texnologiyanın tərəqqisi istiqamətində qazanılan nailiyyətlərə görə dövlət başçısına minnətdarlıq ifadə olunurdu.
Tədbir NDU-nun konservatoriyasının müəllim və tələbələrinin hazırladığı konsert proqramı ilə başa çatdı.

İki sahil.- 2008.- 25 iyun.- S. 5.