Paşasoy
Yardımlıda Rəsulzadə
parkı açıldı
Rayonun Şiləvəngə
kəndində böyük
öndərin büstü
ucaldılacaq
Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illik yubileyi Yardımlı rayonunda
orijinal şəkildə qeyd olunub. Rayonun
Şiləvəngə kənd
sakini ixtisasca rus dili müəllimi
olan Ağasəf Ağayev öz həyətyanı sahəsində
Məmməd Əmin Rəsulzadənin adına
park salıb. Cümhuriyyətin yubileyi münasibətilə həmin
parkın açılış
mərasimi də keçirilib. Tədbirdə
rayon ziyalıları,
müxalifət partiyalarının
yerli təşkilatının
təmsilçiləri və
qonaqlar iştirak edib.
Qeyd edək ki, A.Ağayev həm də Ədalət Partiyası Yardımlı rayon təşkilatının sədridir.
Elə bu səbəbdən də tədbirə Ədalət
Partiyasının sədr
müavini Mütəllim
Rəhimli də qatılıb. O, çıxışı
zamanı Rəsulzadənin
şərəfli mübarizəsindən
danışaraq bildirib
ki, ucqar bir dağ kəndində
Rəsulzadəyə olan
bu ehtiram təqdirəlayiq nümunədir:
“Məmməd Əminin
heykəli onu sevənlərin qəlbində
çoxdan ucalıb. Ağasəf müəllim
bu gözəl təşəbbüsü reallığa
çevirməklə ulu
öndərə qısqanclıqla
yanaşanlara ibrət
dərsi verdi”.
A.Ağayev özü
isə çoxdan ürəyində gəzdirdiyi
bir ideyanı gerçəkləşdirə bilməsindən fəxr duyur. Onun sözlərinə
görə, Məhəmməd
Əminin adının
bu cür əbədiləşdirilməsini özünə mənəvi
borc sayır.
Müsavat Partiyası
Yardımlı rayon təşkilatının sədri
Şakir İsmayılovdan
aldığımız məlumata
görə, parkda Rəsulzadənin büstünün
qoyulması da nəzərdə tutulub. Müsavat Partiyasının
dəstəyi ilə hazırlanan büst yaxın günlərdə
hazır olacaq. Parkda Rəsulzadəyə
həsr olunmuş xatirə lövhəsi də asılacaq, Cümhuriyyətin və böyük öndərin
keçdiyi şərəfli
yola aid materialların toplandığı
kitabxana fəaliyyət
göstərəcək.
Yeri gəlmişkən,
tarixi dəlillərə
görə, Bakıda
1920-ci il aprelin 28-də qurulan sovet hakimiyyəti Yardımlıda təqribən
bir il sonra
bərqərar olub. Cümhuriyyətin süquta
yetirilməsi ilə barışmayan yerli qüvvələr pərakəndə
şəkildə də
olsa, imperiya cəlladlarına qarşı
silahlı mübarizə
aparıb. Elə tədbirdə də bu fikirlər səslənib və o vaxt şəhid
olanlar anılıb.
Yeni Müsavat.- 2008.- 5 iyun.- S. 4.