Azərbaycanın mədəniyyət
xadimlərinə Dağıstan
Respublikasının fəxri
adları verilmişdir
İyunun 27-də Yaxt-klubda keçirilmiş
mərasimdə Dağıstan
Prezidenti Muxu Əliyev Azərbaycanın
mədəniyyət xadimlərinə
Rusiya Federasiyasının
bu subyektinin xalq artisti və
əməkdar artisti fəxri adlarını vermişdir.
Dağıstan rəhbəri ölkəmizə
səfərinin yekunları
barədə danışarkən
bildirmişdir ki, respublikamızın rəhbərləri
ilə keçirilmiş
görüşlərdə iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf
etdirilməsi məsələlərinə
dair geniş fikir mübadiləsi aparılmışdır. Dağıstan ilə Azərbaycanı
ta qədimdən təkcə mehriban qonşuluq münasibətləri
deyil, həm də qardaşlıq telləri bağlayır.
Muxu Əliyev vurğulamışdır
ki, bu amili
özünün indiki
səfəri zamanı
bir daha yəqin etmişdir. Ən başlıcası, bu görüşlər göstərdi
ki, ikitərəfli əlaqələrin daha da yaxşılaşdırılması
üçün böyük
potensial vardır.
Humanitar sahədə əməkdaşlıq
barədə söhbət
açan Muxu Əliyev qeyd etmişdir ki, Azərbaycan bu sahədə böyük uğurlar qazanmışdır.
Dağıstan Prezidenti Azərbaycanın
mədəniyyət xadimlərini
salamlayaraq onlara fəxri adların vəsiqələrini təqdim
etmişdir.
İlhamə Quliyeva, Zaur Rzayev, Azər
Zeynalov, Elza İbrahimova və Aftandil İsrafilov Dağıstanın xalq artisti, Ədalət Şükürov, Bəsti
Bəkirova, Bəxtiyar
Qantayev, Şərbət
Rzaquliyev əməkdar
artist adına layiq görülmüşlər.
Azərbaycan.- 2008.- 28 iyun.- S. 4.