Tofiq H.

 

Keçmişimizi yaşadan muzey

 

Yeganə Məsimova: "Bu günlərdə Abşeron rayon Tarix Diyarşünaslıq muzeyi özünün 25 illik yubileyini qeyd edib"

 

Hər xalqın öz mədəniyyəti onun keçmişi və bu günüdür. Mədəniyyətimizdə həm də ulu tariximiz var. O tarixi bugünkü nəslə çatdırmaqda əsas vəzifə şübhəsiz ki, muzeylərin üzərinə düsür.

Abşeron rayonundakı Tarix-Diyarşünaslıq muzeyi də məhz bu nəcib amala, məqsədə xidmət edir. Muzeyin  9 əməkdaşı var. Muzey artıq 25 ildir yaranıb. Muzeyin direktoru Yeganə Məsimova ilə söhbətləşə bildik.

-  Yeganə xanım, muzeyin tarixi barədə oxuculara məlumat verəydiniz.

-  Abşeron rayonunda 15 qəsəbə və kəndlərdə Tarix-Diyarşünaslıq  muzeyi əvəzsiz mənbədir. Onlardan rayon sakinləri çox şey öyrənirlər. Bizim rayon Tarix-Diyarşünaslıq muzeyi 1983-cü ilin may ayında yaranıb. Artıq 25 ildir ki, bu muzey fəaliyyət göstərir. Bu kimi mədəni-maarif müəssisələrinin respublikada fəaliyyət göstərməsi ulu öndər Heydər Əliyevin diqqət və qayğısı  nəticəsində mümkün olub.

- Yeganə xanım, muzeyiniz sakinlərə nəyi aşılayır, onlara nəyi çatdırır?

-  Abşeron inzibati bir rayon kimi gənc olmasına baxmayaraq, onun ərazisində olan qəsəbə və kəndlərin əksəriyyətinin tarixi əsrlərin çox qədim dərinliklərindən xəbər verir, tariximizi sübut edir. Hər bir kəndin özünəməxsus tarixi keçmişi haqqında dolğun məlumatı var. Bu funksiyanı öz üzərinə götürən muzeyimiz bu istiqamətdə öz vəzifəsini yerinə yetirir. Yəni muzey tarixi keçmişi ilə, bu günü ilə insanları maarifləndirmə işini görür.

Muzey 4 zaldan ibarətdir ki, orada 1500-ə qədər eksponat sərgilənir. Ümumiyyətlə, muzey fondunda 1974 ədəd eksponat mövcuddur.

Heydər Əliyev zalında ümummilli liderimizin ailə albomundan fotoşəkillər, ulu öndərimiz barədə dolğun və əhatəli bilgilər verən çoxlu sayda eksponatımız vardır ki, bunların vasitəsilə çalışmışıq ki, dahi şəxsiyyət haqqında, onun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verək.

Müasir dövrə aid zalda Abşeron rayonunun görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirən guşələr diqqəti cəlb edir. Burada 1981-ci il aprelin 3-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Abşeronda olmasını əks etdirən fotolar, ölkə prezidentinin 2006-cı ilin 12 sentyabrında Abşerona səfər etməsini və şəhər adı verilməsini əks etdirən fotolar və sənədlər də hər bir abşeronluda qürur hissi doğurur. Zalda həmçinin Abşeronun keçmişi də kənd təsərrüfatı rayonu kimi aldığı müxtəlif diplomlar, Böyük Vətən müharibəsi və Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərin    şəhidləri haqqında stendlər. Xüsusi qeyd etməliyəm ki,  rayonumuz Misir Ərəb Respublikasının Qəlyuviya vilayəti ilə dostluq edir. Bu dostluğa aid şəkillər, kitablar  müasir zalda xüsusi yer tutur. Bunların əldə olunmasında Abşeron mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafovun xüsusi köməyi olub. Açığını deyim ki, İlham Manafov mədəniyyət işini həm yaxşı bilir, həm də onu çox sevir. Necə deyərlər, "Çörəyi ver çörəkçiyə, birini də üstəlik". Orta  əsrlər  zalında XVII-XIX əsrlərdə ata-babalarımızın istifadə etdikləri məişət əşyaları, neft sənayesinin inkişafı ilə bağlı fotolar, görkəmli xeyriyyəçi H.Z.Tağıyev haqqında məlumat, dini inamları və adət-ənənələrimizi əks etdirən stend bura gələnləri çox sevindirir.

Qədim dövr zalında isə rayonun tarixi haqqında fotoşəkillər, Azərbaycanın tarixi xəritələri, daş kitabə, küp və digər məişət, təsərrüfat alətləri nümayiş etdirilir. Bu günlərdə Abşeron rayon Tarix Diyarşünaslıq muzeyi özünün 25 illik yubileyini qeyd edib. Muzey işçiləri bu yubileyi təntənəli qeyd edib və bu, rayonda önəmli bir hadisə kimi yadda qalıb.

Biz də muzey işçilərini bu yubiley münasibətilə təbrik edir və onlara öz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

Azad Azərbaycan.- 2008.- 4 iyun.- S. 5.