"İçərişəhərin müdafiə istehkamları hərbi vətənpərvərlik rəmzidir" mövzusunda elmi praktiki konfrans keçirilmişdir

 

İyunun 24-də Muğam Teatrında Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubleyinə həsr olunmuş "İçərişəhərin müdafiə istehkamları hərbi vətənpərvərlik rəmzidir" mövzusunda elmi praktiki konfrans keçirmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyinin respublikamızda geniş qeyd edildiyini deyən idarənin rəisi, professor Kamran İmanov bildirmişdir ki, tədbirin keçirilməsinin məqsədi gənclərə İçərişəhərin müdafiə ənənələri, keçmişi haqqında məlumatlar verməkdir.

Ulu öndər Heydər Əliyeyin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin İçərişəhərə göstərdiyi diqqət və qayğıdan danışan Kamran İmanov vurğulamışdır ki, qədim tarixi abidələrdən hər biri yarandığı dövrün ictimai-siyasi hadisələrini, ulu nəsillərin arzu və istəklərini, estetik zövqünü əks etdirən daş salnamədir. Qədim mədəniyyətimizin bir qolunu təşkil edən müdafiə istehkamlarının bu abidələr içində xüsusi yeri var. Xalqımız ən qədim zamanlardan yadelli işğalçılara qarşı müdafiə olunmaq üçün müxtəlif tipli istehkamlar yaratmış və bu sahədə təcrübə və bacarıqlarını getdikcə təkmilləşdirərək, yüksək nailiyyətlər qazanmışdır. Bakı özünün tarixi-memarlıq abidələri və müdafiə istehkamları ilə Azərbaycan şəhərləri arasında mühüm yer tutur.

Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov vurğulamışdır ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq xalqımız üçün böyük əhəmiyyəti olan məqamda belə bir tədbir keçirir. Bu tədbir tariximizin öyrənilməsinə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz töhfəsini verəcəkdir.

Milli Təhlükəsizlik Nazirliyi xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov bildirmişdir ki, dövlətimiz gündən-günə inkişaf edir, qüdrətlənir, ordu quruculuğu genişlənir. Ölkədə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün böyük işlər görüldüyünü deyən Fərhad Vahabov qeyd etmişdir ki, bütün sahələrdə tarixi irsimizi qorumalı, onu möhkəmləndirməliyik. Bu baxımdan bugünkü tədbir buna bariz nümunədir.

AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnistitunun şöbə müdiri Məşədixanım Nemət, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" tarix muzeyinin icraçı direktoru Samit Məsimov və başqaları tədbirin əhəmiyyətindən danışmışlar.

Sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin baş tədqiqatçısı Kamil İbrahimov məruzə ilə çıxtş etmişdir.

Konfrans çərçivəsində "İçərişəhərin müdafiə istehkamları" haqqında rəngli nəşrin təqdimatı keçirilmişdir.

Sonda iştirakçılar İçərişəhərdə arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim silahların sərgisinə baxmışlar.

 

Respublika.- 2008.- 25 iyun.- S. 5.