Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə

 

            1. Ümumi müddəalar
1.1. Turizm və rekreasiya zonaları insanların əyləncəsini, istirahətini, müalicəsini və sağlamlığını təmin edən, müvafiq turizm infrastrukturuna malik olan, xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, milli və mədəni irsi qoruma, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmə, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, regionların sosial-iqtisadi inkişafına kömək edən və müvafiq idarəetmə qurumlarına malik ərazilərdir.
1.2.
Turizm və rekreasiya zonaları turizm zonası, rekreasiya zonası və turizm və rekreasiya zonası formalarında yaradıla bilər.
1.3. Turizm və rekreasiya zonalarına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmiş torpaqlarla yanaşı, zonanın hüdudları daxilində yerləşən məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq digər dövlət torpaqları, habelə torpaq sahələri üzərində mövcud olan müvafiq hüquqlara xitam verilmədən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaq sahələri də daxil edilə bilər.
1.4. Turizm və rekreasiya zonalarından Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə əməl etmək şərti ilə istirahət, əyləncə, rekreasiya, turizm fəaliyyəti, təbiətin qorunması, milli-mədəni irsin saxlanılması, elmi tədqiqat, təlim-tərbiyə, turizm statistikası və turist xidmətinin keyfiyyətinə nəzarət məqsədləri üçün istifadə edilə bilər.
1.5. Turizm və rekreasiya zonalarında turizm obyektlərinin, təbiət və mədəniyyət komplekslərinin qorunması və bərpası, inkişaf planlarına uyğun infrastrukturun yaradılması zamanı bu Əsasnamədə müəyyən edilmiş tələblərə zidd olmayan digər fəaliyyət növləri də həyata keçirilə bilər.
1.6. Turizm və rekreasiya zonalarının ərazisində turizm və (və ya) rekreasiya xidməti obyektləri, habelə turistlərə göstərilən xidmətlər kompleksinə daxil olan digər xidmət obyektləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərirlər.
1.7.
Turizm və rekreasiya zonalarının ərazisində yerləşən və üzərindən tədris-məşq, turist cığırlarının və yolların keçdiyi torpaq sahələrinin mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq kompensasiya ödənilir.

2. Turizm və rekreasiya zonalarının yaradılmasının məqsədləri
2.0. Turizm və rekreasiya zonalarında aşağıdakılara nail olunmalıdır:
2.0.1. istehlakçıların təhlükəsizliyinin təmin edilməsinə;
2.0.2. turizm, istirahət və rekreasiya üçün münbit şəraitin yaradılmasına;
2.0.3. turizmin davamlı inkişafının və yerli sosial-iqtisadi layihələrdə turizm və rekreasiya zonalarının iştirakının təmin edilməsi vasitəsilə regionlarda sosial-iqtisadi inkişafa və milli-mədəni irsin saxlanılmasına nail olunmasına;
2.0.4. turizmin köməyi ilə tarix və mədəniyyət abidələrinin, nadir təbiət mənzərələrinin, spesifik turist xidməti obyektlərinin, milli-mədəni irsin qorunmasının və təbliğinin təmin edilməsinə;
2.0.5. ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanmasına şərait yaradan müxtəlif turizm növlərinin yaradılması və təbliğinə;
2.0.6. müvafiq turizm və (və ya) rekreasiya zonasına daxil olan torpaq sahələri üzərində hüquqları olan şəxslərlə razılaşdırılaraq beynəlxalq standartlara cavab verən və keyfiyyətli turist xidməti göstərə bilən turizm infrastrukturunun yaradılmasına;
2.0.7. turizm və rekreasiya zonalarının ərazisində rəqabət qabiliyyətli və əhalinin bütün təbəqələrinə turist xidməti göstərə bilən turizm bazarının yaradılmasına;
2.0.8. turizm sahəsində statistikanın, marketinq və digər araşdırmaların aparılmasına;

2.0.9. daxili və xarici sərmayəçilərin (investorların) cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına;
2.0.10. turizm bazarının tələbinə uyğun olaraq turizm məhsullarının yaradılması və mövcud olan imkanların genişləndirilməsinə;
2.0.11. turizm və rekreasiya zonalarında turizm xidməti sahəsini yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat, kommunikasiya və informasiya vasitələrinin inkişaf etdirilməsinə;
2.0.12. turizm və rekreasiya zonalarında fəaliyyət göstərən müəssisələrin iştirakı ilə ərazinin sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş layihələrin həyata keçirilməsinə;
2.0.13. turizm və rekreasiya zonalarında yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına;

2.0.14. turizm və rekreasiya zonaları sahəsində dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinə.

3. Turizm və rekreasiya zonalarının yaradılması
3.1. Turizm və rekreasiya zonaları bu Əsasnamənin 1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun gələn və turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli olan ərazilərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır.
3.2. Turizm və rekreasiya zonalarına Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş aşağıdakı zonalara aid sahələr daxil edilə bilər:
3.2.1. arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən olunmuş zonalar;
3.2.2. meşə fondu zonaları;
3.2.3. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası);
3.2.4. dağ zonaları;
3.2.5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər ərazilər.
3.3. Turizmin davamlı inkişafını təmin etmək üçün turizm və rekreasiya zonalarına yaxın ərazilərdə istənilən növ turizm və (və ya) rekreasiya üzrə fəaliyyətin həyata keçirilməsi zərurəti yarandıqda, həmin ərazilər hesabına müəyyən olunmuş qaydada turizm və (və ya) rekreasiya zonasının sahəsi genişləndirilə bilər.
4. Turizm və rekreasiya zonalarında tətbiq edilən mühafizə rejiminin xüsusiyyətləri
4.1. Turizm və rekreasiya zonalarında mövcud olan təbiət, tarix-mədəniyyət, şəhərsalma və memarlıq, təsərrüfat xüsusiyyətləri nəzərə alınaraq qanunvericiliyə uyğun olaraq xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq oluna bilər. Bu fəaliyyət zonalarına aşağıdakılar daxildir:
4.1.1. tarix və mədəniyyət abidələrinə və arxeoloji qazıntılara aid edilən, xüsusi mühafizə rejimi tətbiq olunan zonalar;
4.1.2. milli parkların və qoruqların ərazisindəki turizm sahələri, təbiət abidələri və meşə örtüyü olan xüsusi mühafizə rejimi tətbiq edilən zonalar;
4.1.3. müalicə və rekreasiya zonaları;
4.1.4. turist bazalarının, qış dağ-xizək düşərgələrinin, istirahət mərkəzlərinin, sanatoriyaların, mehmanxanaların və ona bərabər tutulan yerləşdirmə obyektlərinin fəaliyyət göstərdiyi zonalar, o cümlədən kurortlar.
4.2. Xüsusi mühafizə rejimi tətbiq edilən ərazilər və orada yerləşən obyektlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qorunan obyektin xarakterinə uyğun mühafizə olunur.
4.3. Turizm və rekreasiya zonalarına istirahət və rekreasiya məqsədləri üçün gələn istehlakçılara həmin zonada təklif olunan bütün növ turist və rekreasiya xidmətindən istifadə etmək imkanı yaradılır.
4.4. Turizm və rekreasiya zonalarında müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, vətənpərvərlik ruhunda təlim-tərbiyə və sınaq-təcrübə tədbirləri keçirilə bilər.
4.5. Turizm və rekreasiya zonalarında xüsusi mühafizə rejimini və qaydalarını pozan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
4.6. Turizm və rekreasiya zonalarının ərazisində (bu Əsasnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş bütün fəaliyyət zonalarında) aşağıdakılar qadağan edilir:
4.6.1. təbiət komplekslərinin, tarix və mədəniyyət abidələrinin, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin t
əhlükəsizliyini təhdid edən hər hansı bir fəaliyyətin həyata keçirilməsi və ya hərəkətə yol verilməsi;
4.6.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
4.6.3. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı və bu qəbildən olan digər fəaliyyət növlərinin həyata keçirilməsi;
4.6.4. qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacları üçün zəruri hesab edilən hallar istisna olmaqla, turizm və rekreasiya zonalarının ərazisində Baş inkişaf planında nəzərdə tutulmamış, turizm və ya rekreasiya fəaliyyəti ilə bağlı olmayan bərk örtülü yolların, boru kəmərlərinin, elektrik, neft buruqları və onların infrastrukturu və digər kommunikasiya xətlərinin çəkilməsi;
4.6.5. turizm və rekreasiya zonalarının ərazisində Cari inkişaf planında nəzərdə tutulmamış və ya zonanın idarəetmə orqanı ilə razılaşdırılmamış yerlərdə treyler yaşayış-istirahət qəsəbələrinin, piyada marşrutların yaradılması, dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;
4.6.6. müvafiq fəaliyyət növünə xüsusi razılığı (lisenziyası) olmayan və Baş inkişaf planında nəzərdə tutulmayan mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin fəaliyyəti;
4.6.7. ətraf mühitə dəyən ziyanı minimuma endirən müvafiq avadanlıqlarla təchiz olunmayan tikili və obyektlərin istifadə edilməsi;
4.6.8. yerli fauna və flora növlərinə mənfi təsir edən fəaliyyət növləri;
4.6.9. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan təsərrüfatdaxili layihələrin həyata keçirilməsi.
4.7. Turizm və rekreasiya zonalarında aidiyyəti dövlət orqanının rəyi nəzərə alınmaqla, ərazilərin ekoloji, sanitariya-epidemioloji, elmi, estetik, mədəni, turizm və rekreasiya dəyərlərini aşağı sala bilən digər fəaliyyət növləri də qanunvericiliyə uyğun məhdudlaşdırıla və ya qadağan edilə bilər.

5. Turizm və rekreasiya zonalarının elmi tədqiqat və marketinq-araşdırma fəaliyyəti
5.1. Turizm və rekreasiya zonalarında elmi tədqiqat rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə ekoloji, sanitariya-epidemioloji vəziyyətin proqnozlaşdırılmasına, qiymətləndirilməsinə, səciyyəvi, nadir təbiət və şəhərsalma, memarlıq komplekslərinin elmi əsaslandırılmış üsullarla qorunmasına yönəldilir.
5.2.
Turizm və rekreasiya zonalarında elmi tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyası, elmi tədqiqat institutları, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, turizm, şəhərsalma və memarlıq sahəsində çalışan tədqiqatçılar tərəfindən aparıla bilər.
5.3. Marketinq-araşdırma və proqnozlaşdırma fəaliyyəti ilə bağlı turizm və rekreasiya zonasının hər birində turizm informasiya mərkəzləri yaradılır. Həmin mərkəzlər vasitəsilə zonanın turizm və (və ya) rekreasiya potensialının öyrənilməsi, turist xidmətlərinin təşviqi həyata keçirilir və turizm-məlumat bazasının yaradılması təşkil olunur.
5.4.Turizm və rekreasiya zonalarının rəhbərliyinə turizm və rekreasiya zonalarının ərazisində yerl
əşən turist xidməti obyektləri tərəfindən marketinq - araşdırma və proqnozlaşdırma işlərinin aparılması üçün statistik məlumatların verilməsi məcburidir.

6. Turizm və rekreasiya zonalarının idarə olunması
6.1. Turizm və rekreasiya zonalarının idarə olunması həmin zonalarda turizm fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsindən, turizm fəaliyyətinin dövlət tənzimlənməsindən, habelə bu fəaliyyətin istiqamətləndirilməsindən ibarətdir və heç bir halda həmin ərazidə mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılmasına yönəldilə bilməz.
6.2. Turizm və rekreasiya zonaları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu Əsasnaməyə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq idarə olunur.
6.3. Turizm və rekreasiya zonalarının, o cümlədən ictimai əsaslarla və (və ya) təsərrüfathesabı prinsipi ilə idarə edilməsi üçün aşağıdakı üsullardan istifadə oluna bilər:
6.3.1. turizm və (və ya) rekreasiya zonasında bilavasitə idarəçiliyin tətbiq edilməsi;
6.3.2. turizm və (və ya) rekreasiya zonası Şurasının (bundan sonra - Şura) yaradılması və həmin Şuranın fəaliyyətinin təmin edilməsi;
6.3.3. turizm və (və ya) rekreasiya zonasının idarəetməyə verilməsi.
6.4. Turizm və rekreasiya zonaları bu Əsasnamənin 6.3.1-ci yarımbəndinə uyğun olaraq idarə edildikdə, turizm və rekreasiya zonalarında turizm fəaliyyətinə dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsi və turizm fəaliyyətinin istiqamətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərən xüsusi struktur vahidi yaradılır. Turizm və (və ya) rekreasiya zonalarını idarə edən müvafiq qurum kommersiya fəaliyyəti ilə məşğul ola bilməz.
6.5. Turizm və rekreasiya zonaları bu Əsasnamənin 6.3.2-ci yarımbəndinə uyğun olaraq idarə edildikdə, müvafiq turizm və (və ya) rekreasiya zonası yaradıldığı gündən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş müddətdə kollegial orqan olan Şura yaradılır.
6.6. Şuranın tərkibinə aşağıdakı şəxslər daxil edilirlər:
6.6.1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri;
6.6.2. turizm və (və ya) rekreasiya zonasının əhatə etdiyi torpaq sahələrinin yerləşdiyi ərazilər üzrə bələdiyyə nümayəndələri;
6.6.3. zəruri hallarda turizm və (və ya) rekreasiya zonasına daxil olan torpaq sahəsinin mülkiyyətçisi və ya onun nümayəndəsi, mülkiyyətçi dövlət olduqda müvafiq dövlət orqanının nümayəndəsi, torpaq sahəsinin əlavə olaraq sahibi, istifadəçisi və ya sərəncamçısı olduqda, həmin şəxslər və ya onların nümayəndəsi;
6.6.4. turizm və (və ya) rekreasiya zonasının inkişafına sərmayə (investisiya) qoymuş şəxslər (belə şəxslər yalnız onların sərmayə qoyuluşu haqqında təklifləri layihə şəklində müvafiq olaraq Şura və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edildikdən sonra Şurada təmsil olunmaq hüququ qazanırlar).
6.7.
Eyni bir şəxsin, habelə dövlət və ya bələdiyyə orqanının bir neçə əsasla Şurada təmsil olunmaq hüququ olduqda, o, bir və ya bir neçə üzvlə təmsil oluna bilər.
6.8. Şura aşağıdakı səlahiyyətlərə malikdir:
6.8.1. turizm və (və ya) rekreasiya zonasının Baş inkişaf plan
ının layihəsinin hazırlanması və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməsi;
6.8.2. turizm və (və ya) rekreasiya zonasının Cari inkişaf planının qəbul edilməsi və həmin planın bir nüsxəsinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməsi;
6.8.3. potensial sərmayəçilərin (investorların) müvafiq zona üzrə layihələrin həyata keçirilməsinə cəlb edilməsi və sərmayə (investisiya) qoymaq arzusunda olan şəxslərlə danışıqların aparılması;
6.8.4. dövlət və bələdiyyə orqanları, digər müəssisə və təşkilatlarla və ayrı-ayrı sərmayəçilərlə birgə layihələrin hazırlanması və ya təklif olunan layihələrin müzakirəsi;
6.8.5. turizm və (və ya) rekreasiya zonasının pasportunun hazırlanması;

6.8.6. müvafiq turizm və (və ya) rekreasiya zonasında həyata keçirilən fəaliyyətin öz səlahiyyətləri daxilində yoxlanılması və təhlil edilməsi (monitorinq);
6.8.7. müvafiq turizm və (və ya) rekreasiya zonasında həyata keçirilən fəaliyyətlə bağlı məlumatların (o cümlədən monitorinq nəticələrinin) qanunvericiliyin tələbləri nəzərə alınmaqla dərc edilməsi;
6.8.8. turizm və (və ya) rekreasiya zonasında icra orqanları yaradıldıqda, bu orqanlara icrası məcburi olan göstərişlərin verilməsi;
6.8.9. turizm və (və ya) rekreasiya zonasının idarə edilməsi sahəsində müvafiq qayda və təlimatların hazırlanması və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiqinə təqdim edilməsi;
6.8.10. zəruri hallarda, turizm və (və ya) rekreasiya zonasında müvafiq layihəni həyata keçirən şəxslə (şəxslərlə) torpaq üzərində hüquqları olan şəxslər arasında müvafiq müqavilənin bağlanılmasının təklif edilməsi;
6.8.11. Şuranın öz təşəbbüsü ilə hazırlanmış layihələr üzrə müsabiqələrin keçirilməsi, maliyyə mənbəyinin tapılması üçün tədbirlərin görülməsi;
6.8.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş, eləcə də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şuraya həvalə edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.
6.9. Zərurət olduqda, Şuranın təklifi əsasında turizm və (və ya) rekreasiya zonasının cari idarə edilməsinin həyata keçirilməsi məqsədilə turizm və (və ya) rekreasiya zonasının icra orqanları yaradıla bilər.
6.10. Şura və turizm və (və ya) rekreasiya zonasının icra orqanları Azərbaycan Respublikas
ının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilən Əsasnaməyə uyğun fəaliyyət göstərirlər.
6.11. Bu Əsasnamənin 6.3.3-cü yarımbəndinə uyğun olaraq, turizm və rekreasiya zonalarının idarə olunması və inkişaf etdirilməsi, qanunvericiliyə uyğun olaraq müsabiqə keçirilməklə kənar idarəçiyə həvalə edilə bilər.
6.12. Bu Əsasnamənin 6.11-ci bəndində nəzərdə tutulmuş halda, Şuranın rəyi əsasında, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müvafiq kənar idarəçi ilə turizm və (və ya) rekreasiya zonalarının idarə olunmasına və inkişafına dair müqavilə bağlayır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi kənar idarəçinin fəaliyyətinə nəzarət edir və həmin kənar idarəçinin müvafiq qərarlarını ləğv etmək hüququna malikdir.
6.13. Kənar idarəçi turizm və (və ya) rekreasiya zonalarının idarə olunması üçün əqdlər bağlayır, zonada həyata keçirilən fəaliyyətlə bağlı marketinq işini və zonaya daxil olan obyektlərin mühafizəsini təşkil edir, layihələr hazırlayıb Şuraya təqdim edir, sərmayəçiləri zonanın inkişafına cəlb edir, qanunvericiliklə qadağan edilməyən səlahiyyətləri zonanın idarə olunmasına və inkişafına dair müqaviləyə uyğun həyata keçirir.
7. Baş və Cari inkişaf planları. Turizm və rekreasiya zonasının pasportu
7.1. Baş və Cari inkişaf planları turizm və (və ya) rekreasiya zonalarının inkişafı məqsədi ilə tərtib edilir.
7.2. Baş inkişaf planı müəyyən dövr ərzində ərazinin mövcud potensialına uyğun olaraq turizm və (və ya) rekreasiya zonasının inkişafını, burada tikililərin və qurğuların inşasını və yerləşdirilməsini, avtomobil və digər bərk örtüklü yolların çəkilməsini və zonada əhəmiyyətli dəyişikliklərə səbəb ola bilən digər mühüm işlərin görülməsini nəzərdə tutan, bu Əsasnamənin 7.4-cü bəndi ilə müəyyən edilmiş qaydada təsdiq edilən sənəddir.
7.3. Baş inkişaf planında müvafiq turizm və (və ya) rekreasiya zonasının mövcud potensialına uyğun olaraq aşağıdakı istiqamətlərdə inkişafı nəzərdə tutulmalıdır:
7.3.1. müvafiq standartlara cavab verən turist xidməti (yerləşdirmə, iaşə, nəqliyyat, ekskursiya, təşviqat və məlumatlandırma) infrastrukturunun yarad
ılması;
7.3.2. turizm bazarının tələbatına uyğun turizm növlərinin yaradılması və genişləndirilməsi;
7.3.3. turizm və (və ya) rekreasiya zonasının inkişafı və idarə edilməsi üçün maliyyə mənbələrinin müəyyən edilməsi və aidiyyəti üzrə sərmayənin (investisiyanın) cəlb olunması;
7.3.4. turistlərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi;

7.3.5. müasir turizm bazarında rəqabətə davamlılığı təmin edən marketinq siyasətinin qurulması;
7.3.6. turizmin davamlı inkişafını, yerli əhalinin sosial-iqtisadi durumunu və regionlarda yeni iş yerlərinin yaradılmasını təmin edən fəaliyyətin genişləndirilməsi.
7.4. Baş inkişaf planı Şuranın təklifinə əsasən, dövlət proqramlarının və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının turizm sahəsinə dair müddəaları nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir. Baş inkişaf planı 5 illik dövrü əhatə edir.
7.5. Cari inkişaf planı müəyyən dövr ərzində turizm və (və ya) rekreasiya zonasında piyada və mexaniki nəqliyyat vasitələrinin konkret marşrutlarını, cığırların və digər bərk örtüyü olmayan yolların çəkilməsini, yüngül konstruksiyaların və reklam lövhələrinin quraşdırılmasını, onların yerləşdirilməsini və zonada əhəmiyyətli dəyişikliklərə səbəb olmayan digər az əhəmiyyətli işlərin görülməsini nəzərdə tutan, Şura tərəfindən təsdiq edilən sənəddir.
7.6. Cari inkişaf planı 1 illik dövrü əhatə edir. Cari inkişaf planları Baş inkişaf planına uyğun olaraq, Baş inkişaf planının təsdiq edildiyi gündən sonra 3 aydan gec olmayaraq qəbul edilir.
7.7. Hər bir turizm və (və ya) rekreasiya zonası pasportla təmin edilir. Zonanın pasportunda mövcud turist xidməti obyektlərinin və turizm və (və ya) rekreasiya zonasında yaradılması nəzərdə tutulan obyektlərin yerləşdirilməsi, nəqliyyat yolları, piyada və mexaniki nəqliyyat vasitələrinin marşrutları göstərilməlidir.
7.8. Turizm və (və ya) rekreasiya zonasının pasportu 3 bölmədən ibarət aşağıdakı qaydada tərtib və təsdiq edilir:
7.8.1. birinci bölmə müvafiq turizm və (və ya) rekreasiya zonasında mövcud olan vəziyyəti əks etdirir. Bu bölmənin layihəsi Şura tərəfindən qəbul edilib, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsdiqinə təqdim edilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həmin layihəni təqdim edilmiş məzmunda qəbul edə və ya ona əlavə və dəyişikliklərin edilməsini, o cümlədən müvafiq araşdırmaların aparılmasını təklif edərək Şuraya geri qaytara bilər;
7.8.2. ikinci bölmə Baş inkişaf planından, habelə ona əlavə olunan qrafik və digər sənədlərdən ibarətdir;
7.8.3. üçüncü bölmə Cari inkişaf planından və ona əlavə olunan yekun qrafik və digər sənədlərdən ibarətdir. Cari inkişaf planı təsdiq edildikdən sonra inkişaf planları nəzərə alınmaqla planları əks etdirən yekun qrafik və digər sənədlər (sxemlər, xəritələr, təsvirlər və s.) hazırlanır və Şura tərəfindən təsdiq edilərək müvafiq turizm və (və ya) rekreasiya zonasının pasportuna əlavə edilir;
7.8.4. pasportun yekun redaksiyası bütün əlavə və qoşmalarla birlikdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır və zonanın müvafiq məsul şəxsində saxlanılır.
7.9. Pasporta əlavə və dəyişikliklər onun düzəlişlərə məruz qalan hissəsi üçün nəzərdə tutulmuş qaydada tətbiq edilir və pasportun yeni redaksiyası dövlət qeydiyyatına alınır.

8. Turizm və rekreasiya zonalarına dövlət nəzarəti
8.1. Turizm və rekreasiya zonalarına dövlət nəzarətinin məqsədi həmin ərazilərin vəziyyətinə, mühafizəsi, qorunması, bərpası və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək, qanunvericiliklə müəyyən edilmiş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdir.
8.2. Turizm və rekreasiya zonalarında həyata keçirilən idarəetmə və turizm fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycan.- 2008.- 22 iyun.- S. 3.