Qafar T.
Azərbaycanın turizm
ölkəsi kimi tanınacağı gün uzaqda deyil
Prezident İlham Əliyev
20 iyun 2008-ci il tarixli fərmanı ilə “Turizm və rekreasiya zonaları
haqqında nümunəvi Əsasnamə”ni təsdiq
etmişdir
Azərbaycanın
zəngin təbiəti, iqlimi, şəlalələri və
dağ çeşmələri, min illərin yadigarları
olan tarixi-memarlıq abidələri bu diyarda turizmin
inkişafı üçün əlverişli şərait
yaradır. Xəzərin 800 kilometr uzunluqda qızıl qumlu
sahilləri, ecazkar mənzərəli dağlarımız,
şaqraq səsli çaylarımız dünyanın istənilən
ölkəsinin turistləri üçün arzu olunan
səyahət marşrutlarıdır. Yəni Azərbaycanda turizmi
inkişaf etdirmək, bu sahəni neft-qaz amilindən sonra
iqtisadiyyatın ən əhəmiyyətli sahəsinə
çevirmək üçün hər bir şərait var.
"Biz indi bu sahəyə çox böyük diqqət
göstəririk. Turizm infrastrukturunun
möhkəmlənməsinə böyük həcmdə
vəsait yönəldilir"- deyən Prezident İlham
Əliyev əlavə edir ki, turizmi inkişaf etdirmək
üçün infrastrukturun-yolların, aeroportların, mehmanxanaların
və digər obyektlərin yaradılması ən zəruri
məsələlərdir.
Ölkə Prezidentinin
təsdiq etdiyi "Turizm və rekreasiya zonaları haqqında nümunəvi
Əsasnamə"nin giriş hissəsində qeyd olunur ki,
belə zonalar insanların əyləncəsini,
istirahətini, müalicəsini və
sağlamlığını təmin edən, müvafiq
infrastruktura malik olan, ekoloji, tarixi, iqtisadi və mədəni
əhəmiyyət daşıyan ərazilərdir. Turizmin davamlı
inkişafının və bu istiqamətdə olan
layihələrdə bölgələrin iştirakı bütövlükdə
ölkənin sosial-iqtisadi və mədəni inkişafına
güclü təsir göstərən amildir. Konkret olaraq qeyd
edək ki, turizmin köməyi ilə tarix və
mədəniyyət mərkəzlərinin, nadir təbiət
mənzərələrinin, spesifik turist xidməti
obyektlərinin təbliği ölkənin
tanıdılmasının, xarici dövlətlərlə
yanaşmanın, dünyaya inteqrasiyanın mühüm
şərtlərindən biri hesab olunur. Beş illik dövrü
əhatə edən Əsasnamə Respublika
Mədəniyyət və Turizm Nazirliyinin turizmin
inkişafı üçün görəcəyi
işlərin baş planıdır. Bu işlər
dövlət nəzarəti altında icra olunacaqdır.
Azərbaycanda turizmin
inkişafı dövlət başçısı İlham
Əliyevin daimi diqqətindədir. Prezident iştirak etdiyi
hər bir mötəbər yığıncaqda,
xüsusilə beynəlxalq tədbirlərdə xarici
şirkətləri təkcə neft-qaz sahələrində
deyil, turizm sahəsində də ölkəmizlə
əməkdaşlığa dəvət edir. Bu mənada, iki
il əvvəl İslam Konfransı Təşkilatına
üzv olan ölkələrin turizm nazirlərinin Bakıda
keçirilmiş konfransını xüsusi qeyd etməyi
lazım bilirik. Çünki həmin konfrans Azərbaycanda bu
sahənin inkişafına güclü təkan verdi. Prezidentin
turizm nazirlərinə müraciətlə dediyi
"Azərbaycanın turizm imkanlarından siz də bəhrələnin.
Çünki bu sahə çox sürətlə inkişaf edəcək.
Ölkəmizə çox böyük həcmdə
sərmayə qoyulacaq. İstərdik ki, dost, qardaş
ölkələrin nümayəndələri turizm
sahəsində də bizimlə əməkdaşlıq etsinlər"
sözləri tezliklə nəticəsini göstərdi.
İslam Konfransı Təşkilatına üzv olan bir
sıra dövlətlər Böyük Qafqaz sıra
dağlarının ətəklərində, Xəzər
dənizi sahillərində, həmçinin Quba-Qusar
bölgəsində və İsmayıllı rayonu
ərazilərində turizm mərkəzləri yaradılmasına
sərmayə qoyurlar. Bu mərkəzlərin bir çoxu
artıq fəaliyyətdədir, digərlərində isə
qızğın iş gedir.
Qeyd etdiyimiz kimi, turizmi
inkişaf etdirib gəlirli sahəyə çevirmək
üçün Azərbaycanda hər bir şərait var.
Dağ rayonlarımız olan Lerikin, Gədəbəyin,
Qusarın, İsmayıllının, Göygölün,
Şəki-Zaqatala bölgəsinin füsunkar təbiəti,
tarixi abidələri, yerli sakinlərin məişəti,
hətta mətbəxi xarici turistləri cəlb edir.
Sadəcə, yerli sahibkarlar və bələdiyyələr bu
istiqamətdə görülmüş işləri genişləndirsələr
həm özləri qazanar, bütöviükdə
ölkəmizin iqtisadiyyatı güclənər, həm
də işsizliyin tam ləğvi üçün
şərait yaranır.
Dövlət
başçısı İlham Əliyevin səyləri
ilə ölkədə turizm infrastrukturunun
təkmilləşməsi, sahənin inkişafını
nəzərdə tutan fərmanlar imzalanması, yerli və xarici
sahibkarları bu gəlirli sahənin inkişafına cəlb
edilməsi belə bir həqiqəti təsdiq edir ki,
Azərbaycanın turizm ölkəsi kimi tanınacağı
gün uzaqda deyil.
İki sahil.- 2008.- 25 iyun.- S. 5.