Şəkidə yeni turizm istirahət mərkəzi istifadəyə verilmişdir

 

Şəki rayonunun Kiş kəndi ərazisində, dağların qoynunda "Cənnət bağı" turizm-istirahət mərkəzi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov yeni istirahət mərkəzinin tarix memarlıq abidələri ilə zəngin olan, əsrarəngiz təbiəti ilə seçilən qədim Şəkidə turizmin inkişafını daha da sürətləndirəcəyini, əhalinin məşğulluğuna müsbət təsir göstərəcəyini bildirmiş, mərkəzin işinə uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olmuşlar. Müasir standartlara uyğun milli memarlıq üslubunda, əsasən ağac materiallarından inşa edilən yeni turizm mərkəzinə ailəvi istirahət üçün nəzərdə tutulmuş 2-3 nəfərlik 8 kottec, istirahət guşələri, hovuz, mədəni-kütləvi tədbirlərdən ötrü 120 nəfərlik zal digər obyektlər daxildir. Mərkəz eyni vaxtda 30 nəfər turisti qəbul etmək imkanına malikdir. Yaxınlıqda, Kiş kəndi ərazisində erkən orta əsrlərə aid qədim alban məbədinin yerləşməsi bura xarici turistlərin marağını daha da artıracaqdır.
Mərasim maraqlı konsert proqramı ilə başa çatmışdır

 

Azərbaycan.- 2008.- 1 iyun.- S. 4.