Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidməti xəbər verir ki,
2008-ci ilin mayında YUNESKO, Avropa Şurası və Avropa
İttifaqının Paris, Strasburq və Brüssel
şəhərlərində yerləşən
qərargahlarında Azərbaycan Xalq Cümhuriyyətinin 90
illik yubileyinə həsr olunmuş uşaq konsertləri və
balaca rəssamların əsərlərindən ibarət
sərgilər təşkil edilmişdir. Konsertlərdə Dövlət Uşaq və Gənclər Simfonik Orkestri, Uşaq Xor Kapellası,
Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri,
respublikanın müxtəlif
musiqi və incəsənət məktəblərinin
təmsilçiləri böyük
uğurla çıxış
etmişlər.
İlk konsert və sərgi mayın 20-də Parisdə YUNESKO-nun qərargahında
keçirilmişdir. YUNESKO-nun xoşməramlı
səfirlərinin illik
hesabat yığıncağında
iştirak edən
YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı, Mehriban xanım Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura konsertdən əvvəl çıxış
etmişlər.
Konserti İordaniya Haşimilər və Niderland krallıqlarının
birinci xanımları,
digər xoşməramlı
səfirlər də dinləmişlər.
Növbəti iki konsert Strasburq şəhərində olmuşdur.
Mayın 22-də Avropanın ən möhtəşəm kilsələrindən
biri olan Strasburq Kafedralında konsertdən əvvəl kardinal azərbaycanlı qonaqları salamlamışdır.
Məlum olduğu kimi, 2008-ci il Avropada mədəniyyətlərarası
dialoq ili elan edilmişdir. Kafedraldakı konsert Azərbaycanın bu prosesdə fəal iştirakını nümayiş
etdirməklə, müxtəlif
mədəniyyətlərin və dinlərin bir-birinə yaxınlaşması işinə
töhfə olmuşdur.
Strasburq Kafedralında konsert təşkil olunmasına müstəsna hallarda icazə verildiyini və burada müsəlman ölkəsi
nümayəndələrinin ilk dəfə çıxışını nəzərə alsaq, həmin tədbirin nə dərəcədə
böyük əhəmiyyət
kəsb etdiyi aydın olar.
Mayın 23-də Strasburq şəhərində
Avropa Şurasının
Nazirlər Komitəsinin
foyesində azərbaycanlı
uşaqların rəsmlərindən
ibarət sərgi açılmış, Uşaq
Xor Kapellasının konserti olmuşdur.
Sərginin açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük
Millət Məclisinin
sədri Köksal Toptan, Fransa Senatının sədri Kristian Ponsöle, Albaniya, Moldova, Monako parlamentlərinin sədrləri, Almaniya Bundestaqı sədrinin müavini, onu müşayiət edən
nümayəndə
heyəti iştirak etmişlər.
Həmin gün Strasburqun “Palais de la Musique
et des Congres”
sarayında da azərbaycanlı uşaqların
iştirakı ilə
böyük konsert proqramı olmuşdur. Strasburqda ilk dəfə belə yüksək səviyyədə təşkil
edilən tədbirlərdə
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Oqtay Əsədov, onu müşayiət edən
nümayəndə heyəti,
Avropa Şurası Parlament Assosiasiyasının
sədri Luis Maria de Puç,
Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio,
Avropa Şurasının
mədəniyyət, təhsil,
gənclər və idman üzrə Baş direktoru Qabriella Battaini-Draqoni, təşkilata üzv ölkələrin səfirləri
və qurumun digər yüksək vəzifəli təmsilçiləri
iştirak etmişlər.
Fransaya səfər çərçivəsində
“Luvr muzeyi və Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi arasında əməkdaşlıq üzrə
razılıq protokolu”nun layihəsi, habelə dahi Azərbaycan bəstəkarı
Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar Luvr muzeyində konsertin təşkil edilməsi barədə muzey rəhbərliyi
ilə danışıqlar
aparılmışdır.
Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlığı inkişaf etdirmək, Azərbaycan mədəniyyəti
və incəsənətini
təbliğ etmək
məqsədilə mayın
26-da Avropanın siyasi
mərkəzi sayılan
Brüssel şəhərinin
ən möhtəşəm
konsert salonunda -“Theatre de Wolubilis”də azərbaycanlı uşaqların konserti olmuş, foyedə balaca rəssamların əsərləri
nümayiş etdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik
yubileyi münasibətilə
Fransa və Belçikada keçirilmiş
bütün tədbirlərin
təşkilində ölkəmizin
YUNESKO, Avropa Şurası
və Avropa İttifaqı yanında daimi nümayəndəlikləri
fəal iştirak etmişlər. Uşaq konsertlərinin, rəsm sərgilərinin yüksək
səviyyədə hazırlanması
və keçirilməsi,
uşaq kollektivlərinin,
kiçik solistlərin
ifaçılıq məharəti
tamaşaçıları valeh etmiş və böyük əks-səda doğurmuşdur.
Tədbirlərdə YUNESKO, Avropa Şurası,
Avropa İttifaqı və Azərbaycan Respublikasının yüksək
vəzifəli şəxsləri,
müvafiq beynəlxalq
təşkilatlar yanında
ölkəmizin daimi nümayəndələri, diplomatik
korpusun təmsilçiləri,
Azərbaycan diasporunun
üzvləri iştirak
etmiş, tədbirlər
kütləvi informasiya
vasitələri
tərəfindən geniş
işıqlandırılmışdır.
Xalq qəzeti.- 2008.- 7 iyun.- S. 4.