Niftəliyev E.
Berlində
ümummilli liderHeydər Əliyevin 85 illik yubileyinə
həsr olunmuş sərgi açılmışdır
Azərbaycanın
Almaniyadakı səfirliyindən bildirmişlər ki, Berlin
şəhərindəki “Berlin-Bakı Qalereyası”nda (GBB)
ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi
münasibətilə azərbaycanlı rəssam və
memarların əsərlərindən ibarət sərgi
açılmışdır. Sərgi
Azərbaycanın Almaniyadakı
səfiri Pərviz Şahbazovun və Almaniyanın Azərbaycandakı
səfiri Per Kristofer Stançinanın
himayədarlığı ilə
keçirilir.
Sərgidə Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
rektoru, akademik Ömər Eldarovun rəhbərliyi ilə akademiya müəllimlərinin
boyakarlıq, qrafika və memarlıq janrlarında 30-dək əsəri nümayiş
etdirilir.
İki ay davam edəcək sərgini GBB-nin direktoru İbrahim Əhrari açmışdır.
Səfir
P.Şahbazov çıxış
edərək ümummilli
lider Heydər Əliyevin Azərbaycan mədəniyyət və
incəsənətinə göstərdiyi
qayğıdan, Azərbaycan
və Almaniya arasında mədəniyyət
sahəsində münasibətlərin
inkişafından danışmışdır.
AFR Xarici İşlər
Nazirliyi mədəniyyət
bölməsinin rəhbəri
Volfqanq Dik türk dilində çıxış edərək,
bu sərgini Azərbaycan mədəniyyətinin
Almaniyada təbliği
sahəsində növbəti
uğur kimi səciyyələndirmişdir. O, ümumilikdə “Almaniyada Azərbaycan İli-2008" mədəniyyət
proqramı çərçivəsində
təşkil edilən
tədbirlərin iki ölkə arasında münasibətlərin daha
da yaxınlaşmasına
töhfə verəcəyini
vurğulamışdır.
Sonra Rəssamlıq Akademiyasının
rektoru Ömər Eldarov və prorektor Səlhab Məmmədov çıxış
edərək akademiyanın
15-dən çox müəlliminin işinin
Berlində təqdim edilməsini yüksək dəyərləndirərək, GBB rəhbərliyinə, səfirliyə
və sponsorlara minnətdarlıqlarını bildirmişlər.
“Berlin-Bakı Qalereyası” ötən il noyabrın 18-də açılmışdır.
İdeyanın təşəbbüskarları
berlinli rəssam və dizayner İbrahim Əhrari və bakılı incəsənət xadimi Emin Məmmədovdur. Qalereyanın
məqsədi almaniyalı
və azərbaycanlı
rəssamların, heykəltəraşların
və digər incəsənət nümayəndələrinin
əsərlərindən ibarət
sərgilərin təşkili
və iki xalq arasında mədəni münasibətlərin
daha da intensivləşməsinə
dəstək göstərməkdir.
Almaniyada Azərbaycan İli çərçivəsində
Azərbaycan mədəniyyət
və incəsənətinin
avropalılara tanıdılması
məqsədi ilə tədbirlərin keçirilməsi
davam edir.
Xalq qəzeti.- 2008.- 8 iyun.- S. 2.