Əliyeva N.

 

Mədəniyyətin tərəqqi potensialı

 

Millət vəkili Rəbiyyət Aslanovanın “XXI əsr:Yeni mədəniyyət məkanına inteqrasiya” kitabı haqqında düşüncələr


Milli dövlətçilik dəyərlərinin əsasını sağlam və güclü mədəniyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək ixtisaslı insanlardan ibarət cəmiyyət qarşiya çıxan bütün problemləri asanlıqla həll edir, monolit bir qüvvə kimi çıxış edə bilir. Səmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir. Həmin göstərici cəmiyyətin iqtisadi və mənəvi tərəqqi sürətidir. Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik.
Lakin təkcə biz yox, bütün dünya gərgin bir templə, mürəkkəb siyasi-mədəni proseslər fonunda tərəqqi edir. Ona görə iqtisadi və mənəvi inkişaf templərinin sabah necə olacağına heç bir təminat yoxdur. Sabahkı uğurlara yeganə təminat-sağlam cəmiyyət quruculuğuna diqqəti artirmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mən “əzm” sözünü təsadüfi işlətmirəm. Bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz surətdə bağlıdır. Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərərinə xidmət onun şəxsiyyətinin əsas cizgisi idi. Ona görə bütün xalqımız ona dövləti və mənəvi tərəqqimizin yolgöstərənlərindən biri kimi baxır. Ulu öndər müdrik bir insan kimi, Azərbaycanın iqtisadi və mənəvi tərəqqisini həmişə dünya mədəniyyətinin və dövlətlərinin ayrılmaz bir hissəsi sayırdı.
İkinci Dünya müharibəsindən sonra dünya sistemi arasında dünya ağalığı uğrunda qanlı siyasi
, hərbi və ideoloci mübarizə başlandı. Bu mübarizədə Qərb dövlətləri klassik kapitalizmin praqmatik nəzəriyyəsindən istifadə edir, hərbi qarşıdurmanı iqtisadi və yanacaq resursları uğrunda mübarizə formasına çevirirdilər. Bu qədim bir xətt idi: sözü gedən ölkələrdə hakimiyyətdə olan Avropa burjuaziyası öz hakimiyyətinin sağlam iqtisadi tərəqqidən, texnoloji axtarışlardan və uğurlardan ayrı olmadığını başa düşürdü. Qədimdən bəri imperiyaların və xalqların taleyini bu amillər həll etmişdi və gələcəkdə də həll edəcəkdi.
Qərb və Şərq imperiyaları arasındakı əsas ideoloji mübarizə xüsusi mülkiyyətlə dövlət mülkiyyəti, şəxsiyyətin hüquqları ilə cəmiyyətin kollektiv hüquqları arasındaki ziddiyyət ətrafında gedirdi. Qərb dövlətləri xüsusi mülkiyyəti və liberal iqtisadiyyat modelini inkişaf etdirirdilər. Şərqdə—kommunistlərdə isə xüsusi mülkiyyət cinayətə bərabər tutulur və iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsini bütün sualların cavabı kimi irəli sürür və tətbiq edirdilər. Kəskin ideoloji mübarizəni Qərbdə azad mətbuat, kommunist dünyasında isə total dövlət mətbuatı və amansız siyasi senzura həyata keçirirdi. Qərb şəxsi təşəbbüskarlığa marksistlər isə dövlətin və hakim partiyanın bürokratik “zəkasına” üstünlük verirdi. Bu uzun qarşıdurmanın sonunda SSRİ imperiyası və onun ideoloci maşını dağıldı. Bütün dünyada böyük siyasi, ideoloji və mədəni vakuum yarandi: birpartiyalı marksist rejimlərin dağılması nəticəsində müstəqillik qazanan yeni dövlətlər hansı siyasi və mədəni dəyərlərlə yaşamalıdır? Fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın “XXI əsr: yeni mədəniyyət məkanına inteqrasiya” (Nurlan,2007) kitabı bu siyası və kulturoloji problemlərin araşdırılmasına həsr olunmuşdur. Əsərin ən qüvvətli cəhəti isə bu mürəkkəb problemlərin hamısının müstəqil Azərbaycan dövlətinin siyasi xətti və dünya xəritəsinə inteqrasiyası ilə bağlı mübarizələri ilə yaxından əlaqələndirilməsidir. Əsərin bir-birindən maraqlı bölmə və səhifələrində Qarabağ hərəkatı başlanandan bəri cəmiyyətimizdə özünü göstərən demokratik, plüralist, milli və islami nəzəri meyllər hərtərəfli təhlildən keçirilir.
Bizim son on beş ildə apardığımız mədəni quruculuq və inteqrasiya siyasətinin ideoloji əsası Heydər Əliyevin bizə qoyub getdiyi mədəni-siyasi və dövlətçilik irsidir. Bu irslə bağlı zəngin düçüncə və duyğular əsərin əsas leytmotividir. R.Aslanovanın Prezident Heydər Əliyevin şəxsiyyətinə məhəbbəti kitabda qırmızı xətt kimi keçir. O haqlı olaraq qeyd edir ki, biz bu irsdən daha fəal istifadə etməliyik, onun mənasını daha fəal təbliğ etməliyik.
Böyük öndər mətbuata və onun dövlətçilik və demokratik mövqeyinə həmişə böyük əhəmiyyət verirdi. Yaranan mürəkkəb vəziyyətlərdə belə ulu öndər mətbu sözün və adi təbliğatın imkanlarından fəal istifadə edilməsinin ustası idi. Mətbuatımızda bu vacib problemlərin təhlil və izlənmə səviyyəsi aşağıdır. Mətbuatın öz pozitiv, əməli və kulturoloji dəyərləri və mayakları olmalıdır. Həmin dəyərlər isə cəmiyyətin gələcəyi üçün məsuliyyət hissinə bağlı olur və belə səviyyəyə çatan mətbuat böyük siyasi təşkilatçı olur. Dördüncü hakimiyyət, ilk növbədə, mətbuatın sosial orqanizmin idarə edilməsindəki rolu ilə bağlıdır. Sürətlə modernləşən cəmiyyətlərdə bu rol daha mürəkkəb və böyük olur. R. Aslanova Qərb ölkələrində mədəni innovasiyalar prosesini və onun nəticələrini həsasslıqla araşdıran fikir sahibidir. Kitabın ilk fəsli məhz bu mürəkkəb məsələyə həsr olunub. Qərb ölkələrində KİV-in, intellektual elitanın rolu və iqtisadiyyatda çəkisi getdikcə artır. Qərb tipli cəmiyyətlərdə elmi tutumu çox yüksək olan texnologiyalar kütləvi şəkildə tətbiq olunur. Bu hansısa sosial inqilab deyildir. Bunun nəticəsində təkcə sosial və siyasi idarəçilikdə yox, texnologiyaların idarəçiliyində də yüksək ixtisaslı adamlara ehtiyac artır.
Modern cəmiyyətlərin təhlilçiləri haqlı olaraq yeni tipli idarəcilər məsələsini texnokratik cəmiyyətlərin ən mürəkkəb problemi sayırlar. Bir tərəfdən konkret iderəçilərin iqtisadi durumda və tərəqqidə rolu artır. O biri tərəfdən isə tək-tək idarəçilərin intellektual və peşə hazırlığı az qala iqtisadi tərəqqini və ya tənəzzülü şərtlərindən əlamətlərin birinə çevrilir.Buradan da müəyyən risklər yaranır: birbaşa insan amili yox, tək-tək idarəçilərin iş qabiliyyətinin nəticələri bəzən böyük korporasiyaları ağır vəziyyətə salır.
Prezident İlham Əliyevin maarif və təhsil sahəsindəki fəal siyasəti, bu istiqamətə böyük resurslar yönəltməsi Qərb standartlarına uyğun bir xəttdir. Qərbdə təhsilə və onun maddi təminatına qoyulan böyük kapitallar həm də intellektual idarəetmənin risklərini sığortalamaq üçün yüksək ixtisaslı kadrların sayının daha da artırılmasına verilir. Modern cəmiyyətlərdə fasiləsiz təhsil sistemi yaranmışdır: peşəkar idarəçilər nəinki daim təhsilini artırır, treninqlərdə iştirak edir, onlar müxtəlif testlər vasitəsilə daim müxtəlif intellektual sınaqlardan keçirilir. Bu idarəçilər haqlı olaraq yeni bir sinif , yeni bir elita sayılırlar.Həm də cəmiyyətlərdə gedən texnoloji tərəqqi idarəçiliyi təmərküzləşdirir.
R. Aslanovanın nəzəri mövqeyinin tutarlı edən cəhətləri — onun mədəni inkişafın bütün nəzəriyyə və modellərinə diqqətlə nəzər salması və onlarda Azərbaycanın siyası fərdiliyi üçün qiymətli xüsusiyyətlər tapmağa çalışmasıdır. Əsərdə “Avropa üçün ruh”, böyük məkan, yeni mədəniyyət, Avrasiya nəzəriyyəsi hərtərəfli araşdırılır və Azərbaycanın siyasi inkişafının reallıqları və ənənələri fonunda müqayisə edilir. SSRİ dağılandan sonra yaranan qlobal mədəni mühit müəllifin daha artıq diqqət yetirdiyi anlayışlardan biridir.
Mütəxəssislərin ümumi rəyinə görə, XXI əsrdə vahid mədəni mühitin yaranması prosesi başa çatmaqdadır. Yeni və vahid mədəniyyət mühiti konsepsiyasının tərəfdarları və onu hazırlayıb inkişaf etdirənlər buna böyük ümidlər bəsləyirlər. Vahid mədəni mühit, məsələn, Avropada yeni bir vəziyyət yaratmışdır. Tarixən məhz Avropa dövlətləri arasındakı ziddiyyətlər və rəqabət dünya müharibələrinin səbəbinə çevrilirdi. Bunun nəticəsində ötən əsr bəşər tarixinin ən faciəli, ən qəddar səhifələrindən biri kimi yaddaşlara düşür və humanitar fikri narahat edir. İki qanlı dünya müharibəsi, Xerosima faciəsi, Uzaq şərqdə üzücü müharibələr məhz Avropa dövlətlərinin və hakim dairələrinin xarici siyasət kursunun, yaratmaq istədikləri dünya nizamının nəticəsi idi. Əslində SSRİ-nin daqılması da bu tragizmin davamı idi, çünki 80-ci illərin sonu, 90-cı illərin əvvlləri sovetlər tərkibindəki xalqlar və bu dövlətin təsirində olan ölkələrin əhalisi alçaldıcı iqtisadi və siyasi böhranın icindən keçdi, minilliyin tamamlandığı vaxt iqtisadi və sosial məhrumiyyətlərin zolağındanı keçməli oldu.
Azərbaycanın öz taleyi də bu baxımdan ibrətamiz tragizmi ilə nəzəri cəlb etdi: biz bir tərəfdən SSRİ tərkibindəki ən yaxşı iqtisadi potensial sahiblərindən biri olsaq belə, milli təsərrüfat sistemimizin dağılması və kütləvi işsizliklə üzləşdik. 90-cı ilə qədər dövlətdən əmək haqqı alan–Azərbaycan əhalisinin tam əksəriyyəti işsiz qaldı, aqrar sənaye kompleksi, şərabçılıq və konserv sənayesi dağıldı. Bakıda neft və kimya sənayesi sifarışsizlik üzündən dayandı, Baki zavodlarının yarım milyona qədər fəhləsi bekar qaldı. SSRİ dövlətinin katastrofik süqutu Ermənistan–Azərbaycan konflikti ilə müşayiət olundu və ölkəmiz öz ərazisinin 20 faizini itirdi. Bu hadisələrin tragizmi heç də Demokratik Cümhuriyyət dövrü itkilərimizdən kiçik miqyaslı deyildi.
Yalnız Heydər Əliyev dühasının gücü sayəsində Azərbaycanda sovetlərin dağılması ilə bağlı siyasi və iqtisadi böhranın nəticələri aradan qaldırdı. Rəbiyyət xanım əsərin bütün hissələrində ödər haqda rəğbət və vəchlə söz açır.Milli dövlətçiliyimizin tamam dağılması, itirilməsi təhlükəsi aradan qaldırıldı, qardaş qırğınının qarşısı alındı. Öndərin dəmir iradəsi dövlətçilik dəyərlərini və prinsiplərini bərpa etdi, milli suverenliyin əsası olan 1995-ci il Konstitusiyası qəbul edildi. Daxili və xarici düşmənlər xalqın dövlətinə qarşı 1995-ci ilə qədər inadlı siyasi mübarizə apardılar, hər cür fitnə və qəsdlərə əl atdılar. Öz dövləti və rəhbəri ətrafında birləşən xalqımız bu sınaqlardan üzüağlıqla çıxdı. R.Aslanova ulu öndərin bu yöndə olan xidmətləri barədə onun vəfatının bir illiyinə həsr etdiyi məqalədə söz açır. Bədii bir üslubda yazılan bu yazıda böyük öndərin milli İdeal timsalı olması, əməlçiliyi, müstəqillik mücadiləsində yaratdığı təməl, xalqın ürəyində qoyduğu əbədi heykəl, bizə qoyub getdiyi həmişəyaşar irsi isə Məşəl obarazında ümumiləşdirilir. Obraz və rəmzlərdən istifadə onun yazı üslubunu cazibədar edir, publisist fikirlərinin görümlü olmasını təmin edir.
Kitabın ayrıca bir bölməsində ulu öndərin ölkədə apardığı hüquq və məhkəmə islahatları təhlil olunur və yüksək qiymətləndirilir. Rəbiyyət xanım xalqın əbədiyaşarlıq gücünü iki şeydə görür: onun mənəvi dəyərlər sisteminin möhkəmliyində və ölkənin müasir və ədalətli qanunlarla idarə olunmasında. Hər iki istiqamətdə öndərin uğurlu xətti xalqımızın gələcəyi üçün strateji əhəmiyyətə malikdir. Bir mütəxəssis kimi milli qanunvericiliyi insan hüquqları baxımında ekspertizadan keçirir və bu qanunların beynəlxalq standartlara tam uyğun olduğunu, bir sıra baxımlardan daha üstün olduğunu əsaslandırır.
Xalqa və dövlətçiliyə qarşı silah qaldırmaq istəyən qüvvələrin böyük bir qismi özünü Avropa dəyərlərinin və mədəni kontekstinin tərəfdarları hesab edirdi. Hadisələrdən keçən vaxt ərzində biz bu barədə düşünmüşük. Lakin gələcəkdə də düşünməliyik. Ona görə ki, Azərbaycan dövlətçiliyinə qarşı özünü müxalif sayan radikal və dağıdıcı qrupların əksəriyyəti özünü demokratiya və insan hüqüqları dəyərlərinin tərəfdarları sayırlar.
Deməlı, siyasi qüvvələrin və hərəkatların mədəni dünya məkanına inteqrasiyası hələ mürəkkəb bir tarixi prosesdir və Avropa siyasi və mədəni arenasında belə radikalizmin, fundamentalizmin, aqressivlik və qəddarlığın seçim kimi istisna olunmadığını göstərir. Hər gün Avropaya inteqrasiyadan, HATO-ya daxil olmaq zərurətindən danışan siyasi qüvvələr və xüsusilə onların mətbutat başçıları, eyni zamanda, radikal şüarlardan əl çəkmir, qanunları və siyasi reallıqları inkar etməyi prinsiplər səviyyəsinə qaldırır, hüquqi nihlizmi və zorakılığı uğurlu siyasi mübarizənin məqbul və qaçılmaz vasitəsi saymaqda davam edirlər.
Avropa mədəni və siyasi məkanına inteqrasiya ideyaları Ukrayna və Gürcüstan, Ermənistan və Belarus kimi respublikalarda da ağır mübarizələrlə müşayiət olunur. Narahatedici hal odur ki, bu mübarizələrin sərhədi Ukrayna kimi iri bir ölkədə katolik və provoslav kilsələri arasındakı rəqabətlə üst-üstə düşür və ölkənin siyasi gələcəyi, dövlətin bütövlüyü və sabitliyi üçün təhlükəyə çevrilir. Görünür, XXI əsrin açdığı böyük mədəni məkan əvvəlcə vahid və sabit siyasi məkan kimi formalaşmalıdır. Belə olmadıqda Serbiyada gördüyümüz ziddiyyətlər də ortaya çıxa bilir. Bu ölkədə əhalinin böyük bir qrupu Kosovo vilayətinin albanlara verilməsi ilə əlaqədar Qərb hərbi və siyasi mühitinə qarşı qərəzli və bəzən aqressiv ovqat nümayiş etdirir.Bir sıra siyasətçi və şərhçilər bunların keçəri olduğunu, digərləri isə xroniki xarakter alıb Avropanın vahid mədəni məkanı üçün dağıdıcı nəticələr verəcəyini güman edirlər. Hümanitar ziyalıların güman və fərziyyələrinin əksinə olaraq, Avropa mədəni mühitində də antiqlobalizmin, antisemitizmin, islam findamentalizminin və ona əks olan findamental ideologiya və görüşlərin aqressiv fəallığı artmaqdadır.
Bəzi filosof və mədəniyyətşünaslar mədəni tərəqqinin və sabitliyin aqressivliyin qarşısının alacağına şübhə ilə yanaşır və böyük intellektualların XX əsrdə total və faşist rejimləri ilə sıx əməkdaşlığını misal gətirirlər. Bu baxışa görə, elitanın siyasi və mədəni müqaviməti, mədəni səviyyəsi və əxlaqi mövqeyi son nəticədə hərbi toqquşma və fəlakətlərin qarşısını ala bilmir. Bir çox dünya şöhrətli intellektualların və yaradıcı insanların İ.Stalin və A. Hitlerlə, Mussolini və Franko ilə yaxın minasibətləri misal göstərilə bilər. Əlbəttə, faşizmə və totalitarizmə müqavimət göstərənlər də olub, amma əməkdaşlıq edən və ya təmənna ilə bitərəf duranlar qat-qat çox olubdur.
Bircə faşist Almaniyasında kütləvi qırğın silahlarının hazırlanması üzərində alimlərin necə həvəslə işlədiklərini misal göstərmək kifayətdir. Belə faktlar və misallar mədəniyyətin və onun qabaqcıl nümayəndələrinin dünya siyasətinə humanitar təsirinə şübhə ilə baxırlar. Ən bədbin siyasət tarixçiləri və mədəniyyətşünaslar isə intellektual elitaların artımının onların sülhsevər potensialının artımı kimi, dünyada bunun sabitlik amili gətirməsi kimi mənalandırılması ilə ümumiyyətlə razılaşmırlar. Onların sırasında müsəlman nəzəriyyəçiləri çoxdur və onlar böyük mədəni potensialı olan yəhudi və erməni dövətlərinin hərbi-siyasi aqressivliyini misal göstərirlər. Zənnimizcə, eyni fikir ABŞ və İngiltərənin xarici siyasətinə də aid edilə bilər. Bu ölkələrdəki sürətli humanitar və mədəni tərəqqi xarici ölkələrə ekspansiya etsə belə, onların xarici siyasəti dünyada yenə hərbi qüvvəyə əsaslanmaqda davam edir, üstəlik onlar yeni hərbi proqramlar və texnologiyalar hazırlamaqda israrlıdırlar. Hərbi xərclərin çəkisində də bu dövlətlər dünyada lider dövlət olaraq qalır. Belə siyasətin özü yəqin ki, həm də dünyadakı humanitar tərəqqi ilə, insan hüqüqlarına diqqətin artması ilə beynəlxalq münasibətlərdə aqressivliyin istisna edilməməsi konsepsiyasından çıxış edir. Bunun üçün özünü mədəni dünyanın aparıcı qüvvəsi sayan İngiltərə və ABŞ-ın beynəlxalq siyasi mövqeyi misal göstərilir. Bu ölkələr mədəni tərəqqidə, kompyuter texnologiyalarının inkişafında sözsüz lider kimi çıxış edir və bu liderliyi öz xarici siyasətinin humanitar istiqamətində də göstərməyə çalışır. ABŞ uzun illərdir ki, üçüncü dünyanın kasıb ölkələrində humanitar layihələr aparır: təhsilə, kasıb uşaqların və anaların sağlamlığına, qeyri-hökumət təşkilatlarının və partiyaların inkişafına, korrupsiyaya qarşi mübarizəyə, plüralist prinsiplərin inkişafına yönəlmiş layihələr həyata keçirir. İngiltərə də buna oxşar layihələri Britaniya İttifaqına daxil olan ölkələrdə aparır.Bu ölkələr bir qayda olaraq İngiltərənin keşmiş müstəmləkələridir, ya da bu ölkələrdə İngiltərə kapitalının geniş maraqları olur.Qərb ölkələri üçüncü dünyadakı bu fəaliyyətə universal dəyərlər sayılan demokratiyanın, bazar iqtisadiyyatının və siyasi şəffaflıq prinsiplərinin yayılması kimi baxır.
Bunu demokratiya və mədəni azadlıq ixracı da adlandırırlar və bu siyasətin müəyyən təzahür və nəticələrini Azərbaycanın də timsalında görmək olar. Ölkədə müxalifət mətbuatının əsas sponsoru Qərb dövlətləri və onların səfirlikləri olmuşdur. Bir sıra radikal qeyri-hökumət təşkilatlarının rəhbərləri səfirlərin ev adamlarına çevrilir. Lakin ən pisi isə başqa şeydir: Azərbaycanın daxilindəki müxalifət xarici yardımlar və qrantlar hesabına yaşayan bir qüvvə kimi formalaşır. Əlbəttə, demokratik prosesin başlanğıcında biz buna fikir vermirdik, demokratiya və azadlıq ideyalarının və dəyərlərinin yayılması, bir növ maarifçilik prosesi gedirdi.
Lakin indi mənzərə dəyişib: ölkədə müxalifət mətbuatının və siyasi partiyaların təmərküzləşməsi baş verib. Gözəl təhlilçi olan Rəbiyyət xanım Azərbaycanda çoxpartiyalı sistemə həst etdiyi ayrıca bölmədə bu problemlərə aydınlıq gətirir. Bizdə bir necə müxalifət partiyası formalaşıb və buna uyğun bir necə iri və ictimai rəydə yer tutan ümummilli mətbuat orqanları yaranıb. Bax, indi bunların xaricdən maliyyələşməsi mürəkkəb bir milli problemə çevrilib. Axı, müxalifətdə olan partiyalar xalqın milli potensialının ayrılmaz və zəruri hissəsidir. Bu hissənin xaricdən maliyyələşməsi təhlükəli qarşıdurma yaradır, ölkə daxilində iqtidar nə edirsə, hamısı pis elan edilir. Əgər belə radikal nihilizm bir partiyanın xətti olsaydı, buna ciddi əhəmiyyət verməmək də olardı. Lakin bu xətti özünü “sağ” adlandıran və əslində ən ifrat solçu olan bir necə partiya edir. Onlar cəmiyyətdə antoqanist siyasi parçalanma yaratmağa çalışır və öz radikal görüşlərini və iqtidara münasibətlərini geniş təbliğ edirlər. Belə meyllər postsovet məkanındakı bir sıra ölkələrdə də özünü göstərir.
Rusiyada V. Putin siyasəti Qərbçi radikalızmin inkişafının qarşısını almaq üçün sərt tədbirlər həyata keçirtdi. Bu tədbirlərin bir hissəsini Özbəkistanda və Qırğızıstanda da gördük. İslam Kərimov iqtidarı rejimi Əndican hadisələrindən sonra ifrat Qərbçi radikalizmi məhdudlaşdırmalı oldu: bəzi müşahidəçilər bununla Özbəkistan cəmiyyətinin siyasi cəhətdən təhlükəli paççalanmasının qarşısının alındığını söylədilər. Qərb mətbuatı isə buna totalitarizmin təzahürü kimi qiymət verdi: bu radikal qiymətlər fonunda isə ABŞ Özbəkistan ərazisində yerləşən təyyarə meydanlarından istifadə etmək hüquqlarını itirdi.
Azərbaycanın dünyaya inteqrasiyası və onun suverenlik prinsipi ilə əlaqələri problemi kitabın bir neçə hissəsində nəzərdən keçirilir. Bu problemin aktuallığı, həm də, radikal müxalifətin bu məsələ ətrafında spekulyativ müzakirələr açması ilə şərtlənir. Bəziləri istərdilər ki, inteqrasiya maraqları ölkənin suverenlik maraqlarından yüksək tutulsun. Belə mövqeyə Rəbiyyət xanım ilk növbədə Heydər Əliyevin siyasi irsi baxımından qiymət verir və ulu öndərin suverenliyin, müstəqilliyin möhkəmləndirilməsini bütün maraqlardan yüksək tutduğunu əsaslandırır.
Çeçenistan müharibəsi və ondan sonra terrorizmin genişlənm
əsi postsovet respublikalarında da milli dövlətlərin radikal Qərbçi demokratik proseslərə münasibətdə öz mövqeyinə yenidən baxmasına səbəb oldu. Bu barədə tədqiqat və kitablar, sənədli filmlər meydana çıxdı. Yuqoslaviyanın, İraqın amansızcasına bombalanması və ölkələrdə iqtisadi və humanitar vəziyyətin katastrofik dərəcədə pisləşməsi bir çox müşahidəçiləri narahat etdi. Siyasi təhlilçilər arasında ifrat demokratlarla milli demokratlar arasında ayrıc baş verdi. Milli demokratik qüvvələr, xüsusilə V.Putinin xarici siyasətini dəstəkləyən təhlilçilər ABŞ və İngiltərənin mədəni demokratiya idxalı ilə onların Vyetnam, Kamboca, Folklend adalarındaki qəddar müharibələri arasında da dərin ziddiyyətlərin olduğunu aşkara çıxardılar. Belə ziddiyyətlərin xəritəsini dünyanın hər yerində, o cümlədən bizim siyasi məkana daha yaxın olan postsovet ölkələrində daha qabarıq görmək olar. Çeçenistanda humanitar fəaliyyətə geniş meydan verən Qərb fondları Tacikistanda, Qırğızıstanda və sair yerlərdə olan humanitar böhranları sanki görmürlər.Buradan da ikili standartlar nəzəriyyəsi ortaya şıxır. Bu ikili siyasəti Fələstinin timsalında da görmək olar: elə təəssürat yaranır ki, Qərbin müəyyən dairələri oradakı fəlakətli vəziyyətin ədalətli həllini istəmirlər. İsrail və fələstinlilər tərəfində güc tətbiqindəki asimmetriya, tənasübün pozulması adi reallıq olsa da, buna heç bir əhəmiyyət verilmir və BMT səviyyəsində vəziyyəti normalaşdıra bilən və ya buna doğru aparacaq qiymətlərin verilməsinə ehtiyac görünmür. Sanki hansı bir qüvvəsə Fələstində ərəblərlə yəhudi dövləti arasındakı konfliktin daim közərməsində maraqlıdır.
İkili standartlar siyasəti ilə Azərbaycan da üzləşmişdir: Ermənistan işğalçı, Azərbaycan isə işğalın qurbanı olduğu halda, torpaqlarımızın 20 faizi işğal olunduğu halda Qərb dairələri, ABŞ, Rusiya, Fransa hər iki tərəfə qarşı eyni siyasəti yeridir. Nəticədə bunlar BMT-nin Ermənistan–Azərbaycan konflikti barədə qərarlarında da öz əksini tapır və bu, Azərbaycan xalqının öz torpaqları üzərində suveren huquqlarını pozur. Prezident Heydər Əliyev Qərb dövlətlərinin ikili standartlar siyasətini dəfələrlə tənqid etmiş, ən böyük siyasi və beynəlxalq məclislərdə bu məsələnin prinsipial şəkildə qoyuluşuna nail olmuşdur.
Azərbaycanın bu istiqamətdə prinsipial xəttinə baxmayaraq, bizi Avropa İttifaqına da Ermənistanla eyni vaxtda qəbul etdilər. Zahirən ədalətsizliyə yol verməmək jestinə oxşayan bu prosedur əslində Azərbaycanın işğala məruz qalması faktını nəzərə almırdı.
Azərbaycanın Qarabağ konfliktində siyasi itkiləri böyük oldu.Bu itkilər bizim inteqrasiya və suverenlik, qloballaşma ilə milli dövlət maraqlarının tənas
übü məsələsində də mövqeyimizi təyin etməkdədir. Böyük siyasətçi olan Heydər Əliyev də öz xarici siyasətinin əsasına milli dövlətin möhkəmləndirilməsi məsələsini qoyanda, ikili standartlar siyasətini ardıcıl tənqid edəndə, ilk növbədə, bu mövqedən çıxış edirdi. Qloballaşma, vahid informasiya məkanı dövlətlərin təbiətini dəyişmir: hər bir dövlət müəyyən cəmiyyətlərin və xalqların maraqlarını ifadə edir. Dövlətin milliliyi də ilk növbədə, onun öz vətəndaşları qarşısında cavabdehliyi, xalqın iqtisadi, mədəni, insani, hərbi hüqüqlarının qorunması ilə bağlıdır. Əslində, Qərbin lider dövlətləri də xarici siyasətdə bununla-öz suverenliklərini qorumaq və möhkəmləndirməklə məşğul olurlar. Milli dövlətlər də öz cəmiyyətlərini modernləşdirərkən ilk növbədə öz vətəndaşları qarşısında ən elementar öhdəliklərini icraetmə imkanlarını nəzərə almalıdır. Heç bir dəyər, o cümlədən demokratik dəyərlər avtomatik olaraq ölkədə yayılmaqla iqtisadi rifahın yüksəlməsinə və siyasi sabitliyə səbəb olmur. Bunun əks nəticələri ortaya çıxdığı hallarda demokratikləşmədə modernləşmənin ifratlarından danışmaq olar və lazımdır. Belə hallar nəzərə alınmadıqda yeni müstəqillik yoluna çıxan ölkələr suverenlik baxımından zəifləyir, daimi qeyri-sabitlik zolağından çıxa bilmirlər. Bu isə Qərb dünyasında sabitlik üçün zəruri sayılır.
Hər bir dövlətin milli xüsusiyyətləri vardır və bu xüsusiyyətlərlə hesablaşmaq labüddür. Sovet məkanından çıxan dövlətlərin isə daha spesifik mədəni və intellektual özəllikləri vardır. Bu özəlliklərdən ən başlıcası vətəndaşların bütün məsələlərdə dövlətin ədalətli iştirakini gözləməsi, bunu təbii və zəruri sayması ilə bağlıdır. Ona görə postsovet məkanında dövlətin siyasi və ictimai həyatdan tələsik çıxarılması tələbləri reallaşdığı hallarda siyasi vəziyyət gərginləşir, hakimiyyət boşluğu hiss olunur və radikal qüvvələrin iş başına qalxması müşahidə olunur. Siyasi zorakılığın və nihilizmin təzahürü olan radikalizm cəmiyyətin liberal qüvvələrini hədələyir, siyasi məsələləri volyuntaristcəsinə həll etmək istəyinə uyaraq ölkənin iqtisadi və siyasi durumunda katastrofik böhranlara səbəb olur. Qərbçi şüarlarla hakimiyyətə yiyələnən cəbhə radikallarının hakimiyyətinin nəticəsi məhz belə oldu.
İstedadlı filosof olan Rəbiyyət xanım xalqımızı bu təhlükələrdan qurtarmış Heydər Əliyev dühasına yüksək qiymət verir, rəhbəri “müqədd
əratımızın qarantı” adlandırır. Deməli, siyasi qüvvələrin şüarlarına inanmaq etibarlı deyil, çünki burjualar çox halda onların qrup maraqlarını gizlətməyə xidmət edə bilir. Ona görə həqiqi və saxta Qərbçiliyi fərqləndirmək, onları irəli sürənlərin vətən və dövlət maraqlarına münasibətinə diqqət yetirmək lazımdır. Xaricdən idxal olunan şüarlara meyilli olan qüvvələr ən cox elitar simadan məhrum, milli tale problemlərinə laqeyd və qeyri–ciddi insanlar olur. Onların sırasında mənəvi, ruhi cəhətdən qüsurlu, peşə istiqaməti cəhətdən yararsız, əxlaqi və milli prinsiplərdən məhrum, sosial orqanizmin mürəkkəbliyini anlamağa qadir olmayan insanlar üstün idi. Təbii ki, onlar Azərbaycanın sovetlərdən sonrakı dövrünün elitası ola bilməzdilər və ola bilmədilər. Amma bunun sübutu və təsdiqinə paralel olaraq, Azərbaycan xalqı və onun dövlətçiliyi böyük itgilər verdi, ərazilər itirdi, mənəvi və fiziki faciələrə düçar oldu. Uzaqgörən bir siyasətçi kimi, Heydər Əliyev Azərbaycana qayıtdıqdan dərhal sonra milli elita problemləri ilə maraqlanmağa, ölkənin gələcək taleyini öz çiyinlərində aparacaq konstruktiv, məsuliyyətli, öz bioqrafiyasi ilə bu keyfiyyətləri nümayiş etdirmiş insanları axtarmağa və öz ətrafina toplamağa başladı. Ölkənin intellektual elitasının o biri qanadı da öz təşəbbüsü ilə ulu öndəri axtarır, onun siyasi həyata partiya yaratmağa dəvər edir, onun siyasi imicinin təbliğilə məşğul olurdular. Xalqın intellektual elitasının böyük öndərə dərin inamı və ona fəal yardım mövqe tutması 90-cı illərin əvvəllərində ölkədə yaranan siyasi vakuumun tezliklə aradan qaldırılması ilə nəticələndi.
Lakin ulu öndər hakimiyyətə gələndən sonra da ölkənin yeni siyasi elitasının formalaşdırılması məsələləri ilə yaxından məşğul oldu, bu problemi Azərbaycanın müstəqilliyinin zəruri şərti kimi fəal surətdə həll etməyə çalışdı. Ümummilli lider yeni siyasi elita formalaşdırarkən mücərrəd axtarışlara qapılmadı: ilk növbədə, cəmiyyətdə olan sağlam qüvvələrə üz tutdu və onları dərindən saf-çürük etdi.Öndərin 1993-cü ildən apardığı kadr siyasətində onun müstəqil dövlətin ağıl və intellekt bazasını yaratma sahəsindəki strateji xəttinin əlamətləri özünü göstərməyə başladı.
Kitabda haqlı olaraq qeyd edilir ki, dövlət və xalq üçün məsuliyyət hissindən danışanda Heydər Əliyev şəxsiyyətinin parlaq nümunəsini xatırlamamaq olmur. Bu nümunə bu gün misilsiz məna daşıyır. Onun şəxsiyyətində yüksək əxlaqla, Vətən sevgisi və siyasi müdriklik ayrılmaz idi. O, öz böyük ağlını, istedadını, bütün qüvvələrini şəriksiz olaraq öz xalqına və onun dövlətinə xidmətə həsr etdi. Ulu öndər bizim tərbiyə etmək və dövlətin taleyini tapşırmaq istədiyimiz milli intellektual və siyasi elita üçün parlaq bir nümunədir. Vətən hissi, torpaq sevgisi olmayanlar xalqa tam qüvvəsi ilə xidmət edə bilməzlər. Dəyişən, sürətlə mürəkkəbləşən dünya isə bizdən məhz bunu tələb edir, Azərbaycanın təəssübü ilə, onun bayrağının məhəbbəti ilə yaşayam zəka sahibləri istəyir.
Aydındır ki, bütün dünya informasiya alma və ötürmə texnologiyaları sahəsində yeni bir dövrə qədəm qoyub. Prezident İlham Əliyevin modernləşdirmə siyasəti də cəmiyyətimizin bu proseslə ayaqlaşmasını təmin etmək məqsədi güdür. Şübhəsiz ki, bu siyasətin nəticələrinin miqyası və keyfiyyəti həm də bizim milli elitadan asılıdır. Siyasi elitanın dövlət və cəmiyyət qarşısında öz məsuliyyəti vardır: bu, hər şeyə görə cavabdehlikdir. Digər elitaların, o sıradan intellektual elitanın qlobal məsuliyyəti yoxdur. Lakin siyasi elitanın borcu düzgün və real nəticə verəcək qərarların qəbul edilməsidir.
Kitabda müəllifin qadın problemlərinə və Azərbaycan qadınının ülviyyətinə bağlı olan mövqeyi diqqəti cəlb edir.Hətta, islamda qadın problemindən bəhs edəndə belə müəllifin Azərbaycan qadınlığı barədə məxsusi mülahizələri böyük maraqla oxunur. Rəbiyyət xanım xalqımızın ailə və əxlaq ənənələrini qorumağı bütün hallarda vacib sayır, çünki milli simadan məhrumluq qadın üçün xüsusilə qüsurdur. Müqəddəs Quranda qadına və anaya ən yüksək qiymət verilir, onun bütün hüquqları qorunur. O biri tərəfdən reallığın özü belədir ki, islam cəmiyyətində qadın əməli olaraq ən böyük hüquqlara malikdir. Rəbiiyyət xanım haqlı olaraq yazır ki, qadına münasibət və onun cəmiyyətdəki nüfuzu heç də həmişə formal hüquqi normalara bağlı deyildir. Qadına münasibət ənənə və mədəniyyətdir, hər bir cəmiyyətin mədəni yaddaşının ayrılmaz hissəsidir.
Əsərdə qadın və uşaq huquqları bir-birindən ayrılmaz məfhumlar kimi təqdim edilir. Qadının sosial problemlərinin həlli, onun maddi vəziyyəti müəyyən mənada uşaq hüquqlarının qorunma səviyyəsini əks etdirir. Müəllif ana və uşaqların zorakılıqdan qorunması, onların sağlamlıq və təhsilinin təmin edilməsi, uşaq əməyi qanunlarına əməl olunmasının böyük mənasını isah etməyə çalışır. Uşaqlara sərf edilən maddi və mənəvi resurslar əslində cəmiyyətin gələcək tərəqqisinə qoyulan sərmayələrdir.Bu baxımdan qaçqın və köçkün uşaqlara sosial qayğı ilə bağlı fikir və çağırışların böyük sosial mənası vardır.
Rəbiyyət xanım Azərbaycan təhsilinin gözəl araşdırıcısı və bilicisidir. Ölkənin gələcəyindən bəhs edərkən o, bütün hallarda təhsil məsələlərinə qayıdır, bu sahədə aparılan pozitiv işlərin miqyasını , bunların daşıdığı milli mənanı ardıcıl olaraq izah edir. Təhsilə qayğı Azərbaycanın sabahını qurmağın əsas yollarından biridir. Bu sahədə ölkədə aparılan fəal siyasət, məktəb tikintisi, dərsliklərin hazırlaması, milli ensiklopediyanın hazırlanması kimi gözəl başlanğıcları fəxrlə qeyd edir. Lazım gəldikdə fərəh doğuran rəqəmlərə və statistikaya da müraciət edir.
Azərbaycanda aparılan sürətli modernləşmə, iqtisadiyyatın yüksək templə inkişafı ölkə Prezidentinin prinsipial xəttidir və hər cür problemlər qarşısında ölkənin və xalqın birliyini təmin edir. Cənab İlham Əliyevin şəxsində ölkəyə Qərb tipli yeni idarəçilik texnologiyalarına, siyasi və diplomatik təfəkkürə dərindən bələd olan bir çəxs rəhbərlik edir. Onun fəaliyyəti ilə qısa bir vaxtda ölkədə siyasi və təcərrüfat qərarlarının qəbul proseduru yenidən quruldu və intensivləşdi. Bu iqtisadiyyatın idarə olunması effektivliyində özünü aşkar hiss etdirdi. Son beş ildə Vətənimiz ümumi daxili məhsulun artım tempi cəhətdən bütün MDB dövlətlərini arxada qoydu. Bu siyasi praqmatizmin real bəhrəsi, iqtisadi idarəçiliyin səviyyəsinin yüksəlməsi deməkdir. Real iqtisadi tərəqqi, sosial problemlərin sürətli həlli üçün bu əsas şərt idi. Ölkənin büdcəsi qonşu ölkələrlə müqayisəyə gəlməz bir cürətlə artır ki, bu da real iqtisadi çiçəklənmənin nəticəsidir. Bu çiçəklənmə reallıqdır və irəlidəki seçkilərdə onun uğurlu təbliğat işinin bazası olacaqdır.
Çox əhəmiyyətlidir ki, Azərbaycanın xarici siyasətinin mədəni qanadı çox aktivdir və bu xəttin başında ölkənin birinci xanımı Mehriban xanım Əliyeva durur.
Xatırlayıram ki, on il əvvəl bizdə hələ informasiya blokadasının yarılmasından söhbət gedirdi. İndi isə biz xarici siyasətin mədəni qanadından danışırıq. Burada ilk növbədə ölkənin BMT-nin mədəni-humanitar qurumları ilə əməkdaşlığı xatırlanmalıdır. Mehriban xanım Əliyevanın YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adını daşıması bu istiqamətdəki siyasətimizin səmərəli olduğunu və ölkənin imicini aktiv şəkildə yaxşılaşdırdığını göstərməkdədir. İndi fəal şəkildə aparılan mədəni xarici siyasətin əhəmiyəti təsəvvürə gəlməzdir. Bu dünyaya mədəni inteqrasiyamızın strateji istiqamətidir.
Bizdə bu gün daxili siyasətin də mədəni qanadı vardır: bu, ölkədə yeridilən mədəni siyasətdir, Prezidentin tarixi irsimiz, onun qorunması, yeni-yeni muzeylərin və mədəni mərkəzlərin tikintisi barədə qərarlarıdır. Bu siyasətin bir mühüm tərəfi Heydər Əliyev Fondu xətti ilə aparılan görünməmiş miqyaslı məktəb tikintisi və yenidən qurulması işləridir. Bu elə millət atalarının milli məktəblə bağlı milli tərəqqi arzularının gerçəkləşməsidir. Son yüz əlli ildə biz də, dünya da dəyişib. Lakin modernləşən ölkənin siması və onun çiçəklənən milli mədəniyyəti bu gün də xalqı yüksəlişə aparan yol göstəricidir.


Xal qəzeti.- 2008.- 3 iyun.- S. 5.