Gülər

 

"Mədəniyyətin inkişafında hamının rolu var"

 

Əbülfəs Qarayev: "Sovet dövründə kulturologiya adı altında başqa dərslər keçilirdi"

 

Dünən Muzey Mərkəzində "Kulturoloqların I Beynəlxalq Bakı forumu" keçirildi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş tədbir Fransa, Rusiya, Qazaxıstan, Gürcüstan nümayəndələrinin iştirakı ilə baş tutdu.

Azərbaycan mədəniyyətinin təbliği, qorunması və elmi tədqiqatların inkişafını təmin etmək məqsədilə keçirilən forumu ilk sözlə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açıb. Kulturologiyanın dövrümüzdəki əhəmiyyətindən danışan nazir mədəniyyətşünaslığın bir elm kimi 70-ci illərin əvvəllərində meydana gəldiyini deyib: "Mədəniyyətşünaslıq mövzusu 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində meydana gəlib. Sovet dövründə təhsil ocaqlarında kulturologiya adı altında başqa ideyalar tədris olunurdu. Bu gün isə kulturologiyadan danışarkən yeni sosial və əhalinin qazancını nəzərdə tutan bir elm başa düşülür. Milli xüsusiyyətlər, mədəniyyət qrupları- bunlar kulturologiyanın ayrılmaz hissəsidi. Bu gün beynəlxalq institutlarda mədəniyyət sözü fərqlilik, çoxluq kimi başa düşülür. Yəni mədəniyyət tək deyil, çoxdu. Ona görə də mədəniyyətin inkişafında hamının rolu var".

Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu üzrə Akademiyanın professoru Olqa Astafyeva kulturologiyaya diqqət yetirməyin hamının borcu olduğunu deyərək, "Mədəniyyət siyasəti: subyektlərin məsuliyyəti və hüquqları" mövzusunda çıxış etdi. Daha sonra Rau İoqann (Bundesver Akademiyasının nəzdindəki elmi forumun üzvü, Almaniya) "Siyasi mədəniyyətin fəlsəfi əsasları", Nino Çikovani (Tiflis Dövlət universiteti, professor) "Mədəniyyət siyasəti və mədəni tədqiqatlar", Reyhan Hüseynova (Azərbaycan Kulturolorgiya Cəmiyyətinin prezidenti) "Mədəniyyətlərarası dialoqdan effektiv əməkdaşlığa və bərabərhüquqlu inteqrasiyaya doğru", Alaliya Alimjanova (Qazax Milli İncəsənət Akademiyası) "Qloballaşma şəraitində milli mədəniyyət" mövzularında çıxış etdilər.

 

Olaylar.- 2008.- 7-9 iyun.- S. 9