Azərbaycan xalçaları Küveyt Dövləti Əmiri Aparatının rəhbərini valeh etmişdir
Küveyt Dövləti
Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah
əl-Əhməd əl-Sabahın başçılıq
etdiyi nümayəndə heyəti iyunun 25-də
“Azərilmə” Məhdud Məsuliyyətli
Cəmiyyətdə olmuşdur.
Qonaqlara məlumat verilmişdir
ki, xalçaçılıq
Azərbaycan xalqının
ən qədim el sənətlərindən
biridir, xalı və xalçalarımız
dünyanın bir çox muzeylərinin nadir eksponatlarından sayılır.
1996-cı ildən fəaliyyətə başlayan
bu müəssisənin
məhsulları ABŞ, Almaniya,
Avstriya, İngiltərə,
İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi
mükafatlara layiq görülmüşdür. Naxışların incəliyi və ilmələrinin yüksək
sıxlığı, tərtibatın
orijinallığı ilə
seçilən xalçaların
istehsal prosesi beynəlxalq standartlara tam cavab verir.
İplər ancaq təbii rənglərlə
boyanır, eskizlər
milli naxış və çeşnilərdən
götürülür.
Müəssisədə toxunmuş
“Şeyx Səfi” xalısı qonaqların diqqətini daha çox cəlb etmişdir. Vurğulanmışdır
ki, əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə
aid olan 37 kvadratmetrlik “Şeyx Səfi” xalısına
9,25 milyon ilmə vurulmuşdur.
Küveyt Dövləti
Əmiri Aparatının
rəhbəri Şeyx
Nasir Sabah əl-Əhməd əl-Sabah bildirmişdir
ki, bu yaxınlarda
onun şəxsi xalça kolleksiyasından
ibarət kitab nəşr olunacaqdır. Kitaba müxtəlif dövrlərlə yanaşı,
İslamdan əvvəlki
dövrə aid 12 xalça da daxil ediləcəkdir.
Qonaqlar toxuma prosesini maraqla izləmiş, qalereyanın
açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxmışlar.
Şeyx Nasir Sabah əl-Əhməd
əl-Sabah “Azərilmə”nin xatirə kitabına ürək sözlərini
yazmışdır.
Azərbaycan xalçalarının
gözəlliyinə valeh
olduğunu bir daha vurğulayan qonaq xatirə şəkli çəkdirmişdir.
Sonra çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq
sənətinə dair
söhbət davam etdirilmişdir.
Xalq qəzeti.- 2008.- 26 iyun.- S. 6.