Yaqubzadə M.

 

Qədim Azərbaycan xalçalarının ikinci ömrü

 

“Azər-İlmə” MMC-də XVI əsrin yadigarı olan “Şeyx Səfi” xalçasının yeni variantı toxunmuşdur
Azərbaycan xalçaçılıq sənətinin tarixi şöhrətini, zəngin ənənələrini yaşadıb inkişaf etdirən “Azər - İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi bu yaxınlarda daha bir uğura imza atmışdır.
Ötən ilin avqust ayında müəssisənin istehsal sahəsində toxunmasına başlanılmış məşhur “Şeyx Səfi” xalçası kamil bir sənət nümunəsi kimi həyata vəsiqə almışdır. “Azər - İlmə” MMC-də çalışan xalçaçı xanımların sehrli barmaqlarından ilmə-ilmə, naxış-naxış süzülən, yüksək bədii və texnoloji səviyyədə toxunan “Şeyx Səfi” xalçasının hanadan kəsilməsi mərasimində YUNESKO-nun baş direktoru Koişiro Matsuura və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva iştirak etmişlər. Onu da qeyd edək ki, dünyanın ən qədim xalçaçılıq mərkəzlərindən sayılan Azərbaycanda toxunmuş xalçanı ömründə ilk dəfə olaraq hanadan kəsmək şərəfinə nail olduğundan məmnun qaldığını bildirən YUNESKO-nun baş direktoru Koişiro Matsuura gözəl kompozisiyalı bu sənət nümunəsinin onda heyranlıq doğurduğunu da gizlətməmişdir.
Məlumat üçün bildirək ki, “Şeyx Səfi” xalçasının Azərbaycanda toxunması ideyası “Azər-İlmə” MMC-nin baş direktoru Vidadi Muradova məxsusdur. Belə ki, V.Muradov xalçanın yüksək səviyyədə toxunması üçün bütün təşkilatı məsələlərin həlli ilə yanaşı, peşəkar xalçaçı kimi texnoloji və yaradıcı proseslərə də şəxsən rəhbərlik etmişdir. Bundan əlavə, xalçanın ərsəyə gəlməsində 19 nəfər peşəkar mütəxəssis gərgin əmək sərf etmişdir. Bütövlükdə isə əyirici, boyaqçı, rəssam, elmi məsləhətçi və başqaları ilə yanaşı, xalçanın toxunmasında iştirak edən altı nəfər təcrübəli xalçaçının da böyük əməyi xüsusi qeyd olunmalıdır. Məhz onların birgə, kollektiv əməyinin məhsulu olan məşhur “Şeyx Səfi” xalçası qədim xalçaçılıq diyarı sayılan Azərbaycanda yenidən həyata vəsiqə almışdır.
Hələ toxunmağa başlamazdan bir il əvvəl xalça üçün yararlı yunun seçilməsi, onun əyrilməsi, uyğun təbii boyaların müəyyən edilməsi, ipliyin boyanması, çeşninin çəkilməsi, peşəkar toxucuların seçilməsi və digər məsələlərlə bağlı böyük tədqiqat işi aparılmışdır. Bu məqsədlə Azərbaycanın qədim xalçaçılıq məktəbi sayılan Qarabağdan — Ağcabədi rayonundan keyfiyyətli, zərif quzu yunu toplanmış, əllə əyrilərək bitki mənşəli davamlı boyalarla boyanılmışdır. Həmin boyalar isə qoz, nar, soğan qabıqları, indiqo, ağ tut və heyva yarpaqları, boyaq otu, yovşan və s. bitkilərdən alınmışdır. Xalçanın üz hissəsinin toxunmasına 120 kiloqram, arxasına 10,5 kiloqram quzu yunu, ərişinə isə 27 kiloqram pambıq iplik sərf olunmuşdur. “Şeyx Səfi” xalçasının ölçüsü 680x510 santimetr, ümumi sahəsi 35,19 kvadratmetrdir. Bütövlükdə xalça üzərinə 12 milyon 668 min 400 ilmə vurulmuşdur ki, bu da son dərəcə mürəkkəb texnoloji proses sayıla bilər.
Yeri gəlmişkən onu da deyək ki, XVI əsrin yadigarı olan “Şeyx Səfi” xalçası 1539-cu ildə Şah Təhmasibin göstərişi ilə təbrizli ustalar tərəfindən toxunmuşdur. Xalça Şeyx Səfinin Ərdəbildəki türbəsi üçün nəzərdə tutulmuşdur. 1885-ci ildə Ərdəbildə baş vermiş zəlzələdən sonra Şeyx Səfi türbəsinin təmiri ilə əlaqədar olaraq buradakı bütün əşyalar, o cümlədən, xalçalar satışa çıxarılmışdır. Avropanın məşhur “Ziqler” ticarət firması tərəfindən alınan “Şeyx Səfi” xalçası 1892-ci ildə hərraca çıxarılmış və ingilislər tərəfindən 2500 funt sterlinqə alınaraq Londonun məşhur “Viktoriya və Albert” muzeyinə verilmişdir.
Son dərəcə orijinal, bədii tərtibatı baxımından olduqca mürəkkəb, zövq oxşayan bu nadir sənət nümunəsinin çeşnisinin müəlliflərinin Sultan Məhəmməd və Behzad olduğu ehtimal edilir. “Şeyx Səfi” xalçası çox böyük fəlsəfi anlama, mürəkkəb kompozisiyaya malikdir. On iki rəngin sintezindən ibarət xalçanın ortasında əks olunmuş 12 qübbə eyni adlı müqəddəs rəqəmə işarədir. Həmin qübbələrin ətrafındakı qəndillərin əksi isə çırağın simvolu olub, ilahi nuru bildirir. Mürəkkəb və cazibədar nazışlara malik bu nadir sənət incisinin üzərində həm də toxunma tarixi əks olunmuşdur.
Dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini dirçəldib yaşadan, istehsal etdiyi malları dünya bazarına çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən “Azər - İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətində isə bu nadir sənət incisinə yeni həyat, yeni ruh verilmişdir. Son dərəcə zərif yundan və pambıq iplikdən rənglənmiş saplardan ilmə-ilmə, naxış-naxış toxunub ərsəyə gətirilmiş yeni “Şeyx Səfi” xalçasına heyranlıqla baxıb, bundan zövq almamaq mümkün deyil. Xalçaya tamaşa edərkən, sanki adamın gözləri önündə böyük bir rənglər qalereyası, sirli-sehrli bir aləm canlanır...
1996-cı ildə fəaliyyətə başlamış “Azər - İlmə” MMC-nin istehsal sahəsində xalqımızın tarixini, məişətini, adət-ənənələrini, müxtəlif inanclarını, estetik görüşlərini, fəlsəfi baxışlarını özündə əks etdirən, bu keyfiyyətləri sirli-sehrli ilmələrdə, naxışlarda yaşadan sənət nümunələri - xalı-xalçalar toxunur. Bütövlükdə isə burada xalqımızın mənəvi dünyası qədim kompozisiyalardan istifadə olunmaqla Azərbaycanın çoxəsrlik xalça məktəblərinin zəngin ənənələri dirçəldilir, yaşadılır. Ölkəmizdə və hətta xaricdə böyük nüfuz qazanmış bu istehsal müəssisəsi səmərəli fəaliyyəti ilə xalça həvəskarlarının diqqətini getdikcə daha çox cəlb edir. Təsadüfi deyil ki, “Azər - İlmə” MMC-də toxunan yüksək keyfiyyətli, zövq oxşayan xalı-xalçalar indi şəxsi kolleksiyaların, mənzillərin, idarə və təşkilatların bəzəyinə çevrilmişdir.
Azərbaycanın ən qədim sənətkarlıq sahələrindən sayılan xalçaçılığı keyfiyyətcə yeni məzmun və formada inkişaf etdirməyi qarşısına məqsəd qoymuş “Azər-İlmə” MMC-də zəngin ənənələrə malik Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə məxsus çeşnilərin müxtəlif variantları, improvizasiyaları, rəngləri, naxışları, ilmə sıxlığı, bir sözlə, ən qədim, unudulmaqda olan nümunələri bərpa edilir, necə deyərlər, onlara yeni can, yeni nəfəs bəxş olunur. Bütün bunlar, heç şübhəsiz, “Azər-İlmə” MMC-nin təsisçisi və baş direktoru Vidadi Muradovun şəxsi təşəbbüsü və gərgin zəhməti hesabına başa gəlir.
Son zamanlar “Azər-İlmə” MMC bir qayda olaraq, qonaq-qaralı olur. Öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mənəvi sərvətlərinin siyahısını zənginləşdirən, bəşər mədəniyyətinə misilsiz töhfələr verən Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələrini dirçəldib yaşadan, inkişaf etdirən “Azər-İlmə” MMC-də yaradılmış “Sehrli ilmələr” qalereyasında toplanmış xalça nümunələri bura baş çəkən istənilən adamın heyranlığına səbəb olur. İndiyədək dünyanın ayrı-ayrı dövlət başçılarının xanımları, bir sıra mötəbər beynəlxalq təşkilatların rəhbərləri “Azər-İlmə”nin qonağı olmuş, buradakı, nadir sənət inciləri olan xalı-xalçalar onlarda xoş duyğular, zəngin təəssürat oyatmışdır. Elə cari ilin may-iyun aylarında buraya xeyli sayda nüfuzlu şəxsin — YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın, eləcə də Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq forumun iştirakçılarının, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Azərbaycan xalçaçılıq məktəblərinə aid sənət nümunələrinin toxunduğu bu ünvana baş çəkmələri də diqqətdən kənarda qalmamalıdır. Bu cür tədbirlər həm də “Azər - İlmə” MMC-nin beynəlxalq nüfuzunun getdikcə artmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycan xalçalarının tarixi şöhrətini və zəngin ənənələrini uğurla yaşadan və ölkəmizin ən iri xalça istehsalı müəssisələrindən sayılan “Azər-İlmə” MMC bir sıra milli və beynəlxalq mükafatların laureatı adını qazanmışdır. Bundan əlavə, müəssisənin istehsal etdiyi xalçaların ABŞ, Almaniya, Türkiyə, Fransa, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika Respublikası və digər ölkələrdə şəxsi kollektsiyaların və mənzillərin bəzəyinə çevrilməsi də məhz bunun göstəricisidir.
“Azər-İlmə” MMC-nin baş direktoru Vidadi Muradov müəssisənin qazandığı bütün uğurların başlıca səbəbini ölkəmizdə sahibkarlığın, özəl bölmənin inkişafına göstərilən dövlət qayğısı ilə əlaqələndirdi. Müəssisəyə verilən yerli və beynəlxalq mükafatları kollektiv əməyinin səmərəli nəticəsi kimi dəyərləndirən V. Muradov dedi: — Azərbaycanda özəl bölmənin bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını bazar iqtisadiyyatına keçiddə, ölkədə əlverişli investisiya mühitinin formalaşdırılmasında görən ulu öndərimiz özəl bölmənin tərəqqisi üçün zəngin hüquqi bazanın yaradılmasına nail oldu. Bununla da, Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaradıldı, ölkədə təşəbbüskarlığa, sərbəst iqtisadi fəaliyyətə geniş meydan verildi. Ümummilli liderimizin gərgin əməyi, zəhməti hesabına Azərbaycanda təmin olunmuş ictimai-siyasi sabitlik sahibkarlarda iqtisadiyyata və xidmət sahələrinə sərmayə yatırmaq marağını xeyli artırdı. Ölkəmizin sosial-iqtisadi inkişafını sahibkarlığın stimullaşdırılmasında görən ümummilli liderimiz iş adamlarının üzləşdikləri bütün problemlərin aradan qaldırılması üçün bir sıra zəruri sənədlərə imza atdı. Bir sözlə, bu gün Azərbaycanda azad sahibkarlıqla, sərbəst iqtisadi fəaliyyətlə məşğul olan hər bir şəxs xalqımızın ümummilli lideri Heydər Əliyevə borcludur.
Hazırda ulu öndərimizin siyasi və iqtisadi islahatlar kursunu böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi tərəqqisi getdikcə sürətlənir, Azərbaycanın beynəlxalq nüfuzu artır. Cənab İlham Əliyev tərəfindən irəli sürülmüş ölkənin sürətli və kompleks inkişaf strategiyası uğurla həyata keçirilir, bütün sahələrdə yüksək tərəqqi müşahidə olunur. Dövlət başçımız Azərbaycanın sosial-iqtisadi tərəqqisinin sürətləndirilməsi sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə yanaşı, xalqımızın maddi və mənəvi sərvətlərinin qorunması və inkişaf etdirilməsinə də böyük qayğı və diqqət göstərir. Mən cənab Prezidentimiz İlham Əliyevin 2004-cü il dekabrın 7-də imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu və “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 7 fevral 2005-ci il tarixli fərmanını xüsusi qeyd etmək istəyirəm. Məhz adı çəkilən qanun və fərman Azərbaycanın tarixi ərazisində toxunmuş və hazırda xalq sənətkarları, ustalar, rəssamlar tərəfindən əl ilə toxunan xalçalarımızın qorunub saxlanılması, öyrənilməsi, xalça sənətinin təbliği və inkişaf etdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən mühim dövlət sənədləridir. Sonda onu da bildirmək istəyirəm ki, “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan peşəkar xalçaçıların köməyi ilə biz Azərbaycan xalça sənətinin zəngin ənənələrinin dirçəldilib yaşadılmasında bundan sonra da var gücümüzlə çalışacağıq.

Xalq qəzeti.- 2008.- 29 iyun.- S. 5.