Mehdiyev R.
Görkəmli qrafika ustası
Onu təqdim etmək
üçün təkcə bir faktı qeyd etmək
kifayətdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
birinci siniflər üçün nəzərdə tutduğu
1982-ci ildə nəşr olunmuş "Əlifba"
kitabının üz qabığının və bəzi
səhifələrinin rəssamı. Bu iş
üçün o vaxt SSRİ xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin qızıl medalı məhz onun
adına yazılmışdı: Elmas Hüseynov...
Azərbaycanın məşhur qrafika ustalarından biri.
Əməkdar
incəsənət xadimi Elmas Hüseynov 1937-ci ildə anadan
olub, 1955-ci ildə Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbinə daxil olub, 1960-cı ildə
həmin məktəbi bitirib. Elə həmin ildə o, Belarus
Dövlət İncəsənət Universitetinin qrafika
bölməsinə qəbul olunmuş, oranı bitirdikdən
sonra Bakıya dönərək yaradıcılıq
fəaliyyətinə başlamışdır. Bir çox
qrafik üslubdan: qravür, ofort, qarışıq texnikadan
məharətlə istifadə edən rəssam onun daha da mükəmməl
olmasına daim çalışmışdır.
Milli təsviri
sənətimizin formalaşmasında, qrafika əsərlərinin
yaranmasında Elmas Hüseynovun rolu böyükdür. İndi
dünyanın bir çox muzeylərində,
incəsənət mərkəzlərində
azərbaycanlı rəssamların qrafika, rəngkarlıq
əsərləri qorunub saxlanılır. Məşhur qrafika
ustası Ələkbər Rzaquliyevdən başlayaraq bu janrda
yaradıcılıqla məşğul olan böyük bir
nəsil yetişmişdir. Kazım Kazımzadə,
Qəzənfər Xalıqov, İsmayıl Axundov, Maral
Rəhmanzadə kimi qrafika ustaları dünya miqyasında
tanınırdı və bundan bu gün hər birimiz
böyük qürur duyuruq.
Elmas Hüseynov
onların yaradıcılıq ənənələrini davam
etdirir, eyni zamanda öz orijinal əsərləri ilə
seçilirdi. Məsələn, onun "Neftçi"
adlı linoqravürü çox canlı və yaddaqalandır.
Burada müəllif incə xətlərlə, ağ və
qara rəngin bütövlüyü ilə ifadəli bir obraz
yaratmışdır, arxa planda təsvir olunmuş
quşların ritmi əsərə bir təravət
gətirir. Əsərdəki insan obrazı,
gözlərdəki səmimi ifadə, geyim forması,
sadəlik, yenə də arxadakı buruq rəmzi
rəssamın uğurudur.
Rəssam "Şair
və obrazlar" adlı qravüründə canlı,
ifadəli bir səhnə qurmuş, qeyri-adi üsulda
əsər yaratmaqla Azərbaycan qrafika sənətinin inkişafında
yeni söz deyə bilmişdir.
Elmas Hüseynov
vətənpərvər rəssamdır. O, tez-tez
müharibə bölgələrində olur, mərd
əsgərlərimizin obrazlarını yaradır. Ulu
öndərimiz Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr etdiyi silsilə rəsmləri
dünyanın müxtəlif sərgilərində
nümayiş etdirilib. Azərbaycanı
qarış-qarış gəzib, Şuşanın,
Qubanın, Laçının, Lerikin əsrarəngiz
gözəlliklərini görüb, hiss və
duyğularını rənglərin köməyi ilə
kətana köçürüb.
Onun Nizamiyə,
Füzuliyə həsr etdiyi rəsmləri, "Əlifba"
kitabına çəkdiyi rəngli şəkilləri də
həyəcansız seyr etmək qeyri-mümkündür.
Təsvir olunan obrazların baxışları, gözləri o
qədər dinamik, mənalı, inandırıcıdır
ki, sanki dil açıb danışacaqdır. Bu cür
yaradıcılıq nüansları hər fırça
sahibinə nəsib olmur. Tamaşaçını
düşündürən, ona mənəvi, ruhi qida verən
sənət əsərləri yaratmaq çox çətin
işdir. Onun dəfələrlə fərdi sərgilərinin
iştirakçısı olmuş və belə bir
qənaətə gəlmişəm: Elmas Hüseynovun
əsərləri insanı düşündürür,
xəyallara daldırır, özünü dərk etməyə
kömək edir. "Şəlalə",
"Mənzərə", "Leyli", "Məcnun",
"Fərhad Bisütun dağında", "Dünya
sevənlərindir" və s. rəsmlərində olduğu
kimi. Mozaik əsərlərində də,
illüstrasiyalarında da belədir...
Dahi Nizaminin
"Xəmsə"sinə dəfələrlə
müraciət edən E.Hüseynovun "Xosrov və
Şirin" poemasına çəkdiyi tablo maraqlı,
bədii cəhətdən yüksək professionallıqla
işlənmişdir. O, Şirin obrazını ön plana
çəkərək onu ideallaşdırmağa müvəffəq
olmuşdur. Ümumiyyətlə, rəssamın yaddaqalan
əsərləri çoxdur: "Ağaclar"
mənzərəsi sanki gözəl musiqi sədaları altında
işlənib;
rənglər də, xətlər də incədir.
"Gül" natürmortu
nə qədər gözəl və
mənalıdır. Çəkdiyi "Dağ",
"Lerik", "Quba",
"Abşeron"
mənzərələri, "Meyvələr",
"Çöl çiçəkləri", "Qarpız"
kimi bədii əsərlər Elmas Hüseynovun
yaradıcılığının zirvəsi sayılır. Rəssamın
Nizaminin "Sirlər xəzinəsi", Nəbi Xəzrinin
"Arzu" poemalarına
çəkdiyi qeyri-adi rəsmlər göz oxşayır
və onların hər biri incəsənət tarixinin yeni-yeni
səhifələrini təşkil edir.
Ömrünün
yetmiş ilini arxada qoyan
sənətkar bu gün də böyük həvəs və enerji ilə
çalışır, dolğun, məzmunlu sənət
əsərləri yaradır. Mənalı ömür
yaşamış, milli təsviri sənətimizin tarixində
öz şərəfli imzasını qoymuş,
şəxsiyyəti və sənəti ilə qürur duyduğum həmkarıma bundan sonra da
yaradıcılıq uğurları arzulayıram.
Respublika.- 2008.- 7 iyun.- S. 7.