London
Universitetində Azərbaycana
həsr olunmuş sərgi açılmışdır
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" cəmiyyətinin təşkilatçılığı ilə London Universitetinin nüfuzlu Şərq və Afrika Tədqiqatları İnstitutunda (SOAS) "Azərbaycan: keçmişi, bugünü, gələcəyi" mövzusunda sərgi açılmışdır.
Səfirliyin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində diplomatik korpusun üzvləri, universitetin müəllim-tələbə heyəti, ölkənin tədqiqat mərkəzlərinin və akademik dairələrinin nümayəndələri iştirak etmişlər.
Sərginin keçirildiyi salonda Azərbaycanın qədim və yeni tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı ilə bağlı məlumat və fotoşəkillərdən ibarət, eləcə də ölkəmizə qarşı erməni təcavüzünü və Qarabağın tarixini əks etdirən xüsusi stendlər düzülmüşdür. Bundan əlavə, ekspozisiya ilə bağlı xüsusi kataloq hazırlanmışdır.
Tədbirdə Azərbaycan haqqında videofilm göstərilmiş, sonra isə ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış etmişdir. Səfir Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, müasir dövrdə həyata keçirilən siyasi xətti haqqında məlumat vermiş, sərginin ölkəmiz haqqında həqiqətlərin Qərb ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulamış, "Odlar Yurdu" təşkilatına təşəkkürünü bildirmişdir.
Bir ay davam edəcək sərgi SOAS kimi nüfuzlu elmi-tədqiqat və ali tədris ocağında keçirilən bu tipli ilk tədbirdir.
Azərbaycan.- 2008.- 6 iyun.- S. 7.