Əliyeva E.

 

Kainatın sirrini öyrənmiş insan

 

Məncə, həqiqi incəsənətin dəyəri ondan ibarətdir ki, o, bizim bilik dairəmizi genişləndirir, dünyaya öz baxışımızı müəyyənləşdirməkdə, yeni mənəvi zirvələrə çatmaqda bizə kömək edir. Nəhayət, həqiqi sənət bizim qəlbimizi təlatümə gətirir, zehnimizi işləməyə sövq edir...
Mən bu sözləri incəsənətin, o cümlədən təsviri incəsənətin bütün növlərinə, xüsusən heykəltaraşlığa aid edirəm. Böyük sənətkarın hər hansı janrda yaratdığı heykəltaraşlıq əsərindən aldığımız təəssürat uzun müddət yaddaşımızda yaşayır, mənəvi təcrübəmizi zənginləşdirir, biz sanki həyatı daha dərindən hiss etməyə başlayırıq.
Yadımdadır, görkəmli Azərbaycan heykəltaraşı Ömər Eldarovun Bakıda, Fəxri xiyabanda yaratdığı gözəl əsəri - akademik Zərifə xanım Əliyevanın abidəsini görəndə bu həqiqəti tam kəskinliyi ilə hiss etdim. Ömər Eldarov bu əsəri ilə görkəmli müasirimiz, məşhur oftalmoloq, tanınmış ictimai xadim və ən başlıcası, müdrik qadın, həssas ana olan Zərifə xanımın xatirəsini əbədiləşdirdi. Bu abidəyə baxanda adama elə gəlir ki, hətta tunca xas olan sərtlik belə, qəhrəmanın daxili aləmini duymağa, çöhrəsində sanki hər an dəyişən ifadəni görməyə mane ola bilmir. Mənə hətta elə gəldi ki, bu ifadələrdən biri - xeyirxah təbəssüm mənə tanışdır: çoxdankı və yeganə görüşümüzdən sonra Zərifə xanım mənim yaddaşımda məhz belə qalmışdı...
Yaratdığı obraza öz qəlbinin hərarətini bəxş etmək, bununla da tamaşaçının həmin obrazın daxili aləmini görməsinə imkan yaratmaq Ömər Eldarovun yaradıcılıq dəst-xəttinə həmişə xas olmuş cəhətdir.
Təsviri sənətin mürəkkəb növü olan heykəltaraşlıq barədə, böyük sənətkarın əsərlərinin sıravi həvəskarlar tərəfindən necə qavranması barədə fikirlərimi bölüşmək istəyi xeyli vaxt idi ki, məni rahat buraxmırdı. O ki qaldı peşəkarların fikrinə, sənətşünaslar bu barədə öz sözlərini çoxdan deyiblər...
Bu niyyətimi həyata keçirmək üçün əlimə qələm götürməzdən əvvəl Ömərlə iki dəfə görüşdüm: əvvəlcə bizim AzərTAc-da, sonra isə onun rəhbərlik etdiyi Rəssamlıq Akademiyasında. İlk baxışdan bu görüşlər formal təsir bağışlaya bilər: axı, neçə illərdir ki, Ömərlə, onun yaradıcılığı ilə tanışam. Bildiklərimə nə əlavə edəcəkdim? "Mən onsuz da sizə heç bir təzə söz deməyəcəyəm, - ustad sənətkar bəri başdan xəbərdarlıq etdi, - məni tanıdan mənim işlərimdir, onlar isə sizə məlumdur..."
Bu sözlərlə razılaşmalı oldum. Xüsusən ona görə ki, heykəltaraş onun yaradıcılığına həsr edilmiş, 2005-ci ildə Bakıda çap olunmuş kitab-albomu lütfkarlıqla mənə bağışlamışdı. Azərbaycanın tanınmış foto ustalarının çəkdiyi, Ömər Eldarovun yaradıcılığına, gözəl illüstrasiya olan fotoşəkillərin hər biri G.Qacarın yazdığı qısa, lakin dolğun mətnlərlə müşayiət olunur.
Ö.Eldarovun səmimi xatirələri bu alboma bir növ ön sözdür. Həmin xatirələri vərəqlədikcə onun müxtəlif sərgilərdə və muzeylərdə nümayiş etdirilən, şəhərimizin küçə və meydanlarını bəzəyən əsərlərinə tamaşa edən sənətsevərlərin keçirdiyi hisslər yenidən xatirimdə canlandı.
Yadımdadır, məni ilk n
övbədə müəllifin öz əsərinə münasibəti heyran edirdi. O, qəhrəmanına münasibətini bildirmək üçün əvvəlcə sanki özünün daxili aləminə nəzər salırdı. Sözügedən albomda belə bir fikir var: bizlərdən hər birimiz kainatın sirrini ətrafda axtarır, amma bu axtarışda öz qəlbinin dərinliklərinə üz tutanlar azdır. Bu fikrin kimə mənsub olduğunu bilmirəm, amma bircə onu bilirəm ki, Ömər Eldarov bu sirri tapıb və onun fərdi yaradıcılıq metodunun cövhərini məhz bu sirr təşkil edir.
...1960-cı il. Azərbaycan paytaxtında şairə Natəvanın heykəlinin açılışında ilk dəfə o vaxt hələ gənc olan heykəltaraşla tanış oldum... Kresloda əyləşən qadının tunc fiqurunun üstündəki pərdə açılanda ətrafa sükut çökdü. "Azərbaycan" kinoteatrının qarşısında, Bakının ən səsli-küylü guşələrindən birində qoyulmuş bu heykəlin açılış anında insanlar gözəl şairəni dəbdəbəli paltarda görəndə sanki donub qaldılar. Onun qiymətli daşlarla bəzənmiş qırçınlı paltarı, daxili vəziyyətini barmaqlarının köməyi ilə ifadə edən zərif əlləri - bütün bunlar çoxları üçün gözlənilməz oldu.
Heykəltaraş o illərin rəsmi ideologiyası ilə uyuşmayan bu obraza müraciət etməklə çox cəsarətli bir addım atmışdı. Bu, abidənin müəllifinə xüsusi ehtiram hissi oyadırdı.
Ömər Eldarovun qəhrəmanları çox vaxt intellektual gözəllik daşıyıcılarıdır.
Dahi Üzeyir Hacıbəyovun ötən əsrin 50-ci illərinin ortalarında hazırlanmış qəbirüstü abidəsinə diqqətlə baxın. Bu abidə sanki təsvir edilən şəxsin zəngin daxili aləmini açıb göstərir. Az sonra istedadlı həmkarı Tokay Məmmədovla birlikdə bənzərsiz şair-mütəfəkkir Füzuliyə həsr edilmiş, Azərbaycan Milli Dram Teatrının qarşısında ucaldılmış monumental kompozisiya özünün fəlsəfi romantikası ilə ən ülvi insani duyğular barədə düşüncələrə sövq edir. Ölməz Füzulinin qranit postament üzərindəki 6 metrlik tunc heykəlinə baxdıqca şairin faciəli həyatına acıyırsan - heykəltaraş bu hissləri yüksək sənətkarlıqla ifadə etməyə nail olmuşdur. Bir sözlə, mən həmişə istəmişəm ki, Bakıya ilk dəfə gələn qonaqlarım müəlliflərin incə zövqünün göstəricisi olan bu abidəyə tamaşa etsinlər.
Onu da bilirəm ki, MDB-nin başqa ölkələrində də həmyerlimizin əsərləri ilə yaxşı tanışdırlar. Məsələn, Tacikistanda. Düşənbəlilərin sifarişi ilə məhz Ömər Eldarov məşhur tacik maarifçisi Sədrəddin Ayninin abidəsinin müəllifi olmuşdur. 70-ci illərdə bu əsər heykəltaraşın yaradıcılığında müəyyən mənada kulminasiya nöqtəsi sayılırdı. Sonradan o, dahi mütəfəkkir İbn-Sinanın abidəsini ucaltdı. Sevastopol yaxınlığında ucaldılmış monumenti də xatırlatmalıyam. Böyük Vətən müharibəsi illərində Sapun dağına hücum zamanı qəhrəmanlıqla həlak olmuş döyüşçülərə həsr edilmiş bu abidədən hücumda iştirak etmiş xalqımızın cəsur oğlan və qızlarına da pay düşür. Bu abidəni görənlərdən eşitmişəm ki, çoxfiqurlu bürünc kompozisiya öz möhtəşəmliyi və eyni zamanda dərin humanizmi ilə insanı heyran edir.
İncəsənətin hər bir növü - müharibə haqqında, həyat və sevgi naminə iztirablar və ölüm haqqında çəkilmiş filmlər, yazılm
ış mahnılar, rəsm, teatr, heykəltaraşlıq əsərləri bizim özümüzü anlamağımıza, daxili aləmimizi görməyə kömək edir. Fikrimcə, qəhrəman Sevastopol döyüşçülərinin şərəfinə Eldarovun yaratdığı monument də belə təsir bağışlayır.
Deməliyəm ki, Ömər Eldarov həmişə ümumiləşdirməyə meyil etmiş, bəzən öz fikirlərini rəmzi formalarla ifadə etmişdir. Onun "Analıq", "Oyanış", "Zamanın dörd rəngi" və başqa heykəltaraşlıq kompozisiyaları buna sübutdur.
Sənətşünasların fikrincə, Eldarov yaradıcılığının ən mühüm sahəsi - monumental əsərlərdir. Bu fikri inkar etmədən cəsarətlə deyə bilərəm ki, mütəxəssislərin dilində portret-baş adlanan əsərlər də onun yaradıcılığı üçün səciyyəvidir. Məsələn, Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 70-ci illərin əvvəllərində yaradılmış portretini, yaxud 10 ildən sonra maestro Niyazinin ağacdan düzəldilmiş kompozisiya portretini, bir sıra başqa nümunələri görənlər yəqin ki, mənimlə razılaşarlar.
İstedadl
ı sənətkarın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin obrazı üzərində işi barədə ayrıca söhbət açmalıyam. Heykəltaraşın bu böyük insanla bağlı ilk əsəri - iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin Vətəni Naxçıvanda ucaldılmış portret-büstü olmuşdur. Qəhrəmanının Moskvada, tanınmış heykəltaraş Rukavişnikovun emalatxanasında onunla ünsiyyətinin necə maraqlı olması hələ də Ömərin yadındadır. Heykəltaraş və onun təsvir etdiyi şəxs daim yaradıcılıq əlaqəsində idilər, bununla da bir-birinə kömək edirdilər: məlumdur ki, Heydər Əliyev incəsənəti dərindən hiss edirdi. Peşəkarların fikrinə böyük hörmət bəslədiyinə və onlara qarşı diqqətli olmasına baxmayaraq, bir çox məsələlərdə həmişə öz fikri var idi. Yaradıcı sənətkarla onun qəhrəmanı arasında bu cür münasibətlər həmişə uğur gətirir. Heydər Əliyevin Ömər Eldarov tərəfindən yaradılmış bütün heykəl-portretlərində sanki baxışları çox uzaqlara zillənmiş əzmkar, məqsədyönlü və ülvi bəşəri duyğularla yaşayan bir insan görürük.
Ümumiyyətlə, bu heykəltaraşın bütün qəhrəmanları sanki gələc
əyə can atır - bunu onların əllərinin hərəkətində də görmək olar, üzlərinin ifadəsində də. İnsan inana bilmir ki, bu qəhrəmanlar artıq aramızda yoxdur. Hətta bütün xalqın sevgisini qazanmış Rəşid Behbudovun, Şıxəli Qurbanovun və başqalarının qəbirüstü abidələrinə baxanda da bu cür hisslər keçirirsən.
Amma hər halda şəxsən mənə romantik və həssas psixologizm ustası Ömər Eldarovun yaratdığı qadın obrazları daha yaxındır. Yuxarıda adlarını çəkdiyim əsərlərə sənətkarın daha erkən dövrdə yaratdığı "Qız portreti", "Tələbə qız portreti", "Bacılar" kompozisiyasını da əlavə edə bilərəm. Bu əsərlərdə nə qədər sevgi, nə qədər xeyirxahlıq, zəriflik var! Bunu izah etmək çətin deyil: axı, heykəltaraş çox vaxt ona əziz insanların - ömür-gün yoldaşının, qızlarının heykəlini yaradır. Hər halda bu insanlar çox vaxt Eldarovun yaratdığı obrazların prototipləri olmuşlar. Bu baxımdan "Zamanın dörd rəngi" əsərini xatırlamaq kifayətdir.
Eldarovun qadınlara həsr etdiyi son memorial abidələrdən biri Aida xanım İmanquliyevanın heykəlidir. Bu obraz sanki saflıq, məhəbbət və gözəlliklə nəfəs alır. Əslində Ömər Eldarovun qəhrəmanlarının hamısı gözəldir - hərəsinin öz gözəlliyi var. Bax, elə bu gözəllik qarşısında baş əyməyə dəyər.
Uşaqlıq illəri bir şəhərdən başqasına köçməkdən ibarət olmuş, heç də həmişə rahat güzəran görməmiş bu insanda bu qədər daxili zənginlik haradandır görəsən? Bəlkə məhz bu müxtəliflik, həyatın rəngarəng çalarları onun uşaq təxəyyülündə ətraf aləm haqqında parlaq hisslər və təsəvvürlər oyatmışdır... Bakı, Dərbənd, Gəncə, Ömərin atası Həsən Eldarovun doğulub boya-başa çatdığı Şamaxı, anası Yelizaveta Eldarovanın vətəni Belarusun Mstislavl şəhəri - bu yerlər Ömərin qəlbində çox incə hisslər oyatmış, bu şəhərlərdə görüşdüyü insanlar onun uşaq qəlbində silinməz izlər qoymuş, ruhunu formalaşdırmışdır. İlahi vergisi olan istedadını orta və ali rəssamlıq məktəblərində oxuduğu illərdə cilalayıb görkəmli sənətkara, Azərbaycan xalqının fəxrinə çevrilmişdir.
Dövlət Rəssamlıq Akademiyasında olarkən çox sevindim: akademiyanın rektoru kimi Ömər Eldarov burada öz şəxsi nümunəsi əsasında bildiklərini tələbələrə öyrətmək, peşəkar rəssamların yeni nəslini yetişdirmək üçün daha böyük imkanlara malikdir.
Ömər Eldarovun büt
ün dünyada yüksək qiymətə layiq görülmüş əsərlərini sadəcə sadalamaq belə mümkün deyil. Bu, təvazökar, çox danışmağı xoşlamayan, böyük xidmətlərini heç vaxt qabartmayan insanın ictimai vəzifələri də az olmamışdır. Bunları sadalamaq fikrində deyiləm. Lakin Eldarovun müxtəlif müsabiqələrdə qazandığı qələbələr, onun yüksək fəxri adları, çoxsaylı təltifləri - medallar və ordenlər buna sübutdur. Müstəqil Vətənimizin "İstiqlal" ordeni onun üçün daha əzizdir.
Zənnimcə, bu böyük sənətkar barədə söhbətimi unudulmaz Heydər Əliyevin onun haqqında dediyi sözlərlə tamamlamaq yerinə düşər: "Ömər Eldarovun yaratdığı heykəltaraşlıq əsərləri Azərbaycan xalqının mədəni, mənəvi sərvətidir ... Azərbaycan dövlətinin başçısı kimi Ömər Eldarova onun böyük yaradıcılığına, Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərə və yaratdığı dəyərli, ...ölməz əsərlərə görə təşəkkürümü bildirirəm..."

Azərbaycan.- 2008.- 29 iyun.- S. 4.