O, Bakıda gözəl binalar tikirdi

 

İyunun 11-də Bakıda polyak memarı Yuzef Qoslavskinin vaxtilə yaşadığı Mirzə İbrahimov küçəsindəki 11 nömrəli binanın üzərində xatirə lövhəsi açılmışdır.

Bu münasibətlə keçirilən mərasimdə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq Bakı forumu ilə əlaqədar ölkəmizə gəlmiş Polşa Prezidentinin xanımı Mariya Kaçinski çıxış etmişdir.

Mariya Kaçinski demişdir: "Mən bu mərasimdə iştirak etməyimə çox şadam. Yuzef Qoslavski Bakıya ötən yüzilliyin əvvəllərində gəlmişdi. O və digər polyak memarları neft burnu ilə əlaqədar sürətlə inkişaf edən Azərbaycan paytaxtında binaların tikilməsində fəal iştirak etmişlər. Bakıda Qoslavskinin layihəsi əsasında tikilən binalar bu gün də şəhərin bəzəyidir. Əminəm ki, ötən əsrin polyak mütəxəssislərinin Polşa-Azərbaycan əlaqələrinin inkişafında da xidmətləri az olmamışdır. Hazırda həmin binaların tarixi abidə kimi dövlət tərəfindən qorunduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm".

"Azərbərpa" Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi bildirmişdir ki, XX əsrin əvvəllərində neft sənayesinin inkişafı sayəsində Bakı sürətlə abadlaşır və Avropa paytaxtlarına bənzəyirdi. Dəvət olunan əcnəbi mütəxəssislər arasında Yuzef Qoslavski də var idi. Onun layihəsi əsasında Bakıda 12 bina, o cümlədən Dövlət Dumasının binası (indiki Bakı Şəhər İcra Hakimiyyəti), Zeynalabdin Tağıyevin evi (Azərbaycan Tarixi Muzeyi), qızlar üçün rus-müsəlman məktəbi (AMEA-nın Əlyazmalar İnstitutu) və s. tikilmişdir.

Mariya Kaçinski üzərində "Bu evdə 1902-1904-cü illərdə görkəmli Polşa xadimi, Bakının baş arxitektoru Y.O.Qoslavski yaşamışdır" sözləri yazılmış xatirə lövhəsinin üstündən örtüyü götürmüşdür.

Sonra Y.Qoslavskinin qohumu İrina Trofimova memarın yaşadığı mənzili qonaqlara göstərmişdir. Burada hər şey Qoslavskinin sağlığında olduğu kimi saxlanmışdır. Hazırda burada fəaliyyət göstərən Ədəbi salonda rus ədəbiyyatının biliciləri toplaşırlar. Bir zamanlar Yesenin, Mayakovski, Səməd Vurğun və bir çox başqaları bu mənzildə olmuşlar.

 

Xalq qəzeti.- 2008.- 12 iyun.- S. 5.