2008 ci il Avropada mədəniyyətlərarası
dialoq ilidir
Fransa
Respublikasının Paris, Strasburq və Belçika Krallığının
Brüssel şəhərlərində yerləşən
YUNESKO, Avropa Şurası və Avropa Birliyinin qərargahlarında
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə
həsr olunmuş uşaq konsertləri və kiçik
rəssamların əsərlərindən ibarət
sərgilər təşkil edilmişdir. Bu konsertlərdə Dövlət Uşaq və
Gənclər Simfonik Orkestri, Uşaq Xor Kapellası, Bakı
Xoreoqrafiya Məktəbinin şagirdləri, respublikanın
müxtəlif musiqi və incəsənət məktəblərində
təhsil alan kiçik musiqiçilər böyük
uğurla çıxış etmişlər.İlk konsert
və sərgi 2008-ci il mayın 20-dən başlayaraq
YUNESKO-nun Fransa Respublikasının Paris şəhərində
yerləşən qərargahında keçirilmişdir.
YUNESKO-nun Xoşməramlı Səfirlərinin
8-ci hesabat yığıncağında iştirakla
əlaqədar Parisdə səfərdə olan YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, millət vəkili, Azərbaycan
Respublikasının birinci xanımı Mehriban Əliyeva
və YUNESKO-nun baş direktoru cənab Koiçiro
Matsuura konsertdən əvvəl çıxış etmişlər.
Konsertdə İordaniyada Haşimilər və Niderland
krallıqlarının birinci xanımları və digər
xoşməramlı səfirlər iştirak etmişlər.
Növbəti iki konsert Fransa Respublikasının Strasburq
şəhərində keçirilmişdir. 2008-ci il mayın
22-də Avropanın ən möhtəşəm kilsələrindən
biri olan Strasburq Kafedralında azərbaycanlı uşaqların
konserti təşkil edilmişdir. Konsertdən əvvəl
kafedralın kardinalı çıxış edərək
azərbaycanlı qonaqları salamlamışdır.
Məlum olduğu kimi, 2008-ci il Avropada mədəniyyətlərarası
dialoq ili elan edilmişdir. Kafedralda təşkil edilən
konsert Azərbaycanın bu prosesdə fəal iştirakını
nümayiş etdirməklə müxtəlif mədəniyyətlərin
və dinlərin bir-birinə yaxınlaşması
işinə bir töhfə olmuşdur. Strasburq
Kafedralında konsert keçirilməsinə müstəsna
hallarda icazə verildiyini və müsəlman ölkəsinin
nümayəndələrinin ilk dəfə olaraq burada
çıxış etdiyini nəzərə alsaq, bu
tədbirin nə dərəcə əhəmiyyət
kəsb etdiyi aydın olar. Növbəti günlərdə
isə Strasburq şəhərində Avropa Şurasının
Nazirlər Komitəsinin foyesində azərbaycanlı
uşaqların rəsm əsərlərindən ibarət
sərgi və Uşaq Xor Kapellasının konserti
təşkil edilmişdir. Sərginin
açılışında Azərbaycan Milli Məclisinin
sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət
Məclisinin sədri Köksal Toptan, Fransa Senatının
sədri Kristian Ponsöle, Albaniya, Moldova, Monako parlamentlərinin
sədrləri, Almaniya Bundestaqının sədr
müavini və onu müşayiət edən nümayəndə
heyəti iştirak etmişlər. Həmin gün Strasburqun
"Palais de la Musique et des Congres" sarayında da
azərbaycanlı uşaqların iştirakı ilə
böyük bir konsert keçirilmişdir. Strasburqda
ilk dəfə olaraq belə yüksək səviyyədə
təşkil edilən tədbirlərdə Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay
Əsədov və onu müşayiət edən nümayəndə
heyəti, Avropa Şurası Parlament Assosiasiyasının
sədri Luiz Maria de Puç, Avropa Şurasının
baş katibinin müavini Mod de Bur Bukikio,
Avropa Şurasının Mədəniyyət, təhsil,
gənclər və idman üzrə baş direktoru Qabriella
Battaini-Draqoni, təşkilata üzv ölkələrin
səfirləri və qurumun digər yüksək vəzifəli
nümayəndələri iştirak etmişlər.
Fransaya səfər çərçivəsində
"Luvr Muzeyi və Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi arasında
əməkdaşlıq üzrə Razılıq Protokolunun"
layihəsi, habelə, dahi Azərbaycan bəstəkarı
Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar Luvr Muzeyində
konsertin təşkil edilməsi barədə muzey
rəhbərliyi ilə danışıqlar aparılmışdır.
Avropa Birliyi ilə ölkəmiz arasında
əməkdaşlığı inkişaf etdirmək,
Azərbaycan mədəniyyəti və incəsənətini
təbliğ etmək məqsədilə mayın
28-də Avropanın siyasi mərkəzi sayılan
Brüssel şəhərinin ən möhtəşəm
konsert salonunda -"Theatre de Wolubilis"də azərbaycanlı
uşaqların konserti təşkil edilmiş, foyedə
kiçik rəssamların əsərləri nümayiş
etdirilmişdir. Qeyd etmək lazımdır
ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi
münasibətilə Fransa Respublikasında və Belçika
Krallığında keçirilmiş bütün bu
tədbirlər ölkəmizin YUNESKO, Avropa Şurası
və Avropa Birliyi yanında daimi nümayəndəliklərinin
fəal iştirakı ilə təşkil edilmişdir.
Uşaq konsertləri və rəsm sərgilərinin
yüksək səviyyədə hazırlanması
və keçirilməsi, uşaq kollektivlərinin
və kiçik solistlərin ifaçılıq məharəti
tamaşaçıları valeh etmiş və böyük
əks-səda doğurmuşdur. Sözügedən
tədbirlərdə YUNESKO, Avropa Şurası, Avropa
Birliyi və Azərbaycan Respublikasının yüksək
vəzifəli şəxsləri, müvafiq təşkilatlar
yanında ölkəmizin daimi nümayəndələri,
diplomatik korpus üzvləri, respublikamızın
həmin ölkələrdə fəaliyyət göstərən
diaspora nümayəndələri iştirak etmiş,
tədbirlər dünyanın müxtəlif kütləvi
informasiya vasitələri tərəfindən geniş
işıqlandırılmışdır.
Səs.- 2008.- 5 iyun.- S. 12.