Sadıqov S.

 

Daşlarda canlanan həyatın yaradıcısı

 

Təsviri sənətin maraqlı növü sayılan heykəltəraşlıq həqiqi gözəlliyi əks etdirərək, öz növbəsində insanın estetik zövqünü və gözəllik haqda təsəvvürünü formalaşdırır. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltəraşlıq abidələri yüksəlir.

1950-ci ildə Azərbaycan heykəltəraşlıq məktəbinə gələn heykəltəraşlardan biri də Tokay Məmmədovdur. O, 1927-ci ilin iyul ayının 18-də Bakıda anadan olub. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər xanım isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini də elə anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət dostu Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib. Sonralar P.Sabsay qeyd edirdi ki, "Tokay uşaqlıqdan heykəltəraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı. Artıq onun yaradıcılığı bizə məlumdur".

1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltəraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P.Sabsay, Fbdürrəhmanov, C.Qaryağdı həmin heykəltəraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltəraşımız Fbdürrəhmanovdan dərs almağa başlayır. Leninqrad Rəssamlıq Akademiyasını bitirmiş Fbdürrəhmanov öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edirdi.

1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedir və İ.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakultəsinə qəbul olur. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir.

Heykəltəraşın erkən işlərində məzmunun əlamətlərini və personayların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünür. Professional sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı. Akademiyada təhsil aldığı zaman Tokay bir çox sərgidə yaratdığı büstlərlə təmsil olunaraq yüksək qiymətə layiq görülür. Ali təhsil aldığı dövrdə, yəni 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayır. Bu portretin yaradılması təsadüfi deyildi. Lətif Kərimovu uşaq vaxtlarından tanıyan heykəltəraş müstəqil şəkildə ilk dəfə görkəmli alimin portretini canlandırır. Biz bu portretdə zərifliklə canlanan yaradıcı insan simasını görürük. Sonrakı dövrlərdə yaratdığı portretlərdən geri qalmasına baxmayaraq, bu əsəri gənc heykəltəraşın ilk uğuru kimi qiymətləndirmək olar.

Tokay Məmmədov 1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, görkəmli Azərbaycan alimi Mirzə Kazımbəyin portretini nümayiş etdirir. Bu portretdə heykəltəraş daxili psixoloyi keyfiyyətləri göstərməkdən qaçaraq, canlı naturadan yox, fotoşəkildən istifadə edir. Bu xırda nüansları nəzərə almasaq, həqiqətən də heykəltəraşın yaratdığı ilk portret əsərləri realistik xüsusiyyətləri ilə diqqət çəkir.

1951-ci ildə akademiyada təhsilini başa vuran Tokay Məmmədovun yaratdığı diplom işi "26 Bakı Komissarları"na həsr olunur. Leninqradda gənc heykəltəraşın diplom işinin müdafiəsində dərs deyən müəllimlərindən başqa, Azərbaycan sənətşünası Mürsəl Nəcəfov da iştirak edir. Dörd fiqurdan ibarət kompozisiyada Bakı kommunasının rəhbərləri təsvir olunmuşdu. Kompozisiya sovet dövrü ideologiyasına cavab verirdi. Sənətkarlıq baxımdan isə kompozisiya çox düzgün yaradılmışdı. Bu cür də olmalı idi. Çünki respublikamız Sovet İttifaqının tərkibində yaşayırdı və hər şeydə sovet ideologiyası öz əksini tapmalı idi.

Tokay Məmmədov ali təhsilini bitirdikdən sonra Leninqradda heykəltəraş kimi işə başlayır və Leninqrad Rəssamlar İttifaqının üzvü seçilir. Heykəltəraş Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoyi fəaliyyətə başlayaraq burada yetişən gənc rəssamlara həm rəsm, həm də heykəltəraşlıqdan dərs deyərək onlara sənətin sirlərini öyrədir.

T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin portretini yonub. Hələ rəssamlıq məktəbində təhsil aldığı dövrdən başlayaraq Nizami Gəncəvinin obrazını canlandırmaq istəyirdi. Bu da təbii ki, ona müəllimi heykəltəraş F.Əbdürrəhmanovun yaratdığı "Nizami" heykəlinin təsiri olub.

Heykəltəraşın yaratdığı "Nizami Gəncəvi" portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxaq Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. Əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanıraq nümayiş olunur.

Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırır. Tokayın yaratdığı ağac portretlərində yüksək psixoloyi keyfiyyətləri göstərə bilməsi diqqət çəkir. Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradır. Bu qəbilədən onun "Səməd Vurğun", Xalq rəssamı "Qəzənfər Xalıqov", dövlət xadimi, həkim və yazıçı "Nəriman Nərimanov", sadə iş adamı, uzunömürlü adam "Şirəli Müslümov" və b. portretlərini qeyd etmək olar.

Heykəltəraş Tokay Məmmədovun yaratdığı portretlər qalereyasında həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcudur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloyi keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun Azərbaycanda opera yanrının əsasını qoymuş, musiqiçi alim "Üzeyir Hacıbəyov", Xalq rəssamı "Rüstəm Mustafayev", qadın rəssamımız "Vəcihə Səmədova", yazıçı "Süleyman Rəhimov", polyak bəstəkarı "F.Şopen" və Avstriya bəstəkarı "V.A.Motsart" kimi dahilərin büst portretlərini qeyd etmək olar.

Həmçinin heykəltəraşın yaradıcılığı monumental heykəllərlə zəngindir. Şəhərsalmanın inkişafı nəticəsində sovet dövründən başlayaraq Azərbaycanın bir çox şəhərindəki park və meydanlarda şair və dövlət xadimlərinin monumental heykəlləri ucaldılırdı. Tokay Məmmədovun monumental sahədə canlandırdığı obrazlarda Azərbaycanın şairləri, alimləri, dövlət xadimləri və qəhrəmanlarının surətləri durur. 1960-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlini Konservatoriya binası qarşısında qoyurlar.

Tokay Məmmədov sovet reyiminin qurulmasında inqilabi mübarizə aparmış Məşədi Əzizbəyovun monumental heykəlini isə 1976-cı ildə Bakı şəhərində ucaldıb. Hündür qranit özül üstünə qaldırılan abidədə heykəltəraş inqilabçını emosional, siluet ifadəliyi, bütün kompozisiyanın dinamikliyi və psxoloyi keyfiyyətdə yaradıb. "Məşədi Əzizbəyov" abidəsinə görə 1978-ci ildə heykəltəraşa SSRİ Dövlət mükafatı təqdim edilib.

Heykəltəraş monumental sahədə həmçinin Azərbaycan şairi "İmaməddin Nəsimi" və "XI qızıl Ordu" abidələrini yaradıb.

Tokay Məmmədov yaradıcılığının ilk günlərindən başlayaraq heykəltəraşlığın qabartma sahəsində bir çox insanın surətlərini canlandırıb. Bu qabartmalardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu qabartmada qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Bu əsər heykəltəraşın gənclik illərində yaratdığı və ona uğur qazandırdığı əsərlər sırasında durur. Əsər bir çox beynəlxaq sərgidə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-ci ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.

T.Məmmədov xalq dastanımızın qəhrəmanı Koroğlunun obrazı üzərində on ildən çox işləyib. Bir çox variantda yaradılan abidənin bir modeli Bakı şəhərində ucaldılmalı idi. O, görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhrəman əsl cəngavər, sərkərdə, bahadır təsviri bağışlamalıdır.

Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub. Hal-hazırda 80 yaşlı heykəltəraş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yetişən gənc heykəltəraşlara dərs deyərək sənətin sirlərini onlara öyrədir.

 

Kaspi.- 2008.- 6 iyun.- S. 12.