Abdullayeva Z.

 

Sənədli videofilmlər müsabiqəsinə yekun vuruldu

 

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu ilə Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin birgə keçirdiyi 15 iyun-Milli Qurtuluş Gününə həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda həvəskar sənədli videofilmlər müsabiqəsinə yekun vuruldu. Qalibləri mükafatlandırma mərasimini fondun prezidenti Ahmet Tecim açaraq müsabiqənin keçirilməsinin əsas məqsədlərindən danışdı. Qeyd olundu ki, burada məqsəd ümummilli liderimiz Heydər Əliyevin, həyat və yaradıcılığının daha da geniş öyrənilməsi, ulu öndərin memarı olduğu Azərbaycan dövlətçiliyinin inkişaf tendensiyasının əks etdirilməsi, milli adət-ənənələrimizin zənginliyinin təbliğ olunması, gənclərdə sənətlə məşğul olmaq üçün stimulun yaradılması və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir.

Daha sonra A.Tecim dedi: "Milli qurtuluş hər bir millət üçün önəmli məsələdir. Azərbaycan xalqının qurtuluş günü bütün türk dünyasında əhəmiyyətli bir hadisədir. Böyük faciələr yaşayan Azərbaycan xalqı, gənc, müstəqil Azərbaycan dövləti 1993-cü il iyun ayının 15-də ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə dönüşü ilə üzləşdiyi təhlükədən xilas olundu. Heydər Əliyev Azərbaycanın haqq səsini dünyaya çatdırdı, onun müstəqilliyini əbədi və dönməz etdi. Heydər Əliyev XX əsrin ən nadir şəxsiyyətlərindəndir. Türk dünyasının inkişafına böyük önəm verən ulu öndər, "Bir millət, iki dövlət" deməklə türk və Azərbaycan xalqlarının dostluğunu tarixə qızıl hərflərlə yazdı. Bu gün gerçəkləşən Bakı-Tbilisi-Ceyhan magistral neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ulu öndərin türk dünyası qarşısında xidmətləridir. İndi regionda lider dövlət olan Azərbaycan ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında getdikcə güclənir. Hər birimizə örnək olan Heydər Əliyevin həyat və fəaliyyəti daim öyrənilməlidir".

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərin aparıcı bir qüvvə olduğunu dedi, onların inkişafı istiqamətində həyata keçirilən dövlət gənclər siyasətindən, Gəncliyə Yardım Fondu ilə birgə fəaliyyətlərindən danışdı. Natiq bildirdi ki, bu gün həyatın istənilən sahəsində çalışan gənclər Azərbaycanın gələcəyidir və gənc Azərbaycan dövləti gənclərin hərtərəfli inkişafı, onların öz sözlərini dünya miqyasında deməsi naminə böyük işlər görür. Ölkə başçısı İlham Əliyev ulu öndərin başladığı gənclər siyasətini uğurla davam etdirir. Biz də Gəncliyə Yardım Fondu ilə birgə müxtəlif tədbirlər həyata keçiririk. Yaradıcı gənclərin ulu öndərin həyat və fəaliyyətinə həsr etdiyi həvəskar sənədli videofilmlərin müsabiqəsi də bu silsilədən olan tədbirdir. Mən qalibləri təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.

Münsiflər Heyətinin sədri, rejissor Tahir Əliyev müsabiqənin şərtlərindən danışaraq, yaradıcı gənclərin bir-birindən maraqlı sənədli videofilmləri ulu öndərə böyük sevgi ilə hazırladığını dedi.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli videofilmlərin nümayişi böyük maraqla qarşılandı. Sonda Heydər Əliyev adına Ali Hərbi Məktəbinin kursantı Pərviz Sadıqova, müxtəlif sahələrdə çalışan Tehran Mehdiyevə, Rəşad Rəhimova və Abbas Quliyevə Bakı Şəhər Gənclər və İdman Baş idarəsi və Gəncliyə Yardım Fondu tərəfindən diplom və pul mükafatları təqdim olundu.

Fondun vitse-prezidenti Salman Əliyev qalibləri təbrik edərək dedi: "Bu müsabiqədə siz hər biriniz qalib oldunuz, çünki çəkdikləriniz Azərbaycanı tərənnüm edirdi. İnanırıq ki, sizin bugünkü uğurlarınız sərhədlər aşıb Vətənə olan sevginizi dünyaya bəyan edəcəkdir".

 

Respublika.- 2008.- 11 iyun.- S. 10.