Ağaoğlu T.

 

Çəkdiyi filmlər onu qəlblərdə yaşadır

 

Gərgin əməyinə, zəhmətli yaradıcılığına görə xalq artisti fəxri ada, orden və medallara layiq görülmüş Muxtar Baba oğlu Dadaşov hər dəfə xatırlananda milli teatr və kino sənətimizin çətin, ancaq şərəfli yolu göz önündə, yaddaşlarda canlanır. On ildir ki, dünyasını dəyişib, lakin unudulmur, daim hörmətlə yad edilir. Onun anım günündə kinoşünas, Azərbaycan Dövlət Kino Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev dedi:
- Muxtar Dadaşov 1913-cü ildə Bakı şəhərində anadan olmuşdu. On bir yaşında hazırkı Akademik Dram Teatrının səhnəsinə epizodik rolda çıxmış, dörd il sonra isə görkəmli dramaturq Cəfər Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında yenə epizodik rol olan Gündüzü oynamışdı. 1929-cu ildən Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorlarından biri kimi tanınmışdı. 1931-ci ildən kino sənətinə gələn Muxtar Dadaşov gərgin əməyi, istedadı ilə tanınmış, operator assistenti işləmiş, bir çox sənədli, publisistik, bədii filmlərin lentə alınmasında fəal iştirak etmişdi. Onun çəkdiyi filmlər bu gün sənədli kino tarixində olduqca əhəmiyyətli yer tutur. Görkəmli sənətkar "Sovet Azərbaycanı", "Arazın o tayında", "Səadət yolu ilə", "Bizim Azərbaycan", "Sabir", "Kür", "Əbədi qardaşlıq", "Respublika haqqında həqiqət" başqa sənədli filmlərin rejissor-operatoru, "Qanun naminə", "Bakıda küləklər əsir" bədii, tammetrajlı filmlərin quruluşçu rejissoru, "Arşın mal alan" ekran əsərinin operatoru olmuşdu. O, 1977-1983-cü illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışmışdır. Nümunəvi xidmətlərinə, fəaliyyətinə görə ədəbi ictimaiyyət, kinosevərlər onu hörmətlə, məhəbbətlə xatırlayırlar. Çəkdiyi filmlər onu daim qəlblərdə yaşadır...
Muxtar Dadaşovun yaradıcılığı, çəkdiyi quruluş verdiyi bədii-publisistik filmlər mövzu etibarı ilə müxtəlifdir. Lakin onları birləşdirən bir ümumi ideya var: Azərbaycanı, füsunkar təbiətimizi, əmək adamlarını, yaradıcı insanları ekran yaddaşında əbədiləşdirib, gələcək nəsillərə çatdırmaq operator-rejissorun əsas məqsədi, amalı olub.

Azərbaycan.- 2008.- 14 iyun.- S. 7.