Dadaşov A.
Hazırda sovet kinosu
məfhumundan qopmuş milli kinomuz özünün uzun
sürən keçid dövrünü yaşayır. Bu
zaman kəsimində bizdən uzaqlaşan sovet kino qanunları
tədricən yox olsa da, marketinq sistemi üzərində
qurulan kapitalist kinosu da hələlik bizə yaddır. Sosialist idarəetmə mexanizmindən qalma
çoxsaylı məmurlar ordusu ayrılan vəsaitin
ağır idarəçilik aparatına xərclənməsi
bazar iqtisadiyyatı kontekstində düşünən hər
kəsi dəhşətə gətirir. Əlbəttə ki,
bir çalışana doqquz nəzarətçi məmurun
düşdüyü sovet mühiti işsizlik problemini
də bu yolla həll edirdi. Müasir kino
məkanında özünü kəskin şəkildə
göstərən boşluq ötən dövrün
təhlili və gələcək inkişaf istiqamətinin
müəyyənləşdirilməsi strategiyasını
tələb edir.
İlk baxışda sovet kinosunun tərkib hissəsindən
çıxaraq müstəqilliyə doğru yol almaqla
siyasi funksiya daşımaqdan qurtulan kinomuz hələ də
fəaliyyətdədir. Lakin diqqət yetirəndə
müstəqillik illərindəki filmlərin bədii
səviyyəsi ilə qane olmaq mümkünsüzdür.
Sosializm realizmi metodunun formaca milli, məzmunca sosialist prinsipi
sənət mövqeyindən təhlil olunduqca xəlbirdən
keçən filmlərin də sayı barmaqla sayılacaq
dərəcədə azdır. Formaca milli - qara
bığlı, aerodrom kepkalı kişilərin, badam
gözlü, incə belli qadınların bizim mahnıları
zümzümə edə-edə məzmunca sosialist funksiya
daşımaları - gecə-gündüz dəzgah
arxasında çalışmaları, yorulmadan məhsul
becərmələri, daha sürətlə avtomaşın
və ya qatar sürmələri onları xoşbəxt
gələcəyə, kommunizmə çatdıra bilmədi.
Deməli, digər mədəniyyət sahələri kimi,
kinomuza da sırınan totalitar təbliğat funksiyası
bar-bəhər vermədi. Bununla belə,
sosializm kinonu yaradıcı, texniki bazaya malik iqtisadi
sahəyə çevirə bilmişdi. İndi
peşəkarlar və vaxtilə alınan texnika qocalıb
əldən düşsə də, milli
mədəniyyətimizin tərkib hissəsi olan kinomuzun
vaxtilə təqdim etdiyi məhsullar arasında bədii
dəyərə malik əsərlərin olması o
iqtisadi baza əsasında ərsəyə gəlmişdi.
Kinonun əsas vəsaiti sayılmaqla öz
dəyərini tədricən hazır məhsula
ötürən insan resursu və kinokamera, habelə montaj
masası, işıq mənbəyi olan lixtvagen, səs
qurğusu tonvagen və digər texnika mayasını qat-qat
artıq çıxarsa belə, işə yarayırsa,
iqtisadi baxımdan bəxti gətirmiş sayılır. Unutmaq olmaz ki, həmin sosializm dövründə
iqtisadi qanunlar siyasətə qurban verildiyindən formal olaraq
iş yerlərini saxlamaq naminə rentabellə
işləməyən zavod və fabriklərin
mövcudluğuna imkan verilirdi. İstehsalın fasiləsizliyi
təmin olunmuş kinomuz əsas vəsaitlərlə tam
təmin olunmuş və onları işlədə bilən
mütəxəssislərin kadr hazırlığı
yüksək səviyyədə həyata
keçirilmişdir. Kinomuzda yazılı tezislər
üzərində qurulan yaradıcılıq məktəbinin
formalaşmaması da dövrün faktıdır. Məlumdur
ki, ideyanın maddiləşmə forması olub materialı
deyil, müəllifi şərtləndirən
üslubiyyatın peşəkar tipi öncə yazılı
tezislərin varlığını tələb edir. Necə
ki, ədəbiyyatımızda M.F.Axundov məktəbi məhz
həmin tezislər üzərində bərqərar oldu.
Kinoda sovetlərdən qalan əsas vəsaitlər
ildən-ilə sıradan çıxmaqdadır. Onun
maddi-texniki bazasının yeniləşməsi isə
mübahisəli məsələdir. Götürək elə
bizim kinostudiyanın binasını. Azsaylı ştat
personalının doldura bilmədiyi, "yel vurub
yengələr oynayan" bu binanın təmiri belə rentabelliyə
xidmət etmir. Hələ sovet dönəmində kinostudiya
binaları olmayan digər respublikaların bir çoxunda
dünyaya səs salan filmlərin və milli kino
məktəblərinin formalaşmasının əsas
vəsaitlə bağlı olmadığı
təsdiqlənmişdi. Nəinki bina, kinokameranı, montaj
masasını və sair texnikanı icarə
götürməklə sənət yaradılması adi hala
çevrilmişdi. Deməli, kinonun istehsalı
üçün əsas vəsaitin mövcudluğunun vacib
olmadığı təsdiqlənir. Kinonun istehsalı
üçün, əlbəttə ki, öz dəyərini
birbaşa hazır mala - əmtəəyə keçirən
ssenari və kinolent kimi dövriyyə vəsaitləri
gərəkdir. Amortizasiya hesabına öz dəyərini
tədricən əmtəəyə keçirməklə
köhnələn əsas vəsaitləri isə
icarəyə götürmək sərfəlidir. Qoyulan
xərclərin geriyə qaytarılması, təkrar istehsala
cəlb olunması isə hazır filmin əmtəəyə
- satlıq üçün mala çevrilməsi vacibdir.
Məhz bu məqamda iki vacib şərt meydana
çıxır: satış üçün bazarın
tapılması və filmin rəqabətə davam
gətirməsi. Dövlət müstəqilliyimiz digər
ədəbiyyat və sənət sahələri kimi, kinomuza
da sərbəstlik gətirsə də, uzun illər
ərzində qazanılmış müəssisədəki
çoxmilyonlu auditoriyanın geriyə qaytarılması
mümkünsüzdür. Bir vaxtlar yüksək gəlir
gətirən kinonun hesabına ölkə
büdcəsində səhiyyə və tədris
xərclərinin ödənilməsi faktı mövcuddur. Xüsusən siyasi əhəmiyyət daşıyan
filmlərin Ümumittifaq tamaşaçısına
çatdırılması üçün minlərlə
film nüsxələri sifariş verilərdi.
Şübhəsiz ki, bəzi regionlarda hind filmini
nümayiş etdirib, siyasi filmlərin adına yazdırmaqla
müəlliflərə əlavə tiraj məsrəfləri
də ödənilə bilərdi. Bütövlükdə
isə "Kinoprokat" idarələri ölkə
daxilindəki kino nümayişini uğurla həyata
keçirir, "Sovinfilm" isə xarici bazarı
tənzimləyirdi. Ölkənin kino təhsili
müəssisələrində kadr hazırlığı
və mövcud sənətkarlıq məktəbləri,
ənənələr və nəhayət texnoloji
səviyyə yüksək olduğundan
rəqabətədavamlı filmlərin istehsalı problemi
də yox deyildi.
Sovet kinosu dağıldıqdan sonra Rusiyanın kapitalist
istehsal üsuluna keçməsi məsələsi qismən
həll olundu. Boris Yeltsinin həyata
keçirdiyi "Kino istehsalına kapital qoyan
şirkətlərə vegi güzəştləri"
hesabına yaranan müstəqil studiyaların fəaliyyəti
tənzimləndi. Əlbəttə ki, müdafiəsiz
müstəqil studiyalara kapital qoyan şirkətlər
arasındakı maliyyə pozuntuları bu mexanizmin də tam
həyatadavamlı olmadığını
təsdiqlədi. Amma hüquqi baza
formalaşdı. Digər tərəfdən, indi fabrikə
çevrilməklə yaradıcılıqdan
uzaqlaşdırılan iri kinostudiyalara dövlət
tərəfindən qoyulan kapital qoyuluşunun əsas
vəsaitlərin yeniləşməsinə
yönəlməsi, xarici layihələrlə bağlı
filmlərin buradakı pavilyonlarda çəkilməsinə
şərait yaradılması sahənin rentabelliyini təmin
etdi. Digər tərəfdən isə, tənzimlənən
qanunvericilik hazır filmlərin ölkədaxili
çoxsaylı televiziya şirkətlərinə
satılmasının hüquqi müstəvisini də yoluna qoydu.
Kinonun iqtisadi modelinin yaradılmasında neorealizmi
ərsəyə gətirən variantı da
nəzərdən keçirmək mümkündür. Bu
variantda faizsiz kredit almaq imkanı qazanan məşhur
sənətkarların bahalı kinofabriklərə, aktyorlara
deyil, natura çəkilişlərinə və qeyri-peşəkarların
oyununa üstünlük vermələri prinsipi əksər
hallarda özünü doğrultdu.
Müstəqillik illərində respublikamızda qeydiyyatdan
keçən yüzə yaxın müstəqil kinostudiyadan
bəziləri müxtəlif janrlarda film istehsalına
başlasa da, sonda heç biri normal fəaliyyət
göstərmir. Odur ki, kortəbii olaraq milli
kinomuzu kommersiya istiqamətinə yönəldən bazar
mexanizminin yaradılması dövrün tələbidir.
Çünki sağlam biznes faktoruna söykənməklə
təkrar istehsalı təmin etməyən iqtisadi modelin
qısırlığı, yumurtlamadan falın
içilməsinə şərait yaradır.
Dünya kinosuna bir çox məşhur
sənətkarlar bəxş etmiş İsrail və
Macarıstan kimi dövlətlərin büdcə
məxaricinin qarşısının alınması naminə
kino istehsalından imtina etmələri dövrün
reallığıdır. Əlbəttə ki, milli
mədəniyyətimizin fundamental bir sahəsinə
çevrilmiş kinomuzun üstündən xətt
çəkmək asan məsələ deyil. Lakin
sosial deyil, məmur sifarişini yerinə yetirməklə
yaranan tenderdə dövlət pulunun sponsor vəsaiti kimi eyni
prodüsserlərə yönəlməsi, aşkarlama ilə
bağlı istehsal prosesinin respublikadan kənarda həyata
keçirilməsi və ən nəhayət,
dağılmış kinoprokat sisteminin, kinoteatr
şəbəkəsinin yoxluğu nəhayətdə
kor quyuya daş atılmasına bənzəyir. Odur ki,
qanunları kapitalist bazar iqtisadiyyatı sınağından
çıxmış kommersiya kinosunun hüquqi, iqtisadi,
psixoloji mühitinin yaranması labüddür.
Keçid dövründə ayrı-ayrı
kinoçular güya mötəbər festivallarda qazanılan
mükafatlardan dəm vursalar da, digər
qonşularımızdan fərqli olaraq, Avropa ölkələrinə
film çəkilişlərinə dəvət olunan sənətkarlarımızın
yoxluğu vəziyyəti real qiymətləndirməyi
tələb edir. Milli kinomuzun imicini qaldırmaq
üçün bizim digər ölkələrdən
rejissorlar dəvət etməyimiz də ən azı
mentalitetimizə ziddir. Odur ki, dünya kino bazarında
rəqabətədavamlı filmin istehsalı hələlik
xülya olsa da, itirilmiş çoxsaylı sovet kino
tamaşaçısını ən azı Yaxın və
Orta Şərq məkanında axtarmaq
məqsədəuyğundur. Marketinq sistemi
isə bu məkanın şərtlərinin sistemli
şəkildə öyrənilməsini tələb edir.
Çünki sovet dövlət kino mexanizmindən fərqli
olaraq, kapitalizmin bazar mexanizmində filmin dəyəri siyasi
deyil, pul-qiymət ölçüsü ilə
hesablandığından tamaşaçı auditoriyasından
gələn gəlir qiymət meyarına çevrilir.
Vaxtilə canla-başla kommunist ideologiyasının
qulluğunda duraraq hakimiyyət tərəfindən
dəyərləndirilən sənətkarların, o
cümlədən kinematoqrafçıların arasında
prodüsserə tələbat yox idi. Kommersiya kinosunun psixoloji
mühiti isə bir çox sənət sahələrində
olduğu kimi, kino aləmində də əsas fiqurun
prodüsser olduğunu önə çəkir.
Xüsusi mülkiyyət üzərində
qurulan müstəqil kommersiya kinostudiyalarının
formalaşması sahibkar-istehsalçı-prodüsser
institutunun möhkəmlənməsini tələb edir.
İdeyanı əmtəəyə çevirən
prodüsser peşəsi haqqında tam təsəvvür
olmadığından bəzən bu fəaliyyət
növü sponsorluqla çaşdırılır.
Dünya kinosunda mərkəzi fiqur sayılan prodüsserin
istehsal və satışla bağlı iqtisadi, hüquqi
savadı ilə yanaşı, yüksək zövqə malik
olması da tələb olunur. Bəzən iqtisadiyyatı,
marketinqi bilən kinorejissorlar prodüsserliyi də öz
üzərlərinə götürürlər. Lakin bu
müstəqil peşənin əslində gərgin
əmək və bacarıq tələb etməsi aksiomdur.
Uzanan keçid dövründə meydana çıxan prodüsserlərimizin
əksəriyyətinin isə kiminləsə dil tapmaqdan
başqa bir məziyyətlərinin sezilməməsi bu
peşənin hələ bizdən uzaqlarda olduğunu
təsdiqləyir. Neft gəlirlərinin büdcəmizi durmadan
artırdığı müasir şəraitdə kinoya
kapital qoyuluşu təbii görünür. Lakin dövlət
büdcəsindən ayrılan maliyyə
məsrəflərinin qaytarılması tələb olunmadan,
təkrar istehsala yol açılmadan havaya atılması
yolverilməzdir. Büdcədən ayrılan
pula yalnız işğal altındakı torpaqların azad
olunması ilə bağlı sosial sifarişlərin
yerinə yetirilməsi və ya maarifçilik istiqamətindəki
dövlət layihələrinin
maliyyələşdirilməsi düzgün yoldur.
Şübhəsiz ki, sənətkarla hakimiyyət
əlaqələrinin şaquli deyil, üfüqi
nizamlandığı demokratiya prinsipi, yaranmaqda olan
vətəndaş cəmiyyəti istər-istəməz bu
problemi də yoluna qoyacaqdır. XX əsrin
ortalarına yaxın faşizm adlı qlobal problemin əsrin
sonlarında erməni terroru kimi təzahür edərək
xalqımızın başına gətirdiyi
faciələrə qarşı kinonun səfərbər
olması vacibdir. Ədəbiyyatın, sənətin
müxtəlif sahələrində olduğu kimi, kinomuzun da
zaman-zaman gənc dövlətimizin zorla cəlb olunduğu bu
problemə toxunması ilk növbədə
çıxış yollarının tapılması
üçün sosial sifarişin yerinə yetirilməsi
ilə bağlıdır. Böyük dövlətlərin
maraqları ilə toqquşduğundan bir əsrdən
çox davam edən Qarabağ probleminin məntiqi
çözümündə canlı ünsiyyət
vasitəsi olan kinonun da rolu böyükdür. Növbəti
dəfə ərazisini itirməklə müstəqilliyi
sarsılan dövlətimizin daim diqqət mərkəzində
saxladığı torpaq azadlığı probleminin
həllində siyasi, yaxud hərbi yolun əlverişli
olması seçimi kimi dövlət strategiyasının
dəqiqləşdirilməsinin xalqla canlı ünsiyyət
vasitəsi olan kinonun da imkanları hesabına
şərhinin bədii səviyyəsinin
araşdırılması günün tələbidir.
Azərbaycan.- 2008.- 24 iyun.- S. 6.