Nəriman
Əbdülrəhmanlı: “Göz qabağında olmaq xarakterimə yaddır”
Nəriman Əbdülrəhmanlı
Azərbaycan ədəbiyyatı
tarixi səhifələrinə
adı həkk olmuş yazıçılarımızdandır.
Kino yaradıcılığı
sahəsində, publisistikada,
nəsrdə, tərcümədə
incəsənətimizə, ədəbiyyatımıza əvəzsiz
töhfələr vermiş
N.Əbdülrəhmanlı ilə 50 illik yubileyi ərəfəsində
həmsöhbət olduq...
- 50 ilin hesabatını necə verdiniz?
- Bu hesabatı yazı-pozu ilə verdim. Bir neçə tərcümə işini
başa çatdırdım,
dördcildlik "Azərbaycan
kino sənəti tarixi" işini tamamladım, 2 yeni hekayə yazdım və böyük bir yazı üzərində
işimi davam etdirdim.
- Neçə
illərdən bəri
Arif Mustafazadənin
"Qaraçuxa nağılı"nı,
Saday Budaqlının
"Mədət"ini, Afaq
Məsudun "İzdiham"ını,
Yaşarın "Yeddi"sini,
Eyvaz Əlləzoğlunun
"Doğum"unu, Əlabbasın
"Köhnə kişi"sini,
Səfər Alışarlının
"Gavur"unu, Fəxri
Uğurlunun esselərini,
Dilsuzun "Yol"unu...
yazmaq istəmişəm;
amma gecikdiyimi görüb "Yelçəkən"i
"İşıqsızlıq"ı,
"Kişi qırığı"nı,
"Göy adamı"nı,
"Dönəlgə"ni yazmışam - qismətdən
qaçmaq olmaz". Bu etirafınızı bir nəslin yaradıcılığına verilən
müsbət qiymət
kimi yoza bilərikmi?
- Həqiqətən sadaladığınız əsərlər
mənim yazmaq istədiklərimdir. Lakin qeyd
etdiyiniz kimi, onları yazmaqda gecikdim. Mənə elə gəlir
ki, o əsərlər
80-cı illər ədəbi
nəslini xarakterizə
edir. O əsərlərin
hər biri ayrı-ayrılıqda nəsrimizin
gözəl nümunələridir.
Doğrudan da o əsərləri
yazmaq istəyərdim.
Yəqin qismət belə imiş ki, onların hərəsinin öz müəllifi var. Buna baxmayaraq,
mən də öz taleyimə çıxan yazıları
yazmışam... "Dönəlgə", "Göy
adamı" mənim
ilk nəşr edilmiş
kitabıma daxil olan hekayələrdir.
Ondan sonra yazdığım
roman və hekayələr
yazmaqda gecikdiyim, yazmağa məcbur olduğum və qismətimə çıxan
yazılardır.
- Romanlarınızı
birləşdirən bir
neçə xüsusiyyət
var: reallığa söykənmək, hadisələrin
alt qatını ustalıqla
açmaq, obraz yaratmaq məharəti və sairə. Eyni zamanda "Könül elçisi" və
"Yalqız" romanınızı
birləşdirən motiv
kimi tənhalıq mövzusunu da bura əlavə etmək olar. Maraqlıdır, tənhalıq yazıçını
həyatda necə təqib edir?
- Mənə elə gəlir ki, hər bir
yaradıcı adam kütlənin içərisində olanda
da tənhadır. Tənhalıq yaradıcı adamların
taleyidir, qaçılmaz
xarakter xüsusiyyətlərindən
biridir. "Yalqız" tənha adamın yaşantılarıdır.
Bu yaşantılara bir
az fərqli
aspektdən yanaşmaq
lazımdır. Tənha
adamın bütün
həyatını, yaşantılarını
xəstə olduğu
3 gün ərzində
göz önündən
keçirməsi, yaşadığı
ömrə qiymət verməsi, ömrü dəyərləndirməsi və
axırda kor kimi addım atması yəqin ki, tənhalığı
xarakterizə edən xüsusiyyətlərdən biridir.
"Könül elçisi"ndə
də tənhalığa
bir az
fərqli aspektdən yanaşmışam. Burda daha
çox məcburi tənhalıq, yəni vətən nisgili qabardılır. "Könül elçisi"ndə
vətəndən kənarda
yaşayan, doğma
el-obasından, yurdundan
ayrı düşmüş
bir insanın məcburi tənhalığı
əks olunur. Oruc bəy bu yolu
könüllü olaraq
seçməyib. Onun missiyası
uğursuzluqla nəticələndiyi
üçün o, bu
mühitdə məcburən
yaşamalı olub.
"Yalqız"dakı tənhalıq isə insanın özünün
bir fərd, xarakter kimi seçdiyi
taledir.
- Bir
bədii filmin, yeddi sənədli kinofilmin, 30-dan çox sənədli televiziya filminin ssenari müəllifi kimi Azərbaycan kino sənətinə öz töhfələrinizi vermisiniz.
Kino yaradıcılığı
həyatınıza, ümumən
yaradıcılığınıza necə təsir edib?
- Kino mənim, bir az obrazlı desək, nakam sevgimdir. Kino sahəsində istədiyim qədər fəaliyyət göstərə
bilməmişəm, baxmayaraq
ki, qısa müddət ərzində
xeyli film araya-ərsəyə
gətirilib. Kino mənim həmişə içərisində olmaq
istədiyim mühit olub. Gürcüstanda boya-başa çatdığım
üçün gürcü
kino sənətinin sirlərinə yaxından
bələd olmuşam.
Gürcülərin xarakterik özünəməxsus
milli kinematoqrafiya sənəti var. Kinoya həmişə ciddi sevgim olub. Kino ilə dərindən
maraqlanmışam. Yeri
gəlmişkən qeyd
edim ki, 1983-cü ildə Moskva Kinematoqrafiya İnstitutuna daxil olmuşam və az
müddətdə orada
təhsil almışam.
Bütün bunlar kinoya bağlılığımın əlaməti idi. 10-a qədər çəkilməmiş
qısametrajlı, tammetrajlı
film ssenarisi yazmışam.
Çox
istərdim ki, o filmlərin də heç olmasa bəzilərinə ekran həyatı verə biləydik.
- Qələm
adamları sizi təvazökar, ədəbiyyatımızın
uğurlarına sevinən,
öz halal zəhməti ilə dolanan, nəcib bir insan kimi
xarakterizə edirlər.
Belə adamlar bu gün
kürsülərdən kənarda
qalır, maddi çətinliklərlə dolanır
və sairə. Elə "Yalqız"ın
ədəbi qəhrəmanı
da həmişə təzyiqlərlə üzləşir,
layiq olduğu həyat səviyyəsinə
uyğun yaşamır.
Ümumiyyətlə, ədəbi qəhrəmanlarınızdan
hansı sizin ruhunuza daha yaxındır?
- "Yalqız"
əslində mənim
də mənsub olduğum 80-ci illər ədəbi nəslinin taleyidir. O nəsil ədəbiyyata çox böyük ümidlərlə,
yaradıcılıq potensialı
ilə gəlmişdi.
Siyasi çalxantılar, formasiyanın
dəyişməsi, müharibə
dövrü ədəbi
nəsilə özünün
yaradıcılıq potensialını
tam gerçəkləşdirməyə imkan vermədi. Bununla yanaşı, həmin dövrdə xeyli yaradıcılıq nümunələri
də yarandı.
Mənim qəbul etdiyim bir məsələ
də var. Sırf yaradıcı adam
üçün kürsülərdə
göz qabağında
olmaq, ictimai cəhətdən fəal
olmaq bir az xarakterimə yaddır. "Yalqız"ın
qəhrəmanı bu
cəhdlərinə görə,
hardasa mənim portretimdir.
- Yaradıcı
adamlara adətən bir ənənəvi sual ünvanlanır: Gələcəkdə hansı
yaradıcılıq planlarınızı
həyata keçirməyi
düşünürsünüz?
- "Yolsuz"
adlı yeni roman üzərində işləyirəm.
Bu romanın müəyyən
qədər "Yalqız"la
kəsişmə nöqtəsi
var. Tərcümə işlərimə
gəlincə, iki bədii nəşri tərcümə etməklə
məşğulam. Slavyan Universitetinin
sifarişi ilə tərcümə etdiyim
"XIX əsrin axırı,
XX əsrin əvvəllərində
rus fəlsəfi fikri" adlı kitabı nəşr etdirmək istəyirəm.
Dördcildlik Azərbaycan
kino tarixinin nəşrlərini çap
etdirmək fikrim də var. Bunun üçün sponsor axtarıram.
İşlər çoxdur, inşallah,
mümkün qədər
bu planları həyata keçirməyə
çalışacam.
525-ci qəzet.- 2008.- 3 iyun.- S. 7.