Mükərrəmoğlu M.

 

Arif Babayev, İçərişəhər və bir də kino

 

Hərə bir tale yaşayır. Alın yazısı deyilən bir ifadəyə inansaq, heç kəs özü-öz taleyini müəyyənləşdirmir. Amma o insanlar xoşbəxtdirlər ki, onlar insanlar üçün yaşayırlar, şair demişkən: “məncə çıraq olub başqalarıyçün yananlar tapıbdır səadətini”. Kinorejissor, əməkdar incəsənət xadimi Arif Babayev də o kəslərdən idi ki, bütün ömrünü insanlara humanist, poetik duyğular aşılamağa həsr etdi və ömrünü də zərrə-zərrə qəhrəmanlarının həyatına köçürdü.
Mən onu yaxşı tanıyırdım
. Filmlərinə tamaşa etmişdim, çəkilişlərini də görmüşdüm, çıxışlarını dinləmişdim. Hərdən sakit addımlarla “Azərbaycanfilm” studiyasına gələrkən elə pilləkənlərdə qarşılaşmışdım. Və bir dəfə də İçərişəhərdəki mənzillərinin qarşısında görüşmüşdüm onunla. Nə qədər təvazökar, təmkinli insan idi. Arif Babayev iddiasız adam idi. Onunla həmsöhbət olanlar deyirdilər ki, Arif həddindən çox məlumatlı adamdır. Dəbdəbələrdən də xoşu gəlməzdi. Sadəliyi hər şeydən üstün qiymətləndirərdi. Arif Babayevin sənət taleyi hər halda şəxsi taleyindən çox uğurlu olmuşdu. Çəkdiyi filmlər illərin sınağından uğurla çıxmış və bu gün də həmin əsərlərə böyük maraqla baxırlar.
Arif Babayev professional kinorejissor idi. O, bu sənətə qəlbən vurulmuşdu və özünü sanki bu sənətdə tapmışdı.
1928-ci ildə İçərişəhərdə gözünü dünyaya açandan onun əyri-üyrü küçələrində böyük sənət adamları, elm xadimləri ilə görüşmüşdü. İllər keçir, balaca Arif doğulduğu İçərişəhərdən böyük bir dünyaya yavaş-yavaş boy atırdı.
Uşaqlıqda futbol oynamağı xoşlayardı. Çox iti uşaq idi, həmişə dostlarından geri qalmamağa çalışardı. Amma futbol onu cəlb etm
ədi, teatra həvəs onu sevdiyi futboldan uzaqlaşdırdı. Sonra teatr texnikumuna daxil oldu və bundan sonrakı ömrünü sənətə bağladı.
İlk addımlarını Gənc Tamaşaçılar teatrında kiçik rolların ifaçısı ilə atan bu gənc çox böyük arzularla yaşayırdı. Aktyor olmaq, böy
ük teatrların səhnəsində klassiklərin əsərlərində oynamaq istəyirdi.
Bir də filmlərə baxmağı xoşlayırdı. “Krasnı Vostok” (indiki “Azərbaycan”) kinoteatrında bəzən bir gündə bir neçə seansa baxardı. Müharibənin ağır illəri onun taleyinə çox güclü təsir göstərmişdi. Bakının müharibə illərindəki həyatı onun ömründən keçmişdi, aclıq, səfalət, insanların əzm və iradəsini qıra bilməsə də, yaddaşlarda elə ağrılı xatirələr kimi ilişib qaldı.
Ancaq bu böyük sənətkarın sonradan işlədiyi m
övzular ciddi, narahat insan taleləri ilə bağlı oldu.
Sonradan teatr institutuna daxil olan Arif Babayev 1953-cü ildə Naxçıvan Dövlət Teatrında rejissor kimi işə başlayır. Qoqolun “Evlənmə” əsəri onun ilk rejissor debütü oldu və bununla yüksək rejissorluq səriştəsi olduğunu bir daha təsdiq etdi.
1956-cı ildə əvvəl atasını, iki ildən sonra anasını itirən gənc Arifin boynuna böyük bir ailəni dolandırmaq kimi çətin vəzifə düşür
. Ona təskinlik verən isə damda saxladığı göyərçinlər idi. Bu quşlar göyün yuxarı qatlarına qalxıb dövrə vurduqca, Arifin qəlbindən nələr keçdiyini heç kəs bilmirdi. Və elə deyəsən ömrünün sonuna kimi bu sirlərini də özü ilə apardı.
Sonra televiziyada baş rejissor kimi çalışdı. Neçə-neçə televiziya filminə quruluş verdi, onun məsləhətləri ilə xeyli filmlər çəkildi. Ancaq 1964-cü ildən sonra rejissor, taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağladı.
O, böyük kinoya “Zirvə”dən başladı. Bəlkə də, ona görə ki, o kinoya zirvə fəth etmək məqsədi ilə gəldiyindən elə bu filmlə başlamışdı. İmran Qasımovun ssenarisi üzrə çəkilən və “Kimi daha
çox veririk” almanaxına daxil olan bu film əslində onu zirvəyə aparan yolun başlanğıcı oldu. Film alpinistlər haqqında idi. Bu romantik peşə sahiblərinin rastlaşdıqları çətinliklərdən bəhs edən filmdə rejissor çox maraqlı konfliktlər yaradıb. Tamaşaçı sona kimi filmə böyük maraqla baxır.
Yenə romantik peşə sahibləri — neftçilərin həyatına müraciət etməli oldu. Yazıçı İmran Qasımov ssenarisi üzrə “İnsan məskən salır” pyesini ekrana gətirən rejissor “Neft daşları” əfsanəvi məskənin sakinlərinin çətin və şərəfli həyatını ekrana gətirdi. Bu çox çətin bir film idi. Təbiətin şıltaqlığına məruz qalan “Neft daşları”nda aylarla çəkilişlər aparmaq, olduqca təhlükəli və çətin idi. Amma film uğurla tamamlandı və günlərin birində (1966) ekranlara çıxanda çəkiliş qrupunun üzvləri bütün ağrılarını unutdular. Çünki uzun zəhmət bəhrəsini vermişdi və ekrana çox uğurlu bir əsər gətirilmişdi.
Bu filmdə qəhrəmanların əksəriyyəti gənclərdir. Arif Babayev özü də gənc idi və qəhrəmanların arzu və istəkləri ona yaxşı tanış idi. O, günlərlə qəhrəman neftçilərin arasında olub, hətta gecələr də onlarla “Neft daşları”nda qalmalı olurdu. Arif müəllim onların həyat şəraitini, yaşadıqları mühiti dərindən öyrənirdi. Və bunun nəticəsi idi ki, onun ekran qəhrəmanları real təsir bağışlayır və onlar əsil mənada fədakar gənclərdir.
O, yeni qəhrəmanlar gətirirdi ekrana. Onların taleyini həyatın sınaqlarından keçirirdi və ən əsas bu idi ki, Arif Babayev yeni kinonun ənənələrini yaradırdı.
Bu gün də hər birimizin böyük maraqla baxdığı “Uşaqlığın son gecəsi” bizim kinonun çox uğurlu əsərlərindəndir.
Onun quruluşu, kompozisiyası, montajı olduqca professional işlənmişdi. Və aydın hiss olunurdu ki, artıq Arif Babayev kinoda öz yaradıcılıq üslubu olan sənətkardır. “Uşaqlığın son gecəsi” əslində elə onun öz taleyinə bənzəyirdi. Qəhrəmanın yaşadığı həmin o illərə şəhərin sakinləri də, buradakı həyat tərzi də ona çox yaxın idi. Hətta özünün göyərçin saxladığı qəfəsi də ekrana gətirən rejissor çox maraqlı bir film yaradıb. Bu filmdə aktyor ansamblı da uğurla seçilib. Məmmədsadıq Nuriyev Yusif Vəliyev, Məlik Dadaşov, Siyavuş Səfiyev, Tofiq Mirzəyev və bir də yenicə kinoya qədəm qoymuş Ənvər Həsənov çox uğurlu seçimlər idi və filmdə onlar bütöv bir ansambl yarada bilmişlər. Filmdə Polad Bülbüloğlunun yazdığı gözəl musiqi onu daha da baxımlı etmişdir.
“Gün keçdi” filmini Anarın ssenarisi əsasında çəkmişdi. Bu film milli kinomuzun ən qiymətli nümunələrindəndir. Bu poetik filmin cəmi iki qəhrəmanı var. Oqtay və Əsmər sinif yoldaşı olmuşlar, indi isə tale onları ayırıb. Biri Moskvada, biri isə Bakıda yaşayır. Oqtayı ad gününü Moskvadan Bakıya təbrik üçün gələn Əsmər onunla bütün günü birgə keçirir. Uşaqlıq xatirələrinin bağlı olduğu İçərişəhərin qədim tikililəri, qədim abidələri bir daha canlandırır. Kamera bizi İçərişəhərin sirli dünyası ilə tanış edir. Mən deyərdim ki, filmin elə üçüncü qəhrəmanı məhz İçərişəhərdir. Biz onun taleyinin bir çox məqamlarını görür və qəhrəmanların dilindən eşidirik.
Bir sözlə, “Gün keçdi” filmi İçərişəhər haqqında poetik düşüncələr fonunda iki nəfərin taleyinə rejissor baxışıdır.
“Ömrün ilk günü”, “Alma almaya bənzər” filmləri müxtəlif janrlarda olsalar da hər iki filmdə Arif Babayevin yaradıcı üslubu çox aydın hiss olunur
. Hər iki film müasirlərimiz haqqındadır. “Alma almaya bənzər” filmi Arif Babayevin həm də komediya janrında uğurlu əsər yaratmaq bacarığını bir daha təsdiq etdi.
Arif Babayevin yaradıcılığında “Arxadan vurulan zərbə” filmi xüsusi olaraq fərqlənir. Müxtəlif insan talelərinin əks olunduğu bu ekran əsəri dramatik hadisələrlə zəngindir. 70-ci illərdə ölkədə cinayətkarlığa qarşı mübarizənin gücləndiyi bir vaxtda bu filmin ekranlara çıxarılması təsadüfi deyildi. Burada vaxtilə cinayətlər törətmiş, sonradan özünə gizli sığınacaq tapmış bir cinayətkarın milis işçiləri tərəfindən necə yaxalanması hadisəsi əsas süjeti təşkil edir. Tamaşaçı film boyu hadisələrin gedişini izləyir. Filmdə Adil İsgəndərov. Yusif Vəliyev, Şahmar Ələkbərov, Amaliya Pənahova, Hamlet Xanızadə, Rasim Balayev kimi məşhur aktyorlar çəkilmişlər.
“Birisigün, gecəyarısı” onun son ekran əsəri oldu. Bu əsər təhlükəsizlik orqanı işçilərinin çətin və məsuliyyətli əməyindən danışır. Hadisələr Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk illərdə cərəyan edir. Arif Babayev filmdə dövrün ruhunu tuta bilib, Azərbaycana qarşı yönəldilən xarici təhlükələrin aradan qaldırılmasını ekran dili ilə əks etdirir.
Arif Babayev Azərbaycan kinomuzun inkişafında tarixi xidmətləri olan sənətkarlarımızdandır. Onun 80 illik yubileyi yəqin ki, dövlət səviyyəsində qeyd olunacaq, xatirəsi hörmət və ehtiramla yad ediləcək.

 

Xalq qəzeti.- 2008.- 25 iyun.- S. 7.