Məhərrəmova T.
Mən
bir yerdə qalmağı sevmirəm
Emin Seyfullayev, aktyor: "Sənətə
olan həvəsim özümü
reyissor kimi sınamağa imkan verəcək"
Bir neçə
ay bundan əvvəl Mədəniyyət Fondunun
"Sönməyən ulduzlar" kollektivi reyissor Hafis
Fətullayevin "Daşları yığmağın
vaxtıdır" tamaşasının təqdimatını
keçirəndə bu teatrın ənənəvi
tamaşaçıları səhnədə həmişə
gördükləri sənətkarlar sırasında gənc
bir aktyoru dərhal seçdilər. Təkcə
fakturası deyil, həm də aktyor oyunu
tamaşaçıların diqqətini çəkdi.
Mədəniyyət
və İncəsənət Universitetinin dram teatr və kino
aktyorluğu fakültəsinin sonuncu kurs tələbəsi
Emin Seyfullayev bu sənət ocağında
çalışmasını aktyorluq təcrübəsini
təkmilləşdirmək baxımından yüksək
dəyərləndirir.
- Aktyorluğunuz
ailə ənənəsinin davamıdırmı?
- Nə ailəmizdə, nə də
nəsil-nəcabətimizdə məndən başqa aktyor olan
var. Orta məktəbdə oxuyanda bütün tədbirləri
aparır, həmçinin səhnələşdirilən
tamaşalarda oynayırdım. Məktəb
illərində çoxlu obraz oynamışam. Daha sonra
Hüseynqulu Sarabski adına Mədəniyyət
Mərkəzində fəaliyyət göstərmişəm. İnstitutda başqa qrupların
hazırladığı tamaşalarda da rollarım olub. Qrupumuzda qeyri-adi istedada malik tələbələr
oxuyur. Təvazökarlıqdan uzaq da olsa,
biz institutun bütün tələbə aktyorlarından
fərqlənirik. Rektor, prorektor
uşaqlarımızı dəhzlizdə görəndə
mütləq sənət barədə söhbət edir.
İnstitutun Tədris Teatrında "Skapenin
kələkləri", "Brüsseldən məktublar"
və s. tamaşaları oynamışıq. Bir
həftədən sonra "Qəribə missis Seviç"
tamaşasını təhvil verəcəyik. Bu tamaşa Rus Dram Teatrında oynanılıb. Müəllimimiz Esmiralda Osmanova tamaşanı
Azərbaycan dilinə tərcümə etdirib. Əgər tamaşa yaşasa, onu bütün
teatrlarda səhnələşdirəcəyik. Mən bu tamaşada
- Bəs
Mədəniyyət Fondu ilə əlaqəniz necə
yarandı? Orada axı
əksəriyyət yaşlı aktyorlardır. Onların arasında
darıxmırsınızmı?
- Düzdür, yaşlılardır,
amma onlarla işləmək çox maraqlıdır. Mən onlardan öyrənirəm. Cavan reyissorlarla da işləmişəm, amma onlardan
heç nə öyrənməmişəm. Çox vaxt deyirlər ki, qocalar cavanları irəli
getməyə qoymur. Ancaq bu söz doğru
deyil. "Sönməyən
uludzlar"dakı aktyorların sənətdən çox
gözəl başları çıxır. Onlar çox incə detallara toxunurlar. Ona görə də onlarla işləmək
mənim üçün əsl məktəbdir. Düzdür, əvvəlcə bu kollektivə
gələndə səbrimin çatmayacağını
düşünürdüm. Ancaq
işlədikcə alışdım. Artıq
bu teatrda Şıxəli Qurbanovun "Sənsiz", Sabit
Rəhmanın "Xoşbəxtlər", Hafiz
Fətullayevin "Daşları yığmağın
vaxtıdır" tamaşalarında oynayıram. Sonuncu tamaşadakı Valeh Kərimov obrazı
mənə sonradan təklif olundu və bir həftə
ərzində onu təhvil verdim. Fikrimcə,
uğurlu alındı.
- Bu
tamaşanın premyerasını "Azdrama"nın səhnəsində keçirdiniz. Sizcə həmin tamaşa həyatınızda
böyük səhnəyə körpü rolunu oynaya
biləcəkmi?
- Düz deyirsiniz, mən bu tamaşa
ilə "Azdrama"nın
səhnəsində böyük səhnəyə ilk
addımımı atdım. Buna görə
Mədəniyyət Fondunun rəhbərliyinə və
kollektivinə minnətdaram. Onlar
mənə çox kömək etdilər. Doğrudan da, bu tamaşadan sonra mənim
üçün yollar açıldı. Məni
filmlərə dəvət etdilər. Dövlət
sifarişi ilə çəkilən bir neçə filmin
sınağında iştirak etdim. Təsdiq
olunduğum filmlər də var.
- Bu sizin kinoda
debütünüz olacaq?
- Bundan əvvəl
"Dərviş" Prodüser Mərkəzində Asif
Rüstəmovun "Ev" qısametraylı filmində
çəkilmişəm. "Ev" filminin
"Azərbaycan" kinoteatrında təqdimatı
keçiriləndə çox bəyənildi. Film bu yaxınlarda Fransada keçirilən festivalda
mükafata layiq görülüb. Onu da
deyim ki, bu filmə qədər heç zaman mənfi
obrazları oynamamışdım. Oynadığım
həmişə baş qəhrəmanlar olub. Ancaq bu filmdə mənfi obraz oynayıram. Həmişə də mənfi rol oynamağı
arzulamışam.
Bundan əlavə, Oqtay
Mirqasımovun "Günaydın, mələyim"
filmində epizodik rolda çəkilmişəm.
-
Özünüzü daha rahat harada hiss edirsiniz -
səhnədə, yoxsa kamera arxasında?
- Bunu demək çətindir.
Nəinki mən, çox adam belə
fikirdədir ki, teatr daha çətindir. Çünki
teatr canlı sənətdir. Teatrda hər
şey göz qabağındadır. Antraktdan
əlavə, burada heç bir fasilə yoxdur. Kinoda isə təklif olunmuş vəziyyət
alınmayanda onu yenidən çəkmək
mümkündür. Teatrla
müqayisədə kino sənəti asandır. Onu da qeyd edim ki, mən teatrı əvvəllər
heç sevməmişəm. Teatra
barmaqarası baxırdım. Sənətə
də kinoaktyor olmaq məqsədilə gəlmişdim. Mənə teatrı sevdirən kurs rəhbərim
Esmiralda Osmanova oldu. O, Tədris Teatrında hazırlanan
tamaşalarda mənə baş rollar verdi.
Sübut etdi ki, məndə nəsə var. Ona
qədər özümü heç vaxt teatrda
görmürdüm. Esmiralda xanım dedi ki, "sən
plastilin kimisən, reyissorlar səni istədikləri kimi
əyə, hər hansı rola sala bilərlər". Düzdür, mən hələ özümə
aktyor demirəm. Mən
tələbə-aktyoram. İndi artıq
mənim üçün teatrla kinoya məhəbbət
eynidir. Təkcə məni kədərləndirən
bircə şey var - bu gün kino az
çəkilir. Ona görə daha çox
üstünlüyü teatra verirəm. Bizim
çox istedadlı aktyorlarımız var. Onların
aralarında elələri var ki, bir dubla çəkilir.
Hətta xarici ölkələrdə də
onlara həsət aparırlar. Kino
çəkilmədiyinə görə aktyorlar
həvəsdən düşürlər. "Nə
varsa teatrda var" - deyə teatra üstünlük
verirlər.
- Siz həmin
həvəsdən düşən aktyorlar sırasına
daxilsiniz?
- Mən heç vaxt
həvəsdən düşən aktyor olmamışam. Sevinirəm ki, indi kinolar daha çox
çəkilir. Biz sınaq
çəkilişlərinə dəvət olunuruq. Filmlərin çəkilməsi bütün
aktyorların arzusudur. Onlar filmlərə
çəkilmək, bu ləzzəti duymaq istəyirlər.
İndi də çəkilməsələr,
nə vaxt çəkiləcəklər?
- Bəzən
aktyorlar pafosla deyirlər ki, səhnə mənim
həyatımdır. Siz də belə deyirsiniz?
- Səhnəyə çıxıb
təklif olunmuş vəziyyəti oynayanda hər şeyi
unudursan. Bunu sözlə ifadə etmək
çox çətindir. Ona görə də
aktyorların çoxu stress keçirir, iflic olur. Doğrudan da elə aktyorlar var ki, onlar bu sözü
ürəkdən deyirlər. Aktyorlar var
ki, onlar çox kasıb yaşayırlar, ancaq onları
zənginləşdirən sənətə olan
məhəbbətləridir. Ona
görə də onlar bu sözü ürəkdən, pafossuz
deyirlər. Mən də
fikirləşirəm ki, səhnə mənim
həyatımdır. Bəlkə
həyatda çox vaxt yaşamadıqlarımı
səhnədə yaşayıram. Həyatda
bəzən insanları aldada bilirəm. Amma
kinoda kameranı, səhnədə tamaşaçını
aldada bilməzsən. Səhnəyə
çıxıb tamaşanı yola verən aktyor aktyor deyil.
- Reklamlara
çəkilməyi yaradıcı iş hesab edirsiniz?
- Reklamlara çəkilmək cavan
aktyorlar üçün reklamdır. Bunu da
mənə sənətkarlar deyib ki, reklama
çəkilmək faydalıdır. Mən
nəyisə reklam edirəmsə, bu həm də mənim
öz reklamıdır. Çünki reklam
efirə çıxanda hansısa bir reyissor görür
və məni dəvət edir. Müəyyən
mərhələdə mənim kimi gənclərin buna
ehtiyacı var. Düzdür, reklam nə kino, nə də teatr
səviyyəsindədir, ola da bilməz. Amma reklamdan aktyora əlavə qazanc gəlir. Yəni bunun həm maddi, həm də mənəvi
tərəfi var. Amma mən bəzən tamaşaların
məşqlərinə görə reklam
çəkilişlərindən imtina edirəm. Çünki tamaşa mənim üçün daha
önəmlidir. Baxmayaraq ki, tamaşadan az,
reklamdan çox qazanmaq olur. Mən
tamaşanın məşqini heç bir reklama
dəyişə bilmərəm.
- Bayaq dediniz ki,
həmişə mənfi rollar oynamaq arzusu ilə
yaşamısınız. Ümumiyyətlə,
hansı obrazla səhnədə və ya kinoda
görünmək istərdiniz?
- Ceyhun Mirzəyevin
"Fəryad" filmində Məlik Dadaşovun
oynadığı erməni obrazı çox adamın
ürəyində nifrət oyadır. Məlik
Dadaşov özü də bunun şahidi olub ki, rola
görə onu söyüblər. "Gör
necə obraz yaratmışam ki, məni
söyürlər" - deyə sevinirdi. Mən
də obrazı belə oynamaq istəyirəm.
- Eşitdim ki, bu
yaxınlarda hərbi xidmətə gedəcəksiniz. Bu sizi sənətdən uzaqlaşdırmayacaqmı?
- Düzdür, hərbi
xidmətə getsəm, bu məni azacıq da olsa
sənətdən uzaqlaşdıracaq. Bir il
az müddət deyil. Ancaq getmək
istəyirəm. Deyə bilmərəm ki,
gedib yola verib qayıdım. Hərbi
xidmətdə yola verə bilməzsən. Bir il evdə də yaşayırsan, orada da.
-
İnşallah qayıdandan sonra teatra üz tutacaqsınız?
-
Sənətimlə bağlı arzularım çoxdur.
Özümü reyissor kimi sınamaq istəyirəm. Birinci
teatrdan başlamaq istəyirəm. Özümə inamım
var. Bilirəm ki, nəsə edə bilərəm.
Səhnələşdirmək istədiyim əsərlər
də çoxdur. Bu sənətə olan
həvəsim özümü reyissor kimi sınamağa imkan
verəcək. Ən çox səhnələşdirmək
istədiyim əsər isə İlyas Əfəndiyevin
"Məhv olmuş gündəliklər" pyesidir.
İnstitutda oxuyanda Tədris Teatrında bu tamaşada Savalan
rolunu oynamışam. Hansı teatrın
səhnəsində bu tamaşanı
səhnələşdirməyin mənim üçün
əhəmiyyəti yoxdur. Aktyorlarımı da
seçmişəm. İnşallah, bu tamaşanı
hazırlayacağam.
- Kino çəkmək fikriniz
də varmı?
- Hələ
bu işə qol qoya bilmərəm. Teatrda təcrübə
yığandan sonra özümü kinoda sınayaram. Mən
hələ teatrda təcrübə toplamamışam. Elə
bilirəm ki, yaxşı aktyoramsa, hansı səhnə olsa
oynaya biləcəyəm. Yox, əgər yaxşı oynaya
bilmirəmsə, elə bir səhnədə də
qalacağam. Amma mən bir yerdə qalmağı sevmirəm.
Kaspi.- 2008.- 7-9 iyun.- S. 20.