Mükərrəmoğlu
M.
Sənət
dünyamızda əbədiyaşar insanlar çox olub. Onların bir qismi aramızda olmasa da, biz
bu insanların yoxluğunu hiss etmirik. Televiziya, kino onların yaradıcılığını vaxtaşırı təqdim
etdiyindən bu insanlarla daim təmasda oluruq.
Bu gün xatirəsini hörmət və məhəbbətlə
yad etdiyimiz belə sənətçilərdən
biri də xalq artisti Möhsün
Sənanidir. Bu adın mədəniyyət
tariximizdə öz yeri var. Möhsün
Sənani milli aktyor sənətimizin inkişafında mühüm
rol oynadı, teatr sənətimizin, milli kinomuzun inkişafına öz töhfələrini bəxş
etdi.
Möhsün Sənani səhnə
fəaliyyətinə Tiflisdəki
müsəlman teatrından
başlamışdı. Bu
teatrın yetirmələrinin
Azərbaycan aktyor məktəbinin formalaşmasında,
doğrudan da, xüsusi rolu olmuşdur. İlk addımlarını bu teatrda atan onlarla
aktyor sonralar Azərbaycana gəlib, burada sənət yollarını davam etdirmişdir. Möhsün Sənani də belələrindən
idi. O, 1941-ci ildə Bakıya gəlir və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini
davam etdirir. Aktyor o dövrün
teatr üslubunu asanlıqla mənimsəmişdi.
A. Gəraybəyli, M. Əliyev,
A. M. Şərifzadə, S. Ruhulla, Ə. Ələkbərov
və başqaları
ilə birgə Möhsün Sənani də milli teatrımızın
formalaşmasında mühüm
xidmətlər göstərdi.
Deyillər, çox çılğın adam
imiş, içində
elə bil od gəzdirirmiş. Tez-tez əsəbiləşər,
sonra isə peşmançılıq çəkərmiş.
Amma tədbirli adam idi Möhsün
müəllim. Özünə
hörmət edən,
şəxsiyyətini qoruyan insan idi. Çox işləyərmiş. Bəzən
rolunu günlərlə
məşq edər, istədiyini almayınca sakitləşməzmiş. Möhsün
Sənani yaradıcılığı
60 ildən artıq bir dövrü əhatə edir. 60 il, əslində bir insan ömrüdür.
Yaradıcılığın 60 ili isə tək-tək sənətkara nəsib olur. Yüksək temperamentli güclü səs onun ifası üçün xarakterik olan əlamətlər idi. Azərbaycan Dram Teatrında ilk yaratdığı
rollar “1905-ci ildə”,
“Almaz” pyeslərindəki
rolları oldu. Bu rollarla
o, böyük sənət
üçün hazır
olduğunu təsdiq etdi və tezliklə
rejissorlar ona daha ciddi rollar
tapşırmağa başladılar.
“Hacı
Qara”da Heydər bəyi oynayırdı.
Deyirlər, onun səhnəyə
gəlişi hər vaxt alqışlarla qarşılanarmış. Onu sevirdilər. Afişalarda bu
adı axtarırdılar.
Möhsün Sənani səhnəyə
ilk gəlişindən görkəmli
aktyorlarla birgə səhnəyə çıxmağa
başlamışdı. Ona görə də əvvəldən özündə məsuliyyət
hiss etmişdi. “Qaçaq Nəbi” (Süleyman Rüstəm) pyesində Qaçaq Nəbini oynayırdı.
Yaratdığı obrazın xalq
qəhrəmanı olduğunu
yaxşı bilirdi və Nəbinin bütün qəhrəmanlıq
ruhunu əks etdirməyə çalışırdı.
Möhsün Sənani “Vaqif”də
(
“Göz həkimi” (İ. Səfərli)
tamaşasındakı sürücü
Həsənağanı da
çox məharətlə
ifa etmişdi. Elə bil bu rol
elə onun üçün yazılmışdı.
Həsənağa yaxşı oğlandır.
Deyib-gülən, zarafatcıl,
bir az
da əhli-kef insandır. Onun sevgi macəraları
da olduqca maraqlıdır. Ümumiyyətlə, onun oynadığı rollarda bir şirinlik
olardı. Həmişə tamaşaçını gərgin
vəziyyətdə saxlayar,
onlara bolluca gülüş bəxş
edərdi.
Klassik aktyorluq ənələrindən məharətlə
bəhrələnən aktyor
Möhsün Sənani
çox az
vaxt içərisində
məşhurlaşdı, tanındı
və “Xalq artisti” fəxri adına layiq görüldü. Doğrudan da,
o, əsl mənada xalqın sevimlisi idi. Əlbəttə, yuxarıda onun
rollarının bəzilərini
qeyd etdik. Bu böyük aktyorun
rollarını sadalamaqla
qurtaran deyil. Təkcə onu demək olar ki, Möhsün
Sənani Akademik Dram Teatrının səhnəsində
100-dən çox tamaşada
müxtəlif rollar ifa etmişdi.
Onun teatrdakı xidmətləri
əvəzolunmazdır. Ancaq onu da deyək
ki, o, teatrda oynamaqla yanaşı, milli kinomuzun da aparıcı aktyorlarından olmuşdur.
Azərbaycan kinosunda Möhsün Sənaninin çəkildiyi onlarla
film vardır ki, onlarda aktyor müxtəlif xarakterli insanlara ekran həyatı vermişdir.
“Bismillah”, “İsmət”,
“Kəndlilər”, “Yeni
Horizont”, “Kölgələr
sürünür”, “Dağlarda
döyüş”, “Koroğlu”,
“Sehirli xalat” və başqa filmlərə tamaşa edənlər bu aktyorun yüksək istedada malik olduğunu bir daha təsdiq edə bilər.
“Kəndlilər” filmində Eldarın
obrazını yaradıb.
Bu, çox qorxmaz,
cəsur bir gəncdir. İnqilabi mübarizənin genişləndiyi bir dövrdə o da öz yolunu seçir və sona kimi öz
əqidəsinə sadiq
qalır. Eldar baş
qəhrəman olmasa da, hər halda,
hadisələrin inkişafında
onun böyük rolu var və
hər dəfə onun ekranda görsənməsi
tamaşaçıda da
xüsusi ovqat yaradır.
Qazmacı Rubeni isə
“Yeni horizont” filmində yaratmışdı.
Bu film neftçilərin həyatından bəhs edir. M. Sənaninin qəhrəmanı bütün
fəaliyyəti ilə
bu peşəni sevən və onun əzablarına sinə gərən insandır. Neft mövzusunda çəkilmiş
“Qara daşlar” kinolentində usta Qurban rolunu vermişdilər
ona. Rejissor Ağarza Quliyevin
bu filmində qabaqcıl neftçilərin
təşəbbüslərinin necə həyata keçirilməsindən bəhs
olunur. Neftçi
Qurban da uzun illər bu sahədə çalışan insandır
və kollektivdə böyük hörməti
var. Möhsün Sənani
bu obrazı sevərək yaratmışdır
və sevdirə də bilmişdi.
“O olmasın, bu olsun” filmində isə aktyor qoçu Əsgərin obrazını canlandırır.
Qoçu Əsgər XX əsrin
əvvəllərində Bakıda
at oynadan dələduzlardan
birinin obrazıdır.
Möhsün Sənani qoçu
Əsgəri o qədər
təbii oynayır ki, tamaşaçı onun ifasından həqiqətən həzz
alır. Bazar səhnəsi,
hamam epizodu, eləcə də qonaqlıq səhnəsində
qoçu Əsgərin
bütün daxili siması açılır.
Tamaşaçı hiss edir
ki, bu qoçu
qorxaq, hiyləgər və yalançı bir insandır.
“Bir məhəlləli iki oğlan”, “Qızmar günəş altında”
filmlərində də
o, yaddaqalan rollar ifa edib.
“Koroğlu” filmi
onun kino yaradıcılığında əhəmiyyətli yer tutur. Həmzə rolu əslində
çox mürəkkəb
kino qəhrəmanıdır.
Mənfi tip olsa da, iti adamdır,
şəraitdən baş
çıxarır. Qıratı qaçırmaq üçün
çox hiylələrə
əl atmalı olur. Həmzə istəyinə çatır.
Amma bununla özünün alçaq,
mənfur sifətini bir daha təsdiq
edir.
“Dağlarda döyüş” filmində Qənbər rolunda çəkilmişdi.
Bu onun rolları
içərsində ən
səmimi müsbət
qəhrəmanlardan idi.
Sərhəd zonasında
yaşayan Qənbər
kişi öz qızı Hicranı hər an qoruyur. Onun sərhədçi Fərruxla (Şahmar Ələkbərov) münasibətlərindən
narahatdır. Hiss edirsən
ki, təmiz, saf insandır, mehriban və qayğıkeşdir. Möhsün Sənani öz qəhrəmanının ən
kiçik xarakterik cizgilərini belə ustalıqla yaradır.
Onun qəhrəmanı filmin ümumi süjetində
mühüm yer tutur.
Möhsün Sənani geniş
yaradıcılıq imkanlarına
malik istedadlı aktyor idi. Onun rollarında özünəməxsus
bir qəribəlik var idi. Onlar bizim teatrda da,
kinoda da asanlıqla seçilə
bilən qəhrəmanlardır.
Biz onları sevirik
və bizdən sonrakı nəsillər də bu aktyorun
yaratdığı rollara
böyük maraqla tamaşa edəcəklər.
Xalq artisti Möhsün Sənani həmişə xatırlanacaq,
hörmət və məhəbbətlə yad
ediləcək.,
Xalq qəzeti.- 2008.- 19 iyun.- S. 10.