Babayeva T.

Kşiştof Zanussi: “Mən ən yaxşı sse­na­ri­lərimi çəkə bilməmişəm”

 

Yerli kino həvəskarlarının artıq çoxdan öyrəşdikləri Bakı Beynəlxalq "Şərq-Qərb" festivalı ötən həftə növbəti - X açılışını etdi. Yubiley festivalı olmasına baxmayaraq, tədbirin açılış mərasimində xüsusi dəbdəbə hiss olunmadı. Bununla belə, təşkilatçılar kinosevərlərin tələbatını müəyyən mənada ödəyə bildilər. Festivalın sonuncu illərindən fərqli olaraq, bu dəfə təşkilatçılar paytaxta eyni simaları gətirməklə yanaşı, yeni qonaq da dəvət etmişdilər.

Tanınmış rejissor, dünya kinematoqrafının klassiki polşalı Kşiştof Zanussinin Bakıya gəlişi kinomanlar üçün əsl bayrama çevrildi. Kann, Venesiya, Moskva və digər nüfuzlu beynəlxalq kinofestivalların laureatı olan K. Zanussi Avropanın bir sıra ali kino məktəblərində dərs deyir, Katovitsadakı Silez Universitetinin professorudur. O, həmçinin "Tor" kinostudiyasının direktoru və bədii rəhbəri, 1994-cü ildən Vatikandakı Mədəniyyət Komissiyasının məsləhətçisi , "Avrovijin" Cəmiyyətinin prezidenti, Polşanın PEN-klubunun və Polşa Yazıçılar Birliyinin üzvüdür. K.Zanussi gənc yaşlarından səyahət etməyi sevir, bir neçə əcnəbi dildə -ingiliscə, italyanca, fransızca, rusca sərbəst danışır. Tanınmış sənətkarın məşğuliyyətlərini, nailiyyətlərini və ictimai vəzifələrini sadalamaq xeyli vaxt aparardı. Amma bircə onu vurğulamaq istərdim ki, o, çox maraqlı və səmimi adamdır. Buna görə də fürsətdən istifadə edib ondan müsahibə almaq qərarına gəldim. Festivalın təşkilatçıları hər dəfə rejissorun bərk məşğul olduğunu əsas gətirsələr də, pan Kşiştofun alicənablığı, diqqətçiliyi sayəsində söhbətimiz alındı.

- Pan Kşiştof, səhv etmirəmsə, bu sizin Azərbaycana ilk gəlişinizdir...

- Elədir. Təsəvvür edin, mən səyahətçiyəm və dünyanın saysız-hesabsız ölkələrini gəzmişəm, Bakıda isə heç bir dəfə də olmamışam. Bu, Azərbaycana ilk səfərimdir və mən çox sevinirəm. Bakıda həm keçmiş, həm də müasir dövrün zəngin nümunələrini görmək olar. Şəhəriniz çox gözəl görünür. Mən İçərişəhərdə bərpa edilmiş Şirvanşahlar Sarayında oldum. Hiss olunur ki, neftdən gələn gəlirlər tarixi yaddaşın bərpa edilməsinə, mədəni irsin qorunmasına sərf edilir. Bu məni çox sevindirdi.

- Səfəriniz çərçivəsində azərbaycanlı həmkarlarınız, onların işləri ilə tanış ola bildinizmi?

- Bakıda olmasam da, digər ölkələrdə keçirilən seminarlarda azərbaycanlı həmkarlarımla təmas qurmuşam. Onlardan bəzilərini tanıyıram. Qalanları ilə isə burada görüşürəm. Gənc rejissorlarınızla da tanış oldum. Bakıda fəaliyyət göstərən Kino Məktəbində bir neçə ustad dərsi verdim. Gənc kinematoqrafçılarınızla ünsiyyətdə olmaqdan məmnunluq duydum. Əgər vaxtım qalsa, onların çəkdikləri filmlərə də baxacağam.

- Bu gün müasir kinematoqrafçıların qarşısında müəllif və ya kommersiya kinosu çəkmək kimi sual dayanıb...

- "Kommersiya və müəllif kinosu qarşıdurmasu" yeni məfhumdur və məncə, onun əsası yoxdur. Məsələn, Koppola, Skorteze müəllif filmləri çəksələr də, onların filmləri həm də kütlənin xoşuna gəlir.

ellininin, Antonioninin filmləri də çox uğurla satılırdı. Sovet dövründə isə rus rejissorları arasında Qərbdə ən məşhur olanı və ən çox gəlir gətirəni Andrey Tarkovskinin filmləri idi. Sadəcə olaraq, müxtəlif səviyyələr mövcuddur. Cəmiyyətdə müəyyən inkişaf bölgüsü var.

amıya müraciət etmək, hamının marağını ödəmək çətindir. Razıyam ki, sırf əyləncəli kino mövcuddur. Ən sarsaq film belə kimlərəsə maraqlı görünə bilər. Heç nəyə baxmayan, heç nəyi dinləməyən, heç nə bilməyən insan ən sarsaq filmdə, romanda belə özü üçün nəsə tapa bilər. Çünki bundan əvvəl heç nə oxumayıb. Amma hamıya hörmət etmək lazımdır. Əgər insanlar irəliləyir, inkişaf edirsə, bu, çox yaxşıdır. Onlara kömək etmək lazımdır. Həm də, məncə, insanlara inkişafından, mədəni səviyyələrindən asılı olmayaraq, problemin əks olunduğu filmlərə baxmaq maraqlıdır.

- Bəs, Polşada daha çox nəyə baxırlar?

- Polşada tamaşaçılar kinonu sevirlər. Düzdür, baxılan filmlərin əksəriyyəti sırf kommersiya filmləridir. Bizim xalq xüsusən də romantik komediyaları çox sevir. Amma ciddi filmlərə də maraq böyükdür. 84 yaşlı Anjey Vaydanın sonuncu üç filmi inanılmaz uğur qazandı. O, filmlərini klassik üslubda çəksə də, onlar kütləvi tamaşaçıda da böyük marağa səbəb olub. Polşa kinosuna ümid edir və inanıram.

- Sizin sonuncu filminiz Moskva kinofestivalında nümayiş olunmalıdır...

- Sonuncudan əvvəlki filmim Moskva kinofestivalında göstərilməlidir. Prodüserlərdən asılıdır. "Qara günəş" adlanan bu film italyan dilində çəkilib. Bu filmi italiyalı yaxın dostumun pyesi əsasında çəkmişəm. Pyesi demək olar ki, tamamilə dəyişmişəm. Film bir qədər antik faciə ruhunda çəkilib. Bizim dövrdə həyat və sevgi bayağılığı ilə fərqlənir. Belə bir dövrdə ölümə gətirib çıxaracaq sevginin olduğunu, digər bir insansız yaşaya bilməyən insanların olduğunu xatırlatmaq yerinə düşərdi. Sonuncu filmim isə Ukrayna ilə birgə istehsal edilib. Bu film qara komediyadır. Deyərdim ki, bu filmdə daha qaralıq var, nəinki komedik ünsürlər. Amma bəziləri filmə baxanda gülür, bəziləri gülümsünürlər. Çünki orada istehza var. İlk baxışdan bu, qorxulu dramdır. Nağılvari filmdir. Ümid edirəm ki, sizin də xoşunuza gələcək. Bu film "Ovuc içində ürək" adlanır. Bir televiziya filmi də çəkmək istəyirəm. Üç müxtəlif filmimin qəhrəmanlarını bir araya gətirib onlarla söhbət edəcəyəm. Həmin qəhrəmanlar üçün bioqrafiya yazacağam və onlar başlarına gələnləri danışacaqlar. Məsələn, "Kamuflyaj" filmindəki rüşvətxor professor gözlənilməz ruh yüksəkliyi göstərəcək, bir az saxta ideolist gənc isə qorxaq çıxacaq. Digər qəhrəmanlarla başqa cür olacaq. Mənə bu filmi çəkmək üçün bir həftə vaxt lazımdır. Amma, düzünü deyim ki, bu film üçün bizim televiziyalardan kiçik məbləğdə pul ala biləcəyimə inanmıram. Mənim yüzlərlə ideyam var. Əslində, mən ən yaxşı ssenarilərimi çəkə bilməmişəm. Çünki onlara maliyyə vəsaiti tapmamışam. Ümid edirəm ki, ömrümün sonuna qədər bir-iki film lentə ala biləcəyəm.

- Kinonun beşiyi Qərbi Avropa olsa da, son illər bu region nəinki dünya kino tarixinə öz incilərini verə bilmir, əksinə, bir çox mənalarda geriləmə müşahidə olunur...

- Məsələ bundadır ki, Qərb kinosu artıq əhvalat danışa bilmir. İddia edirlər ki, heç nə danışmaq mümkün deyil, hər şey deyilib. Əlbəttə, bu, doğru deyil. Amerika kinosu sübut edir ki, çox şey danışmaq olar. Amerikada, Rusiyada mühazirələr oxuduğum vaxtlar insanlar mənə maraqlı əhvalatlar danışırlar. Amma Qərbi Avropada indi çox nadir halda kimsə nəsə danışa bilir. Onlar adətən, televiziyada gördüklərini nəql edirlər. Bu isə maraqsızdır. Bir vaxtlar biz yayda orta məktəb şagirdləri üçün düşərgələr təşkil edirdik və orada gənclərə məktəbdə öyrənmədiklərini başa salmağa çalışırdıq. Belə görüşlərdə mən də gənclərlə görüşürdüm və onlara təklif edirdim ki, bir əhvalat danışsınlar. Əksər hallarda onlar televiziyada gördüklərini danışırdılar. Bu zaman biz onların əhvalatını yarımçıq kəsib, deyirdik ki, bunu televiziyada göstəriblər, maraqsızdır. Belə halda mən uşaqlarla görüşə öz qonşumu dəvət edirdim. O, adi kəndçi idi, heç bir savadı yox idi, amma öz heyvanları haqqında elə gözəl danışırdı ki… Gənclərə nümunə oldu ki, inək barəsində də belə maraqlı danışmaq olar. Hər şey kimin danışmasından və necə danışmasından asılıdır. Yaxşı, maraqlı nəql etmək məharəti üçün daim müşahidə, qeydlər aparmaq lazımdır. Bu əhvalatların doğru və ya uydurma olması vacib deyil. Əsas onun emalı, işlənməsidir. Təəssüf ki, Qərbi Avropada daha bunu bacarmırlar.

- Belə olan halda siz Qərbi Avropa kinosunun gələcəyini necə görürsünüz?

- Bilirsiniz, Avropa dəfələrlə tənəzzülə uğrayıb və yenidən qalxıb. Ona görə də inana bilmirəm ki, həmişə bütün planetə təsir edən bu qitənin həyatı bitsin, yoxa çıxsın. Halbuki, süqut inanılmaz sürətlə gəlir. Sovet İttifaqının dağılmasının necə sürətlə baş verdiyi yadımızdadır. Uzun illər buna hazırlıq getsə də, o, qısa müddət ərzində dağıldı və hamı bildi ki, daha geriyə yol olmayacaq. Amma, məncə, Avropanı bu aqibət gözləmir. Hər halda, mən buna inanmaq istəyirəm. Avropa kinosu da bütünlükdə Avropanın ruhundan asılıdır. Bu kino pul tapacaq. Amma nədən danışacaq, hansı amala qulluq edəcək? Bilirsiniz, XIX əsrdə bəşəriyyətin, bütün millətlərin bir arzusu vardı: azad yaşamaq, zəngin olmaq. İndi isə dünyanın əksər xalqları həm azaddır, həm də zəngindir. Bəs, bizim yeni arzumuz nədir? Biz nəyə can atırıq? Avropada bu, xüsusilə hiss olunur. Elə bil, onlarda arzu, istək qalmayıb. Hansı dünya insan üçün məqbuldur? Bu, asan sual deyil. Çünki sona qədər sakit və ədalətli dünya yaxşı deyil. İnsan çox asanlıqla bəsitləşir. Elə zamanda yaşayırıq ki, insanlar ayaqla deyil, yalnız avtomobildə və liftdə gəzirlər. Sən demə, lift və maşınlar xeyirli olduğu qədər də təhlükəlidirlər. Biz həddən artıq yaxşı şəraitdə yaşayırıq. Ona görə də özümüzü imtahana çəkməyə məcbur deyilik, bu barədə düşünmürük. Belə hal bizi hara aparacaq, bilmirik. Kinonun da gələcəyi bu böyük sualın bir hissəsidir.
- Bir çoxlarının fikrincə, təxminən 25 ildən sonra kino öləcək və ya kamera musiqisi kimi kiçik mühit üçün mövcud olacaq...

- Bunu dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki biz bu kiçik mühitin kimlərdən ibarət olacağını deyə bilmərik. Həmişə istənilən cəmiyyətdə elita və kütlə olub. İnkişaf etmiş elit təbəqəyə kimlərin və hansı formanın xidmət göstərəcəyini təsəvvürümə belə gətirə bilmirəm. Amma, sözsüz ki, dəyişikliklər bizim yaşadığımız günlərdən başlayir. Artıq beş-altı ildən sonra ümumi televiziya şəbəkəsində böyük dəyişikliklər baş verəcək. Yeni texnologiyalar vasitəsilə tematik kanallar fəaliyyət göstərəcək. Xəbərlərə qulaq asmaq üçün bir düyməni, musiqi üçün birini, ədəbiyyat üçünsə digər düyməni basacağıq. Baxacağınız verilişlərin proqramını özümüz tərtib edəcəyik. Bu, böyük yenilik olacaq. Həmçinin də tezliklə biz filmləri seçərək baxacağıq. Lap kitabxanada olduğu kimi. Bilirsiniz, qarşıda bizi çoxlu naməlum şeylər gözləyir. Bu çox maraqlıdır. Əfsuslar olsun ki, mən artıq qocayam…


Xəzər.- 2008.- 7 iyun.- S. 18.